Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3088/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkum Məhkum iştirakları ilə, 17.08.1984-cü ildə Daşkəsən rayonu, Çanaxçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilmiş, x3 qeydiyyatda olmaqla x4 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-***/**** nömrəli 3 sentyabr 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim A.E.Məmmədov sədrliyi, İ.İ.Ibişov və M.M.Məmmədzadədən ibarət tərkibdə) *(***)-***/**** nömrəli 21 iyul 2025-ci il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 21 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən məhkumun müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən F.N.Mahmudov, hakimlər S.B.Hüseynov, S.Ə.Əzizov) *(***)-***/**** nömrəli 3 sentyabr 2025-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum 10 mart 2024-ci il tarixdə, saat 20.30 radələrində kürəkəni şahid1 yaşadığı Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində VAZ-21011 markalı avtomobilin yük yerindən oğurluq etdiyi üçün Göygöl rayon Polis Şöbəsinin Ictimai Təhlükəsizlik Bölməsində araşdırma aparılması ilə bağlı qızı şahid2, ərinə irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncu əri şahid1 öz iradını bildirməsinə görə kürəkəni, qızını nalayiq ifadələrlə söyüb təhqir etməklə boynundan tutaraq yerə yıxaraq döyüb, dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan boyun nahiyyəsinin qancırları, sol said, sol diz nahiyəsinin sıyrıqları xəsarətləri yetirməsinə görə onlar arasında olan mübahisəni aydınlaşdırmaq üçün həmin gün, saat 21 radələrində yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən qızının yaşadığı evinə gedən zaman, həmin kəndin ərazisində qudası Zərərçəkmiş şəxs idarə etdiyi "QAZ 24" markalı avtomaşınla yanından keçərkən sonuncu onu görüb saxlamış, kürəkəni şahid1 onun qızı şahid2 ilə yaşadıqları evdə mübahisə etmələrini və oğlu Coşqunun onların ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı irad bildirdikdə, qudası Zərərçəkmiş şəxs özü də onları nalayiq ifadələrlə söyüb, təhqir etməklə kürəkəninin onun qızını döyməsinə haqq qazandırmasını, eləcə də yerdən daş götürüb ona atmaq istəməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan məişətdə istifadə edilən kəsici-deşici alətlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərinə gedərək iki dəfə döş qəfəsinin ön səthinin sol hissəsinə, sol bazu nahiyəsinə sağlamlığa yüngül zərər vurmaya aid edilən yara xəsarətləri, eyni zamanda iki dəfə qarın nahiyəsinin ön səthində solda yerləşən, mədənin və köndələn cəmbər bağırsağın zədələnməsi ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərini yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli 3 sentyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi və məhkuma Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək maddənin sanksiyasından aşağı həddə cəza təyin edilməsi xahiş edilmişdir. Şikayət müəllifi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr onun törətdiyi əməldən səmimi peşman olmasını və utanc keçirməsini nəzərə alıb ona sanksiyada nəzərdə tutulmuş cəzadan daha aşağı həddə cəza təyin edə bilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş şəxs verilmiş kassasiya şikayətində məhkum barəsində Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsində “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsi iş materialları ilə sübut edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CMnin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini cəzasını, zərər çəkmiş şəxsin onunla barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, arvadının onkoloji xəstəlikdən əziyyət çəkməsini yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Həmçinin iş materiallarından görünür ki, məhkum Məhkum 2008-ci ildə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apelyasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi üçün göstərilən hallar artıq məhkəmələr tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin məhkum Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair aşağıdakıları qeyd edir: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, məhkum Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edildiyindən daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin 3 sentyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-***/**** nömrəli 3 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3088/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3088/2025
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver