Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3062/2025 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum və onun müdafiəçisi Ibrahimov Nizami Hafiz oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi N.H.Ibrahimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynli Nurəddin Nizami oğlu və Cəfərzadə Ilham Nizami oğlundan ibarət tərkibdə) Məhkum, ## #### 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ## ###### 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində bazarın yaxınlığında istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 2,608 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyub saxlamış və daşımış, həmin tarixdə, saat 12:25-də Bakı şəhəri, Nəsimi Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, * saylı evin yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis Idarəsinə gətirilmiş, orada həmin gün saat 14:30-dan saat 14:43-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 2,608 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum və onun müdafiəçisi N.H.Ibrahimov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi N.H.Ibrahimov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və cəza təyin etmənin qaydaları, şərtləri, prinsipləri, habelə şərti məhkumetmənin tətbiqi əsasları təsbit edilmiş CM-in bir sıra maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Insan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3 və 6-cı maddələrinə, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.H.Ibrahimov həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış və cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri arasında ciddi zidiyyətlər olmuş, məhkəmə bu ziddiyyətləri hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə həll etməyib onları nəzərə almamış və Məhkum təzyiq altında alınmış ilkin ifadəni əsas götürmüşdür. Hüquqlarını müdafiə etdiyi şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülərək işgəncələrə məruz qalmış, şəxsi axtarış zamanı müdafiəçi yalnız çəkiliş başlayanda iştirak etmiş, döyülmələrə şahid olmamış, tərcüməçi də sonradan çağırılmış, bununla da Məhkum hüquqları kobud şəkildə pozulmuşdur. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir sənəd təqdim edilməmiş, saxlanma səbəbi izah edilməmiş, saxlanılarkən yanında olan dostları şahid qismində dindirilməmişdir. Məhkəmələr həmçinin istintaq təcridxanasındakı tibbi müayinəni səhv qiymətləndirmiş, üzərində olan xəsarətlərdən əmələ gələn rəng dinamikasını saxlanılma vaxtından əvvələ aid etmiş və qanunvericiliyin tələblərinə zidd olaraq araşdırılmamışdır. Məhkumun müdafiəçisi N.H.Ibrahimov şikayətində həmçinin qeyd etmişdir ki, qeyd olunan bütün bu hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılmamış, Məhkum əməlində cinayət tərkibinin olmasının müəyyən edilməməsinə baxmayaraq o, törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum edilmiş, nəticədə də ağır cəzaya məruz qalmışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi N.H.Ibrahimov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkumun müdafiəçisi N.H.Ibrahimovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmiş, eyni zamanda ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Bununla da, müdafiəçi N.H.Ibrahimov apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli və ya dəyişdirilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.H.Ibrahimovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmalarını və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli və bunlarla bağlı ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticə mülahizə xarakteri daşımamalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, "Ruis Torija Ispaniyaya qarşı” # ###### 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 138-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, hazırkı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Iş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya müraciətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum ##.##.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində bazarın yaxınlığında istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 2,608 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyub saxlamış və daşımış, həmin tarixdə, saat 12:25-də Bakı şəhəri, Nəsimi Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, * saylı evin yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis Idarəsinə gətirilmiş, orada həmin gün saat 14:30-dan saat 14:43-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 2,608 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası vurğulayır ki, işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla, yəni CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların hamısı həm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli yekun qərarında ətraflı təsvir edildiyindən onların hazırkı qərarda təkrarən təsvirinə ehtiyac yoxdur və hesab edir ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək həmin ittihamda göstərilən cinayət əməllərini törətməməsini iddia etsə də, onun ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrinin və bu ifadələrlə uzlaşan və onları tamamlayan digər sübutların məcmusu məhkum olunmuş şəxsin təqsirli bilindiyi cinayəti törətməs barədə qənaətə gəlmək üçün kifayət qədər əsas verir. Belə ki, iş materiallarının təhlili göstərir ki, Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələri cinayət təqibinin həmin mərhələsində və məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPI-nin Cinayət-axtarış Şöbəsinin əməkdaşları şahid1 və şahid2 ifadələri ilə tam üst-üstə düşür və bütün bu ifadələr həmçinin şəxsi axtarışın və götürmənin aparılması haqqında ## ###### 2024-cü il tarixli protokolla, bu istintaq hərəkətinin aparılmasını özündə əks etdirən video görüntülərlə, məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2024-cü il tarixli, */**** nömrəli rəyi ilə də uzlaşır. Bu sübutların fonunda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkum Məhkum törətdiyi cinayətin predmeti olan külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə edərək üzərində saxlaması və daşıması barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, iş üzrə məhkəmələrin gəldikləri nəticələrin arxasında duran həm yuxarıda göstərilən, həm də digər sübutların toplanması və araşdırılması zamanı, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilməmiş və cinayət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, sonuncunun dindirilməsi zamanı CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və onun təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “Insan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın arxasında duran və qanuna müvafiq şəkildə qiymət verilmiş bütün sübutlarla yanaşı, məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrinin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələblərinin pozulmasına, habelə onun törətdiyi əmələ münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermədiklərini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CMin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-in 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, bununla da kassasiya müraciətində irəli sürülmüş birinci tələbin təmin edilməsini mümkün bilmir. Məhkum təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə həddindən artıq ağır cəzaya məruz qalması, yəni onun barəsində cəza tədbiri seçilərkən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilinə və bu dəlil üzrə müdafiəçi N.H.Ibrahimovun irəli sürdüyü tələbə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsiplərə, o cümlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CM-in 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür, CPM-in143-146-cı maddələrinin tələblərinə isə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CMin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CMin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 14 ” iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndinin 1 və 2-ci abzaslarında məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasında, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət kimi qiymətləndirilərək Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən qüvvədə saxladığı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə (həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - CM-in 59.1.4-cü maddəsinə əsasən onun himayəsində bir azyaşlı uşağının, CM-in 59.2-ci maddəsinin təlinə uyğun olaraq isə atasının Azərbaycan Respublikasının “Əfqanıstan və Qarabağ müharibələrinin Veteranları Ittifaqı”nın üzvü olmasını, habelə iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını göstərmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş maddi və prosessual hüquq normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəzanın həddi ilə razılaşmır və iş materiallarını təhlil edib CM-in 59.2-ci maddəsinin tələblərinə əsaslanaraq hökmdə istinad olunmuş hallarla yanaşı, məhkum olunmuş şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini mümkün bilir, bu halları da hökmdə istinad olunan hallarla birlikdə nəzərə alaraq ona təqsirli bilindiyi maddə ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını, bununla da kassasiya şikayətinin qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarında gəldiyi nəticəyə uyğun olan dəyişikliyin edilməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi haqda məhkum Məhkum və onun müdafiəçisi N.H.Ibrahimovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisi N.H.Ibrahimovun kassasiya şikayəti qismən təmin edilməli və Məhkum təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməli, bu əsasla da Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi N.H.Ibrahimovun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 6 (altı) ayadək endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3062/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3062/2025
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver