Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-299/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, bəraət almış şəxs X5 və onun müdafiəçisi Abdullayev İkram Yusif oğlunun iştirakları ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 162.1-ci maddəsi ilə təqsirsiz bilinməsi və ona bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakim Ələkbərov Bəylər Ramiz oğlu) X5, xx xxxx 1960-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin X21 Təchizatı və Satışı İdarəsinin X9 baş mühəndisi vəzifəsində işləyən, ünvan 1-də qey diyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 162.1-ci maddəsi ilə təqsirsiz bilinərək ona bəraət verilmiş, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dərhal ləğv edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 və mülki cavabdeh "xxxx" ASC-ə qarşı "sağlamlığa dəymiş zərərin, müalicə xərcinin və əldən çıxmış gəlirin tutulması” barədə iş üzrə mülki iddiasının təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 münasibətdə təmin edilməməsi, mülki cavabdeh "xxxx" ASC-yə münasibətdə isə baxılmadan saxlanılması, məhkəmə məsrəfi olan məhkəmə təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə çəkilmiş cəmi 200 (iki yüz) manat məhkəmə xərcinin dövlət büdcəsinə aid edilməsi qərara alınmış, bəraət almış şəxsə cinay ət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X5 CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qarşı həmin maddə ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, "xxxx” ASC üzrə verilmiş xx.xx.2016-cı il tarixli, k/16-01359 saylı əmrə əsasən adı çəkilən qurumun Şimal RETSİ X9 baş mühəndisi vəzifəsində işləyərkən "xxxx” ASC tərəfindən təsdiq edilmiş vəzifə təlimatının işçinin vəzifələri bölməsinin 6, 9, 11, 12, 24, 25ci bəndləri ilə nəzərdə tutulmuş "qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçilərin təhlükəsizliyini təmin etmək, tabeçiliyində olan işçilərin naryad əsasında işə başlamasını təmin etmək və əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarından, texniki istismar qaydalarından, habelə qəza aşılmaları ilə bağlı işçilərə kollektiv təlimlər keçmək, əməyin təhlükəsizliyini qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etmək, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etmək” barədə vəzifə öhdəliklərinin, eləcə də "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.2.1, 4.1.1,4.12.4 və 5.1.1ci bəndləri ilə nəzərdə tutulmuş tələblərini texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi pozaraq xx xxxx 2019-cu il tarixdə elektrik gərginliyindən açılması ilə Siyəzən rayonu, Gilgilçay qəsəbəsinin girəcəyində qəsəbəyə gələn 6 kv-luq "Eynibulaq” elektrik hava xəttinin dayağında boşalmış naqillərində təmir işlərinin aparılmasını heç bir təşkili (naryad-buraxılışın tərtib edilməsi, işin təhlükəsizliyinə cavabdeh olan məsul şəxslərin (iş rəhbəri, işə buraxılan, iş yerini hazırlayan və s.) təyin edilməsi) və texniki (iş yerində gərginliyin olub-olmamasının yoxlanılması, səyyar torpaqlamanın qoyulması və s.) tədbirlər görülmədən "xxxx” ASC-nin Şimal RETSİ-nin X9 ustası Zərərçəkmiş şəxs tapşırmış, nəticədə həmin gün saat 12:00 radələrində Zərərçəkmiş şəxs tərəfindən Siyəzən rayonu, Gilgilçay qəsəbəsinin girişində 6 kv-luq hava veriliş xəttinin dartılması, bərkidilməsi işi görülərkən sonuncunun hava veriliş xəttinin gərginlik sahəsinə düşməsi səbəbindən hər iki əl, hər iki ayaq və baldır nahiylərinin M-İMİV dərəcəli elektrotermiki yanıqları kimi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla dayanıqlı itirilməsi ilə əlaqədar sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət almasına ehtiyatsızlıqdan səbəb olmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 162.1-ci maddəsi ilə təqsirsiz bilinərək ona bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı F.İ.Nadirov tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi) Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmdən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı T.N.Əsədov cinayət və cinayət-prosessual qanunvericiliklərinin bir sıra normalarına istinad edərək kassasiya protestini onunla əsaslandırmışdı r ki, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmələr tərəfindən iş üzrə zərər çəkmiş şəxs və şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Nəticədə məhkəmələr X5 tərəfindən törədilmiş cinayətin kifayət qədər sübuta yetirilməsini nəzərə almadan əsassız olaraq onun təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə istintaqının düzgün aparılmaması barədə bir neçə əsas gətirərək, bildirir ki, Siyəzən Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşən yerə baxış keçirilən zaman hal şahidlərinin iştiraklarına dair qanunda göstəriş olmadan onların iştirakı təmin edilmiş, hal şahidləri bu istintaq hərəkətinin aparılmasına cəlb edilsələr də onlara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 94-cü maddəsinə əsasən hüquq və vəzifələri izah olunmamaqla CPM-nin 120.5-ci maddəsinin tələbi pozulmuşdur. Sonradan da məlum olmuşdur ki, qeyd olunan istintaq hərəkətin keçirilməsinə hal şahidləri qismində cəlb edilmiş X12 və X15 işin nəticəsində maraqlı olan, təqsirləndirilən şəxs X5un bilavasitə rəhbərliyi altında işləyən və göstərişlərini icra edən şəxlər olmuşlar. İşin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı daha sonra qeyd etmişdir ki, X5un işinə laqeyd yanaşması nəticəsində z ərərçəkmiş şəxsin konkret olaraq harada, yəni məhz hansı dirək və ya elektrik xəttində işləməsinin rəsmiləşdirilməsi üçün zəruri olan naryad-buraxılış sənədi tərtib edilməmişdir. Ona görə də, X5un Zərərçəkmiş şəxs məhz harada işləməsi barədə göstəriş verməsinin müəyyən edilməsi üçün yalnız bir istinad nöqtəsi qalır ki, bunlar da onların özlərinin və şahid qismində dindirilmiş şəxslərin ifadələridir. Dövlət ittihamçısı kassasiya protestində həmçinin bildirir ki, X5un özünün, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrinə əsasən baş mühəndis tərəfindən xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Gilgilçay qəsəbəsində olan konkret olaraq hansı dirəkdə və ya elektrik xəttində işləməsi barədə deyil, ümumilikdə Gilgilçay qəsəbəsi ərazisində olan istənilən elektrik dirəyi və ya hava-veriliş xətlərində aşkar edilmiş bütün nasazlıqların aradan qaldırılması barədə göstəriş verilmişdir. Bu nöqteyi nəzərdən məhkəmələrin qeyd etdikləri kimi “zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə məlumat verərək təmir-sazlama işi apardığı yerlə hadisənin baş verdiyi yer fərqli yerlərdir” fikri tamamilə istisna edilir. Bundan əlavə məhkəmələr qərarlarında göstərmişlər ki, ibtidai istintaq orqanı tərəfindən ilkin və əlavə ekspertizalar keçirilmiş, habelə bir-birini təkzib edən, natamam, ziddiyyətli müvafiq rəylər alınmışdır. Həmin ekspert rəylərinin hər ikisi cinayət işinin materiallarına əlavə edilmiş və hər iki rəyin təsviri-əsaslandırıcı və nəticəvi hissəsində göstərilənlərin biri-birini təkzib etmədiyi, heç bir yerdə ziddiyyət təşkil etmədiyi, hər hansı bir natamamlığı təsdiq edən hansısa müddəanın mövcud olmadığı açıq-aşkar görünür. Məhkəmə, bəraət hökmündə ekspert rəylərini, eyni zamanda ibtidai istintaq orqanı tərəfindən müvafiq sorğu verilməklə alınıb cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında DƏMX-nin materiallarını sadalamaqla kifayətlənmiş, sonda ekspert rəylərinin natamam və ziddiyyətli olmasını qeyd etmişdir. Lakin məhkəmələr belə bir nəticəyə gəlməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmçinin kassasiya protestinin müəllifi qeyd etmişdir ki, həmin rəylərin işin hallarına uyğun gəlmədiyi halda məhkəmənin də əlavə və yaxud təkrar ekspertiza keçirməsi səlahiyyəti olduğu halda bunu etməmiş və öz mülahizəsinə və fərziyyəsinə əsaslanaraq göstərilən cinayət işi üzrə ibtidai istint aq dövründə alınmış iki ədəd texnikitəhlükəsizlik ekspertizasının rəylərini şübhə altına almışdır. Dövlət ittihamçısının fikrincə məhkəmələrin gəldiyi bu qənaətdə düzgün olmayan cəhət odur ki, hadisənin baş verməsinə səbəb olan işi icra edən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yanında məsul şəxslər (iş rəhbəri, işə buraxılan, iş yerini hazırlayan və s.) olmalı idi, həmin şəxslər zərərçəkmiş Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarını pozacağı və yaxud da kənar bir iş görəcəyi təqdirdə ona kənardan müdaxilə etməli idilər. Həmin məsul şəxlərin işin icra olunduğu yerdə olmasını baş mühəndis kimi təqsirləndirilən şəxs X5 təşkil etməli idi. Bu fikir məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx xxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli rəyləri ilə təsdiq olunmuşdur və ibti dai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsinin əsaslarından biri kimi çıxış edir. Beləliklə, məhkəmələr tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq təqsirləndirilən şəxsə əsassız olaraq bəraət verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə qanuna müvafiq qaydada məlumat landırılmış Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına naməlum səbəblərdən gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərinə görə məhkəmə kollegiyası CPMnin 419.4-cü maddəsinin tələblərinə uyğun olaraq kassasiya protestinə onların iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.N.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, X5a bəraət verilməli olması haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş və araşdırılmış sübutlara düzgün qiymət verməmişlər. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələ bini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X5un b arəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələbl ərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tə dqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, on un təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutlar ın qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı h allarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hal larına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) CM-nin 162.1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına zərər vurulması iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. Həmin ma ddədə nəzərdə tutulan cinayətin ümumi obyekti insan və vətandaşın konstitsiya hüquq və azadlıqları, xüsusi obyektləri isə - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalırna riayət edilməsi vəzifəsindən irəli gələn ictimai münasibətlər və insanların həyat və sağlamlıqları təşkil edir. Təhlil edilən cinayət maddi tərkibli olmaqla yalnız CM-nin 162.1-162.3-cü maddələrində nəzərdə tutulmuş nəticələr baş verdikdə şəxsin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarını pozması belə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Bununla yanaşı o, da qeyd edilməlidir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş vəzifəli şəxsin qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həl li zamanı onun həmin qaydaları pozması ilə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilməli və belə hal əməlin cinayət sayılması məsələsinin həllində xüsusi əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, vəzifəli şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarını pozmuş olsa da onun əməlləri ilə baş vermiş nəticələr arasında səbəbəli əlaqənin olması müəyyən edilmədikdə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki cinayət işinin materiallarına görə isə, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri X5un ona istinad edilən və texniki təhlükəsizlik qaydalarına aid olan hərəkətlərlə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması arasında belə səbəbli əlaqənin olmasını müəyyən etməmişlər və məhkəmələrin bu barədə nəticələri məhkəmə iclaslarında araşdırılmış aşağıdakı sübutlara əsaslanmışdır. Əvvəla, X5un barəsində çıxarılmış bəraət hökmü ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cinayət hüquq məsuliyyətinin yaranması üçün hər üç əlamətin (əməl, nəticə və bunların arasında səbəbli əlaqə) birgə mövcud olması zəruridir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması cinayət məsuliyyətini istisna edir. Hər üç əlamətin mövcudluğu şəxsin təqsirinin olmasını ehtiva etdiyindən hüquqi müəyyənlik prinsipi baxımından onlardan hər hansı birinin olmaması və ya onların hər hansı birinin ayrılıqda olması şəxsin cinayət məsuliyyətini yaratmır. Belə ki, texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə əlaqənin olmaması cinayət tərkibinin yaranmasını istisna edir. Buna görə də təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsində və başqa normativ aktlarda müəyyən edilən vəzifələr) yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə cinayət məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin təqsirkarın səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi və ya bu vəzifənin ona həvalə olunduğu barədə təqsirkara lazımi qaydada məlumat ve rilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və kriminal nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Əgər CM-nin 162-ci maddəsində nəzərdə tutulan nəticələr zərərçəkmiş şəxsin öz ehtiyatsızlığı üzündən baş vermişdirsə, bu halda təhlil olunan maddə ilə cinayət məsuliyyəti mövcud olmur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu təfsiri ilə razılaşır və həmin təfsirdən və cinayət işinin materiallarından çıxış edərək onu qeyd etməyi zəruri bilir ki, toplanmış sübutlara, o cumlədən bəraət almış X5un, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs və hadisə zamanı xüsusi vasitə-səbətli avtomaşını idarə etmiş avtomaşının sürücüsü şahid X8in ifadələrinə əsasən, xx xxxx 2019-cu il tarixdəki hadisə Zərərçəkmiş şəxs tərəfindən X5un icazəsi və rəhbərliyi altında 6 kv-luq Eynibulaq hava xəttinin Siyəzən rayonu, Gilgilçay qəsəbəsindən keçən, habelə Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə nasazlıq - boşalma aşkar etdiyi hissəsində deyil, həmin hissədə müvafiq işlər tamamlandıqdan və elektrik cərəyanının qoşulması təmin edildikdən bir qədər sonra, sonuncunun elektrik xəttinin başqa hissəsində boşalma aşkar etdiyi və həmin nasazlığı öz təşəbbüsü ilə, X5a bildirmədən, Zərərçəkmiş şəxs aradan qaldırmaq niyyətində olduğu Gilgilçay qəsəbəsinin girəcəyində yerləşən hissəsində apardığı işlər nəticəsində baş vermişdir. Həmin sübutlarla həmçinin müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə, saat 12:00 radələrində mühafizə avadanlıqları ilə (asma izolyatorla, indikatorla (yüksək gərginlik göstəricisi) və rezin əlcəklərlə) təchiz olunmasına baxmayaraq, onlardan səmərəli şəkildə istifadə etməmiş, o cümlədən əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına tam riayət etməli olduğu halda, mövcud qaydalara əməl etməyərək öz təşəbbüsü ilə, heç kimdən göstəriş almayaraq, bu barədə məlumat verməməklə icazəsiz Siyəzən rayonu, Gilgilçay qəsəbəsinin girəcəyində 6 kv-luq elektrik xəttinin dirəyində boşalmış naqillərdə təmir işlərini aparmaq qərarına gəlmiş, lakin bundan əvvəl xəttə elektrik cərayanının ayrılmas ı barədə növbəçi elektrik-montyor X27 müraciət etməmiş və Zərərçəkmiş şəxs özünün texniki təhlükəsizlik qaydalarını pozması nəticəsində sağlamlığına ağır zərərvurmaya aid edilən xəsarətlər almışdır. Zərərçəkmiş şəxs müvafiq təhlükəsizlik avadınlıqları ilə təchiz edilməsini, lakin bunlarda istifadə etməməsini və təmir işlərini görməzdən əvvəl xəttdə elektrik cərayanının ayrılması barədə növbətçi elektirk-montyora müraciət etməməsini şahidlər X8, X16 və X20 da ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrində təsdiq etmişlər. Bundan əlavə qeyd edilməlidir ki, iş üzrə keçirilmiş ekspertizaların rəylərinə, eləcə də “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” aktda X5un "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları ”nın müvafiq bəndlərinin pozulması göstərilsə də, həmin pozuntular ona qarşı CM-nin 162.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsas ola bilməzdi ona görə ki, hadisə baş verən vaxtadək X5un başqa sahədə boşalmış elektrik xəttlərinin bərkidilməsi haqqında göstərişini icra edən Zərərçəkmiş şəxs səhhətində, sağlamlığında hər hansı bir formada dəyişiklik olmamış və o, sonradan özbaşına, heç kimə xəbər vermədən görülməsini nəzərdə tutduğu təmir-ölçü işlərini aparmaq istəyərkən məhz özünün təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində sağlamlığına ağır zərərvurmaya aid edilən xəsarətlər almışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs təmir-ölçü işlərini X5un yanında deyil, ondan kənarda heç kəsin müdaxiləsi olmadan birbaşa özünün icra etməsi, bu zaman texniki təhlükəsizlik qaydalarına l aqeydlik nümayiş etdirməsi, X5un həmin vaxt hadisənin real olaraq qarşısını almağa obyektiv və subyektiv imkanının olmasını istisna edir. İşin göstərilən faktiki hallarını təsdiq edən bütün sübutlar, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəyləri, normativ və sübut əhəmiyyətli digər sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırıldığından, apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməmiş və bu sübutlardan (hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan) çıxış edərək belə qənaətə gəlmişdir ki, X5un yol verdiyi və ekspertiza rəyləri ilə müəyyən edilmiş pozuntularla baş vermiş nəticə arasında səbəbli əlaqə olmamış və belə vəziyyətdə o, texniki təh lükəsizlik və ya əməyin mühafizəsi qaydalarının pozulmasına görə, yəni CM-nin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarında araşdırılmış sübutlar ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvir edilməsinə ehtiyac görmür və hesab edir ki, məhkəmələr X5un ona elan olunmuş ittiham üzrə bəraət verilməli olması barədə nəticəyə gələrkən CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq araşdırılmış sübutların hər birisini və məcmu şəkildə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdiklərindən, yolverilməz sübutlardan istifadə etmədiklərindən və sübutetməyə dair qanunvericiliyin tələblərinə əməl etdiklərindən, X5un barəsindəki bəraət hökmünün qüvvədə saxlanılması bar ədə apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edr ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri hər hansı sübutun tədqiqindən və təhlilindən imtina etməmiş, apellyasiya instansiyası məhkəməsinin apellyasiya protestinə və apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında əlavə sübutların araşdırılmasına ehtiyac olmamış, belə sübutlar istər ittiham, istərsə də müdafiə tərəfindən məhkəməyə təqdim olunmamış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlar isə işin faktiki hallarının müəyyən edilməsi və bu hallar üzrə yekun nəticəyə gəlmək üçün kifayət etmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə məhkəmə baxışı zamanı qanunvericilikdə nəzərdə tutulmadığı halda hadisə yerinə ba xışın keçirilməsində hal şahidləri qismində X5un tabeçiliyində işləyən şəxslərin - X3 və X13 iştirak etmələri, onların işin nəticəsində maraqlı olmaları, onlara hüquqlarının izah edilməməsi, bu halın apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olması barədə kassasiya protestində göstərilən dəlilə cavab olaraq, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CPM-nin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əmə kdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, işə məhkəmədə baxılarkən hadisə yerinə baxış keçirilməsində hal şahidlərinin iştirak etmələri kobud qanun pozuntusu kimi qiymətləndirilə bilməz ona görə ki, onların iştirakları həmin istintaq hərəkətinin nəticələrini hər hansı şəkildə şübhə altına almağa əsas verməmişdir (belə bir halın olması kassasiya protestin də mübahisələndirilmir). Digər tərəfdən, həmin istintaq hərəkətinin aparılmasında hal şahidlər qismində iştirak etmiş X34 və X10 tabeçiliyində işləməklə onun göstərişlərini əməl etmələri hadisə yerinə baxışın nəticələrində maraqlı olmaları barədə nəticəyə gəlmək üçün də heç bir əsas verməmişdir ona görə, əvvəla, hadisə yeri zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə əsasən müəyən edilmiş, həmin yerdə müvafiq ölçülər aparılmış və bu zaman hal şahidlərinin bu hərəkətlərə müdaxilə etmək, sonradan onları başqa cür, o cümlədən X5un xeyrinə olan qaydada təsvir etmək imkanları olmamış və belə hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, dövlət ittihamçısı istər işə apellyasiya qaydasında baxılarkən, istərsə də kassasiya protestində göstərilən istintaq hərəkətinin y olverilməz sübut kimi qiymətləndirilməsi və buna görə də onun nəticələrinin sübutlar siyahısından çıxarılması barədə dəlil irəli sürməmiş və faktiki olaraq bu nəticələrlə razılaşmışdır. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısının kassasiya protestində göstərdiyi həm bu, həm də bütün digər dəlillərini qəbul edilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilən hər hansı pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı C.R.İsgəndərovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış X5un və onun m üdafiəçisi İ.Y.Abdullayevin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, X5a CM-nin 162.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Siyazən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bəraət veilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dövlət ittihamçısı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-299/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-299/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver