Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2950/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2025-ci il tarixli 1(103)- 1712/2025 nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Şəlalə Həsənova (sədrlik edən və məruzəçi), Vüqar Quliyev və Aytən Əliyeva) 01 iyul 2025-ci il tarixli 1(101)-931/2025 nömrəli hökmü ilə, 09 sentyabr 1998-ci ildə Ağdam rayonu, Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,669 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 01 noyabr 2024-cü il tarixdə, saat 17:15-də yuxarıda qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,669 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi), Zamin İbrahimov və Qədim Babayev) 04 sentyabr 2025-ci il tarixli 1(103)-1712/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 1(101)-931/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2025-ci il tarixli 1(103)-1712/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası 04.09.2025-ci il tarixli qərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Cinayət işinin materialları və iş üzrə toplanılmış sübutlarla müəyyən olunur ki, birinci instansiya məhkəməsi tamamilə əsassız olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən də toplanmış sübutlara müvafiq hüquqi qiymət verilməmiş, istintaq orqanı tərəfindən ittihamın əsası kimi irəli sürülmüş arqumentlərə qarşı kifayət qədər və zəruri əsaslandırma aparılmamışdır. İbtidai və məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, 01 noyabr 2024-cü il tarixdə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Məhkum olduğu yer müəyyən edilmiş və o, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanının yaxınlığında saxlanılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Məhkum özünün narkotik vasitə istifadəçisi olduğunu, üstündən aşkar edilmiş maddəni 2 gün əvvəl yəni 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat müqabilində almasını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin maddədən heç kimə vermədiyini, satmadığını və bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş BMCMİ-nin digər əməkdaşları X1 və şahid1 iş üzrə dindirilmiş şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir, (bax iş vərəqə 140-142, 143-145). Məhkum istifadəsində 070-727-82-27 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 09.07.2024-cü il tarixdə saat 02:07:41-də 077-592-93-96 saylı mobil nömrədən 070-727-82-27 saylı mobil nömrəyə “ayxan gede bilmemisense ureyin istyir gel qardashin yaxsishey cekdirsin”, 21.10.2024-cü il tarixdə saat 19:20:52-də 051-793-54-82 saylı mobil nömrədən 070-727-82-27 saylı mobil nömrəyə “Brat keçim onu goturmde sendeyi emaneti buralardayam vallah qonaqda var hemde olem dunenden ozun bilsin hecne yox mende” tipli mesajlar yazılmışdır. Məhkum aşkar olunmuş külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş məktubdan görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Kassator hesab edir ki, məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməli ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən məhkum Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından görünür ki, həmin maddələrdə nəzərdə tutulmuş əməlləri bir-birindən fərqləndirən əsas əlamət cinayətin törədilmə məqsədidir. Belə ki, narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması hallarında əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilir. Bu cür məqsəd müəyyən edilmədikdə isə həmin əməl CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Yuxarıda qeyd edilən hüquq normalarından aydın olur ki, narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda qanunsuz olaraq əldə edilməsi və saxlanılması halında əməl yalnız o zaman Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilə bilər ki, həmin hərəkətlərin satış məqsədi ilə törədildiyi müəyyən edilsin. Belə məqsədin mövcudluğu sübuta yetirilmədikdə isə şəxsin əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırkı cinayət işi üzrə sübutlar əsasında müəyyən edilmiş və kassasiya müraciəti ilə mübahisə edilməyən hallar ondan ibarətdir ki, 01 noyabr 2024-cü il tarixdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində axtarış aparılarkən şəffaf rəngli sellofan torbaya bükülmüş 5,669 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, o, narkotik vasitəni məhz öz şəxsi istifadəsi üçün almış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadədə isə göstərmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmur. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Məhkum onun üzərində 01 noyabr 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 5,669 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Məhkəmələr isə işə baxarkən nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən 5,669 qram psixotrop maddə metamfetaminin əldə edilməsi və saxlanması cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli psixotrop maddəni satmaq məqsədi ilə törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum 5,669 qram psixotrop maddəni satmaq məqsədini müəyyən etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin miqdarına münasibət bildirərək qeyd edir ki, həmin maddənin 5,669 qram miqdarda olması, özlüyündə, Məhkum bu maddəni satış məqsədi ilə əldə etməsi və saxlaması barədə nəticəyə gəlmək üçün kifayət edən müstəsna hal kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, işdə olan sənədlərdən – məhkəmə-narkoloji ekspertizanın rəyindən görünür ki, Məhkum kannabinoidlərin birgə istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Ona görə də, məhkəmə kollegiyasının fikrincə məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, məhkumun psixotrop maddəni satmaq niyyətində olmasını müəyyən etmək üçün psixotrop maddənin miqdarı ilə yanaşı, belə niyyətini təsdiq edən məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, psixotrop maddənin satılmasını hazırlamaq üçün məhkum tərəfindən müəyyən hərəkətlərin edilməsi, onda bunun üçün müvafiq avadanlığın aşkar edilməsi və işin digər halları nəzərə alınmalıdır. Lakin iş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı hal müəyyən edilməmiş, bu məqsədi sübuta yetirən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. 01 noyabr 2024-cü ildə aparılan şəxsi axtarış zamanı da Məhkum üzərindən psixotrop maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də onun tərəfindən psixotrop maddənin xırda bükümlərə ayrılması və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Həmçinin məhkumun hər hansı bir şəxslə narkotik vasitənin və psixotrop maddənin satılması barədə razılığa gəlməsi və ya digər bir üsulu ilə buna cəhd etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İşə baxan məhkəmələr məhkum Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib nəticəyə gəlmişlər ki, məhkumun 5,669 qram psixotrop maddəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edilmiş, lakin onun həmin maddəni satmaq niyyətində olması işin hallarına uyğun gəlmir və toplanmış sübutlara təsdiq olunmur. Ona görə də, məhkəmələr nəticəyə gəlmişlər ki, Məhkum üzərindən aşkar edilmiş 5,669 qram psixotrop maddəni satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Məhkəmələrin sübutları cinayət-prosessual qanunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, məhkumun psixotrop maddəni satmaq niyyəti cinayət işində olan sübutlarla təsdiq olunmur. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan məhkəmələr isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, məhkum Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmadığı barədə nəticəyə gəlmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının kassasiya protestində göstərilən dəlillərə görə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2025-ci il tarixli 1(103)-1712/2025 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2025-ci il tarixli 1(103)-1712/2025 nömrəli tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2950/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2950/2025
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver