Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2993/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakı ilə, Xəzər rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDI: Xəzər rayon Məhkəməsinin (hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi ilə, ## ##### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə, ## #### 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Babək rayonu Nehrəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum ## ####### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablanması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Məhkum üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Idarəsinə həvalə edilməsi, Məhkum cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, Məhkum 7900 (yeddi min doqquz yüz) manat məbləğində vurulmuş maddi ziyan və 99 (doxsan doqquz) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə), X7 və X3 ibarət tərkibdə) *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə məhkum olunmasına dair Xəzər rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və yaxud kassasiya protestinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. IŞIN HALLARI: Ittiham aktına və hökmə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, ## ### 2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ucuzluq” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs ilə tanış olub onun 1.500 (bir min beş yüz) manat dəyərində əmlakını pulunu hissə-hissə ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla danışıb 1 ədəd dəyəri 1500 manat olan Samsung markalı soyuducu, 1 ədəd dəyəri 1000 manat olan Samsung markalı paltaryuyan maşını kreditlə alaraq 400 manat ilkin ödəniş etmiş, aralarında olan şifahi razılığa əsasən bir həftə sonra 200 manat ödədikdən sonra qalan məbləği 6 ay müddətinə 1 ayı 316 manat 66 qəpiklə ödəyəcəyini vəd vərərək, ##.##.2024-cü il tarixdə yenidən mağazaya gələrək bir ədəd dəyəri 1900 manat olan Samsung markalı soyuducunu kreditlə alaraq 100 manat ilkin ödəniş etmiş qalan pulu isə 12 ay müddətinə bir ayı 150 manat olmaqla ödəyəcəyi vədini vermiş, Zərərçəkmiş şəxs etibarını qazanmaq üçün isə əlavə olaraqda 200 manat pul ödəmiş, ##.##.2024-cü il tarixdə X1 yenidən həmin mağazaya gedərək 1600 manat dəyərində LG markalı paltaryuyan maşını kreditlə alaraq həmin paltaryuyan maşının pulunuda ##.##.2024-cü il tarixə kimi kreditlə almış olduğu digər əmlakların puluna əlavə etdirməklə bir ayı 400 manat olmaqla bütün məbləği 13 aya ödəyəcəyinə razılaşmaqla, ##.##.2024-cü il tarixdə cinayətdən xəbərsiz X4 adına 1600 manat dəyərində Samsung markalı soyuducunun bir ayı 160 manat olmaqla 10 ay müddətinə kreditə götürülməsinə nail olaraq Azadə Bəşirovaya zamin dayanmış, ##.##.2024-cü il tarixdə yenidən mağazaya gələrək 1000 manat dəyərində Samsung markalı qabyuyan maşını 1 ay 500 manat olmaqla 2 ay müddətinə kreditə alaraq başqa şəxslərə aldığı qiymətdən aşağı qiymətə satmaqla aldığı pulları cinayətdən xəbərsiz X5 olan borcuna ödəməklə və şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus mağazadan ona məxsus olmaqla daşıyıb apardığı göstərilən əmlakları dəyərindən aşağı qiymətə istintaqla müəyyənləşdirilməsi mümkün olmayan şəxslərə satmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib zərərçəkmş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 8600 (səkkiz min altı yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərir ki, xüsusi vurğulamaq lazımdır ki, birinci instansiya mərhələsində zərər çəkmişə dəymiş ziyanın hər hansı hissəsi faktiki olaraq ödənilməmişdi və həmin məhkəmənin dəymiş ziyanın qismən ödənilməsi kimi 700 manatı nəzərə alması tamamilə qanunsuz yanaşma olmuşdu. Belə ki, zərər çəkmişə məxsus texniki avadanlıqların cəmi qiyməti 8600 manat təşkil etmiş, bu 700 manat isə. hələ həmin cinayət əməli başa çatmamış zərər çəkmişi aldatmaq məqsədilə ilkin ödəniş kimi ona verilmiş pul vəsaiti olmuşdu. Qalan 7900 manat isə birinci instansiya mərhələsində ona dəymiş ziyanın real məbləği olaraq qalmışdı və cinayət əməli başa çatdırıldıqdan sonra təqsirkar tərəfindən ziyanın ödənilməsi istiqamətində heç bir addım atılmamışdı. Bu faktın mübahisəsiz olması məhkəmələr tərəfindən də qəbul olunmuşdur. CM-nin 59.1.14-cü maddəsinin mənası cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnən digər hərəkətləri cinayət əməli başa çatdırıldıqdan sonra, onun nəticələrinin aradan qaldırılmasında təqsirləndirilən şəxsin rolundan asılı olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin dələduzluq əməli başa çatmamış (yəni, hələ cinayət törədilmədən və müvafiq texniki əşyalar təqsirkarın sərəncamına keçmədən) Məhkum cinayətin törədilməsində zərər çəkmişi aldatmağın (özünə inandırmağın) üsulu kimi istifadə etdiyi və ilkin ödəniş kimi verdiyi 700 manatı dəymiş ziyanın qismən ödənilməsinə yönələn davranış kimi nəzərə alması qanunsuz yanaşma olmuş, apellyasiya instansiyası məhkəməsinin isə həmin hissədə apellyasiya protestinin dəlillərinə hər hansı tutarlı təkzib gətirmədən hökmü dəyişdirməməsi eyni səhvin təkrarlanması ilə nəticələnmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qərarının 4-cü vərəqinin 3-cü abzasından aydın olur ki, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmişə dəymiş ziyanın müəyyən hissəsi apellyasiya baxışında aradan qaldırılsa da, 4000 manatı hələ də ona ödənilməmiş qalmışdır. Məlumdur ki, dələduzluq cinayəti mülkiyyət münasibətlərinə qəsd edən cinayətlər fəslinə aiddir və hazırki işdə bu cinayətin ictimai-təhlükəliliyi xeyli miqdarda - 8.600 manatlıq özgə əmlakının talanmasında ifadə olunmuşdur. Göründüyü kimi, bu qəbildən olan işlərdə, qanunvericilik və formalaşmış məhkəmə təcrübəsi cəzanı yüngülləşdirən halları sırf zərər çəkmiş şəxsin mənafeyinə, onun mülkiyyət hüququna dəymiş ziyanın azaldılmasına yönələn hərəkətlərə münasibətdə qəbul etmiş və bu halların realizəsini ictimai-təhlükəli əməlin nəticələrinin aradan qalxmasına (yəni, zərər çəkmiş şəxsin mülkiyyət hüququnun təmin olunmasına) heşablamışdır. Mübahisəsiz müəyyən olunur ki, hazırki işin apelyasiya baxışında birinci instansiya məhkəməsindən fərqli olaraq ziyanın müəyyən hissəsi ödənsə də, 40 %-dən artıq hissəsi (4000 manatı) ödənilməmiş qalmış, yəni törədilmiş əməlin ictimai təhlükəli nəticələri aradan qalxmamışdır. Məhkəmənin hazırki qənaəti isə ödənilməmiş maddi ziyana adekvat olmayan cəzanın təyin olunması ilə nəticələnmişdir. Göründüyü kimi, məhkəmələr Məhkum həm həddinə, həm növünə görə yüngül cəza təyin etməklə, cinayət qanunu normalarının tələblərinə, eləcə də formalaşmış ümumi məhkəmə təcrübəsinə hüquqi tənzimetmə üslubunda yanaşmamış, cəza təyini ilə bağlı sübutetmə predmetinə dair CPM-nin 139.0.5-ci maddəsinin tələblərini düzgün nəzərə almamış, hazırki işdə Məhkum təyin etdikləri yüngül cəza eyni cinayət əməllərini törətmiş, barələrində oxşar yüngülləşdirici hallar olan, lakin daha ağır cəzaya məruz qalmış şəxslərə münasibətdə sosial ədalətin bərpasını pozmaqla yanaşı, başqa şəxslər tərəfindən də yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Bundan başqa, apellyasiya məhkəməsinin özünün şərh etdiyi və yuxarıda qeyd olunan hallardan məlum olur ki, zərər çəkmiş şəxsə dəymiş ziyanın 4600 manatı apellyasiya mərhələsində ödənilmiş, 4000 manatı isə apellyasiya baxışının yekununda ödənilməmiş qalmışdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş mülki iddianın həcmini protestin dəlillərindən asılı olmayaraq həmin mərhələdə ödənilmiş ziyana nisbətdə təqsirləndirilən şəxsin xeyrinə azaltmalı olduğu halda, həmin hissədə də hökmü dəyişdirməməklə düzgün hüquqi mövqe nümayiş etdirməmiş və bu mərhələdə təqsirləndirilən şəxs maddi ziyanın ödənilməmiş qalan hissəsinə uyğun olmayaraq daha böyük maddi məhrumiyyətlərə məruz qalmışdır. Şərh olunanlara əsasən, dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarının cinayət qanunun norması düzgün tətbiq edilməklə, həmçinin ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi üçün qərarın ləğv edilməsini və yeni apellyasiya baxışına təyin edilməsinni xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısı protestində məhkuma ağır cəza verilməsini və apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya protestinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2993/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2993/2025
09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver