Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-31/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 21 oktyabr 2022-ci il tarixli, 1(012)-83/2022 nömrəli hökmü ilə xx xxx 1980-ci ildə Türkiyə Respublikasının Aksaray şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, mənzil 35-də müvəqqəti qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, ona 12000 manat müqabilində Gürcüstan Respublikasından «Audi» markalı avtomobil gətirəcəyinə yalandan vəd verib aldadaraq inandırmış 07 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində 3000 (üç min) ABŞ dollarını ələ keçirib verdiyi vədə əməl etməmiş, niyyətinin davamı olaraq zərərçəkmiş şəxsdə əlavə pul olduğuna əmin olduqdan sonra həmin pulu dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Audi” markalı avtomobilin əvəzinə hündür avtomobil, yəni “Hyundai Santa Fe” markalı avtomobil gətirəcəyi adı ilə xx.xx.2019-cu il tarixdə eyni ünvanda 12000 (on iki min) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12000 (on iki min) manat və 3000 (üç min) ABŞ dolları məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 23 fevral 2023-cü il tarixli, 1(105)-77/2023 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 1(012)-83/2022 nömrəli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apelyas iya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Kassator hesab edir ki, Abşeron Rayon Məhkəməsinə və Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim etdiyi ekspertiza rəyləri, Azərbaycan Respublikasının dövlət sərhədinə giriş-çıxış qeydiyyat sənədləri, zərərçəkmiş şəxs ilə arasındakı telefon mesajlarının qeydləri, telefon məlumatlarının anten dairəsi birinci instansiya məhkəməsi tərəfindən tələb edilərək iş materiallarına əlavə edilsə də, həmin sənədlər nəzərə alınmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin tələb etmiş olduğu bir sıra qərarlar polis orqanları tərəfindən qəsdən icra edilmədiyi halda iş materiallarına əlavə edilmişdir. O cümlədən iş üzrə zərərçəkmiş və şahidlərin üzləşdirmə protokolları iş materiallarından qəsdən çıxarılmış, birinci instansiya məhkəməsi hökmünün türk dilinə tərcümə edilmiş surəti ona təqdim edilməmişdir. Həmçinin kassator şikayətində qeyd edir ki, hadisə zamanı o, Azərbaycan Respublikasının ərazisində olmamışdır. Bu səbəbdən onun barəsində çıxarılmış hökm həm ədalətsizdir, həm də əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmad an saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmamış, cinayət işinə əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, o, təqsirli bilindiyi cinayətlərin törədildiyi tarixlərdə orada və ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Lakin məhkəmələr həmin sübutlara əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutul muş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublik ası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 ifadələri, habelə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Eren Abdukadirin ifadələri və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə məhkumun cinayətin törətməməsi barədə ifadəsi digər sübutlarla təkzib olduğundan həqiqətə uyğun olmayan və özünü müdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apelyasiya şikayətinə əsasən baxıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittiham üzrə təqsirliyinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təqsirini müəyyən edən sübutlar məhkəmələrin hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun cinayətin törədilməsində iştirakını istisna edən sübutların nə zərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında məhkumun cinayətdə iştirakını istisna edən hər hansı bir sübut yoxdur. Həmin dəlil müdafiə tərəfin apelyasiya şikayətində də göstərilmiş və apelyasiya baxışının predmeti olmuşdur. Apelyasiya məhkəməsi həmin dəlillə əlaqədar ətraflı araşdırma aparılmış və onun əsassız olmasına dair nəticəyə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət ha disəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini özünü müdafiə xarakterli hesab etməklə, işin faktiki halları ilə və iş üzrə to planmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmamasını qeyd etmiş, onun törətdiyi əməl iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətini onun elan edilmiş ittihamda təqsirsiz olması, onun zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməlini törətməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum kassasiya şikayətinin dəlillərindən digəri apelyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya insta nsiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Məhkum Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alıb Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiya həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-31/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-31/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver