Məhkəmə qərarları › İş №1(102)-3053/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3053/2025

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3053/2025 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və X4 Iskəndər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X2, Müdafiəçi – müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi – Hüquqi varis iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim X5 oğlunun sədrliyi ilə, hakimlər X7 və X6 ibarət tərkibdə) ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə, ## ######## 2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas cəzaları əsas cəza, əlavə cəzaları isə əlavə cəza ilə qismən toplanılmaqla toplanmış əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin onun həbsə alındığı ## ##### 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və təqsirləndirilən şəxs Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə) *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və təqsirləndirilən şəxs Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protesti və yaxud kassasiya şikayətinə qarşı etriaz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir. Ona görə ki, ## ######## 2023-cü il tarixdə, saat 23:00 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcəli sərxoş halda texniki cəhətdən saz vəziyyətdə olan "Range Rover” markalı "Sport” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx” MMC tərəfindən verilmiş ## ######## 2023-cü il tarixli etibarnamə əsasında idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi, M.Mirqasımov küçəsində hərəkətdə olduğu zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni "yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyərək, həmin küçədə olan yol kəsişməsindən sağa dönərkən həmin yolun kənarında səkidə quraşdırılmış oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurub sağ və sol ağciyərin kontuziyası, sağ ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları, sağ l-ll-lll-IV-V-VI qabırğaların kürək xətti üzrə yerlərini dəyişmiş sınıqları ilə müşayiət olunan, kəskin daxili qanitirməyə (sağ plevra boşluğunda 1000 ml qan) səbəb olmuş döş qəfəsinin qapalı küt travması, sağ təpəənsə nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının, bel nahiyəsinin, yuxarı və aşağı ətraflarının çoxsaylı sıyrıqları, sol saidin yuxarı 1/3-nin arxa-iç səthinin qançırı ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlərin yetirilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmaqla, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozmuş və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək hadisə barədə, habelə öz şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsin qohumlarına və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarını gözləmədən hadisə yerindən uzaqlaşmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən onun cinayət işinə baxılarkən sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, nəticədə iş üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamışdır. Şikayətdə qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisəsini törətdikdən sonra o, hadisə yerini tərk etməmiş, zərərçəkmiş şəxsə yardım göstərmiş, sonradan vəfat etmiş şəxsin dəfn mərasimində iştirak etmiş, onun yaxınlarına maddi və mənəvi dəstək göstərmişdir. Həmçinin bildirmişdir ki, törətdiyi əməl ehtiyatsızlıqdan baş vermiş, o, əməlindən səmimi peşman olmuş və bu hallar cəza təyin edilərkən lazımi qaydada nəzərə alınmamışdır. Şərh olunanlara əsasən, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkuma təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını sərxoş halda pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və yol-nəqliyyat hadisəsi yerindən qəsdən qaçma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CMin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini tələb etmişdir. Eyni qaydada işə apellyasiya məhkəməsində baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi yenidən şikayətçi olduğunu bildirmiş və məhkəmə kollegiyası qeyd edilən halı nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar