Məhkəmə qərarları › İş №1(102)-3048/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3048/2025

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3048/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə) *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü ilə ## ###### 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, M.Zərərçəkmiş şəxs küçəsi, ev 35 ünvanında yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)- **/**** saylı hökmünün müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəçiliyi ilə, hakimlər X4 və X2 ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyəti ilə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı – digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib digər şəxsin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi, özünün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən * saylı Ərazi Idarəsinin daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssisi kimi zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edəcəkləri, sənədləşmənin aparılması və başa çatdırılmasının digər şəxsə aid olması, pulların alınaraq sonradan bölüşdürüləcəyi barədə qabaqcadan öz rollarını aralarında bölüb razılaşdıqdan sonra 450.000 manat müqabilində Zərərçəkmiş şəxs faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində *** nömrəli BTK-nın nəzdindəki 0,12 ha sahəsi olan orderli 34m, 535s, ***i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin may ayının ortalarında ünvan 1 ünvanında 24.000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10.000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10.000 (on min) manat, 2021-ci ilin iyun ayının əvəllərində Yasamal rayonu, Naxçıvani küçəsində Şahid vasitəsilə 3.000 (üç min) manat, 2021-ci ilin iyun ayının ortalarında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid vasitəsilə 10.000 (on min) manat, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən AR BDYPI-nin yaxınlığında Zərərçəkmiş şəxs özündən 60.000 (altmış min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında Şahid vasitəsilə hissə-hissə olmaqla 15.000 (on beş min) manat, 20.000 (iyirmi min) manat və 10.000 (on min) manat, ümumilikdə 162.000 (yüz altmış iki min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr yekun qərar qəbul edərkən iş materiallarında olan əlyazmaları sübut qismində qəbul etməmiş, cinayət işinin istintaqının qeyri-qanuni şəkildə aparılması halına əhəmiyyət verməmiş, haqlı və əsaslı müraciətlərinə laqeyd münasibət göstərmişlər. Bundan başqa, ailəsinin hal-hazırda maddi və mənəvi əziyyət çəkməsi, hadisələr nəticəsində özünə 400000 (dörd yüz min) manat ziyan dəyməsi, özünün Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin Abşeron Rayon şöbəsindən təqaüdə çıxmaqla, daim dövlətə, dövlətçiliyə şərəflə və ləyaqətlə xidmət etməsi kimi hallar nəzərə alınmamış və nəticədə qanunsuz qərar qəbul edilməklə əsassız olaraq azadlıqdan məhrum edilmişdir. Həmçinin məhkum qeyd edir ki, məhkəmə qərar qəbul edərkən CPM-in cinayət işi üzrə ədalətli, obyektiv qərar qəbul edilməsində əsas olan bölməni özündə əks etdirən 143-146-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin Məcəllənin 416-cı maddəsi qeyd etdiyi arqumentlərin əsaslılığını bir daha sübut edir. Şikayətdə göstərilənlərə əsasən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi Məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 419.1ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum işinə ədalətli baxılmaması və ona əsassız olaraq ağır cəza təyin edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin Insan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə qeyd edir ki, məhkum tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 162.000 (yüz altmış iki min) manat məbləğində maddi ziyan kassasiya baxışı mərhələsində tam şəkildə ödənilmişdir. Birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən qərar çıxarılan zaman həmin ziyanın ödənilməməsi məhkuma daha ağır cəzanın təyin edilməsinə təsir edən hallardan biri kimi nəzərə alınmışdır. Hazırkı mərhələdə isə vurulmuş ziyanın tam aradan qaldırılması, məhkumun əməlini xarakterizə edən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə ona təyin edilmiş cəzanın müəyyən həddə yüngülləşdirilməsi məhkəmə kollegiyası tərəfindən məqsədəmüvafiq hesab edilir. Yuxarıda qeyd edilən səbəbdən, məhkəmə kollegiyası məhkum Məhkum təyin olunan cəzaya münasibətdə CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları, ən əsası da zərərçəkmiş şəxsə dəymiş 162.000 (yüz altmış iki min) manatı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Məcəllədə bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, cinayətə görə müəyyən edilmiş yüngül cəza təyin edilməsi məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində daha yüngül cəzanın tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması araşdırılmalıdır.

1. məhkumun daha yüngül cəza ilə islah olunmasının mümkünlüyü

2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi

3. məhkumun şəxsiyyəti

4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Iş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslə barışmış, dəymiş 162.000 (yüz altmış iki min) manat ziyanı tam şəkildə ödəmiş və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum münasibətdə cəzanın təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etsə də, hazırki dövrdə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi azaldığından, adı çəkilən məhkum barəsində cəzasını yüngülləşdirən yeni hallar ortaya çıxdığından, məhkəmə kollegiyası təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən məhkum Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini mümkün sayır və cinayət qanunvericiliyinin cinayətə görə müəyyən edilmiş daha yüngül cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası məhkum Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona vurulmuş ziyanı ödəməsi kimi halları məcmu halında götürərək məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş həddə aşağı endirilib 05 (beş) il 03 (üç) ay olaraq müəyyən edilməsini mümkün hesab edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqlarının bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən məhkum Məhkum məhkəmələr tərəfindən CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası yekun olaraq kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə hesab edir ki, məhkum Məhkum verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, məhkum Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 03 (üç) ay müddətə endirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, məhkum barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla ona təyin edilmiş cəza ilə qismən toplanılmalı və Məhkum qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və məhkum Məhkum qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası

QƏRARA A L D İ:

Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 03 (üç) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla ona təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar