Məhkəmə qərarları › İş №1(102)-3092/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3092/2025

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3092/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, ölmüş məhkum Məhkum müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2024/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarından vəfat etmiş məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Ölmüş məhkum Məhkum ## ### 1965-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq x ünvanında yaşamışdır.

2. 14 avqust 2024-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 29 avqust 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı Zərərçəkmiş şəxs pulu olduğunu öyrənib əlinə yaxşı fürsət düşdüyünə əmin olub tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə vaxtı ilə sonuncunun tanışı X4 babasına məxsus olan, lakin müvafiq qaydada miras kimi adına rəsmiləşdirilməyən x dəniz kənarında yerləşən 4,7 hektar ölçüdə torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış əldə etməyin mümkün olduğuna dair yalan məlumatlar verib bu üsulla etibarını qazanıb inandırmaqla aldadıb ilkin olaraq həmin yerin sənədləşdirilməsi adı ilə ünvan 2 ünvanının qarşısında 2023-cü ilin oktyabr ayında 70.000 manat, həmin ünvanda 2023-cü ilin noyabr ayında 100.000 manat, həmin ünvanda 07 yanvar 2024-cü il tarixdə 100.000 manat pulunu aldıqdan sonra əsl həqiqətdə digər şəxsin adına olan hüquq verən və rəsmi sənəd hesab edilən Torpağın Mülkiyyətə Verilməsinə dair JN 18176D nömrəli 00600066 kodlu şəhadətnamədəki ad, soyad və ata adını X4 adına dəyişdirib istintaqa məlum olmayan vaxtda və üsulla saxtalaşdırıb qanunsuz hazırlamaqla həmin sənəddən bilə-bilə istifadə edib özünə olan inamını daha da möhkəmləndirmək məqsədilə ünvan 2 ünvanının qarşısında 25 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdikdən sonra özgə əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam edərək 24 fevral 2024-cü il tarixdə x 20.000 manat, 25 mart 2024-cü il tarixdə ünvan 2 ünvanının qarşısında 200.000 manat məbləğində pullarını alaraq hüquq verən rəsmi sənədi saxtalaşdırıb və qanunsuz hazırlayıb bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatmaqla dələduzluq yolu ilə əldə etdiyi həmin məbləğdəki pul vəsaitini vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 490.000 (dörd yüz doxsan min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-498/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 03 (üç) il sınaq müddətinin müəyyən edilməsi, mülki cavabdeh Məhkum vurulmuş maddi zərərin əvəzi olaraq 490.000 (dörd yüz doxsan min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 782 (yeddi yüz səksən iki) manat, ümumilikdə 490.782 (dörd yüz doxsan min yeddi yüz səksən iki) manat məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmdən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini, habelə cinayət qanunvericiliyin tələbləri nəzərə alınmaqla ona cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

7. Hökmdən həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, hökmlə təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2024/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən, apellyasiya şikayəti tam təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-498/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəaların hökmdən xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 (bir) gün və həbsdə saxlanıldığı 01 (bir) il 04 (dörd) ay 15 (on beş) gün olmaqla, ümumilikdə 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətin təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 noyabr 2025-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından ölmüş məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. 10.Cinayət işinə kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə məhkum Məhkum ölmüşdür.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Məhkum ağır şəkər xəstəsidir, İ qrup əlil olduğundan və həyati funksiyaları pozulduğundan, sağlamlıq vəziyyəti ilə əlaqədar onun cəzaçəkmə müəssisəsində saxlanılması həkim rəyinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2024/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir.

14. Eyni Məcəllənin 41.2-ci maddəsində müəyyən edilmiş qaydaya görə, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

15. Eyni Məcəllənin 106-1.3-cü maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.

16. Eyni Məcəllənin 106-1.4-cü maddəsində göstərilir ki, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir.

17. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda istinad edilən maddələrinə əsaslanan məhkəmə kollegiyası tərəfindən ölmüş məhkum Məhkum əvvəlki müdafiəçisi müdafiəçi2 verdiyi kassasiya şikayəti üzrə aparılan icraatla bağlı münasibətinin bildirilməsi üçün məhkəməyə məlum olan Məhkum övladı – X3 bildiriş göndərilərək onun ölmüş məhkumun cinayət işi üzrə icraatda iştirak etmək istədiyi və ya istəmədiyi barədə məlumat verməsi xahiş olunmuş, lakin sonuncu bu məsələ ilə bağlı münasibətini hər hansı formada bildirməmişdir.

18. Nəticədə ölmüş məhkum Məhkum hüquqi varisinin müəyyən edilməsi mümkün olmadığından məhkəmənin qərarı ilə cinayət təqibində təmsil edilməsi məqsədilə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərilən müdafiəçi təyin edilmiş və sonuncu kassasiya şikayəti üzrə icraatı davam edərək yekun qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə məhkum Məhkum təqsirliliyi, ona təyin edilmiş cəzanın növü və həddi mübahisələndirilmir, habelə onun barəsində bəraət verilməsini zəruri edən hər hansı digər halların mövcudluğu iddia edilmir. Şikayətin məzmunundan göründüyü kimi, kassasiya baxışının predmetini yalnız Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olması ilə bağlı dəlil təşkil edir, mövcud vəziyyətdə, yəni məhkum öldüyündən isə hətta şikayət təmin edilsə belə, məhkəmə qərarının icrası qeyrimümkün olacaqdır. 20.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mahiyyətini itirdiyindən təmin edilməməli, ölmüş məhkum Məhkum barəsində aparılmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. 21.Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

22. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 23.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2024/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, ölmüş məhkum Məhkum barəsində aparılmış cinayət təqibinə xitam verilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ: Ölmüş məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində aparılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2024/2025 nömrəli, 25 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar