Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3012/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Imanzadə Nicat Ramiz oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə isə onun törətdiyi cinayət əməlinin CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi N.R.Imanzadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Anar Böyükkişi oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə) Məhkum, ## #### 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış, Azərbaycan Respublikası Fövqaladə Nazirliyinin Dövlət Yanbından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin ** nömrəli yanğından mühafizə hissəsinin dispetçeri vəzifəsində işləmiş, R rütbəsində xidmət etmiş, ünvan 1 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, ##.##.2024-cü il tarixdə saat 20 radələrində xalasıoğlu Zərərçəkmiş şəxs və bibisi oğlu şahid4 ilə sərxoş halda “Lilo” restoranından ayrılaraq yenidən spirtli içki qəbul etmək məqsədi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 15 ünvanında yerləşən “Arada Beer” ictimai iaşə obyektinə gələrək, həmin obyektinin * nömrəli kabinetində yenidən spirtli içki qəbul edərkən, həmin vaxt Zərərçəkmiş şəxs edilən telefon zəngindən sonra, sonuncu bir xanımla görüşməli olduğu üçün getmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs xanımla görüşmək üçün onlardan ayrılıb getmək istəyini, özü üçün qəbul edilməz hal hesab edib, bunu cüzi səbəb kimi bəhanə edərək əsassız mübahisə yaratmaqla, həmin gün saat 21:15 radələrində Zərərçəkmiş şəxslə birlikdə “Arada Beer” ictimai iaşə obyektini tərk edib, həmin obyektin qarşısında heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisəni davam etdirərək alkoqol sərxoşluğun təsiri altında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə yaxınlıqda saxladığı özünə məxsus “Kia rio” markalı **-BA-*** avtomobildən tiyəsi açılıb-qatlanan cib bıçağını götürüb Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol boyun nahiyyəsində zərbə yetirməklə həyat üçün təhlükəli, ölümün səbəbi ilə bilavasitə əlaqəsi olan sol ümumi yuxu arteriyasının, boynun yumşaq toxuma və əzələlərinin zədələnməsi və kəskin xaricə qanaxma ilə müşayiət olunan boyunun sol yan səthinin yuxarı 1/3-də 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara nəticəsində inkişaf etmiş kəskin xaricə qanaxma sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Hökmdən məhkum Məhkum müdafiəçisi N.R.Imanzadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Əyyubov Fərid Ilham oğlundan ibarət tərkibdə) ## ###### 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum ittiham olunduğu əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə) ## ######## 2025-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi N.R.Imanzadə kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi Məhkum təyin edilmiş cəzanın CM-in 59, 60, 61 və 66-cı maddələri nəzərə alınmaqla yüngülləşdirilməsini və ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının, cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in bəzi normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli və “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkumun müdafiəçisi N.R.Imanzadə həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar düzgün müəyyən olunmamış, hüquqlarını müdafiə etdiyi şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməməsi yekun məhkəmə aktlarında əsaslandırılmamış, Məhkum əvvəllər məhkum olunmaması, gəncliyi CM-in 59.2-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Belə ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışına, onun fərdi xüsusiyyətlərinə, cəmiyyətdəki mövqeyinə, kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəklində bir-biri ilə əlaqəli halda qiymət verilməlidir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, CM-in 60-cı maddəsinə əsasən cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması halları mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Iş materiallarından görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi hökmdən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qərarından isə kassasiya şikayəti verməmiş və buna görə bu hallar da barışıq niyyətinin mövcudluğu kimi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Daha sonra məhkumun müdafiəçisi N.R.Imanzadə öz şikayətində qeyd etmişdir ki, Məhkum könüllü olaraq polis əməkdaşlarına təslim olaraq təqsirini boynuna almış, istintaqla əməkdaşlıq etmiş və törətdiyi əmələ görə peşmançılıq hissi keçirmişdir ki, bu hallar da CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilərək ona cəza təyin edilərkən nəzərə alınmalı idi. Odur ki, qeyd olunan dəlillərə əsaslanaraq kassasiya şikayətinin müəllifi Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarının dəyişdirilərək ona təyin edilmiş cəzanın CM-in 59 və 60-cı maddələrinin tələbləri nəzərə alınmaqla yüngülləşdirilməsini və ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis kassasiya şikayətinə yazılı etiraz verərək məhkum olunmuş şəxsdən şikayətçi olmasını bildirərək həmin şikayətin təmin edilməməsini xahiş etmiş və həmin yazılı etiraz onun eyni məzmunlu ərizəsi ilə Ali Məhkəmənin Cinayət Kollegiyasına təqdim olunmuşdur. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, məhkum Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və məhkum Məhkum iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkum Məhkum müdafiəçisi N.R.Imanzadə cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan hüquqlarını müdafiə etdiyi şəxsə həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək bu cəzanın yüngülləşdirilməsi barədə qərarın qəbul olunmasına dair tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi N.R.Imanzadənin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətinə cavab verilməsi üçün vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, habelə bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, məhkumun müdafiəçisi N.R.Imanzadə öz şikayətində Məhkum barəsindəki cinayət işi üzrə sübutların natamam araşdırılmasını, işin müəyyən edilmiş faktiki hallarını, sonuncunun CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı onun barəsində qeyrihumanist və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum Məhkum təqsirliliyi, əməlinin hüquqi tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir (bu hallar Ali Məhkəmənin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarında da kifayət qədər əsaslandırılmış qiymət verilmişdir) və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar vurğulamağı lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin cinayət törətmiş şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və həmin maddədə göstərilən cinayət CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasınna aiddir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından göründüyü kimi, məhkəmə Məhkum CM-in 120.1-ci maddəsi ilə həmin maddənin sanksiyası həddində, yəni 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən CM-in 59.2-ci maddəsinə əsasən onun gənc olmasını cəzanı yüngülləşdirən hallar qismində, habelə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış, məhkum olunmuş şəxsə bundan da az müddətə cəzanın təyin edilməsi üçün əsaslar görməyərək maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, eyni zamanda gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum Qərarlarındakı izah və tövsiyələrə istinad etməklə lazımi qaydada əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, məhkəmənin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halı nəzərə almaması, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir, müdafiəçi N.R.Imanzadə özü də kassasiya şikayətində müvafiq sübutlarla təsdiq olunan bu kimi hallara istinad etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həm qanuni, həm də kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırkı cinayət işinə istər apellyasiya, istərsə də kassasiya şikayətinə məhkəmə baxışları zamanı cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilməmiş, məhkum özü də kassasiya şikayətində, CPM-in 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, müvafiq sübutlarla təsdiq olunan belə hallara istinad etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə, kassasiya müraciətinə baxılması zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi mümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, təqsirkara cəza təyin etmiş birinci və ya apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən iş üzrə müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzər almasın, yaxud da CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək bu halı nəzərə almış olsun. Bununla yanaşı məhkəmə kollegiyası vurğulayır ki, müdafiəçi N.R.Imanzadə Məhkum cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına təslim olmasının, zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis isə hökmdən apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməməsinin onun məhkum olunmuş şəxslə barışıq əldə etməsinə dəlalət etməsinin, lakin bu halların əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməyərək nəzərə alınmamasını iddia etsə də, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq bu iddianın əsassız olması barədə qənaətə gəlir. Belə ki, iş üzrə toplanmış sübutlarla təkzib edilməz şəkildə müəyyən edilmişdir ki, Məhkum təqsirli bilindiyi qəsdən adam öldürmə cinayətini törətdikdən sonra könüllü olaraq heç bir hüquq mühafizə orqanına gedərək təslim olmamış və o, hadisə vaxtı təsadüfən cinayətin törədildiyi ərazidə olan post-patrul xidmətinin polis əməkdaşları tərəfindən yaxalanaraq polis orqanına təhvil verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qərarından isə - kassasiya şikayəti verməsə də, o, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında məhkum olunmuş şəxsdən şikayətçi olmasını, onunla heç vaxt barışıq əldə etmədiyini və etməyəcəyini bildirmiş və ona ən ağır cəzanın təyin edilməsində israrlı olmuş, kassasiya şikayətinə verdiyi etirazında da bu mövqeyini bir daha ifadə etmişdir. Qeyd olunanlar isə təhlil edilən və kassasiya şikayətində göstərilən bu halların mövcud olmamasına dəlalət etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almaqdan, nəticə etibarı ilə isə Məhkum barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyin tələbləri ilə yanaşı, maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-in 416-cı maddəsində sadalanan pozuntulara yol vermədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər Məhkum cinayət məsuliyyətinin yüngülləşdirilməsinə xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bütün təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum müdafiəçisi N.R.Imanzadənin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi N.R.Imanzadənin kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3012/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3012/2025
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver