Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3075/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi - Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025-ci il tarixli 1(106)-619/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Nemət Məmmədov) 28 aprel 2025-ci il tarixli, 1(099)-84/2025 nömrəli hökmü ilə 30 yanvar 1979-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, Vidadi küçəsi ev 16-da qeydiyyatda olmaqla ünvan 1-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 66,154 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanına aparıb həyətdə hasarın yanında gizlədib saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 fevral 2024-cü il tarixdə, saat 19 radələrində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Məhkum yaşadığı ünvan 1 ünvanında olan evin həyətinə baxış keçirilərkən həyət hasarının yanında bir ədəd qabın içərisində külli miqdarda- 66,154 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), Əli Əliyev və Habil Bəhmənov) 10 sentyabr 2025-ci il tarixli 1(106)- 619/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 1(099)-84/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Məhkum və müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 1(106)-619/2025 nömrəli qərarının ləğv edilməsini, barəsində olan cinayət işinə xitam verilməsini və ya bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə ibtidai istintaq zamanı maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, 08.02.2024-cü il tarixdə müvəqqəti yaşadığı ünvan 2 ünvanına polis əməkdaşları AR CPM-i kobud şəkildə pozaraq qanunsuz özbaşına basqın etmiş, ona fiziki və mənəvi zor işlətməklə, ailə-uşağını külli miqdarda narkotik vasitə ilə şərləmək hədə-qorxusu ilə ona özləri ilə gətirdikləri xeyli miqdarda narkotik vasitəni boynuna götürüb imza atmağa və videoçəkiliş etməyə məcbur etmişdir. Müstəntiq AR CPM-i kobud şəkildə pozmaqla əməliyyatın tərkibində (sonradan ibtidai istintaqı aparan Xəzər Eldarov) özü ilə gətirdiyi tərəzi ilə birlikdə iştirak etmişdir. Olanlar barədə aidiyyatı qurumlara, Bakı Baş Prokurorluğuna şikayət etdikdən sonra Baş Prokurorluğun göstərişlərinə baxmayaraq, müstəntiq Xəzər Eldarov öz çirkin əməllərini ört-basdır etmək üçün ibtidai istintaqı saxtalaşdırmaqla özü davam etdirmişdir. Şirvan şəhər prokurorunun köməkçisi X1 günahkarları cəzalandırmaq əvəzinə onlara himayədarlıq edərək, 25.04.2024-cü il tarixdə sübutların və şahidlərin olduğu haqda (qanunsuz basqın və qızıl-zinət əşyalarının oğurlanması barədə) qərəzli olaraq cinayət işinin başlanmasına rədd qərarı çıxarmışdır. Bundan sonra müstəntiq Xəzər Eldarov özü şahid statusuna düşdüyü haqda özözünə imtina etmək əvəzinə Azərbaycan Respublikası CPM-i kobud şəkildə pozmaqla, heç bir sübut olmadığına baxmayaraq, qərəzli olaraq onu Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirləndirib cinayət işini yekunlaşdıraraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində 24.06.2024-cü il tarixdə aparılmış araşdırma nəticələrinə əsasən, AR CPM-in bir çox maddələrinin, həmçinin AR CPM-in 85-ci maddəsinin qərəzli kobud pozuntusu aşkar olunmuşdur. Bundan sonra məhkəmə AR CPM-in 299, 300.1, 300.1.5, 303.3, 303.3.3 və 306.2-ci maddələrini rəhbər tutaraq, cinayət işinin baxılmasına xitam verilməsini, məhkumun hüquqları təmin olunmaqla bərabər cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qərara almışdır. X5 qərəzli mövqe tutmaqla istintaq aparmaq üçün ondan yeni ifadə alsa da, heç bir yeni sübut əldə edə bilməmiş, cinayət işini Şirvan Şəhər Məhkəməsinə göndərmişdir. Şirvan Şəhər Məhkəməsi tərəfindən heç bir şey araşdırılmadan Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun işinə baxarkən sübutların mötəbərliliyi üçün verdiyi vəsatətlərə qeyri-obyektiv yanaşaraq təmin etməmiş, onun canlı çıxışını və ya vəkil ilə canlı görüşünü təmin etməmişdir. Şahidlərin verdiyi yalan, qərəzli ifadələri video diskdəki görüntüdə olanlarla ziddiyyətli olduğunu açıq-aşkar görə-görə heç nəyi nəzərə almayıb cinayət prosessual qanunverciliyə zidd pozuntulara yol verməklə ona CM-in 234.4.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə sübutedici vasitələri tam və obyektiv araşdırmadan ibtidai istintaqda təzyiq, şantaj və təhdidi altında verdiyi ifadəni və videoçəkilişi əsas götürərək işin texniki hallarına baxmış, ümumi məhkəmə prosesi 15 dəqiqə çəkmiş, bununla da, onun əməli AR CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilərək, cəza müddəti 6 ildən 5 ilə endirilmişdir. Məhkum irəli sürülən ittihamlarda özünü təqsirli bilmədiyini və ona oxunan həbs hökmünün ədalətsiz olduğunu bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı təzyiq və şantaj təhdidi altında alınan ifadə və videoçəkilişdən başqa heç bir şübhəli və ya sübutedici mötəbər sübut olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, narkotik vasitə olan heroini əldə etməmiş və saxlamamış, barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Apellyasiya instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun ifadəsini, şahidlər şahid1 və şahid2 ifadələrini, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, apellyasiya instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübut, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi məhkum Məhkum külli miqdarda narkotik vasitəni əldə edib saxlamasını təsdiq edən hallar – onun üzərində narkotik vasitənin aşkar edilməsi, narkotik vasitənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum ibtidai araşdırma dövründə və birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum yaşadığı ünvan 1 ünvanında olan evin həyətinə baxış keçirilərkən həyət hasarının yanında bir ədəd qabın içərisində aşkar olunan külli miqdarda- 66,154 qram narkotik vasitə olan heroinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilməsi yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etmiş və bunu məhkumun müdafiə hüququnun pozulması və polis əməkdaşları tərəfindən ona narkotik vasitə və psixotrop maddənin qoyulması ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən dəlillər müdafiə tərəfinin apellyasiya müraciətinin əsasını da təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsasız olması barədə nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaqda, həm məhkəmə icraatı zamanı məhkum Məhkum cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin yardımından istifadə etmək hüququ təmin edilmişdir. Məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən məhkuma psixi və fiziki zor tətbiq edilməsi, narkotik vasitənin və psixotrop maddənin məhkuma zor tətbiq etməklə üzərinə qoyulması barədə iddialar hazırkı cinayət işi üzrə həm birinci instansiya məhkəməsi, həm də prokurorluq tərəfindən araşdırılmış və təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış konkret sübutlara – şahid ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər mötəbər sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin məhkumun ona qarşı irəli sürülmüş ittihamda təsvir edilən əməlləri törətməsinin sübuta yetirilməsi barədə gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri isə əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam uyğun olmuşdur və əsaslıdır. Kassasiya şikayətində məhkəmələrin gəldiyi nəticəni təkzib edən və apellyasiya şikayətində göstərilməyən hər hansı yeni hal və ya sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası bu məsələyə dair kassasiya şikayətində irəli sürülmüş dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrin polis əməkdaşlarının ona qanunsuz təsir göstərməsi nəticəsində əldə olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, nə məhkum, nə də onun müdafiəçisi tərəfindən ona psixi və ya fiziki zor tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanlara və ya məhkəmə nəzarəti qaydasında müraciət edilməmişdir. Bundan başqa, məhkum barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən, narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni polis əməkdaşlarına könüllü surətdə təhvil verdiyini bildirmişdir. Göstərilən hallar məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələrin qanunsuz təsir nəticəsində əldə olunması barədə sonradan irəli sürdüyü dəlillərin inandırıcılığını və mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025-ci il tarixli 1(106)-619/2025 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2025ci il tarixli 1(106)-619/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3075/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3075/2025
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver