Məhkəmə qərarları › İş №1(102)-3043/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3043/2025

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3043/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2025-ci il tarixli, 1(103)- 1251/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Aygün Qurbanova və Fərid Namazov) 23 aprel 2025-ci il tarixli, 1(101)-581/2025 nömrəli hökmü ilə, 25 iyul 1986-cı il doğulmuş, tarixdə Azərbaycan Bakı şəhərində Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Azəriqaz” İstehsalat Birliyində nəzarətçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 274, 281.2 və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 274-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 281.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 283.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş və bu cür məzmunlu materialları yaymış, eləcə də aşkar surətdə, o cümlədən sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. Belə ki, o, 24.06.2021-ci il tarixdən etibarən Bakı şəhərində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadəsində olmuş “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook.com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə Azərbaycan Respublikasının Qarabağ bölgəsini “Artsax" adlandıraraq Ermənistan Respublikasının ərazisinə birləşdirilməsinin zəruriliyi barədə mövqeyi, Laçın-Xankəndi yolunda azərbaycanlı könüllü ictimai fəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin və ekologiya üzrə qeyrihökumət təşkilatlarının üzvlərinin Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması tələbi ilə 12 dekabr 2022-ci il tarixdən başlatdıqları aksiyanın keçirilməsi, məqsədi, iştirakçıları, Azərbaycanda yaşayan etnik azlıqlar, Azərbaycan ordusunun, polisinin Qarabağ bölgəsindəki fəaliyyətinə dair məlumatları, habelə 2-ci Qarabağ müharibəsinə aid videomaterialları 2022-ci il ərzində Ermənistan Respublikasının Müdafiə Nazirliyinin və Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarətində olan kütləvi informasiya vasitələrinin rəsmi səhifələrinə, habelə sosial şəbəkələr vasitəsilə birbaşa əlaqə yaratdığı Ermənistan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə ötürərək dövlətə xəyanət etmişdir. Bundan başqa, o, 07.07.2017-ci tarixdən etibarən Bakı şəhərində istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook. com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə, 15.10.2021-ci il tarixdən etibarən istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsindəki “Эмин Гасымзаде” adlı profili vasitəsilə, 2020-ci il tarixdən etibarən “Youtube” sosial şəbəkəsində paylaşılan videomaterialların “şərhlər” bölmələrində, 29 aprel 2022-ci il tarixdə istifadəçisi olduğu “Youtube” sosial şəbəkəsindəki keçid linki youtube.com/@emingasimzadeh.2586 olan “Emin Gasimzadeh” adlı profilində qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş və bu cür məzmunlu materialları yaymışdır. Bundan başqa, Məhkum istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook.com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə 07.07.2017-ci tarixdən etibarən qəsdən Azərbaycan Respublikasının vətəndaşları arasında milli zəmində nifrət və düşmənçiliyin salınmasına, nifrət ifadə edən ideyaların təbliğat və təşviqatını aparmaqla milli ləyaqətin alçaldılmasına, habelə milli mənsubiyyətindən asılı olaraq vətəndaşların üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri aşkar surətdə törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi), Emin Əliyev və Anar İbrahimovdan ibarət tərkibdə) 18 iyun 2025-ci il tarixli, 1(103)-1251/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 1(101)-581/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2025-ci il tarixli, 1(103)-1251/2025 nömrəli qərarının ləğv edilməsi və məhkuma təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Məhkum əməli CM-in 281.2-ci maddəsi ilə düzgün tövsif edilməyib. Belə ki, kütləvi çağırışın ağır nəticələrə səbəb olması sübuta yetirilməmişdir. Hər bir iş onun faktiki hallarından asılıdır. Bu iş üzrə də görünən odur ki, istər istintaqda, istərsə də hər iki məhkəmə instansiyasının göz ardı etdiyi ən vacib nüanslardan biri də Cinayət Məcəlləsinin 281.2-ci maddəsinin tərkib əlamətlərini düzgün tövsif edə və düzgün sübut edə bilməməkləridir. Belə ki, qeyd etməliyik ki, məhkum Məhkum ölkə miqyasında tanınmış hər hansı bir şəxs (siyasətçi, dövlət rəsmisi, ən azından bloqer və s.) deyil ki, izləyici sayı ilə kütləvi çağırışlar edərək yüzlərlə, milyonlarla insanlara xitab etmiş olsun və eyni zamanda da, onların şüuruna təsir etmiş olsun. Həmin hesablara baxdığımız zaman həqiqətən də izləyici sayının ən minimumda olduğunu tədqiq etmiş oluruq. İşin gülünc tərəfi odur ki, 2-3 nəfər izləyicisi olmayan bir şəxsin paylaşdığı məlumatlar nə qədər kütləvi xarakter daşıya bilər ki?! Kütləvilik dedikdə ümumiyyətlə nə nəzərdə tutulur? Hansı qanunvericilik normaları əsasında "kütləvi” sözünü vurğulayıb şəxsi ittiham edirlər. Bütün bunların təkcə istintaq və məhkəmələr tərəfindən nəzərə alınmaması bir yana, hələ məhkəmə tərəfindən təyin edilən ekspertizada da nəzərə almayıb. "Kütləvilik” sözü ilə bağlı Azərbaycan dilinin izahlı lüğətinə və jurnalistika terminləri lüğətinə göz gəzdirilsə idi, daha ədalətli və vicdanlı qərar qəbul edərdilər. Bəs o zaman hansı meyara əsasən törədilmiş əməlin hansı "ağır nəticələrə səbəb olması” sübut edilmədən onunla bağlı təyin edilən hökm qanuni sayıla bilər?!. Bütün bunlardan da görünür ki, kütləviliklə bağlı olan şübhələr və işin hansı ağır nəticələr yaratması barədə sözləri faktlarla deyil, onların uydurduqları fərziyyələrdir. Beləliklə, bütün bunlar məhkumun xeyrinə həll edilməli idi (CPM-in təqsirsizlik prezumpsiyasına əsasən). Nəticə olaraq ittiham öz təsdiqini tapmır. Həmçinin kassator qeyd edir ki, nə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, nə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə sübut olunmayıb ki, nə də nəzərə alınmayıb ki, düşmən tərəfinə keçməyib, internet resurslarında, mediada və cəmiyyətdə hər kəsə bəlli olan məlumatları paylaşmağı və ya göndərməyi nə vaxtdan dövlət sirri sayılır, hansı düşmənçilik fəaliyyəti ilə xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək edib və bu etdiyi köməyi sayəsində Azərbaycana qarşı hansı real həmlələr olunub? Sübut etməyə çalışırlar ki, cinayət əməlini törətmisən, lakin törədilmiş əməl sayəsində hansı nəticə baş verdiyini isə sübut edə bilmirlər. Bir əməl törədilibsə, nəticəsi də olmalıdır. Digər tərəfdən də, Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin fikir və söz azadlığı hüququ vardır. Məhkum də özünə məxsus olan bir hesabdan internet resurslarında ictimaiyyətə bəlli olan materialları paylaşması da fikir və söz azadlığı hüququnun bir yansımasıdır. Məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək, onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına hüquqi qiymət vermədən, formal olaraq şahid ifadələrinə, baxış, axtarış və götürmə, habelə digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar bununla da iş üzrə çıxarılmış hökmdə ona qarşı irəli sürülmüş ittihamın həmin sübutlarla tam təsdiq edildiyi qənaətinə gəlinmişdir. Digər tərəfdən də, elə həmin maddənin qeyd hissəsinə əsasən, vurğulanıb ki, bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. Məhkum dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməyinə əsas olan hər hansı hadisə, tələb və məcburiyyət olmayıb. Bir sözlə, ölkəmizin mənafeyinə qarşı hər hansı real tapşırıq və real hərəkət olmayıb. Lakin məhkəmələr tərəfindən bu hallara düzgün qiymət verilməyib ən ağırlaşdırıcı hallar və əsassız ittihamlar əsasında ədalətsiz qərar qəbul edilmişdir. Pandemiya dövründə Məhkum psixoloji vəziyyəti daha da pisləşmiş və kəskinləşmişdir. Bu səbəblə də, onun sosial şəbəkələr üzərindən etdiyi paylaşımlar psixoloji vəziyyəti ilə birbaşa əlaqəlidir. Etdiyi paylaşımların (hərəkətlərin) hansı nəticələrə səbəb olacağını dərk etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, psixoloji xəstəliyi (vəziyyəti) ilə bağlı Penitensiar Xidmətin müalicə müəssisəsində həbsdə olduğu müddətdə 13 sentyabr 2024-cü ildən 14 yanvar 2025-ci il tarixədək psixoloji pozğunluq, əsəbilik, nevroloji və psixivegetativ hallarla bağlı müalicə almışdır. Məhkum aldığı müalicə yetərli olmamış və onun daimi şəkildə müalicə almağa hər zaman ehtiyacı vardır. Bu səbəblə də, məhkəmələr tərəfindən Məhkum barəsində hökm və qərar qəbul edilərkən onun psixoloji vəziyyətinin yenidən yoxlanması üçün ekspertiza keçirilməsi ilə bağlı olaraq verilən vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçinin kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətlərin tərkib əlamətləri mövcud olmadığından, barəsində ittiham hökmünün çıxarılması qanunsuz və əsassız olmuşdur. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum əməlləri nəticəsində Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulması və ya hər hansı ağır nəticələrin baş verməsi müəyyən edilməmiş, həmçinin məhkumun həmin əməlləri xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırığı ilə törətməsi sübuta yetirilməmişdir. Müdafiə tərəfi həmçinin göstərmişdir ki, məhkumun internet resurslarında yerləşdirdiyi çağırışların geniş auditoriya tərəfindən izlənilməsi və ya kütləvi xarakter daşıması da müəyyən olunmamışdır. Kassatorun fikrincə, qeyd edilən hallar məhkumun əməlində Azərbaycan Respublikası CM-in 274, 281.2 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin mövcudluğunu istisna edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkum Məhkum təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlləri aşağıdakılardır:

1. Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl — düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, yaxud Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə;

2. Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, yaxud ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə və ya bu cür məzmunlu materialları yayma əməlinin təkrar törədilməsi;

3. Azərbaycan Respublikası CM-in 283.1-ci maddəsində nəzərdə tutulmuş milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədilməsi. Göründüyü kimi, məhkumun təqsirli bilindiyi cinayət tərkiblərinin dispozisiyalarında Azərbaycan Respublikasının mənafelərinə faktiki ziyan vurulması, ağır nəticələrin baş verməsi, əməllərin xarici dövlətlərin xüsusi xidmət orqanlarının tapşırığı ilə törədilməsi və ya yayımlanmış materialların çoxsaylı izləyicilər tərəfindən izlənilməsi həmin cinayətlərin zəruri tərkib əlamətləri kimi nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkuma qarşı irəli sürülmüş ittihamda da kassasiya şikayətində sadalanan həmin hallara cinayət tərkibinin məcburi elementi kimi istinad edilməmişdir. Bu səbəbdən müdafiə tərəfinin göstərilən dəlilləri cinayət qanununun məzmununa uyğun olmadığından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 274, 281.2 və 283.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. İş materiallarından görünür ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 274 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə - məhkumun özünün və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, iş üzrə toplanmış sənədlər və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv şəkildə yoxlanılmış, sübutların mötəbərliyi, aidiyyəti və yolverilənliyi düzgün qiymətləndirilmişdir. Sübutların məcmusu məhkumun əməlində ona istinad edilən Azərbaycan Respublikası CM-in 274, 281.2 və 283.1-ci maddələrinin tərkib əlamətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə kifayət etmişdir. Həmin sübutlar birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarında ətraflı təsvir edilmiş, onların hər birinə ayrıca və məcmu halında hüquqi qiymət verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların yenidən sadalanmasını və təkrar təsvir edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin məhkumun əməlində təqsirli bilindiyi maddələrin cinayət tərkiblərinin əlamətlərinin olmadığına dair dəlili əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməli CM-in 274, 281.2 və 283.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Məhkum barəsində olan məhkəmələrin hökm və qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün imkanlar və şərait yaradılmışdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin hallarını düzgün nəzərə alınmaması və nəticədə ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 281.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 283.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, Məcəllənin 281.2ci maddəsinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə, Məcəllənin 283.1-ci maddəsinin sanskiyasında 8000 manatdan 12000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, məhkum Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsələr də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın həddindən artıq ağır olması, habelə cəza təyin edilərkən işin halları və məhkumun şəxsiyyətinin lazımi qaydada nəzərə alınmaması barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2025-ci il tarixli, 1(103)-1251/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2025-ci il tarixli, 1(103)-1251/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar