Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3058/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X9, məhkum Məhkum Mehmetali oğlunun müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, vəkil nümayəndə1 iştirakları ilə, Məhkum Mehmetali oğlunun barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarından Məhkum Mehmetali oğlunun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər X10 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) 2024-cü il # ###### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə 1978-ci il # #### tarixdə Türkiyə Respublikası, Qaziantep şəhərində anadan olmuş, Türkiyə və Fransa Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Fransa Respublikasının "X11 COUNTRIES" X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, Türkiyə Respublikası, Istanbul şəhəri, Okmeydanı Şişli ilçesi, Mahmut Şevket paşa mahallesi, Şahinkaya sokağı, ev 8, mənzil 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, ev 2d, mənzil 74-də yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Mehmetali oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 179.4-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CM-in 313-cü maddəsi ilə cəza təyin edilməməsi, cəzasının əvvəlinin 2022-ci il ## ###### tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş (mülki iddiaçı) “X11 Countries” X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı 7257013,94 (yeddi milyon iki yüz əlli yeddi min on üç manat doxsan dörd qəpik) manat və mülki iddiaya dair rüsum üçün ödənilmiş 4,565.62 (dörd min beş yüz altmış beş manat altmış iki qəpik) manatın Məhkum Mehmetali oğlundan tutularaq “X11 Countries” X7 Cəmiyyətinin Azəybaycan nümayəndəliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X13 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum Mehmetali oğlu öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 2014-cü il # ### tarixdən ## ##### 2021-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində (hazırkı adı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) ##.##.2014-cü il tarixdə qeydiyyata alınmış Fransa Respublikasının "X11 COUNTRIES" X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN 1071606171) direktoru kimi "Thales International SAS" sadələşdirilmiş səhmdar cəmiyyəti ilə aralarında bağlanmış, # ### 2014-cü ildən qüvvəyə minmiş hesab edilməklə, ## ###### 2014-cü il tarixli əmək müqaviləsinə əsasən, ölkədə Qrupu xüsusən müştəriyə (müştərilərə) münasibətdə təmsil etmək, dövlət sifarişçiləri ilə, habelə fərdi sektorun müştəriləri ilə qarşılıqlı münasibətləri idarə etmək, müştərilərin məmnunluğunu təmin etmək və ilkin təklifdən dəstəyə qədər əlverişli münasibətlərin qaydasına salınması üçün imkan yaratmaq, digər ölkələrə ixrac məqsədilə Bölmələri üçün ölkədə milli hökumətin razılığını və dəstəyini almaq, dövlət sifarişçiləri və fərdi sektorun müştəriləri ilə satışlar üzrə məqsədlərinə çatmaq üçün ölkədə Bölməyə yardım göstərmək, qrupun siyasətini yerli səviyyədə yerinə yetirmək və qüvvədə olan qanunvericiliyə əməl olunmasını təmin etmək, ölkədə gəlir və pul axınının Bölmələr vasitəsilə iqtisadi cəhətdən stimullaşdırılması üçün əlverişli şəraitin yaradılması, yerli strukturları təkmilləşdirmək (Bölmələrə, ümumi xidmətlərə uyğun olaraq saytların təkmilləşdirilməsi və sair), müştərilərinin tələblərini daha yaxşı təmin etmək üçün Bölmələrin ölkədə işini stimullaşdırmaq, gündəlik işin və görüşlərin, logistika xidmətlərinin təşkil edilməsi, əməkdaşlara iş üçün vacib olan dəftərxana ləvazimatlarının və mebelin verilməsi, inventar nömrələrinin alındıqdan sonra vaxtında hesablanması, onların saxlanılmasına nəzarət edilməsi, illik inventarizasiyanın silinməsinin və zəruri uçotunun aparılması, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə tələblərə əməl edilməsi, Əmək Məcəlləsinin 10-cu maddəsində və vəzifə təlimatında ifadə edilən əsas öhdəliklərinin yüksək səviyyədə yerinə yetirilməsinə vaxtında əməl edilməsi, öz öhdəliklərinin icrası zamanı və əlaqədar olaraq işlənib hazırlanan bütün ixtira və təkliflər haqqında işəgötürənin dərhal məlumatlandırması və Fransa Respublikasının "X11 COUNTRIES" X7 Cəmiyyətinin verdiyi ## ######## 2016-cı il tarixli etibarnaməyə əsasən nümayəndəliyin vəsaitlərini idarə etmək də daxil olmaqla, nümayəndəliyin gündəlik fəaliyyətinə nəzarət etmək, cəmiyyətin nümayəndəliklə bağlı qərarlarını icra etmək, nümayəndəliyin işçilərini işə götürmək, köçürmək və işdən azad etmək, Azərbaycan Respublikasında yerləşən banklar daxilində xarici və yerli valyutada bank hesabları açmaq və fəaliyyət göstərmək, lakin bunlarla məhdudlaşmamaqla, nümayəndəliyin hesablarına əmanət qoyulması və çıxarılması, bütün lazımi haqları, rüsumları və vergiləri ödəmək, Azərbaycan Respublikasında şirkətin adından danışıqlarda iştirak etmək, müqavilələr bağlamaq və icra etmək, yuxarıda göstərilən səlahiyyətləri həyata keçirmək üçün lazım və ya uyğun ola biləcək qədər çox ictimai və xüsusi sənədlər vermək və imzalamaq və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə nümayəndəliyin fəaliyyətindən irəli gələn xərclərin-işçilərin əmək haqqı və digər ödənişlərin (vergi ödənişləri, sosial ödənişlər, təhsil haqları, yaşayış yerlərinin icarə haqları və sair), üçüncü tərəflərin xərcləri, müxtəlif şirkətlərə müəyyən xidmətlərə görə haqların ödənilməsi, ofis xərcləri, ezamiyyət və təmsilçilik xərcləri, hüquq və maliyyə xidmətləri və nümayəndəliyin digər xərclərini qarşılamaq məqsədilə ayrılmaqla ona etibar edilmiş Fransa Respublikasının "X11 COUNTRIES" X7 Cəmiyyətinə məxsus əmlakı vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə Fransa Respublikasının "X11 COUNTRIES" X7 Cəmiyyətinin hesabından Azərbaycan Respublikasındakı nümayəndəliyinin “X1 Azərbaycan” QSC-də olan hesabına nümayəndəliyin fəaliyyətindən irəli gələn xərcləri-işçilərin əmək haqqı və digər ödənişlərin, üçüncü tərəflərin xərcləri, müxtəlif şirkətlərə müəyyən xidmətlərə görə haqların ödənilməsi, ofis xərcləri, ezamiyyət və təmsilçilik xərcləri, hüquq və maliyyə xidmətləri və nümayəndəliyin digər xərclərini qarşılamaq üçün ## ######## 2014-cü il tarixdən ## ##### 2021-ci il tarixədək olan dövrdə ayrılmaqla köçürülmüş ümumilikdə 11.067.458,33 manat (on bir milyon altmış yeddi min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) məbləğdə pul vəsaitinin ## ######## 2014-cü il tarixdən ## ##### 2021-ci il tarixədək olan dövrdə ünvan 2 ünvanında yerləşən “Landmark” biznes mərkəzində yerləşən ofisdə pul vəsaitinin nağdlaşdırılması üçün əsas olan rəsmi sənəd hesab edilən, şəxsən özünün imzası və nümayəndəliyin möhürü olan çek kitabçasının vərəqini “X1 Azərbaycan” QSC-nin ünvan 1 ünvanında yerləşən filialına təqdim etməklə 1.871.155,19 manat (bir milyon səkkiz yüz yetmiş bir min bir yüz əlli beş manat on doqquz qəpik) pul vəsaitini nümayəndəliyin hesabından nağd qaydada məxaric edib özünün həmin müddətdə şəxsi məqsədlərinə uyğun sərf edib, cinayət əməllərini gizlətmək məqsədi ilə ## ######## 2014-cü il tarixdən ## ##### 2021-ci il tarixədək olan müddətdə ünvan 2 ünvanında “Landmark” biznes mərkəzində yerləşən ofisdə mənimsədiyi həmin pul vəsaitini guya nümayəndəliyin ayrı-ayrı xərclərinə sərf edilməsi görüntüsü yaratmaqdan ibarət tamah niyyətilə qəsdən şişirdilmiş formada və ödəniş sifarişi adı altında göstərməklə pul ayrılması üçün əsas olan rəsmi sənəd hesab edilən “X1 Azərbaycan” QSC nin Səbail filialının hesabdan çıxarışlarının üzərinə bankın imza və ştamp əksini elektrofotoqrafik çap üsulu ilə köçürməklə (montaj) çap edərək ödəniş sifarişi adı altında bilə-bilə yalan məlumatları, elcəcə də “X1 Azərbaycan” QSC-nin Səbail filialının hesabdan çıxarışlarının üzərinə bankın imza və ştamp əksini elektrofotoqrafik çap üsulu ilə köçürməklə (montaj) çap edərək hesabdan çıxarışlara 30 MMC-yə pul köçürülməsi barədə məlumatları qeyd etmədən təhrif olunmuş formada bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edib təhrif olunmuş formada "X11 COUNTRIES" X7 Cəmiyyətinə göndərməklə, həmçinin 2020-2021 ci illər üzrə ezamiyyət və təmsilçilik hesabatlarına birbaşa rəhbəri olan şahid17 və şahid15 imzalarını hesabatlardan guya sonuncuların məlumatının olması görüntüsü yaradaraq elektrofotoqrafik çap üsulu ilə köçürməklə (montaj) çap edərək ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli hesabatlara bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edib təhrif olunmuş formada "X11 COUNTRIES" X7 Cəmiyyətinə göndərməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 7.551.245,19 manat (yeddi milyon beş yüz əlli bir min iki yüz qırx beş manat on doqquz qəpik) məbləğində "X11 COUNTRIES" X7 Cəmiyyətinə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış və israf etmiş, qeyd edilən rəsmi sənədlərə vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇILƏRIN, ZƏRƏRÇƏKMIŞ HÜQUQI ŞƏXSIN NÜMAYƏNDƏSININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçiləri kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, iş üzrə məhkəmə iclası qismən istintaqla aparılsa da, məhkəmə kollegiyası Məhkum Mehmetali oğlunun ağır xəstə olmasını nəzərə almamış, ona son söz hüququ vermədən yekun qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əgər nümayəndəliyin istifadəsində avtomobil olmuşdursa, taksi xidmətindən istifadə olunması sərf edilən vəsaiti mənimsəmə və israfetmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs isə bunun nümayəndəliyin işlərinin operativ icra edilməsi ilə bağlı zərurətdən irəli gəldiyini bildirmişdir. Məhkəmə isə ittihamı təsdiq etməkdən ötrü bununla bağlı heç bir araşdırma aparmamış, əsassız, qanunsuz və anlaşılmaz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da bu hallara qiymət verməmişdir. Məhkəmə əmək müqaviləsinə istinad etməklə qeyd etmişdir ki, qidalanma xərcləri Məhkum üzərinə qoyulmuşdur. Lakin özünün yeməyinə pul vəsaiti xərcləmiş və bunu ümumi xərclərə daxil etmişdir. Eyni zamanda biznes yeməyinə pul xərcləmiş və hansısa qadınla kofe içmək istəmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin özünün işdən kənar (yəni qonaq qarşılanması və.s) pul xərclənməsi zərurətinin olub-olmamasını araşdırmamış "Thales Azərbaycan"nın rəsmi əməkdaşı olmayan S.Romanetsın baş ofis tərəfindən göndərilib-göndərilməməsi və ümumiyyətlə onun Məhkumlə əlaqəsinin haradan olmasını aydınlaşdırmamışdır. Şəxsi həyatına gəldikdə isə, yəni hansısa qadınla kofe içmək istədiyinin işə hansı formada aidiyyətinin olmasını qeyd etməmişdir. Ümumilikdə isə 2014cü ildə xərclənmiş xırda məbləğlərlə bağlı mübahisənin yaranması şübhəlidir. Belə ki, 2014cü ildə Məhkum qarşı iradların olmamasına məhkəmə qiymət verməmiş və bununla bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə kollegiyası əmək müqaviləsinin kserosurət olmasına baxmayaraq - artıq bunun şübhəli olduğunu, yəni Sergey Romanetsin nümayəndəliyin işçisi olmasının mübahisəsiz olduğunu görüb, zərərçəkmişin nümayəndəsinə Sergey Romanetsin nümayəndəliyin işçisi olub-olmaması barədə sual ünvanlamışdır. Lakin zərərçəkmiş şəxsin nümayəndəsi bilə-bilə yalan ifadə verərək - Sergey Romanetsin heç vaxt nümayəndəliyin işçisi olmadığını bildirmişdir. Halbuki, həm zərərçəkmişin özü, həm də nümayəndəsi yaxşı bilir ki, ittiham tək Sergey Romanetslə bağlı epizod üzrə deyil, ümumiyyətlə tam əsassızdır. Göründüyü kimi, Sergey Romanets X11 COUNTRIES" X7 Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi olmuş, ona əmək haqqı ödənilmiş və başqa zəruri xərclərə görə pullar xərclənmişdir. Ibtidai istintaq və birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi ciddi prosessual pozuntuya yol verərək, Sergey Romanets və digər adları sadalanan şəxslərin nümayəndəliyə aidiyyətinin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan təqsirləndirilən şəxsin hüquqlarını kobud şəkildə pozan qərar qəbul etmişlər. Yəni, işçinin qanuni əsasla işləməsi barədə tərəfimizdən sübut təqdim edilsə də belə, məhkəmə kollegiyası yenə də ittiham mövqeyindən çıxış edərək, həmin sübutu, yəni Sergey Romanetsin rəsmi işçi olması barədə sübutu da nəzərə almamaqla qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə Ceyhun və Eleonore adlı şəxslərə 2016 və 2017-ci illərdə mobil telefon istifadəsinə görə pul xərclənməsini mənimsəmə və israf etmə kimi qiymətləndirmiş, lakin həmin şəxslərin Nümayəndəliklə əlaqəni, həmin şəxslərin telefon istifadəsinə görə niyə ödənişlərin edilməsini araşdırmamış və məhkəmə iclasında bununla bağlı təqsirləndirilən şəxsə heç bir sual verilməmişdir. Yəni, məhkəmə qərəzli olaraq natamam araşdırma aparmış, ibtidai istintaqın mövqeyini təsdiq etməkdən ötrü obyektiv araşdırma aparmamışdır, baxmayaraq ki, məhkəmə istintaqı 2 (iki) il davam etmişdir. Məhkəmə kollegiyası da bu halları görməzdən gəlmişdir. Istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsi Sergey Romanets adlı şəxslə bağlı heç bir araşdırma aparılmamış, həmin şəxsin nümayəndəliklə və yaxud da baş ofislə əlaqəsi aydınlaşdırılmamışdır. Baxmayaraq ki, həmin şəxslə bağlı xərclər 2015, 2016 və 2017-ci illərdə həyata keçirilmişdir. Məhkəmə kollegiyasına isə Sergey Romanetsin nümayəndəliyin işçisi olması ilə bağlı mötəbər sübut təqdim olunsa da, məhkəmə kollegiyası heç bir əsas göstərmədən həmin sübuta hətta qiymət belə verməmişdir. Yəni, məhkəmə kollegiyası bilərəkdən, daha doğrusu ittihamı təsdiq etməkdən ötrü qanun pozuntusuna yol vermiş və təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur. Daha sonra məhkəmə ittihamı möhkəmləndirmək və qanunsuz hökmünü əsaslandırmaqdan ötrü, bir neçə şahidin ifadəsini (şahid3, şahid7 və s.) saxtalaşdırmışdır. Bununla bağlı məhkəmə iclas protokoluna qeydlər verilmişdir. Məhkəmə mühasibatlıq rəyindən görünür ki, heç bir kənarlaşma və heç bir məbləğin əskik olması müəyyən olunmur, bütün vəsaitlər təyinatı üzrə xərclənmiş və kassada heç bir çatışmazlıq aşkar olunmamışdır. Bu da müdafiəçisi olduğu şəxsin təqsirsiz olmasını sübut edir. Məhkəmə tərəfindən işdə olan mötəbər sübutlar deyil, işdə maraqlı olan şəxslərin ifadələri əsas götürülmüş, iş üzrə obyektiv araşdırma aparılmamış və nəticədə qanunsuz və ədalətsiz hökm çıxarılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə yalnız sübut olaraq zərərçəkmiş şəxsin ifadəsi çıxış edir. Təqsirləndirilən şəxs isə öz verdiyi ifadələrində heç bir qanunsuzluğa yol vermədiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olamdan bir ifadəyə digər ifadədən üstün hüquqi qüvvə tanımış, zərərçəkmişin verdiyi ifadə mötəbər sübut olaraq qəbul etmiş, təqsirləndirilən şəxsin verdiyi ifadəni isə heç bir əsas olmadan "özünümüdafiə xarakterli" ifadə kimi qəbul edərək rədd etmişdir. Ittiham digər heç bir mötəbər sübut ilə öz təsdiqini tapmamış, bundan başqa təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmamamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökm ləğv edilməli və təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmalıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının ləğv edilməsi və Məhkum Mehmetali oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313cü maddələri ilə, əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçiləri Rübail Səfərov və müdafiəçi2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, vəkil nümayəndə1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar və hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum Mehmetali oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ###### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum Mehmetali oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3058/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3058/2025
01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver