Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3087/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinən Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Tovuz Rayon Məhkəməsinin (hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi ilə) ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə, ## ### 2004-cü il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 08 (səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 10 (on) ay 16 (on altı) gün ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübutlar və məhkəmə məsrəflərinə aid məsələlər həll edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi və məruzəçiliyi ilə), hakimlər X3 və X2 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya protestinə əsasən cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) il müddətinədək artırılmış, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 08 (səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 10 (on) ay 16 (on altı) gün ona təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı X4 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Işin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə “Zlataust” silahzavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibirli hamar lüləli ov tüfənginin kəsiyini əldə edib daşıyaraq gəzdirməklə idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sol oturacağının altında saxlayaraq, Tovuz rayonu Qovlar şəhəri Azadlıq prospekti 21 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum ## ###### 2024-cü il tarixdə saat 14:05-də Tovuz rayonu Qovlar şəhəri Azadlıq prospekti 21 ünvanının yaxınlığında idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Tovuz şəhəri M.Musayev 27 ünvanında yerləşən Tovuz RPŞ-yə gətirilmiş, orada həmin gün saat 16:00-dan etibarən Məhkum idarə etdiyi “Lada Niva” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin ön sol oturacağının altında olan bir ədəd sellofan torbada bir ədəd Q-***** nömrəli, zavod üsulu ilə “Zlataust” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibirli ZK modelli, çaxmaqlı, öz təyinatını itirmiş 16 kalibirli hamar lüləli ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarı cəza təyini ilə bağlı hissədə yüngüllüyünə görə ədalətsiz və əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, kassasiya protestində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi hüquqi əsaslardan məhrum olmaqla yanaşı, işin faktiki halları ilə də uzlaşmır. Birinci instansiya məhkəməsi cəza təyini zamanı yalnız formal mülahizələrə istinad etmiş, iş üzrə əhəmiyyət kəsb edən halları, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən məlumatları lazımi qaydada nəzərə almamışdır. Nəticə etibarilə, təyin edilmiş cəza nə xüsusi, nə də ümumi xəbərdaredici məqsədlərə cavab vermir. Kassasiya protestinin müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşmançılıq çəkməsini əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Lakin, məhkəmə həmin halların hansı konkret faktlarla təsdiq edildiyini, onların şəxsin şəxsiyyətini hansı formada müsbət səciyyələndirdiyini və cəzanın yüngülləşdirilməsinə necə əsas verdiyini hökmdə kifayət qədər əsaslandırmamışdır. Məhkumun əməlindən səmimi peşmançılıq çəkməsi onun cinayət əməlini könüllü etiraf etməsi və hüquq-mühafizə orqanları ilə səmimi əməkdaşlıq etməsi ilə qiymətləndirilməlidir. Ancaq, Məhkum qanunsuz saxladığı odlu silahı təxminən iki ay ərzində könüllü şəkildə hüquq-mühafizə orqanlarına təhvil verməmiş, əksinə həmin silahı avtomobilində gizli şəkildə saxlayaraq daşımışdır. Bu səbəbdən müəllif hesab edir ki, onun davranışı səmimi peşmançılıq kimi qiymətləndirilə bilməz. Protestdə işin faktiki halları ətraflı təsvir edilərək qeyd olunur ki, Məhkum istintaqa məlum olmayan mənbədən əldə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, lüləsi və qundağı kustar üsulla kəsilmiş 16 kalibrli ov tüfənginin kəsiyini avtomobilində saxlamış və daşımışdır. Müəllif bildirir ki, həmin silah əməliyyat-axtarış tədbiri nəticəsində polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Silah könüllü təhvil verilməmiş, yalnız polis müdaxiləsi nəticəsində aşkarlanmışdır. Nəticə olaraq, apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün mühüm halları tam, hərtərəfli və obyektiv araşdırmamış, birinci instansiya məhkəməsinin səhvlərini aradan qaldırmamış və nəticədə təqsirləndirilən şəxsə törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmayan həddən artıq yüngül cəza təyin olunmasına əsas yaratmışdır. Buna görə də, kassasiya protestində protestin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi 228.1-ci maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən: 228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 228.1-ci maddəsində müəyyən etdiyi məhrumiyyət iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Məhkum cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını ən yuxarı həddə təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı bir qədər ağırlaşdırmışdır. Yekun olaraq təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Qeyd edilənlərə əsasən, Məhkum təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısının kassasiya protestinin bu dəlilləri ilə məhkəmə kollegiyası razılaşmayaraq o qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi haqlı olaraq məhkum Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-3087/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3087/2025
16.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver