Məhkəmə qərarları › İş №1(102)-3042/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3042/2025

05.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3042/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Qafarlı Kamran Ağamalı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Qafarlı Kamran A ğamalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, 184 saylı uşaq bağçasının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 19 mart 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayə t işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Yasamal rayonu təhsil şöbəsinin 23 iyul 2003-cü il tarixli 77 nömrəli əmrinə əsasən x ünvanında yerləşən x nömrəli uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib işləyərkən 01 yanvar 2022-ci il tarixdən 14 noyabr 2023-cü il tarixədək olan dövr ərzində tamah niyyəti ilə dövlət büdcəsinin pul vəsaiti hesabına rəhbərlik etdiyi x nömrəli uşaq bağçasına verilmiş ərzaq məhsullarını mənimsəmək məqsədilə bağçada faktiki tərbiyə alan uşaqların sayından artıq ərzağın ayrılması üçün bağçada tərbiyə prosesinə cəlb olunmamış “Məktəbəqədər Təhsil İnformasiya Sistemi”nə daxil edilməmiş 69 nəfər uşağın adını, həmin sistemə daxil edilməmişdən əvvəl 25 nəfər uşağın adını, b ağçadan xaric olunduqdan sonra 88 nəfər uşağın adını, 2023-cü ilin oktyabr-noyabr aylarında orta təhsil müəssisələrində təhsil aldıqları müddət ərzində 2 nəfər uşağın adını, faktiki tərbiyə prosesinə cəlb olunmuş 3 nəfər uşağın adını isə eyni zamanda 2 dəfə uşaq bağçasının komplektləşdirilmiş qruplarının rəsmi sənəd olan davamiyyət kitablarında qeyd etdikdən sonra 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr və noyabr aylarında rəsmi sənəd olan “davamiyyət” və “uşaq günləri” cədvəllərində bağçada faktiki tərbiyə alan uşaqların sayını süni surətdə artıq göstərməklə 2022-ci ilin yanvar ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 18 gün ərzində 1.440, 2022-ci ilin fevra l ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 20 gün ərzində 1.600, 2022-ci ilin mart ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 17 gün ərzində 1.360, 2022-ci ilin aprel ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 21 gün ərzində 1.678, 2022-ci ilin may ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 18 gün ərzində 1.440, 2022-ci ilin iyun ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 20 gün ərzində 1.600, 2022-ci ilin iyul ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 19 gün ərzində 1.520, 2022-ci ilin sentyabr ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 22 gün ərzində 1.760, 2022-ci ilin oktyabr ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 21 gün ərzində 1.680, 2022-ci ilin noyabr ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 20 gün ərzində 1.600, 2022-ci ilin dekabr ayın da hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 22 gün ərzində 1.760, 2023-cü ilin fevral ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 20 gün ərzində 1.600, 2023-cü ilin mart ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 17 gün ərzində 1.360, 2023-cü ilin aprel ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 18 gün ərzində 1.440, 2023-cü ilin may ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 21 gün ərzində 1.680, 2023-cü ilin iyun ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 18 gün ərzində 1.440, 2023-cü ilin avqust ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 23 gün ərzində 1.840, 2023-cü ilin sentyabr ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 21 gün ərzində 1.680, 2023-cü ilin oktyabr ayında hər biri 20 nəfərdən ibarət 4 qrup üçün 22 gün ərzində 1.752, 2023-cü ilin noyabr ayında i sə hər biri 20 nəfərdən ibarət 3 qrup və 14 nəfərdən ibarət 1 qrup üçün 8 gün ərzində 592 davamiyyət günü rəsmiləşdirməklə faktiki tərbiyə prosesinə cəlb olunmamış həmin uşaqların guya x nömrəli uşaq bağçasında gün ərzində 12 saat keçirilən tərbiyə prosesində iştirak etmələri və faktiki tərbiyə prosesinə cəlb olunmuş uşaqların adlarının isə eyni zamanda 2 dəfə qeyd edilməsi səbəbindən icra edilməmiş uşaq günləri barədə qeyd edilən cədvəllərə bilə-bilə yalan məlumatlar daxil etməklə imzaları və bağçanın möhür əksi ilə təsdiq edib Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Xidmət və Əməliyyat Mərkəzinə təqdim etməklə vəzifə saxtakarlığı etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-262/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 313-c ü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndirilən şəxsə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əlavə cəza da təyin edilməklə dəyişdirilməsi xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-262/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilməsi, Məhkum 01 (bir) il müddə tinə məktəbəqədər təhsil müəssələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Qafarlı Kamran Ağamalı oğlu tərəfindən kassasiya şikayəti və ona əlavə verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmünün cəza təyini hissəsi dəyişdirilərək Məhkum 1 il müddətinə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2.500 manat cərimə ilə cəzalandırılmışdır. Məhkum barəsi ndə yalnız əsas cəza olaraq cərimə tətbiq olunduğu halda Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın – müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsinin – tətbiqi qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasına açıq şəkildə nəzərdə tutulmuşdur ki, əlavə cəza yalnız azadlıqdan məhrum etmə əsas cəza kimi təyin olunmuş hallarda tətbiq edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarları da göstərir ki, eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsi ədalət prinsipinə, cəzanın məqsədinə və qanunvericiliyə ziddir. Qeyd edilənlər nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Mə hkum təyin edilmiş 1 (bir) il müddətə məktəbəqədər təhsil müəssələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsi əlavə cəzasının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə əlavədə göstərilmişdir ki, ittiham aktına əsasən Məhkum uşaq bağçasının müdiri vəzifəsində işlədiyi dövrdə, 01 yanvar 2022-ci il tarixindən 14 noyabr 2023cü il tarixinədək tamah niyyəti ilə dövlət büdcəsi hesabına həmin müəssisəyə ayrılmış ərzaq məhsullarının mənimsənilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayət əməlini törətməkdə ittiham olunur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən sözügedən əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, eyni Məcəllə nin 313-cü maddəsinin sanksiyasında isə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ili aşmır. Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyinə görə Məhkum cinayət məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarının dəyişdirilməsi, Məhkum cinayət məsuliyyətindən azad edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş olunmuşdur.

11. Kassasiya şikayətinə və ona əlavəyə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə ko llegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edil məməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qay dasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi kassasiya şikayəti və ona əlavədə Məhkum cinayət qanunu ilə nəzərdə tutulmayan əlavə cəzanın təyin edildiyini, eyni zamanda sonuncunun ümumiyyətlə cəzadan azad olunmalı şəxs olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

18. Kassasiya şikayətinin və ona əlavənin öyrənilməsi nəticəsində müəyyən edilir ki, müəllif müraciətlərini 2 dəlillə əsaslandırmışdır: 1) Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasının quruluşuna görə, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi yalnız azadlıqdan məhrum etmə əsas cəzası ilə birlikdə təyin edilməsinin mümkün olması; 2) Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməsi və ona ittiham edilən cinayətlərin törədilməsi tarixindən iki ildən çox müddət keçməsi səbəbindən onun Azərbaycan Respublikası CM-nin 75.1.1-ci m addəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunmalı şəxs olması.

19. Kassatorun 1-ci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində vəzifəli şəxs tərəfindən tamah və ya sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinə görə aşağıda göstərilən cəzalar nəzərdə tutulur: - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya - bir ildən iki ilədək müddətə islah işləri və ya - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya - müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalan dırılır.

20. Təsviri verilən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasının quruluşundan göründüyü kimi, həmin maddənin dispozisiyasında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi təyini yalnız əsas cəza qismində azadlıqdan məhrum etmə cəzası təyin edildiyi hallara şamil edilir. Bununla belə, göstərilən normanın məzmunu belə nəticəyə gəlməyə əsas vermir ki, Cinayət Məcəlləsinin bu maddəsi üzrə məhkum edilmiş şəxsə əsas cəza kimi cərimə təyin edildiyi halda, ümumiyyətlə, əlavə cəza qismində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqi istisna olunur. Kassasiya şikayətində irəli sürülən dəlildən fərqli olaraq, qanunvericiliyin sistemli təfsiri göstərir ki, cinayət işinin müəyyən edilmiş halları işə baxan məhkəm ədə bunun edilməsi üçün müvafiq əsaslı mövqenin yaranmasına səbəb olduqda, şəxsə əsas cəza kimi cərimə təyin edilməklə yanaşı, əlavə cəza qismində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqi də mümkündür.

21. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində əksini tapmış dispozitiv şərtə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.

22. İstinad edilən maddi normaya şərh verməklə ifadə etdiyi hüquqi yanaşmasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəza cərimə cəzası ilə birlikdə universal cəza olmaqla həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-nin 46-cı maddəsinə istinad edilməlidir (Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarı).

23. Eləcə də məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi sahəsində vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında da göstərilmişdir ki, əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarı, № 4, § 23, 25 iyun 2003-cü il).

24. İstinad edilənlərin təhlili göstərir ki, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza olaraq nəzərdə tutulmaqla, onun təyininin əsas cəza kimi azadlıqdan məhrum etmə təyin edildikdə mümkün olduğu göstərilsə də, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının qərarlarında vurğulandığı kimi, məhkəmələr cinayətin xarakterini, ictimai təhlükəliliyini və təqsirkara xas xüsusiyyətləri nəzərə alaraq, əsas cəza kimi cərimə təyin edildikdə belə əlavə cəza qismində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməni tətbiq edə bilərlər. Bu yanaşma qanunvericiliyin sistemli təfsiri əsasında for malaşmış hüquqi mövqeyə uyğun olmaqla, yalnız şəxsə əsas cəza kimi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə təyin edildiyi halda həmin cəzanın əlavə cəza kimi təyin olunmasını istisna edir. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan halda təyin edilirsə, bu zaman Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə istinad edilməsi mütləqdir.

25. Bununla belə yuxarıda göstərilənlə müqayisəli şəkildə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının müddəalarını nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti bu hissədə əsassız olsa da, mübahisə predmetini təşkil edən qərarın təsvirində pozuntuya yol v erilmişdir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından müəyyən edilir ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə, eləcə də həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edilsə də, nəticəvi hissədə məhkəmə yalnız “Məhkum 1 (bir) il müddətə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2.500 manat cərimə cəzasına məhkum edilsin” ifadəsini qeyd etməklə kifayətlənmiş, Konstitusiya Məhkəməsinin müvafiq göstərişinə riayətin, yəni hazırkı halda əlavə cəzanı Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmayan qaydada təyin edərkən Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə istinad edilməsinin mütləq olduğunu nəzərdən qaçırmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində yol verilmiş pozuntunun cinayət təqibinin hazırki mərhələsində aradan qaldırılması isə qeyrimümkündür əvvəla ona görə ki, mübahisəsi edilən məhkəmə aktının müvafiq hissədə dəyişdirilməsi və həmin hissədə Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə istinadın daxil edilməsi, faktiki olaraq məhkum edilmiş şəxs Məhkum vəziyyətinin ağırlaşmasına gətirib çıxarır, belə hüquq isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən kənardır. Müvafiq olaraq, qeyd edilən nöqsanın aradan qaldırılması üçün, qanunvericiliyin tələblərinə uyğun olaraq, baxış predmetini təşkil edən məhkəmə qərarı əlaqəli hissədə ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkə məsində yeni məhkəmə baxışına göndərilməli olardı.

28. Lakin məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, məhkum edilmiş şəxsin müdafiəçisi həmin şəxsin xeyrinə müraciət vermişdirsə və ya ittihamçının müraciətində müvafiq xahiş olmamışdırsa, məhkum edilmiş şəxsin hüquqi vəziyyəti ağırlaşdırıla (pisləşdirilə) bilməz, yuxarı məhkəməyə verilmiş şikayət onun üçün arzuolunmaz nəticələrə səbəb olmamalıdr. Əks təqdirdə məhkum edilmiş şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi bu şəxsi hətta buna əsaslar olduğu halda da öz hüququndan istifadə etməkdən imtinaya məcbur edəcəkdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 3 97.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarı).

29. İstinad edilənlərin nəticəsində yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum 1 (bir) il müddətinə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməyə dair müddələrin xaric edilməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun addım kimi qəbul edilməli, belə yanaşma həm məhkum edilmiş şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılmamasını təmin edir, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi prinsiplərə uyğunluq təşkil edir.

30. Kassasiya şikayətinə əlavədə qaldırılan dəlilə - Məhkum Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinin təsiri altına düşdüyü ş əxs olduğuna dair iddiaya münasibətini bildirən məhkəmə kollegiyası qeyd edir ki, verilən ittihama görə məhkum cinayət əməllərini 01 yanvar 2022-ci ildən 14 noyabr 2023-cü ilədək olan müddət ərzində törətmiş, barəsində qəbul edilmiş ittiham hökmü isə 23 oktyabr 2025-ci il tarixdə, hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi gündə qüvvəsini almışdır.

31. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxsin müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün cinayətin törədildiyi gündən iki il keçməsini imperativ şərt kimi müəyyən edir.

32. Habelə həmin Məcəllənin 75.2-ci maddəsində müddətlərin cinayətin törədildiyi gündən ittiham hökmünün qanu ni qüvvəyə mindiyi anadək hesablanması qaydası təsbit edilir. 33.Eləcə də eyni Məcəllənin 407.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

34. İstinad edilən maddi cinayət-hüquqi normaların kassasiya şikayətinə əlavənin dəlili ilə birgə təhlili göstərir ki, Məhkum edildiyi hökmün qanuni qüvvəyə mindiyi gündə - 23 oktyabr 2025-ci il tarixdə - onun törətdiyi cinayətlərin son günü hesab edilən 14 noyabr 2023-cü il tarixindən keçən iki il müddəti başa çatmamış, müvafiq olaraq, barəsində Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsini tətbiq etməklə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yaranmamışdır. Bu səbəbdən kassasiya şikayətinə əlavə əsassız olduğundan rədd edilməlidir.

35. Yekunlaşaraq, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsində müəyyən edilmiş hal - məhkəmənin hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verməsi - kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququnu verir.

36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətinə əlavə təmin edilməməli, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilməli, həmin qərardan Məhkum əlavə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Qafarlı Kamran Ağamalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin, kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin, həmin qərardan Məhkum 1 (bir) il müddətə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsi cəzasının təyin edilməsinə dair müddəalar xaric edilsin. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1721/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarı qalan hissələrdə kassasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar