Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3067/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Hüquqi varis oğlunun və məhkum olunmuş şəxs Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətlərinə və sonuncunun həmin şikayətə etdiyi əlavələrə, habelə məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən və məruzəçi), Ibişov Ilkin Ilqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə) Məhkum, ## ##### 1992-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 264-cü maddəsi ilə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 44.2.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin olunmamışdır. Hökmlə həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Hüquqi varis mülki iddiası qismən təmin edilərək həmin iddia ona maddi ziyanın vurulması ilə bağlı 15.100 (on beş min yüz) manat məbləğində pul vəsaitinin Məhkum tutulub onun xeyrinə ödənilməsinə dair hissədə baxılmamış saxlanılmış, sonuncuya mənəvi ziyanın vurulması ilə əlaqədar hissədə isə mülki iddia təmin edilərək 2.000 manat məbləğində pulun mülki cavabdeh Məhkum tutulub onun xeyrinə ödənilməsi, həmçinin maddi sübutların taleyinin həll edilməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ## ###### 2022-ci il tarixdə saat 22-23 radələri arasında Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Torpaqlıq” adlı kafedə tanışı şahid3 və şahid4 ilə birlikdə 1 litr həcmində alkoqollu içki olan arağın qəbulu nəticəsində sərxoş halda olmaqla həmin gün saat 23 radələrində, istintaqa dəqiqi məlum olmayan vaxtda ## ######## 2022-ci il tarixli, ƏN-VIII-****** nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Seyfəli-Şəmkir magistral avtomobil yolunun Şəmkir rayonu, Seyfəli kəndinin ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqol sərxoşluğu halında avtomobili idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmaqla hərəkətini davam etdirərək həmin vaxt yolu sürücüyə münasibətdə soldan sağa piyada keçən Şəmkir rayonu, Könüllü kənd sakini X6 vuraraq ehtiyatsızlıqdan sonuncuya alın nahiyəsinin sağ yarısının sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş-soyulmuş yarası, sağ qaşaltı nahiyəsinin əzilmiş yarası, hər iki üst göz qapaqlarının dərialtı hematoması, çənəaltı nahiyənin sağ yarısının əzilmiş yarası, kəllə qapağı, kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ budun orta üçdə birinin ön səthinin əzilmiş yarası, sol budun orta üçdə birinin ön səthinin sıyrığı, sağ diz oynağının iç səthinin sıyrığı, sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş-soyulmuş yarası, sağ bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq yerini dəyişmiş, qəlpəli sınıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan X6 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, zərərçəkəni öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının daxili işlər orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmaq və cinayətin izlərini itirmək məqsədilə zərərçəkmiş X6 avtomobildə olan sərnişinlər şahid3 və şahid4 yardımı ilə arxa oturacağa əyləşdirib Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətinə apararaq sonuncunun meyitini Şəmkir rayonu, Yeni Həyat kəndi ilə Çaylı kəndinin kəsişməsində yerləşən avtomobil yolunun kənarına atmaqla sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və məhkum Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Hüquqi varis kassasiya şikayətləri və onlara edilmiş əlavələr, məhkum olunmuş şəxs Məhkum da kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - zərər çəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Hüquqi varis 1-ci kassasiya şikayətində - qərarın ləğv edilməsini və işin Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsinə dair qərarın qəbul edilməsini; - 2-ci kassasiya şikayətində və kassasiya şikayətlərinə 1-ci əlavəsində - qərarın ləğv edilərək məhkum Məhkum daha ağır cəza təyin edilməsinə, habelə cinayətlərin törədilməsində iştirak etmiş şahid5 əməllərində CM-in 120-ci maddəsinin tərkib əlamətlərinin olmasına və işin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərarın qəbul olunmasını; - kassasiya şikayətlərinə ikinci əlavəsində - qərarın ləğv edilməsini və işə düzgün baxılmasına dair tapşırıq verilməsini; - məhkum Məhkum – zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərinin təmin edilməməsini, özünün isə CM-in 264-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə cinayət işi üzrə icraata CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilməsini və ona CMin 263-1.3-cü maddəsi ilə təyin edilmiş əsas və əlavə cəzaların yüngülləşdirilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Biri-birinə oxşar məzmunda verdiyi kassasiya şikayətlərində və onlara edilmiş əlavələrdə CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis həmin müraciətlərini belə əsaslandırmışdır ki, iş üzrə ibtidai araşdırma obyektiv aparılmamış, toplanmış sübutlarla Məhkum qəsdən adam öldürmə cinayətini törətməsinin, həmin cinayətin törədilməsində isə atası şahid5 iştirak etməsinin təsdiq olunmasına baxmayaraq, Məhkum qarşı yüngül maddələrlə - CM-in 263- 1.3 və 264-cü maddələri ilə ittiham irəli sürülmüş, işə baxan məhkəmələr isə bu məsələləri kifayət qədər araşdırmayaraq istintaq orqanının nəticələri ilə razılaşıb sonuncunun barəsində ədalətsiz yekun məhkəmə aktları qəbul etmiş, eyni zamanda məhkum olunmuş şəxsə həddindən artıq yüngül cəza təyin edilmişdir. Kassasiya müraciətlərinin müəllifi həmçinin qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən o, CPMin 318.2-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək işə baxılmasına xitam verilməsi, Məhkum qarşı isə daha ağır ittihamın irəli sürülməsi üçün həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmış, həmin vəsatət məhkəmə tərəfindən təmin edilmiş, lakin ibtidai araşdırma orqanı tərəfindən heç bir hərəkət edilməyərək Məhkum təkrarən əvvəlki məzmunda ittiham elan olunmuş, bu ittiham üzrə də ittiham aktı Şəmkir rayon prokuroru tərəfindən təsdiq edilərək iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılmış, qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şahid5 əməllərinə lazımi qiymət verilməmiş, nəticə də sonuncu cinayət məsuliyyətindən kənarda qalmışdır. Bundan sonra o, təkrarən yuxarıda göstərilən vəsatətlə məhkəməyə müraciət etsə də bu dəfə onun vəsatəti təmin olunmamış, bununla da kassasiya icraatının nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə ibtidai araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması üçün işin Şəmkir rayon prokurorluğuna deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün əsaslar yaranmışdır. Məhkəmələr tərəfindən də iş üzrə araşdırma tam və hərtərəfli aparılmamış, bir sıra şahidlərin, o cümlədən Məhkum valideynlərinin dindirilmələri təmin edilməmiş, ağır cinayət əməlləri törətmiş Məhkum əməllərinə düzgün hüquqi qiymət verilməmiş, eləcə də onun mülki iddiası həll olunarkən qeyri-obyektivliyə yol verilmişdir. Halbuki öz mülki iddiasında o, mənəvi ziyanla yanaşı vəfat etmiş oğlunun dəfninə, yas mərasimlərinin keçirilməsinə və onun qəbrinin abadlaşdırılmasına xərclənmiş pul vəsaitinin də Məhkum tutulub ona ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş, lakin həmin iddia bu hissədə əsassız olaraq baxılmamış saxlanılmışdır. Şərh olunan dəlillərə əsaslanaraq zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis onun kassasiya müraciətlərinin təmin edilməsini xahiş edir. Məhkum olunmuş şəxs Məhkum kassasiya şikayətində cəza təyin etmənin əsasları, qaydaları və prinsipləri təsbit edilmiş CM-in 8, 41, 58,59 və 61-ci maddələrinə, CPM-in bir sıra normalarına, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və həmin aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edərək ilk növbədə zərər çəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Hüquqi varis verdiyi kassasiya şikayətlərinin və onlara edilmiş əlavələrin əsassız olmasını bildirərək həmin müraciətlərin təmin edilməməsini xahiş etmişdir. Daha sonra Məhkum özünün verdiyi kasasiya şikayətində qeyd etmişdir ki, o, təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilsə də həmin əməlləri törədərkən həyəcanlı vəziyyətdə olmuş, bu vaxt zərər çəkmiş şəxsi xəstəxanaya aparmaq istəsə də, belə vəziyyətdə olduğu üçün onu başqa yerə aparıb oraya qoyaraq sonradan buna görə peşmançılıq hissi keçirmiş, hadisə yerindən qaçdığına görə təqsirli bilindjyi CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq məhkəmələr qanunvericiliyin tələblərinə, o cümlədən CPM-in 39.1.3-cü maddəsinə əsasən onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul etməkdən imtina etmiş, ona CM-in 263-1.3-cü maddəsi ilə açıq-aşkar ağır olan həm əlavə, həm də əsas cəzalar təyin edərkən isə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə almamışlar. Halbuki qanunvericiliyin tələbləri və Ali Məhkəmənin Plenum Qərarlarının izah və tövsiyələri ona göstərilən maddə ilə daha yüngül cəzaların təyin edilməsinə imkan verir. Şərh olunan dəlillərə əsaslanan məhkum Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı Hüquqi varis kassasiya şikayətlərinin və onlara etdiyi əlavələrin məzmunundan göründüyü kimi, onun müəllifi həmin kassasiya müraciətlərində işin faktiki hallarını mübahisələndirərək sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini və Məhkum əməlinin düzgün tövsif edilməməsini, habelə məhkum olunmuş şəxs Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum olunmuş şəxs Məhkum isə onun CM-in 264-cü maddəsi ilə əsassız olaraq təqsirli bilinməsini, bununla bağlı qanunvericiliyin tələblərinin pozulmasını, eləcə də barəsində CM-in 263-1.3-cü maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsi həll olunarkən sübutlara düzgün qiymət verilməyərək cəzanı yüngülləşdirən halların kifayət qədərə nəzərə alınmamasını, bunun da nəticəsində onun ağır cəzaya məruz qalmasını iddia edir və bunlarla bağlı dəlilərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, yaxud da məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya şikayətlərini və onlara etdiyi əlavələri, həmçinin məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin, həmçinin toplanmış və araşdırılmış sübutlara əsasən şəxsin ictimai təhlükəliliyinə görə az ağır cinayət törətməsinə baxmayaraq onun bundan ağır cinayətə görə təqsirli bilinməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsinin təmin olunması üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini, cinayət törətmiş şəxslərin isə təqsirlilikləri sübuta yetirildiyi halda onların barələrində ittiham hökmləri çıxarılmaqla barələrində bu və ya digər cinayət hüquqi xarakterli təbirin tətbiq edilməsini, bununla da cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərində də istinad etdiyi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. Ittiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyib araşdırılmış sübutların Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum törətdiyi cinayət əməllərinin CM-in 263-1.3 və 264cü maddələri ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr qanunvericiliyin yuxarıda təsvir edilmiş normalarının tələblərinə tam əməl etmiş və onun bu əməllərinin başqa cür tövsif edilməsi üçün əsaslar müəyyən etməyərək ibtidai araşdırma orqanının bununla bağlı gəldiyi nəticə ilə əsaslı olaraq razılaşmış, öz qənaətlərini isə müvafiq sübutlara istinad edərək onları prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada qiymətləndirib iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını kifayət qədər inandırıcı şəkildə əsaslandırmışlar. Zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və kollegiya həmin dəlillərə inandırıcı və əsaslandırılmış cavab verilməsi üçün iş üzrə toplanmış və araşdırılmış sübutların bir hissəsinə və qanunvericiliyin tələblərinə müraciət etməyi zəruri bilir. Belə ki, əvvəla cinayət işinin materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında məhkəmə ibtidai araşdırma zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş hər hansı qanun pozuntusuna yol verildiyini aşkar etməmiş və buna görə də məhkəmənin hazırlıq iclasının # ##### 2023-cü il tarixli qərarı ilə Məhkum CM-in 263-1.3 və 264-cü maddələri ilə məhkəməyə verilmişdir. Cinayət işinə birinci instansiyası məhkəməsində baxılarkən isə zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis CPM-in 318.2-ci maddəsinə əsaslanmaqla yazılı vəsatətlə məhkəməyə müraciət edərək Məhkum əməllərində ağır cinayətlərin tərkib əlamətləri olduğuna görə işə baxılmasına xitam verilməsini və sonuncuya daha ağır ittihamın elan olunması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmiş, məhkəmənin ## ######## 2023-cü il tarixli qərarı ilə isə həmin vəsatət təmin edilmişdir. Lakin iş üzrə əlavə istintaq zamanı Məhkum əməllərində daha ağır cinayətin əlamətlərinin mövcud olması müəyyən olunmadığından və bununla bağlı mötəbər sübutlar əldə edilmədiyindən həmin mərhələdə də ona qarşı CM-in 263-1.3 və 264-cü maddələri ilə əvvəlki məzmunda ittiham irəli sürülmüş, # #### 2024-cü il tarixdə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə də işə həmin ittiham üzrə baxaraq Məhkum göstərilən maddələrlə təqsirli bilinməsi barədə ## #### 2025-ci il tarixli ittiham hökmünü çıxarmışdır. Həmçinin məhkəmənin eyni tarixli qərarı ilə işə baxılmasına xitam verilməsi və Məhkum qarşı daha ağır ittihamın irəli sürülməsi üçün həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında Hüquqi varis növbəti vəsatəti təmin edilməmişdir. Iş üzrə hər hansı qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış və özünün də əldə etdiyi, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırdığı sübutların məcmusundan çıxış edən birinci instansiyası məhkəməsi cinayətprosessual qanunvericiliyinin normalarının tələblərinə əsaslanaraq ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama uyğun olaraq işin faktiki hallarını belə müəyyən etmişdir ki, sonuncu ## ###### 2022-ci il tarixdə saat 22-23 radələri arasında Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Torpaqlıq” adlı kafedə tanışı şahid3 və şahid4 ilə birlikdə 1 litr həcmində alkoqollu içki olan arağın qəbulu nəticəsində sərxoş halda olmaqla həmin gün saat 23 radələrində, istintaqa dəqiqi məlum olmayan vaxtda ## ######## 2022-ci il tarixli, ƏN-VIII-****** nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Seyfəli-Şəmkir magistral avtomobil yolunun Şəmkir rayonu, Seyfəli kəndinin ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqol sərxoşluğu halında avtomobili idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmaqla hərəkətini davam etdirərək həmin vaxt yolu sürücüyə münasibətdə soldan sağa piyada keçən Şəmkir rayonu, Könüllü kənd sakini X6 vuraraq ehtiyatsızlıqdan sonuncuya alın nahiyəsinin sağ yarısının sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş-soyulmuş yarası, sağ qaşaltı nahiyəsinin əzilmiş yarası, hər iki üst göz qapaqlarının dərialtı hematoması, çənəaltı nahiyənin sağ yarısının əzilmiş yarası, kəllə qapağı, kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ budun orta üçdə birinin ön səthinin əzilmiş yarası, sol budun orta üçdə birinin ön səthinin sıyrığı, sağ diz oynağının iç səthinin sıyrığı, sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş-soyulmuş yarası, sağ bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq yerini dəyişmiş, qəlpəli sınıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan X6 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, zərərçəkəni öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının daxili işlər orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmaq və cinayətin izlərini itirmək məqsədilə zərərçəkmiş X6 avtomobildə olan sərnişinlər şahid3 və şahid4 yardımı ilə arxa oturacağa əyləşdirib Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətinə apararaq sonuncunun meyitini Şəmkir rayonu, Yeni Həyat kəndi ilə Çaylı kəndinin kəsişməsində yerləşən avtomobil yolunun kənarına atmaqla sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Göründüyü kimi, zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis öz vəsatətlərində qaldırdığı məsələlər birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi ## ######## 2023-cü il və ## #### 2025-ci il tarixli qərarlarla həllini tapmış və məhkəmə son olaraq CPM-in 318.1-ci maddəsinin tələblərinə əməl edərək Məhkum qarşı irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı qəbul etmiş, sonuncunun daha ağır cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə, yəni ona qarşı irəli sürülməmiş ittiham üzrə hökm çıxarmaq səlahiyyətində isə olmamışdır. Çünki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu normanın tələbi həmçinin onu ehtiva edir ki, məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə müstəsna olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıb yalnız həmin ittiham üzrə şəxsin təqsirli bilinməsi barədə hökm çıxara bilər, digər tərəfdən isə göstərilən maddənin ikinci cümləsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hüquqi varis kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ibtidai araşdırmanın aparılmasına dair materiallardan göründüyü kimi, sübutların qiymətləndirilməsi haqqında ## ###### 2024cü il tarixli qərarla iş üzrə eyni nəticəyə ibtidai araşdırma orqanı da gəlmiş və həmin orqan da toplanmış sübutları qiymətləndirərək Məhkum qarşı yuxarıda təsvir edilən cinayət əməllərini törətdiyinə görə CM-in 263-1.3 və 264-cü maddələri ilə ittihamın irəli sürülməsini məqsədə müvafiq hesab etmiş və eyni zamanda Məhkum barəsində CM-in 120.1 və 143-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla yanaşı göstərilən qərarla şahid3 Həsən oğlu və şahid4 ## ###### 2022-ci il tarixdə saat 23 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxs X6 həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olduğunu bilə-bilə onu köməksiz vəziyyətdə qoyduqlarına, ağır cinayətin hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər vermədiklərinə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətdiklərinə görə həmin şəxslər barəsində CM-in 143, 307.1 və 307.2-ci maddələri ilə, şahid5 və şahid2 isə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətdikləri üçün onların barəsində CM-in 307.2ci maddəsi ilə ********* nömrəli cinayət ayrılaraq həmin iş üzrə istintaqın aparılması üçün Şəmkir rayon prokuroruna göndərilməsi nəzərə alınmışdır. Ibtidai araşdırma orqanının təsvir edilən ## ###### 2024-cü il tarixli qərarı isə cinayət prosesinin iştirakçıları, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis və onun nümayəndəsi tərəfindən məhkəmə nəzarəti qaydasında və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında mübahisələndirilməmiş və hal hazırda da qüvvədədir. CPM-in 65.1-ci maddəsinə əsasən isə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək və cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq Məhkum yuxarıda şərh olunan əməllərinin başqa cür qiymətləndirilməsi və həmin müraciətlərdə qeyd olunduğu kimi, CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsi üçün nə maddi, nə də ki prosessual əsaslar görmür. Apellyasiya instansiyası məhkəməsinin də sözügedən məsələ üzrə gəldiyi nəticələr zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərinin məzmunu ilə faktiki olaraq eynilik təşkil edən ## #### 2025-ci il tarixli hökmdən onun verdiyi apellyasiya şikayətində də irəli sürülmüş eyni iddialar üzrə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual hüquq normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-in 263-1.3 və 264-cü maddələri ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərinin şübhə altına alınması üçün əsas görmür. Göstərilənlərlə yanaşı cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanan məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasya instansiyası məhkəmələrində icraatın aparılması barədə tələblərə (müvafiq olaraq CPM-in XL-XLV və XLVII fəsillərində olan maddələrə) nəzər yetirildikdə görünən odur ki, CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkən istər dövlət ittihamçısı, istərsə də zərər çəkmiş şəxs, onun hüquqi varisi, yaxud da sonuncunun nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qaldırılsa belə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatət üzrə onun təmin edilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil. Qanunvericiliyin tələbinə görə, yalnız CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərbaycan Respublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının isə birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-in 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Məhkum barəsindəki Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya protesti verilmədiyindən apellyasiya instansiyası məhkəməsi də CPM-in 391.9.1 və 391.9.2-ci maddəsində göstərilən qərarı qəbul etməmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis və ya onun nümayəndəsi isə həmin hökmdən CPM-in 391.8-1-ci maddəsində göstərilən məzmunda, yəni Məhkum əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olmamış və buna görə də, məhkəmə həmin şikayətə Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxsə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası məhkəməsinin hökmünü və ya qərarını ləğv etmək və məhkum olunmuş şəxsin vəziyyətinin ağırlaşdırılması, yaxud da cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəmələrinə və ya, kassasiya müraciətlərində tələb edildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsi haqqında qərar qəbul etmək hüququna malik deyil ona görə ki, bununla bağlı heç bir tələb CPM-in 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis iş üzrə bir sıra şahidlərin, o cümlədən Məhkum valideynlərinin məhkəmə iclaslarında dindirilməmələri, bununla da məhkəmələrin işə baxılmasında natamamlığa yol vermələri barədə dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək vurğulayır ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ittiham aktında adları məhkəməyə çağıralacaq şəxslərin siyahısında göstərilən şahidlər – şahid3, şahid4, şahid1, habelə iş üzrə həqiqətin müəyyən edilməsi üçün əlavə şahidlər də dindirilmiş, onların dindirilmələri üçün həm ittiham, həm də müdafiə tərəfinə, o cümlədən Hüquqi varis və onun nümayəndəsinə lazımi şərait yaradılmış, Məhkum atası şahid5 və anası şahid2 isə onlara Konstitusiyanın 66-cı maddəsində, habelə CPM-in 20 və 328.2.1ci maddələrində nəzərdə tutulmuş hüquqları izah edildikdən sonra onlar Məhkum, yəni öz övladına qarşı ifadə verməkdən imtina etmişlər. Belə ki, Konstitusiyanın 66-cı maddəsinə əsasən, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. CPM-in 20.1 və 20.2-ci maddələrindən təsbit edilmişdir ki, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. CPM-in 328.2.1-ci maddəsinin tələbinə görə, şahidin dindirilməsindən əvvəl məhkəmə iclasında sədrlik edən onun şəxsiyyətini müəyyən edir və ona özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək hüququ izah olunur. Bununla belə, məhkəmə araşdırmaları zamanı adları göstərilən hər iki şəxsin ibtidai araşdırma zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş və araşdırılmış digər sübutlarla yanaşı həmin ifadələrə də yekun məhkəmə aktlarında qanuna müvafiq qaydada qiymət verilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı Hüquqi varis mülki iddiasının düzgün həll edilməməsi barədə sonuncunun kassasiya müraciətlərinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Hüquqi varis # #### 2023-cü il tarixdə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək təqsirləndirilən şəxs Məhkum onun tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 8000 (səkkiz min) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, eləcə də mülki iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsinə görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə isə 10120 (on min bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Bundan sonra ## #### 2023-cü il tarixdə zərər çəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı Hüquqi varis iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Məhkum maddi ziyana görə 11000 (on bir min) manat, mənəvi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumu kimi ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat olmaqla, ümumilikdə 13129 (on üç min bir yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitin tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. ## ####### 2024-cü il tarixdə isə Hüquqi varis növbəti dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və bu dəfə Məhkum maddi ziyana görə 15100 (on beş min bir yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumunun ödənilməsinə görə 129 (bir yüz iyirmi doqquz) manat, cəmisi isə 17229 (on yeddi min iki yüz iyirmi doqquz) manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis töərdilmiş cinayətlər nəticəsində həm maddi, həm də mənəvi ziyan vurulduğundan o, prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə edərək təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmış və həmin iddia üzrə məsələnin düzgün həll edilməsi üçün CPMin, Azərbaycan Respublikası Mülki-Prosessual və Mülki Məcəllələrinin aşağıdakı tələblərinə əməl olunması, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinin nəzər alınması üçün əsaslar yaranmışdır. Belə ki, CPM-in 179.1-179.3-cü maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; CPM-in 181.1-ci maddəsinə görə, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-in 181.2-ci maddəsinin tələblərindən görünür ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-in 181.3-cü maddəsində isə müəyyən edilmişdir ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-in 183.2-ci maddəsində müəyyən edilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin tələblərindən görünür ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 77.1-cü maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 149.2.3-cü maddəsinin tələbindən görünür ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizədə göstərilməlidir. MPM-in 259.0.12-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarına görə, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərər çəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdırlar. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Göründüyü kimi, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkmiş fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı presedent təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin Qərarın 68-ci bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Qərarın 71 və 72-ci bəndlərində məhkəmələrə cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmaları, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərər çəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almaları, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirmələri, verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərmələri, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməmələri tövsiyə edilmişdir. Təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, törədilmiş cinayət əməlləri nəticəsində və ya bununla əlaqədar şəxsə maddi ziyan vurulduqda sonuncu məhkəməyə ünvanladığı iddia ərizəsində bu ziyanın məbləğini müəyyən edərkən bununla bağlı mötəbər sübutlarla təsdiq olunan konkret hallara istinad etməli, həmin hallarıın arxasında duran müvafiq sübutları (sənədləri və s.) öz ərizəsinə əlavə etməli, yəni CPM-in 139.0.6-cı maddəsi tələb etdiyi kimi, öz tələblərini sübuta yetirməlidir. Hazırki işin hallarından, toplanmış və araşdırılmış sübutlardan və iş üzrə çıxarılmış ## #### 2025-ci il tarixli hökmdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı həmin hökmlə birinci instansiya məhkəməsi Hüquqi varis vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pulun (iddia rizəsində mənəvi ziyana görə məhz həmin məbləğdə pulun təqsirləndirilən şəxsdən tutulub mülki iddiaçının xeyrinə ödənilməsi tələb olunmuşdur) Məhkum tutularaq mülkin iddiaçının xeyrinə ödənilməsi hissəsində mülki iddianın təmin edilməsi barədə qərar qəbul edərkən qanunvericiliyin tələblərinə tam əməl etmiş və yeni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini, eləcə də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini kifayət qədər nəzərə almışdır. Lakin, Hüquqi varis öz mülki iddia ərizəsində, eyni ilə də kassasiya şikayətində törədilmiş cinayətlər nəticəsində ona cəmisi 15100 (on beş min bir yüz) manat məbləğində maddi ziyan vurulmasını, bu məbləğdə pul vəsaitini isə vəfat etmiş oğlunun dəfninə, dəfn mərasimlərinin keçirilməsinə və sonuncunun qəbrinin abadlaşdırılmasına xərcləndiyini iddia etsə də, öz müraciətlərində bu halları təsdiq edən konkret sübutlara istinad etməyərək belə sübutları məhkəmələrə təqdim etməmiş, buna görə onun iddiası təhlil edilən hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası da göstərilən məsələ ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq həmin nəticəni qanuni və əsaslı sayır və eyni zamanda vurğulamağı lazım bilir ki, Hüquqi varis mülki iddiasının ona vurulmuş maddi ziyanın ödənilməsi hissəsində baxılmamış saxlanılması sonuncunu sonradan mülki mühakimə icraatı qaydasında belə iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir, yəni o, müvafiq sübutları əldə edib onları məhkəməyə təqdim edərək yenidən ona vurulmuş maddi ziyana görə hər hansı pul vəsaitinin məhkum olunmuş şəxs – mülki cavabdeh Məhkum tutularaq onun xeyrinə ödənilməsini tələb edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onun CM-in 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına CPM-in 39.1.3-cü maddəsinə əsasən düzgün olmayaraq xitam verilməməsi və ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan CM-in 263-1.3-cü maddəsi ilə açıq-aşkar ağır cəzaların (əsas və əlavə) təyin edilməsi haqqında məhkum Məhkum, habelə sonuncuya həddindən artıq yüngül cəzanın təyin edilməsinə dair zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası ona diqqət yetirməyi zəruri bilir ki, CM-in 264-cü maddəsində bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti, həmin maddənin sanksiyasında isə belə şəxsin üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırması müəyyən edilmiş, buna görə də həmin cinayət CMin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Belə ki, CM-in 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum məhkəmə iclasında özünü göstərilən maddə ilə təqsirli bilməsə də toplanmış və araşdırılmış sübutlarla təkzib edilməz şəkildə müəyyən olunmuşdur ki, o, ## ###### 2022-ci il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozduqdan sonra hadisə yerindən qaçmış və bununla da CM-in 263-1.3-cü maddəsi ilə yanaşı, həm də CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Lakin, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Vicay Ibramovun həmin cinayəti törətməsindən iki ildən artıq müddət, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, digər tərəfdən isə o, məhkəmə iclasında CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilməyərək həmin hala görə cinayət işinin icraatına bu hissədə xitam verilməsi barədə müraciət ünvanlamadığından birinci instansiya məhkəməsi qanunvericiliyin aşağıdakı normalarına və işin hallarına əsaslanmaqla ona CM-in 264-cü maddəsi ilə cəzaların təyin edilməməsi haqda qanuni və əsaslı qərar qəbul etmis, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə də razılaşmışdır. Belə ki, CM-in 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə isə müəyyən edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. CPM-in 39.1.3-cü maddəsinin tələbindən görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-cü maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bu normanın tələbi və mənası onu ehtiva edir ki, məhkəmə tərəfindən CM-in 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda cinayət təqibinə xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün müdafiə tərəfinin (ilk növbədə təqsirləndirilən şəxsin) bu haqda razılığı tələb olunur ki, istər Məhkum, istərsə də onun müdafiəçisi belə razılıqlarının olmasını nə məhkəməyədək icraat zamanı, nə də ki məhkəmə iclasında bildirməmişlər. CPM-in 44.2.1-ci maddəsinin tələblərinə görə isə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərindən və işin hallarından çıxış edərək belə qənaətə gəlir ki, məhkəmələr Məhkum barəsindəki cinayət işinin icraatına onun CM-in 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verməməklə onun həmin maddə ilə də təqsirli bilnməsi və bu maddə ilə cəzanın təyin olunmaması barədə yekun məhkəmə aktları qəbul edərkən heç bir pozuntuya yol verməmişlər və buna görə təhlil edilən məsələ ilə bağlı məhkum olunmuş şəxsin kassasiya şikayətinin dəlilləri əsassız və qəbul edilməz sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan CM-in 263-1.3-cü maddəsi ilə açıq-aşkar ağır cəzaların təyin edilməsi haqqında sonuncunun kassasiya şikayətinin, həmçinin həmin cəzaların həddindən artıq yüngül olmasına dair zərər çəkmiş şəxsin hüquqi varisi və mülki cavabdeh Hüquqi varis kassasiya müraciətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurlamağı lazım biir ki, yalnız törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə tərəfindən mütləq məcmu şəkildə yerinə yetirilməlidir və yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxs barəsində seçilmiş cinayəi-hüquqi xarakterli tədbir ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edən sübutlar da başa düşülür və qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin tətibiq edilməsi zamanı da riayət olunmalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). Bundan başqa, “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş və Plenumun ## ##### 2021-ci il tarixli Qərarı ilə müvafiq dəyişikliklər və əlavələr olunmuş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli * nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-in 263-1.3-cü maddəsinin sanksiyasında əlavə cəza kimi beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, əsas cəza qismində isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş və CM-in 15.4-cü maddəsinə əsasən həmin maddədə göstərilən cinayət ağır cinayət hesab olunur. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı təqsirkarın himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi (məhkum özü də kassasiya şikayətində yalnız bu hala istinad etmişdir), habelə iş üzrə CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və, məhkəmə kollegiyasının qənaətinə görə, ona bu hallara adekvat olan, digər tərəfdən isə qanuni və ədalətli hesab edilməli olan həm əsas, həm də əlavə cəzalar təyin etmiş və bu zaman cinayət qanunvericiliyinin tələblərinin pozulmasına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərinin nəzərə alınmamasına yol verməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar kimi nəzərə almasa da onu da nəzərindən qaçırmamışdır ki, Məhkum əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməmiş və belə cinayətlərə görə məhkum olunmamış, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş, digər tərəfdən isə yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçaraq zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərməmiş və qeyri-insanı hərəkətlərə yol verərək sonuncunu idarə etdiyi avtomobilə qoyaraq hadisə yerindən tamamilə fərqli bir yerə aparıb qoymaqla törətdiyi cinayətlərin izlərini gizlətməyə çalışmış, hadisədən əvvəl alkoqol sərxoşluğu vəziyyətində olmuş, eyni zamanda zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş və ona vurulmuş maddi və mənəvi zərəri ödəməmişdir. Bütün təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-in 263-1.3cü maddəsi ilə həm yüngüllüyünə, həm də ağırlığına görə qanunsuz və ədalətsiz cəzaların təyin edilməsi barədə nəticəyə gəlmək üçün əsaslar görmür və buna görə də bu məsələ ilə bağlı da həm məhkumun, həm də zərər çəkmiş şəxsin hüquqi varisinin və mülki iddiaçının kassasiya müraciətlərinin dəlilləri ilə razılaşmayaraq ümumilikdə bu müraciətlərin hər hansı hissədə təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası məhkum Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətlərini cinayət işinin materialları və qanunvericiliyin tələbləri ilə birgə müqayisəli şəkildə təhlil edib apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməməsini qeyd edərək və özünün kassasiya şikayətinin təmin edilməsi, Hüquqi varis kassasiya müraciətlərinin isə təmin edilməməsi barədə məhkum Məhkum, sonuncunun kassasiya şikayətinin təmin edilməməsini, özünün verdiyi kassasiya şikayətlərinin və onlara etdiyi əlavələrin təmin edilməsi haqda Hüquqi varis və bütün kassasiya müraciətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkum Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya müraciətləri təmin olunmamalı, Məhkum CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum kassasiya şikayəti və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis kassasiya şikayətləri və onlara edilmiş əlavələr təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3067/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3067/2025
21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver