Məhkəmə qərarları › İş №1(102)-2925/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2925/2025

08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2925/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A Rİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Asim Hacıyev) 02 iyun 2017-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.3, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.10-cu maddələri ilə təqsirli bilinərək 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2017-ci il tarixdən hesablanmışdır. Hökmün surəti 05 iyun 2017-ci il tarixdə cinayət prosesinin tərəflərinə göndərilmiş, həmçinin, 12 iyun 2017-ci il tarixdə qəbzə imza etdirilməklə məhkum Məhkum təqdim olunmuşdur. 23 aprel 2024-cü il tarixdə məhkum Məhkum vəsatəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkum vəsatətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Müşfiq Məmmədov) 29 aprel 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum həmin məhkəmənin 02 iyun 2017-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. 30 aprel 2025-ci il tarixdə məhkum Məhkum vəsatəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkum vəsatətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Ayşən Vəliyeva) 12 may 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum həmin məhkəmənin 29 aprel 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və Əli Əliyev) 19 avqust 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2025-ci il tarixli 1(099) ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsinin səbəbi cinayət hadisəsi baş verən zaman doğma qardaşının gözlənilmədən hadisə yerinə gəlməsi, mübahisəyə müdaxilə etməsi və qəflətən baş verən ruhi həyəcan nəticəsində, affekt vəziyyətində qardaşını qətlə yetirməsi, bunun nəticəsində uzun müddət şok vəziyyətində olması ilə əlaqədardır. Məhkum qeyd etmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarının surəti isə ona 27 iyun 2024-cü il tarixdə çatmışdır. Sözügedən qərarın ona təqdim edilməsi haqda qəbzdən də göründüyü kimi məhkəmələr tərəfindən CPM-in 356-358-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş və məhkəməyə müraciət hüququ məhdudlaşdırılmışdır. Sonradan işə baxan birinci və apellyasiya məhkəmələri də qərardan apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət və şikayətləri təmin etməmiş, apellyasiya məhkəməsi öz qərarının əsaslılığını cəzaçəkmə müəssisəsindən alınmış şifahi məlumatlarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə müraciəti ilə əlaqədar qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum Məhkum onun barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017ci il tarixli *(***)-***/**** nömrəli hökmündən və həmin hökmdən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən məhkum Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti məhkəməyə 23 aprel 2024-cü il tarixdə, həmin vəsatətin təmin edilməməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarından isə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti məhkəməyə 30 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli *(***)- ***/**** nömrəli qərarından 20 gün müddətində apellyasiya şikayəti verə bilməməsini qərarın surətini 27 iyun 2024-cü il tarixdə almağı ilə izah etsə də, iş materiallarında və cəzaçəkmə müəssisəsindən alınmış məlumatda yuxarıda qeyd edilən vəsatətin dəlillərini təsdiq edəcək rəsmi məlumat əldə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında isə məhkum Məhkum barəsində olan hökm və qərardan apellyasiya şikayətlərin verilməsi müddətlərin buraxılması hüquqi savadsızlıqdan və hadisə ağır olduğundan özündə olmaması ilə izah etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də məhkum Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, məhkum Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən və həmin məhkəmənin 29 aprel 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarından qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin məhkum Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və məhkum Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3, 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar