Məhkəmə qərarları › İş №1(102)-2940/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2940/2025

08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2940/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 1(105)-633/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Vaqif Həsənov) 03 iyul 2025-ci il tarixli 1(012)- 190/2025 nömrəli hökmü ilə 10 iyun 1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Abşeron Rayon Məhkəməsinin 25.12.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 15 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 dekabr 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən X1 məxsus fərdi yaşayış sahəsinin daş hasarının çöl tərəfindən ümumi dəyəri 1500 (min beş yüz) manat olan istintaqa dəqiq sayları məlum olmayan şveller, armatur və metal künclük kimi tikinti materiallarını gizli olaraq talayıb Rəhman Quluyevə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa, təkrarən 08 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanında yerləşən zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış sahəsinin hasarından həyətə sonra isə evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 7000 (yeddi min) manat olan istintaqa məlum olmayan sayda dəmir boruları gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən 26 fevral 2023-cü il tarixdə gecə vaxtı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 300 (üç yüz) manat olan hər biri 10 metr uzunluğa və 50 santimetr diametrə malik 2 (iki) ədəd dəmir borunu və 11 (on bir) ədəd dəmir listi gizli olaraq talayıb zərərçəkmiş şəxs3 həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən 11 iyul 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi O.Səfərbəyli küçəsində yerləşən zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətinə sonra isə yeni inşa edilmiş yaşayış olmayan evin pəncərəsini əli ilə sıxıb açmaqla binaya qanunsuz daxil olaraq orada dəyəri 250 (iki yüz əlli) manat olan 1 (bir) ədəd unitazı, dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd perforatoru, dəyəri 280 (iki yüz səksən) manat olan 1 (bir) ədəd laqondanı, hər birinin dəyəri 60 (altmış) manat olmaqla ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 2 (iki) ədəd direli, hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 10 (on) ədəd “Siemens” markalı elektrik açarını və hər birinin dəyəri 45 (qırx beş) manat olmaqla ümumi dəyəri 90 (doxsan) manat olan 2 (iki) top elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxs8 ümumilikdə 1000 (min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən 14 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan günlərdə 3 dəfə gecə vaxtı Abşeron rayonu Novxanı kəndində yerləşən Kərimov İlham Hamlet oğluna məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətə sonra isə evin hamam otağının nəfəsliyindən evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 65 (altmış beş) manat olan 4 (dörd) top 4 millimetrlik, ümumi dəyəri 180 (yüz səksən) manat olan 4 (dörd) top 2,5 millimetrlik elektrik məftillərini, ümumi dəyəri 12 (on iki) manat olan 40 (qırx) ədəd elektrik yuvasını, dəyəri 15 (on beş) manat olan 1 (bir) ədəd kollektor şitini, ümumi dəyəri 43 (qırx üç) manat olan 9 (doqquz) ədəd elektrik avtomatını, ümumi dəyəri 90 (doxsan) manat olan 30 (otuz) ədəd spot lampaları, ümumi dəyəri 130 (yüz otuz) manat olan 51 (əlli bir) ədəd elektrik açarını, ümumi dəyəri 110 (yüz on) manat olan 45 (qırx beş) metr uzunluğunda elektrik kabelini, hər birinin dəyəri 75 (yetmiş beş) manat olmaqla ümumi dəyəri 150 (yüz əlli) manat olan 2 (iki) ədəd kollektoru, ümumi dəyəri 60 (altmış) manat olan 15 (on beş) ədəd su avadanlıqlarını, dəyəri 155 (yüz əlli beş) manat olan 1 (bir) ədəd lazer avadanlığını, dəyəri 100 (yüz) manat olan 1 (bir) ədəd direli, dəyəri 55 (əlli beş) manat olan 1 (bir) ədəd laqondanı, dəyəri 60 (altmış) manat olan 1 (bir) ədəd qızdırıcını və dəyəri 150 (yüz əlli) manat olan 1 (bir) ədəd perforatoru, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd nəfəsliyi, ümumi dəyəri 450 (dörd yüz əlli) manat olan 8 (səkkiz) top, dəyəri 75 (yetmiş beş) manat olan 1 (bir) top 25 (iyirmi beş) metr uzunluğunda elektrik kabelini, dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd açar dəstini gizli olaraq talayıb vahid niyyətlə ələ keçirərək İlham Kərimova ümumilikdə 1900 (min doqquz yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən 14 sentyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Novxanı kəndində yerləşən zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerinin plastik pəncərəsini zərblə itələyib açmaqla qanunsuz içəri daxil olaraq oradan ümumi dəyəri 650 (altı yüz əlli) manat olan elektrik naqillərini və hamam aksesuarlarını gizli olaraq talayıb zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən 14 sentyabr 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətə sonra isə yeni inşa edilmiş yaşayış olmayan evin zirzəmisinin qapısını açmaqla zirzəmiyə, oradan isə döşəmənin taxtalarını qaldıraraq evə qanunsuz daxil olaraq evin otaqlarında dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd perforatoru, dəyəri 40 (qırx) manat olan 1 (bir) ədəd direli, dəyəri 60 (altmış) manat olan 1 (bir) ədəd laqondanı, dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd taxtakəsən mişarı (fuqanı), evin həyətyanı sahəsində yerləşən saxlanc yerinin qapısını itələyərək kilidini sındırmaqla oradan dəyəri 150 (yüz əlli) manat olan 1 (bir) ədəd samovarı və ümumi dəyəri 150 manat olan 100 metr uzunluğunda 0,6 metr diametrli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxs6 ümumilikdə 1000 (min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən 27 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla sonra isə pəncərə boşluğundan evə qanunsuz daxil olaraq oradan döşəməyə vurulmaq üçün nəzərdə tutulan taxtaların bir kubmetr hissəsini gizli olaraq talayıb ələ keçirdikdən sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə 28 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində və 29 sentyabr 2023-cü il tarixdə saat 00:00 radələrində yenidən eyni üsulla evə qanunsuz daxil olaraq döşəməyə vurulmaq üçün nəzərdə tutulan taxtaları hissə-beş-beş daşıyaraq talayıb zərərçəkmiş şəxs1 ümumilikdə 500 (beş yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 dekabr 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan səhər saatlarında Abşeron rayonu Saray qəsəbəsi “Yeni Üzümlük” yaşayış massivində yerləşən zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış sahəsinin hasarından keçməklə həyətyanı sahəyə qanunsuz daxil olaraq oradan dəyəri 1000 (min) manat olan dəmir materialdan hazırlanmış, 3 ton həcmə malik 1 (bir) ədəd kiçik dəmir konteyneri cinayətdən xəbərsiz istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən idarə edilən evakuatorun sürücüsünün köməkliyi ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs9 həmin dəyərdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 13 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil edilmiş 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,794 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul müqabilində əldə edib Abşeron Rayonu, Mehdiabad qəsəbəsinə daşımış və saxlamış bundan başqa, bu iş üzrə şübhəli şəxs qismində tutulmamışdan 1 ay əvvəl Mehdiabad-Novxanı avtomobil yolunun Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində istintaqa məlum olmayan mənbədən yivli odlu silah hesab edilən 1 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1981-ci ildə istehsal olunmuş, “1083302” nömrəli, 5,45 millimetr kalibrli, “AK-74” modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı avtomatı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 millimetr kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 10 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 millimetr kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı döyüş sursatı hesab edilən patronları qanunsuz olaraq əldə edib Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində daşıyaraq saxlamış və gəzdirmiş, 15 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı həmin qəsəbə ərazisində piyada hərəkət edərkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:15-dən saat 15:40-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin çəkisi 0,794 qram olan narkotik vasitə heroin, 1 ədəd avtomat silahı, 1 ədəd patron darağı və 10 ədəd patron aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Kamran Muxtarov və Məhəmmədəli Rzayev) 17 sentyabr 2025-ci il tarixli 1(105)-633/2025 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-190/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 1(105)-633/2025 nömrəli qərarını ləğv edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan cinayət əməllərinin heç biri ona aid deyil. Belə ki, məhkəmənin verdiyi hökm yalnız saxta ittiham aktı əsasında, heç bir məhkəmə istintaqı aparılmadan verilmişdir və hökm çıxarılarkən nə onun 2-ci qrup əlil olmağını, 3 azyaşlı övladının olması, eləcə də ailənin yeganə qazanc gətirən mənbəyi olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1ci maddələri ilə olan ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin buna baxmayaraq, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq onun barəsində həmin maddələrlə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs7, X1, zərərçəkmiş şəxs3, Kərimov İlham Hamlet oğlu, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs9, şahidlər şahid8, şahid7, şahid3, şahid6, şahid2, şahid1, şahid5 və şahid4 ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Məhkəmələr məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum ona qarşı irəli sürülmüş ittihamda qeyd edilmiş cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Yuxarıda qeyd edildiyi kimi, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 1(105)-633/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 1(105)-633/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar