Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3098/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum müdafiəçisi müdafiəçi1 İbrahim oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli, 1(103)- 1356/2023 nömrəli qərarından məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi1 İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimovun (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədova) 17 aprel 2023-cü il tarixli 1(101)- 413/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 23 avqust 2023-cü il tarixli 1(103)- 1356/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(101)-413/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri müdafiəçi6 və müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzov) 06 fevral 2024-cü il tarixli 1(102)-554/2024 nömrəli qərarı ilə məhkumun müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkum ərizəsində əsasən geri qaytarılmışdır. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzov) 17 dekabr 2024-cü il tarixli 1(102)-2568/2024 nömrəli qərarı ilə məhkumun müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Zəfər Əhmədov və Emin Mehdiyev) 05 noyabr 2025-ci il tarixli 1(103)- 1356/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair məhkum Məhkum vəsatəti təmin edilməmişdir. 11 dekabr 2025-ci il tarixdə məhkum Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarından təkrarən kassasiya şikayəti vermiş, onun müdafiəçisi müdafiəçi1 İbrahim oğlu isə 21 aprel 2026-cı il tarixdə həmin kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarına məhkumun kassasiya şikayətinə və müdafiəçisinin həmin şikayətə əlavəsinə kassasiya qaydasında baxılması mümkün deyildir və həmin şikayətlər mümkünlüyə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti yalnız bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Kassasiya şikayəti vermək hüququna malik şəxslərin dairəsi CPM-in 409-cu maddəsində, həmin hüququn həyata keçirilməsi müddətləri isə CPM-in 410-cu maddəsində müəyyən edilmişdir. Belə ki, CPM-in 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi və ya daha yüngül cinayət qanununun tətbiq edilməsinin zəruriliyi əsasları üzrə ittiham hökmündən kassasiya şikayəti həmin hökm və ya qərarın çıxarıldığı gündən, CPM-in 410.1-1-ci maddəsində nəzərdə tutulmuş hallarda isə həmin şəxsə təqdim edildiyi gündən 12 ay müddətində verilə bilər. Göründüyü kimi qanunverici kassasiya şikayəti vermək hüququnu yalnız subyekt tərkibi ilə deyil, həm də konkret prosessual müddətlə məhdudlaşdırmışdır. Başqa sözlə, CPM-in 409cu maddəsində nəzərdə tutulmuş şəxslər kassasiya şikayətini yalnız CPM-in 410-cu maddəsində müəyyən edilmiş müddətlər daxilində verə bilərlər. Qanunverici ədalətli məhkəmə araşdırmasının təmin olunması məqsədilə kassasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxıldığı hallarda həmin müddətin bərpası institutunu da nəzərdə tutmuşdur. Belə ki, CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən buraxıldıqda, CPM-in 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında həmin müddətin bərpası barədə vəsatət qaldıra bilərlər. Eyni zamanda, qanunvericilikdə müddətin bərpası institutundan kənar kassasiya şikayəti vermək hüququnun yenidən əldə olunması nəzərdə tutulmamışdır. CPM-in 411.2-ci maddəsinə əsasən isə kassasiya şikayətinin verilməsi müddətinin bərpası məsələsinə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. İş materiallarından görünür ki, məhkum Məhkum Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarından kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və yalnız 17 oktyabr 2025-ci il tarixdə həmin müddətin bərpası barədə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarı ilə həmin vəsatət təmin edilməmişdir. Buna baxmayaraq, məhkum Məhkum 11 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarını mübahisələndirmədən təkrarən 23 avqust 2023-cü il tarixli qərardan kassasiya şikayəti vermişdir. Sonradan, 21 aprel 2026-cı il tarixdə məhkumun müdafiəçisi Ə.İ.Mövlayev tərəfindən həmin kassasiya şikayətinə əlavə də Ali Məhkəməyə təqdim edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi məhkumun kassasiya şikayətinin mümkünlüyü məsələsinə hüquqi qiymət vermədən şikayəti baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. CPM-in 415-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin baxılmamış saxlamaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Məhkəmə kollegiyası cinayət prosessual qanunun yuxarıda göstərilən normalarına əsaslanaraq hesab edir ki, qərarda göstərilən hallar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinə və ona əlavəyə hazırkı mərhələdə kassasiya qaydasında baxılmasını istisna edir. Buna görə də kassasiya şikayəti və müdafiəçinin həmin şikayətə əlavəsi mümkünlüyə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarından məhkum Məhkum və müdafiəçi müdafiəçi1 İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-3098/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3098/2025
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver