Məhkəmə qərarları › İş №1(102)-3079/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3079/2025

16.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3079/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü ilə (hakim Məmmədzadə Mikayıl Maarif oğlunun sədrliyi ilə, hakimlər X1 və X5 ibarət tərkibdə), ## ######## 1993-cü il tarixdə Şəmkir rayonu, Ələsgərli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Istintaq Təcridxanasında cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X3 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Hökmə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün tanışı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs və özünü Iran Islam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla müəyyən edilməyən Əbəlfəz adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## ###### 2022ci il tarixdə saat 18 radələrində Əbəlfəz adlı şəxsin Şəmkir rayonunun “Kraz yolu” yaşayış massivində yerləşən sahibsiz yarımtikilidə gizlətmiş olduğu bir ədəd qara rəngli idman çantasındaki külli miqdarda narkotik vasitələri və psixоtrop maddəni sonuncunun telefonla məlumat verən şəxsə çatdırması müqabilində 12000 manat məbləğində qazanc əldə etməsi barədə razılığa gəlib həmin ünvana gedərək narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, ## ###### 2022-ci il tarixdə saat 19 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum tanışı Təqsirləndirilən şəxsla birgə Şəmkir rayonunun “Kraz yolu” yaşayış massivində yerləşən sahibsiz yarımtikilidə saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasından 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni altı ədəd bağlamada kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-arılıqda təmiz çəkiləri 3059,14 qram, 1015,2 qram, 1000,6 qram, 1022,6 qram, 1032,1 qram və 992,7 qram olmaqla, ümumi təmiz çəkisi 8122,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni iki ədəd bağlamada kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-arılıqda təmiz çəkiləri 1294,8 qram və 1002,6 qram olmaqla, ümumi təmiz çəkisi 2297,4 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların II-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd bağlamada ümumi təmiz çəkisi 111,1 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış II-ci siyahıya daxil olan və 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 30 ədəd konvalyutda, hər bir konyalvutda 10 ədəd həb olmaqla, ümumilikdə 12 qram təşkil edən 300 ədəd həbdə metadon aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum şikayətində göstərmişdir ki, məhkəmələr işi hərtərəfli araşdırmamış, təyin edilmiş cəza onun şəxsiyyətinə, təqsirlilik dərəcəsinə və həyat şəraitinə uyğun deyildir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası bu halları araşdırmamış və düzgün hüquqi qiymət verilməməsi nəticəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmünü dəyişdirmədən saxlamışdır. Bunun nəticəsində onun hüquq və azadlıqları pozulmuşdur. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilərək barəsində daha düzgün qərarın çıxarılması məqsədilə işin yenidən apellyasiya baxışına və ya ibtidai istintaq orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını və ona ağır cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi məqsədilə işin apellyasiya baxışına yaxud ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələr sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “Insan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, məhkumun kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPMnin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar