Məhkəmə qərarları › İş №1(102)-2969/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2969/2025

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2969/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhəbbət Sədi oğlu Namazovun və məhkumun müdafiəçisi Toğrul Gülhəsən oğlu Məmmədovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, 1(103)- 1678/2025 nömrəli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti və məhkum Məhkum müdafiəçisi Məmmədov Toğrul Gülhəsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Quliyev (sədrlik edən və məruzəçi) Elmin Rüstəmov və Aytən Əliyeva) 02 iyul 2025-ci il tarixli, 1(101)-826/2025 nömrəli hökmü ilə 23 iyul 1973-cü ildə Qazax rayonu Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Ağstafa rayonu Sadıxlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilmiş, o CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Məhkum məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan darağı və döyüş sursatı olan patronları əldə edib özündə saxlayaraq daşımaqla gəzdirmiş, BBPİ-nin, Nəsimi RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2024-cü il tarixdə, saat 14:40-da ünvan 2 ünvanının qarşısında özünə məxsus “Mercedes Benz E Class” markalı, 99-UN-011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanında saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 86 saylı ünvanında yerləşən Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsinin inzibati binasının həyətində öz razılığı ilə “Mercedes Benz E-Class” markalı, 99-UN-011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin salonundan, 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan atəş üçün yararlı yivli odlu silah olan “Makarov” konstruksiyalı 1 (bir) ədəd tapança, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 8 (səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 7 (yeddi) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan atəş üçün yararlı ştat patronlar aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 19 avqust 2025-ci il tarixli, 1(103)- 1678/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 1(101)- 826/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, 1(103)-1678/2025 nömrəli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Məmmədov Toğrul Gülhəsən oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, 1(103)-1678/2025 nömrəli qərarı dəyişdirilməsi və Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlərin ifadələri ilə Məhkum saxlanılma şəraitinin ittihamda göstəriləndən fərqli olması ilə bağlı dediklərini mötəbər hesab etsə də, ittiham tərəfinin sübutu olan Məhkum saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinin hansı səbəbdən şübhə doğuran, obyektiv reallığı əks etdirməyən olmasını hökmdə ümumiyyətlə əsaslandırmamışdır. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlərin ifadələri ilə Məhkum saxlanılma şəraitindəki fərqlilik yalnız ondan ibarətdir ki, o, ittihamda qeyd olunduğu kimi yaşadığı binanın qarşısında deyil, həmin binanın qarajında saxlanılmışdır. Qalan hissələrdə isə, yəni saxlanılma tarixi, vaxtı və ünvanı ittihamda göstərilənlərlə tam uyğunluq təşkil edir. Bundan başqa hökmə əsasən Məhkum üzərində xəsarətlərin aşkar edilməsi və ifadəsində həmin xəsarətlərin saxlanılarkən polis əməkdaşları tərəfindən yetirildiyini bildirməsi onun polisin tam nəzarəti altında olması və ona qarşı zorakılıq edilməsini təsdiq edir. Bununla bağlı qeyd olunmalıdır ki, Məhkum barəsində təyin edilmiş “Canlı şəxsin sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının” 1 oktyabr 2024-cü il tarixli 1275 saylı rəyindən görünür ki, Məhkum 13 sentyabr 2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 1, i.v. 168-170;). Həmçinin, məhkəmə baxışı zamanı əldə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində Məhkum həbs olunan zaman xəsarətlər almasını bildirməsi barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Sual doğuran hal ondan ibarətdir ki, məhkəmə təqsirləndirilən şəxsin avtomaşınından aşkar edilmiş odlu silahın ona aid olmasını qəbul edir, ancaq üzərində aşkar edilmiş külli miqdarda psixotrop maddənin ona aid olmasını qəbul etmir. Hər iki predmet, yəni həm psixotrop maddə, həmçinin odlu silah bir-birinin ardınca keçirilən müvafiq istintaq hərəkətləri zamanı aşkar edilmiş, istintaq hərəkətlərinin protokolunda qeyd olunmaqla rəsmiləşdirilmişdir. İstintaq hərəkətinin birini qanuni hesab edib, aşkar edilmiş odlu silaha görə verilmiş ittihamı qəbul edən məhkəmə digər istintaq hərəkəti zamanı ilə aşkar edilmiş psixotrop maddəni hansı səbəbdən qəbul etməməsini qərarında əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə əldə edilmiş sübutlar (şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, polis əməkdaşlarının şahid qismində verdikləri ifadələr, ekspertiza rəyi) öz mötəbərliyini itirməmiş və şəxsin təqsiri kifayət qədər sübuta yetirmişdir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxarmışdır. Göstərilənlərə əsasən, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Məhkum satış məqsədilə külli miqdarda psixotrop maddə əldə edib, saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin onu da qeyd etmək vacibdir ki, ibtidai istintaqın bəzi nöqsanlarla aparılması şəxsə bəraət verilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Məmmədov Toğrul Gülhəsən oğlu kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Məhkum 11.09.2024-cü il tarixdə saxlanılma yeri və şəraiti ibtidai istintaq tərəfindən təhrif olunmuşdur. Bu hallar irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına birbaşa təsir etdiyindən cinayət işinin materiallarında olan sənədlər, şahid və əlavə şahidlərin ifadələrinə xüsusi diqqət yetirilməlidir. Göstərilən məsələ Məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasının əsasını təşkil edir. Bu arqumenti gücləndirən digər vacib məsələ də ondan ibarətdir ki, cinayət işinin materiallarına əsasən Məhkum külli miqdarda narkotik vasitə olması barədə “məlumat” daxil olmasına baxmayaraq, təhqiqat orqanı tərəfindən onun yaşadığı ünvana baxış keçirilməmiş, zərurət olduğu halda göstərilən yerlərdə axtarış keçirilməsinə dair heç bir addım atılmamışdır. Sanki əməliyyat və təhqiqat orqanı əmin idi ki, Məhkum başqa yerdə dövriyyəsi qadağan edilmiş predmet saxlamır. Əməliyyat və təhqiqat orqanının əminliyi bu əməliyyatın “polis provakasiyası” olmasını sübut edir. Təqsirləndirilən şəxsin şəxsi avtomobilinin qanunsuz olaraq başqa şəxs tərəfindən idarə edilməsi və həmin şəxs tərəfindən silahın avtomobilə yerləşdirilmə ehtimalı araşdırılmamışdır. “Avtomobilə baxış və götürmə aparılması haqqında” 11.09.2024-cü il tarixli protokolların mötəbərliyi şübhə doğurur. Məhkəmə “Şəxsi axtarış və götürmə haqqında” protokol və ona əlavə edilmiş videoçəkilişin yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunması qərarına gəlsə də, “Avtomobilə baxış və götürmə aparılması haqqında” 11.09.2024-cü il tarixli protokol sübut kimi qəbul edilmişdir. Eyni pozuntular olan protokollara fərqli münasibət göstərilməsi yol verilməzdir. Avtomobilə baxış və götürmə protokolu da sübutlar siyahısından xaric edilməli idi. Belə ki, müdafiə etdiyi şəxs məhkəmədə ifadəsi zamanı 11 sentyabr 2024-cü ildə saxlanılsa da, şəxsi axtarış və götürmə, avtomobildə baxış və götürmə istintaq hərəkətlərini həmin gün deyil, növbəti gün həyata keçirildiyini bildirib. Səbəb isə saxlanılan zaman onun üzərində dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya maddənin olmaması olub. Lakin, edilən fiziki təzyiqlərdən və ailə üzvlərinin də qanunsuz saxlanılacağı barədə hədələrdən sonra etiraf etmək məcburiyyətində qalıb. Ona Nəsimi rayon Polis İdarəsində fiziki təzyiq göstərilərək işgəncələr verilib. İşgəncə faktı məhkəmə zamanı təsdiqini tapıb. Məhz işgəncələrdən bir gün sonra şəxsi axtarış və götürmə, avtomobildə baxış və götürmə istintaq hərəkətlərini aparılıb. Bu o qənaətə gəlməyə imkan verir ki, Məhkum üzərinə ən yaxşı halda axtarış, baxış istintaq hərəkətləri 12.09.2024-cü il tarixdən tez həyata keçirilməyib. Təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması və bitməsi vaxtlarını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Məhkum ümumiyyətlə izah etməmiş, yalnız formal olaraq qeyd edilənlərin şübhəli şəxsə izah olunduğunu bildirmiş, həmçinin yazılı şəkildə də təqdim edilməmişdir. Video görüntüdəndə müəyyən edilir ki, əməliyyatçı bir başa silahı əlcəksiz götürəndən sonra təhqiqatçı tərəfindən avtomobilə səthi baxış keçirilir. Sanki onlarda əminlik var ki avtomobilin başqa yerlərində heç nə yoxdur. Şahid ifadələri ilə müəyyən olunur ki, təqsirləndirilən Məhkum məxsus avtomobil polisin sərəncamında olub. Avtomobilə baxış və götürmə faktiki olaraq bir gün sonra həyata keçirilsə də, iş materiallarında olan protokola inansaq belə, saxlandıqdan 3 saat 20 dəqiqə sonra həyata keçirilib. Bu müddət ərzində avtomobil polisin nəzarətində olub. Bundan başqa cinayət işinə əlavə olunan diskdəki avtomobilə baxış və axtarış video çəkilişdən də görünür ki, avtomobildə olan silahı əməliyyat müvəkkili Mehdi Səfiyarov götürür. Cinayət işinin materiallarında həmin silahın üzərində təqsirləndirlən şəxsin əl-barmaq izlərinin olması və ya həmin silahın təqsirləndirilən şəxsə məxsusluğu barədə hər-hansı sübut yoxdur. Əməliyyat müvəkkilinin silahın əlcəksiz götürməsi də əbəs deyil. Məhz gələcəkdə müvafiq ekspertizanın keçirilməsinin mümkünsüz edilməsi ilə provokasiyanı gizlətməyə yönəlib. Qeyd olunan hallar Məhkum barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Həmçinin təqsirləndirilən şəxs tutulduğu andan polisin nəzarətində olduğundan ona edilən təzyiqlər nəticəsində ilkin ifadələrində narkotik vasitə və psixotrop maddənin və silahın ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokol kimi avtomobilə baxış və götürmə protokoluda mümkün olmayan sübut kimi qiymətləndirilməli və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs Məhkum məhkəmədə polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını, o cümlədən etirafedici ifadə verməyə məcbur qalması tam sübuta yetirilmişdir. Belə ki, Məhkum saxlanıldığı istintaq təcridxanasına 14.09.2024cü il tarixdə təhvil verilərkən tibbi müayinədən keçirilmişdir. 28.12.2024-cü il tarixli Bakı İstintaq Təcridxanasının 3-16 17/40/2-8104/2024 saylı cavab məktubundan, həmin məktuba əlavə edilmiş şəxsi işin materiallarından və tibbi kitabçadan görünür ki, Məhkum 14.09.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərək tibbi müayinədən keçmiş, həmin vaxt onun bədəninin 6 nahiyəsində yaralar aşkar edilmişdir. Bu səbəbdən Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələr sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Digər məsələ müdafiə hüququ kobud şəkildə pozulması ilə bağlıdır Məhkum 11.09.2024-cü il tarixdə saxlanıldıqdan sonra müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkum Nəsimi Rayon Polis İdarəsində müdafiəçi təqdim edilsə də, həmin müdafiəçi tərəfindən səmərəli hüquqi yardım göstərilməmiş, yəni müdafiə hüququ səmərəli şəkildə keçirilmədiyindən bu müdafiə formal şəkildə həyata keçirilmişdir. Məhkum üzərində və avtomobilində axtarış keçirilən zaman o, formal cəhətdən müdafiəçi ilə təmin olunmuş, yəni vəkili ilə təmin olunsa da, həmin müdafiəçi ona Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi ilə təminat altına alınmış yüksək keyfiyyətli hüquqi yardım göstərməmiş və nəticədə Məhkum göstərilən hüquqdan məhrumedilmişdir. Bütün bu sadalananlara əsasən bir daha təsdiq edilir ki, təqsirləndirilən şəxs iş üzrə obyektiv ifadə versə də şahid qismində ifadə vermiş polis əməkdaşları qeyri səmimi və həqiqətə uyğun olmayan ifadələr vermişlər. Belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətlərinin nəticələri, onun məntiqi davamı kimi istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslərin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protesti və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, məhkum Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, 1(103)-1678/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 1(101)-826/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, eyni zamanda onun CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunduğu əməli törətməsi sübuta yetirilmədiyindən həmin maddə üzrə ona bəraət verilmişdir. İşə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlunun kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, işə baxan məhkəmələr cinayət işi üzrə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun və cinayət-prosessual qanunvericiliyinə tələblərinə uyğun əldə edilmiş materiallar və sübutlar qəbul etməmiş, məhkum Məhkum məhkəmə iclasında verdiyi ifadəsinə üstünlük verərək onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə qanunsuz olaraq bəraət hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə ittiham elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxs Məhkum və onun üzərində şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları şahid5, X3, X4 və X1 şahid ifadələrini, şəxsi axtarış keçirilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli protokolu, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyini və maddi sübutu təqdim etmişdir. Həmin sübutlardan görünür ki, Məhkum qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilibverilmədiyini araşdırılmalıdır. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsi ilə olan ittiham qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, CM-in 234.1-1-ci maddəsi ilə olan ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutlar təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Məhkum elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə nəticəyə gəlmişdir ki, Məhkum üzərində narkotik vasitənin aşkar edilməsi mötəbər sübutlarla təsdiq olunmur, işin halları isə narkotik vasitənin aşkar edilməsi faktının şübhə altına almasına əsas verir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutların mötəbərliyini şübhə altına alır. Belə ki, polis əməkdaşlarının ifadələrinə əsasən, Məhkum küçədə saxlanılmış, səs-küy saldığı və ətrafın izdihamlı olduğu səbəbindən onun üzərinə baxış hadisə yerində deyil, polis idarəsində aparılmışdır. İş materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən polis əməkdaşlarının ifadələrinə uyğun etirafedici ifadələr vermişdir. Eyni zamanda, “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokol və həmin istintaq hərəkətinin videoyazısı ilə müəyyən edilir ki, axtarış zamanı Məhkum əynindəki şalvarının çibindən bir bükümdə psixotrop maddə çıxarıb təqdim etmişdir. Həmçinin müəyyən edilir ki, Məhkum üzərində çiynindən asılmış kifayət qədər iri ölçüdə çanta olmuş və həmin çantadan pul aşkar edilmişdir. Lakin məhkəmə baxışı zamanı Məhkum həmin ifadələrdən imtina edərək, onların polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsir göstərilməsi nəticəsində alındığını bildirmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı Məhkum onun küçədə deyil, yaşadığı binanın altında yerləşən qarajda saxlanıldığını, polis əməkdaşlarına müqavimət göstərmədiyini, üzərində çanta və digər əşyaların olmadığını, həmin əşyaların sonradan polis idarəsində onun üzərinə yerləşdirildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu ziddiyyətlərin aradan qaldırılması məqsədilə əlavə sübutlar toplanmış, şahidlər dindirilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şəxslər – şahid2 Kəmaləddin qızı, X13, şahid4, şahid3 və X2 təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri təsdiq edərək onun küçədə deyil, yaşadığı binanın altında yerləşən qarajda saxlanıldığını, saxlanılarkən müqavimət və səs küy salmadığını bildirmişlər. Şahid P.Ə.Talışınskiy isə əlavə olaraq göstərmişdir ki, Məhkum üzərində çanta olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 8104/2024 saylı tibb kitabçasından görünür ki, Məhkum Bakı İstintaq Təcridxanasına daxil olarkən onun bədəninin üzərində çoxsaylı xəsarətlər aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, işin yuxarıda göstərilən, habelə birinci və apellyasiya instansiya məhkəmələrinin hökm və qərarında göstərilən digər halları, sübutlar arasında olan ziddiyyətlər və uyğunsuzluqlar Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsiri təsdiq edən sübutların mötəbərliyinə ciddi şübhələr yaradır. Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələblərinə uyğun olaraq aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməli və bu cür sübutlar ittihamın əsasına qoyula bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham mötəbər sübutlarla təsdiq olunmur. Hökmdən görünür ki, məhkəmə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə olan ittihamın əsasları kimi protestdə istinad olunmuş sübutlar tədqiq və təhlil olunmuş, onların mötəbərliyi və mümkünlüyü işin müəyyən olunmuş faktiki hallarına uyğun şəkildə qiymətləndirilmiş və onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün istinad olunan sübutları şübhəli olduğundan mötəbər hesab etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsini təsdiq edən polis əməkdaşlarının ifadələrinin, habelə “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2024-cü il tarixli protokolun apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq mötəbər sübut kimi qəbul edilməməsinə dair kassasiya protestinin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işi hərtərəfli araşdırıb Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi və bu əsasa görə ona bəraət verilməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir, kassasiya protestində irəli sürülmüş dəlillərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Məhkumun müdafiəçisi Toğrul Məmmədov kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları –şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq belə nəticəyə gəlir ki, aşağı instansiya məhkəmələri sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermiş, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət etmişdir. Belə ki, məhkum Məhkum birinci instansiya məhkəməsində özünü təqsirli bilməsə də, onun CM-in 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsiri avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, həmin istintaq hərəkətinin videoyazısı, məhkəmə-ballistik ekspertizasının rəyi və maddi sübutla öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, qeyd olunan sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada əldə edilmiş, onların yolverilənliyini və mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə ki, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinin videoyazısından aydın olur ki, odlu silahın avtomobildə yerləşdiyi yeri məhkumun özü göstərmişdir. Bu hal onun həmin silah üzərində faktiki sahibliyini təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. Məhkəmə iclas protokolundan da görünür ki, Məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini bildirsə də, odlu silahın ona məxsus avtomobilə yerləşdirilməsi barədə hər hansı iddia irəli sürməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, məhkum Məhkum əməlinin hüquqi tövsifi və onun CM-in 228.1-ci maddəsi ilə olan ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, kassasiya protestində və kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin kassasiya müraciətlərin dəlilləri ilə razılaşmayaraq, protest və şikayətin təmin edilmədən, Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, 1(103)-1678/2025 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2025-ci il tarixli, 1(103)-1678/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar