Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3077/2025 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A Rİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)- 799/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim Rəşad Nuriyev) 12 oktyabr 2023-cü il tarixli, 1(017)- 150/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 19 sentyabr 2025-ci il tarixdə məhkum Məhkum ərizə (vəsatət) ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(017)-150/2023 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Rəşad Nuriyev) 02 oktyabr 2025-ci il tarixli, 1(017)- 150/2023 nömrəli qərarı ilə məhkum Məhkum həmin məhkəmənin 12 oktyabr 2023-cü il tarixli, 1(017)-150/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Habil Bəhmənov və Aytən Novruzova) 30 oktyabr 2025-ci il tarixli 1(106)-799/2025 nömrəli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 1(017)-150/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)-799/2025 nömrəli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, buraxılmış prosessual müddətinin buraxılması onun hüquqi savadsızlığı, həmçinin barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə ilə əvəzlənərək ona haqsızlıq edilə biləcəyindən çəkinməsi ilə əlaqədar olmuşdur. Məhkum qeyd etmişdir ki, saxlanılarkən müstəntiqin vasitəsi ilə hakimə verilməsi üçün (müstəntiqin qardaşı barəsində hökm çıxarmış hakim Rəşad Nuriyevin katibidir) ondan 3500 manat rüşvət almışdır. Haqsız yerə onu şərləyərək ondan alınan pulun qaytarılması üçün Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurorluğa şikayət etmişdir. Bundan əlavə, qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 18 may 2023-cü ildən 19 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq bir gün həbsdə saxlanılmışdır, 3500 manat verdiyi rüşvət müqabilində buraxılmışdır və hesab etmişdir ki, o, həqiqətən hökmdə göstərilən cinayət əməlini törətməklə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Sonradan isə ona məlum olmuşdur ki, ona qarşı saxta ittiham irəli sürülmüş, mübahisə predmeti olan torpaq sahəsi Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olmamış, Gülməmmədov İsrafil Əyyub oğlu tərəfindən icarəyə götürülməmiş və hakim işin nəticəsində maraqlı olaraq obyektiv məhkəmə istintaqı aparmadan barəsində hökm çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə müraciəti ilə əlaqədar qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum Məhkum onun barəsində olan Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(017)-150/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, iş materiallarından görünür ki, məhkum Məhkum onun barəsində olan Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(017)-150/2023 nömrəli hökmündən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən 1 il 10 ay 26 gün sonra - 19 sentyabr 2025-ci il tarixdə vermişdir. Məhkum Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını onun hüquqi savadsızlığı və şikayət verdiyi təqdirdə cəzasının dəyişdirilə biləcəyi ilə əlaqələndirmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hökm məhkəmə iclasında elan olunarkən Məhkum hökmdən apellyasiya şikayəti vermə müddəti və qaydası ətraflı izah edilmiş, həmçinin ona təqdim edilmiş hökmün nəticəvi hissəsində də həmin hüququ göstərilmişdir. Məhkum hüquqi savadsızlığı və cəzasının dəyişdirilməsindən çəkindiyi üçün apellyasiya şikayəti verilmə müddətini ötürdüyünü bildirsə də, kassasiya şikayətinin bu dəlilləri əsassızdır və inandırıcı deyildir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkum Məhkum məhkəmə baxışı dövründə müdafiəçisi olmuş və həmin müdafiəçi də müvafiq hökmü almışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkum Məhkum tərəfindən verilmiş vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də məhkum Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, məhkum Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən məhkum Məhkum Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(017)-150/2023 nömrəli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən məhkəmələrin məhkum Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və məhkum Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli 1(106)-799/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(017)-150/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 1(106)-799/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3077/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3077/2025
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver