Məhkəmə qərarları › İş №1(102)-2963/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2963/2025

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2963/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3, Məhkum - Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2022-ci il tarixli, *(***)-****/**** saylı qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılması və Məhkum qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2022-ci il tarixli hökmünün ləğv edilərək, törədilmiş əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## #### 2022-ci il tarixli qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) ***/**** saylı, ## ##### 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinə səbəb ## ####### 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində 18 aylıq müalicə proqramına qoşularaq sol ağciyərinin sirrotik vərəm xəstəliyindən müalicə alması və müalicə bitdikdən sonra 1 (bir) il həkim nəzarəti altında saxlanılmağı, 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ürək xəstəliyindən müalicə alması, psixoloji durumunda yaranmış problemlər olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə) məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddət üzrlü səbəblərdən buraxılmışdır. Yəni ki, buna səbəblər məhkumun hüquqi savadının olmaması, ## ####### 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində 18 aylıq müalicə proqramına qoşularaq sol ağciyərinin sirrotik vərəm xəstəliyindən müalicə alması və müalicə bitdikdən sonra 1 (bir) il həkim nəzarəti altında saxlanılmağı, 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ürək xəstəliyindən müalicə alması, psixoloji durumunda yaranmış problemlər olmuşdur. Buna görə də o, kassasiya şikayəti vermə müddətini 02 (iki) il 10 (on) aydan artıq müddətə ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa olunmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada 18 ay) müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum verdiyi kassasiya şikayətində prosessual müddətin buraxılmasının səbəbləri kimi sol ağciyərinin sirrotik vərəm xəstəliyindən müalicə alması və müalicə bitdikdən sonra 1 (bir) il həkim nəzarəti altında saxlanılmağı, 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ürək xəstəliyindən müalicə almasını qeyd etsə də, bu halları təsdiq edən heç bir tibbi arayış, sənəd yaxud material əlavə etməmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2022-ci il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəflərə göndərilmişdir. Beləliklə məhkum Məhkum verdiyi vəsatət Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti 2 il 10 aydan çox müddət keçdikdən sonra daxil olmuşdur. Bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə heç bir əsas yoxdur. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 12 ay (köhnə redaksiyada 18 ay) müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin 2 (iki) il keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən müvafiq müddəti ötürülməklə verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar