Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3039/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyev) 20 iyun 2022-ci il tarixli 1(099)-400/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdlan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs İlqar qızı da təqsirli bilinərək məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abdullayev) 10 oktyabr 2022-ci il tarixli 1(106)- 760/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 1(099)-400/2022 nömrəli hökmü məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), İlqar Qılıcov və İlkin Rəcəbov) 06 mart 2025-ci il tarixli 1(102)-635/2025 nömrəli qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti özünün ərizəsi üzrə geri qaytarılmışdır. 09 oktyabr 2025-ci il tarixdə məhkum Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə vəsatətlə həmin məhkəməyə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmməodv (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Cavid Sultanov) 05 noyabr 2025-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ilk dəfə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarından verdiyi kassasiya şikayətindən özünü müdafiəni qura bilmədiyi üçün imtina etmiş və kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə onun vəsatəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə əsassız və qanunsuz olaraq rədd edilmişdir. O, hüquqi savadı olmadığı üçün müdafiəçi hüququndan istifadə etməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, məhkum onun barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarı elan olunarkən məhkum Məhkum və onun müdafiəçisi məhkəmə iclasında iştirak etmiş, ona qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası izah olunmuşdur. İşdə olan qəbzdən görünür ki, məhkum Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarının sürəti 12 noyabr 2022-ci il tarixdə almışdır. Qüvvədə olan qanunvericiliyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 12 noyabr 2023-cü il tarixdə başa çatmışdır. Məhkum Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarından ikinci dəfə kassasiya şikayəti 09 oktyabr 2025-ci il tarixdə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, hazırkı iş üzrə məhkum Məhkum ilk dəfə verdiyi kassasiya şikayətinə baxılarkən məhkumun ərizəsi əsasında şikayət geri qaytarılmışdır. Belə ki, məhkum Məhkum tərəfindən 18 oktyabr 2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Məhkum ərizəsi 28 fevral 2025-ci il tarixli məktubla 04 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. O, ərizəsində özü tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, məhkumun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli, 1(106)-760/2022 nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və real imkanı olmuşdur. İş materiallarında məhkumun kassasiya şikayətinin müəyyən edilmiş prosessual müddətdə verilməsinə mane olan obyektiv və üzrlü səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuş, məhkumun müdafiə və şikayət hüquqları pozulmamışdır. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti vermə müddətinin əsassız olaraq bərpa edilməməsi və bununla da şikayət hüququnun pozulması barədə dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(106)-760/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-3039/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3039/2025
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver