Məhkəmə qərarları › İş №1(102)-3037/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3037/2025

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3037/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 1(103)- 298/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Fəxri Məmmədov (sədrlik edən və məruzəçi), Anar Sadıqov və Mahirə Kərimova) 01 oktyabr 2024-cü il tarixli, 1(101)-1360/2024 nömrəli hökmü ilə 20 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 1(003)-61/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CMin 69.3-cü maddəsinə əsasən onun əvvəlki cinayət işi üzrə 2 (iki) gün həbsdə qaldığı müddət hazırkı cinayət işi üzrə ona qəti olaraq təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 12,842 qram külli miqdarda narkotik vasitə heroin, ümumi təmiz çəkisi 94,970 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib ünvan 1 ünvanına qədər saxlamaqla daşımış, əldə etdiyi narkotik vasitə heroindən 4,285 qramını qohumu X3 pay olaraq vermiş, 24 avqust 2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən evinin qarşısında Xəzər RPİ-nin 1ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı evdə təxirəsalınmaz axtarış nəticəsində yataq otağında çarpayının üzərində olan döşəyin altından 03 ədəd şəffaf sellofan torbada ayrıayrılıqda təmiz çəkiləri 0,180 qram və 2,573 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin, 94,440 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuş, Xəzər RPİ-nin İŞ-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanda kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 ədəd bükümdə təmiz çəkisi 0,530 qram psixotrop maddə metamfetamin və 5,804 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 09 yanvar 2025-ci il tarixli, 1(103)- 298/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 1(101)-1360/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 1(103)-298/2025 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, düzgün istintaq araşdırılması aparılmamışdır. Belə ki, o həbs olunanda narkotik vasitələrin alqı-satqısına dair heç bir mötəbər sübutun olmadığı, tərəzinin olmadığı halda, ibtidai istintaq zamanı müstəntiqin qərəzli iş aparmasını, şablon ittiham aktı tərtib edildiyini, himayəsində bir azyaşlı övladının olmasını, ailə vəziyyətinin nəzərə alınmadan ona ağır cəza təyin edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırılmamış, məhkuma işin hallarına, onun şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmayan ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərinə münasibər bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən hallar, yəni Məhkum 12,842 qram külli miqdarda narkotik vasitə heroin, ümumi təmiz çəkisi 94,970 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib ünvan 1 ünvanına qədər saxlamaqla daşıması, əldə etdiyi narkotik vasitə heroindən 4,285 qramını qohumu X3 pay olaraq verməsi həmin sübutlarla təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkumun apellyasiya şikayəti əsasında işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkum Məhkum özünü yuxarıda qeyd edilən maddə ilə təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli cinayət işi üzrə ibtidai istintaqda onun özü tərəfindən verilmiş ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin məhkəmələr tərəfindən cinayət işi üzrə araşdırmanın tam aparılmaması barədə dəlili əsaslı hesab etmir. Kassasiya şikayətinin əsas dəlillərindən biri məhkəmələr tərəfindən məhkumun şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 7 (yeddi) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterinə münasibət bildirərək qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin ictimai təhlükəlilik dərəcəsi ilk növbədə həmin maddələrin növü, miqdarı və insan sağlamlığına vurduğu təhlükə ilə müəyyən olunur. Bu kateqoriya cinayət əməlləri cəmiyyətin sağlam həyat tərzinə, əhalinin sağlamlığına və ictimai təhlükəsizliyə ciddi təhlükə yaratdığından onların ictimai təhlükəliliyi yüksək qiymətləndirilir. Külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi narkomaniyanın yayılmasına, digər cinayətlərin artmasına və cəmiyyətin sosial təhlükəsizliyinə mənfi təsir göstərir. Cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroinin miqdarı 12,842 qram, psixotrop maddə metamfetaminin miqdarı isə 94,970 qram olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növü və xüsusilə onların miqdarının əhəmiyyətli olması məhkumun törətdiyi cinayət əməlinin yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olduğunu göstərən mühüm hallardan biridir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkum Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Belə ki, məhkum Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 1(103)-298/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 1(103)-298/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar