Məhkəmə qərarları › İş №1(102)-3007/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3007/2025

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3007/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Məhkum və müdafiəçi Ziyad İsax oğlu Abbaszadənin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2025-ci il tarixli 1(103)- 1943/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi İsax oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Elməddin Hüseynov) 14 avqust 2025-ci il tarixli, 1(006)-376/2025 nömrəli hökmü ilə 14 iyul 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 17,484 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 avqust 2023-cü il tarixdə saat 01:40-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 18 bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 2,964 qram, 4,331 qram, 2,155 qram, 1,994 qram, 0,998 qram, 0,737 qram, 0,914 qram, 0,422 qram, 0,451 qram, 0,242 qram, 0,206 qram, 0,358 qram, 0,277 qram, 0,331 qram, 0,285 qram, 0,243 qram, 0,241 qram və 0,335 qram olmaqla, ümumi təmiz çəkisi 17,484 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Ramin Qaraqurbanlı) 23 oktyabr 2025-ci il tarixli 1(103)-1943/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2025ci il tarixli, 1(006)-376/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi Müdafiəçi İsax oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi İsax oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2025-ci il tarixli 1(103)-1943/2025 nömrəli qərarının ləğv edilməsini, məhkumun əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Müdafiəçi İsax oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan 23.10.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla yanaşı Azərbaycan Respublikası Konstitusiyasının, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının, Azərbaycan Respublikası CPM-in tələblərinin və ümumi prinsiplərinin pozulması ilə çıxarılmış, nəticədə qeyd edilən cinayəti törətməyən şəxs (törətmiş olduğu əməldən) daha ağır cinayətlər törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş və cəzalandırılmışdır. BNMİ-nin TQ-nun təhqiqatçısı Yelmar Vahabov tərəfindən Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasının xidməti iş otağında video çəkilişlə Məhkum üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Video çəkilişlə 3 dəfəyə aprılmışdır, hər dəfə də əməliyyatçıları qane etmədiyi üçün yenidən təkrarlanmışdır. Sonda hədə və qorxudan çəkinərək Məhkum təkliflə razılaşaraq, onların verdiyi içində 18 büküm narkotik vasitə olan siqaret qutusunu cibinə qoyaraq video çəkilişə başlanmışdır. Çəkiliş zamanı Məhkum əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusunda 18 (on səkkiz) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. İşin həqiqi halları ondan ibarətdir ki, Məhkum narkotik vasitəni götürən şəxs 4-5 saat sonra polislər tərəfindən saxlanmışdır. Bundan sonra polislər tərəfindən tutulmuş şəxsin telefonundan Məhkum mesaj gəlmiş və həmin şəxs özünə məxsus bir büküm narkotik vasitəni ondan götürmək istədiyini bildirmişdir. O, da evdən çıxaraq, narkotik vasitəni həmin şəxsə vermək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun arxasınca gələn polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. Onu saxlayan zaman üzərində1 büküm narkotik vasitə marixuana olmuşdur. Lakin polislər ona təzyiq edərək, 18 büküm narkotik vasitənin ona məxsus olmasına dair ifadə verməsini və sənədlərə imza etməsini tələb etmişlər. Əgər həmin o bükümləri qəbul etməyəcəyi təqdirdə ona daha böyük çəkidə narkotik vasitəni verəcəklərini demişlər. Ona bildirmişlər ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğun üçün “bunları qəbul et, işin yüngül olacaqdır”. O, da məcbur olub deyilənlərlə razı olmuş və bütün sənədlərə imza etmişdir. Lakin Məhkum hazırkı iş üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsini şərtləndirən mötəbər və təkzib edilməz sübut və əsaslar mövcud olmamışdır. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona üzərində cəmi 1 büküm narkotik vasitənin olduğunu və onunla birlikdə digər bir şəxslər tərəfindən internet vasitəsi ilə sifariş verərək alındığını və həmin şəxslərdən birinə veriləcəyini qeyd etmişdir. Hesab edirik ki, hazırkı halda Məhkum ibtidai istintaq zamanı alınmış ilkin izahat və ifadələrə sübut kimi istinad edilməsi yolverilməzdir. Kassator qeyd edir ki, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə Məhkum əvvəllər alınmış etirafedici ifadəsinə və şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrinə sübut kimi istinad edilə bilməzdi. Qeyd olunan hallar yeni əməliyyatçılar Məhkum saxlanılarkən və ondan sonrakı dövrdə ona qarşı "alçaldıcı hərəkətlər edilməklə onun fiziki və mənəvi müqavimətini qırmaqla onda qorxu, əzab və acizlik hisslərinin yaranmasına səbəb olmuş və bunun nəticəsində Kamil məcburi qaydada sənədlərlə tanış olmadan imza etmişdir. İşin hallarından da görünür ki, ilkin istintaq dövründə Məhkum narkotacir deyil, istifadəçi olduğu barədə dəqiq məlumatlar olmuşdur. İbtidai və məhkəmə istintaqı zamanı şahid qismində dinidirilmiş polis əməkdaşlarının ifadələrindən başqa iş üzrə hər hansı bir sübut yoxdur. Belə ki, Məhkum verdiyi ifadə üzrə onun üstündə olan 1 büküm narkotik vasitənin olmasını təkzib edən hər hansı bir mötəbər sübut yoxdur. Məhkum tərəfindən narkotik vasitənin sifariş verilməsini, alınmasını və ya satılmasını təsdiq edən telefon danışığı, mesaj və ya hər hansı bir kartla pul əməliyyatının aparılması da mövcud deyildir. Məhkum özünün verdiyi ifadələr nəticəsində onun narkotik istifadəçisi olduğu məlum olur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi İsax oğlunun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli mötəbər sübutlar olmadan əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Müdafiəçinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində xeyli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma və ya göndərmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.2-ci maddəsində isə eyni əməllərin satış məqsədi ilə törədilməsi, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satılması cinayət məsuliyyəti yaradır. Beləliklə, Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərini bir-birindən fərqləndirən əsas hüquqi meyar narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsində və saxlanılmasında “satış məqsədi”nin mövcud olubolmamasıdır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bu baxımdan şəxsin əməlini CM-in 234.2-ci maddəsi ilə tövsif etmək üçün yalnız narkotik vasitənin və ya psixotrop maddənin aşkar olunması kifayət deyildir. Şəxsin həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi və saxlaması cinayət işi üzrə toplanmış mötəbər və yolverilən sübutlarla təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “satış məqsədi” təqsirləndirilən şəxsin subyektiv münasibətini ifadə edir. Lakin buna baxmayaraq bu hal yalnız təqsirkarın ifadəsi əsasında deyil, iş üzrə müəyyən edilmiş obyektiv məlumatların məcmusu əsasında müəyyən olunmalıdır. Belə məlumatlara narkotik vasitənin qablaşdırılma forması, miqdarı, ayrı-ayrı bükümlərə bölünməsi, istehlakçılarla əlaqələr, satış üçün istifadə edilən avadanlıqların aşkar olunması və digər halların mövcudluğu aid edilə bilər. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla məhkum Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq məhkəmələrin gəldiyi nəticələrlə razılaşır. Belə ki, iş materiallarından görünür ki, məhkumun üzərində 18 ədəd xırda bükümlərə qablaşdırılmış 17,484 qram qurudulmuş marixuana aşkar edilmişdir. Məhkum onun üzərində aşkar edilmiş narkotik vasitəni İİR vətəndaşından özünün istifadəsi və satması üçün aldığını bildirmişdir. Məhkumun üzərində şəxsi axtarış müdafiəçinin iştirakı ilə, cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət etməklə keçirilmişdir. Məhkumun üzərində şəxsi axtarışının gedişi və nəticələri axtarışda iştirak etmiş polis əməkdaşlarının ifadələri ilə təsdiq edilmişdir. Məhkum məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qaldığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini iddia etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri iş hallarını tədqiq edilmiş sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək hesab etmişlər ki, müdafiə tərəfinin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına dair dəlilləri həqiqəti əks etdirməməklə özünümüdafiə xarakteri daşımışdır. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə məhkəmələrin gəldiyi nəticələri əsaslı hesab edir. Müdafiə tərəfi polis əməkdaşlarının qanunsuz hərəkətləri haqqında iddiaları təsdiq edən hər hansı mötəbər və yolverilən sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında məhkumun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını təsdiq edən tibbi sənədlər, ekspertiza rəyləri, videogörüntülər və ya digər obyektiv məlumatlar mövcud deyildir. Bundan başqa, iş üzrə aparılmış istintaq hərəkətlərinin protokollarından və digər materiallardan həmin prosessual hərəkətlərin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun həyata keçirildiyi görünür. Məhkəmə baxışı zamanı da həmin sübutların yolverilənliyini və mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkum uzun müddət azadlıqda olarkən polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin törədilməsi barədə hər hansı səlahiyyətli orqana və ya məhkəməyə müraciət etməmiş, yalnız 1 il 9 ay sonra məhkəmədə ifadə verərək ilk dəfə bu barədə bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmələr haqlı olaraq müdafiə tərəfinin qeyd edilən dəlillərini əsassız hesab etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, xüsusən Məhkum qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın 18 ədəd xırda bükümlərdə özündə gəzdirməsi həmin narkotik vasitənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkum tərəfindən narkotik vasitənin satmaq məqsədi ilə əldə edilməsi və saxlaması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi həmin nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında bilavasitə tədqiq olunmuş sübutları, o cümlədən məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahid ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə ekspertizasının rəyini və iş üzrə digər sənədləri hərtərəfli, tam və obyektiv şəkildə araşdırmışdır. Məhkəmə həmin sübutları Azərbaycan Respublikası CPM-in 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin və həmin əməli törətməkdə təqsirli olmasının tam sübuta yetirilməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2025-ci il tarixli 1(103)-1943/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi İsax oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2025-ci il tarixli 1(103)-1943/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar