Məhkəmə qərarları › İş №1(102)-3001/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3001/2025

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3001/2025 21.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X2, Müdafiəçi – müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Xəzər Rayon Məhkəməsinin (hakim X9 oğlunun sədrliyi ilə) *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmü ilə, ## ####### 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, H.Əliyev prospekti 147, mənzil 28-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Alballıq massivi, A.Isgəndərov küçəsi, yeni sahədə yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbsə alınması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və X3 ibarət tərkibdə) *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 1(003)-435/2025 nömrəli, ## ######## 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ## ##### 2025-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan «KIA RIO» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Buzovna-Maştağa avtomobil yolunun Maştağa qəsəbəsi istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən Albalılıq yaşayış massivi ərazisində yerləşən «Retro» şadlıq sarayının yaxınlığında olan «Albalı» marketin qarşısındakı yolda, işıqforun yaşıl işığının yanmasına baxmayaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə yolu sağdan sola doğru piyada keçən X4 yolun hərəkət hissəsində avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, daha sonra idarəetməni itirərək avtomobili qabaq hissəsi ilə qarşı tərəfdən gələn sürücü X5 idarə etdiyi «Mercedes» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə piyada X4 alın nahiyəsinin, burunun, sol gözün bayır bucağının, üst dodağın, alt çənənin, sol bazunun aşağı üçdə birinin əzilmiş yaraları; alın nahiyəsinin, sol üst göz qapağının, üst və alt dodağın, sol bazunun aşağı üçdə birinin iç səthinin, döş qəfəsinin orta üçdə birinin sol yarısının, sol çanaq nahiyəsinin sıyrıqları; sol gözün bayır bucağının, sifətin sol yarısının, sol bazunun aşağı üçdə birinin iç səthinin, sol çanaq nahiyəsinin qançırları; başın yumşaq toxumaların iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar; baş beyinin ağır dərəcəli əzilməsi; sol körpücük sümüyünün orta üçdə birinin və sol V, VI, VII, qabırğaların orta körpücük xətt üzrə qapalı yerdəyişən sınıqları; sol bazu sümüyünün açıq, yerdəyişən sınığı; hər iki ağciyərin kontuzyası; hemopnevmotoraks; daxili qanitirmə ilə müşaiət olunan diafraqmanın sol yarısının və mədənin kordinal hissəsinin cırılması, dalağın cırılması, (splienoektomiya-dalağın cərrahı olaraq xaric edilməsi) küt əşya (əşyalar) təsirindən törənmişlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuş və nəticədə X6 aldığı xəsarətlərdən ## ##### 2025- ci il tarixdə X1 X10 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza, eləcə də həmin hökmün apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılması məhkumun şəxsiyyəti, törədilmiş əməlin xarakteri və iş üzrə mövcud olan çoxsaylı yüngülləşdirici hallarla müqayisədə mütənasiblik prinsipinə cavab verməmişdir. Kassasiya şikayətinin əsas mahiyyəti məhz təyin olunmuş cəzanın qanunda nəzərdə tutulmuş hədlər daxilində olsa belə, sərtliyinə görə açıqaşkar ədalətsiz olması və məhkumun şəxsiyyətinə uyğun gəlməməsi arqumenti üzərində qurulmuşdur. Şikayətdə qeyd olunur ki, məhkəmələr təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halları tam və hərtərəfli qiymətləndirməmiş, yalnız onun bir azyaşlı uşağının olmasını nəzərə almışlar. Halbuki iş materiallarından görünür ki, məhkumun həyat yoldaşı məhkəmə araşdırması dövründə ikinci övladına hamilə olmuş, ailənin sosial və maddi təminatında əsas yük məhz onun üzərinə düşmüşdür. Bundan əlavə, ailədə kənar qulluğa ehtiyacı olan əlilliyi müəyyən edilmiş qayınata və qayınananın da məhkumun himayəsində olması onun ailə və sosial məsuliyyətinin əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərən mühüm hal kimi qiymətləndirilməlidir. Kassasiya şikayətində məhkumun şəxsiyyətini xarakterizə edən müsbət məlumatlara da xüsusi diqqət yetirilmişdir. Belə ki, onun ali təhsil alan şəxs olması, təhsilini könüllü şəkildə dayandıraraq Vətən müharibəsində iştirak etməsi, ictimai və vətəndaşlıq mövqeyini nümayiş etdirməsi, habelə nümunəvi ailə mühitində formalaşması onun cəmiyyət üçün təhlükəli şəxs kimi qiymətləndirilməsinin əsassız olduğunu göstərən amillər kimi təqdim edilmişdir. Müdafiə tərəfinin mövqeyinə görə, bu hallar məhkumun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında cəzanın ilk növbədə şəxsin islah olunmasına xidmət etməli olduğu, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər törətmiş şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiqi imkanlarının müzakirə edilməsinin zəruriliyi qeyd edilmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkəmələr həmin hüquqi mövqeyə formal şəkildə istinad etsələr də, onun mahiyyətini konkret iş üzrə tətbiq etməmişlər. Yuxarıda göstərilən hallara və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini, məhkum Məhkum təyin olunmuş cəzanın X7 Müəssisəsində çəkilməsinin müəyyən edilməsini və ona qanunda nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayətində cəza təyin edilərkən məhkumun şəxsiyyətini səciyyələndirən məlumatların, habelə cəzanı yüngülləşdirən halların lazımi qaydada nəzərə alınmadığını, bunun nəticəsində isə ona həddindən artıq ağır cəza təyin edildiyini qeyd edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumunun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “Insan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPMnin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar