Məhkəmə qərarları › İş №1(102)-310/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-310/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-310/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) 13 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxx 1987-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, X yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmə lini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 5 may 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 10 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfi ndən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-505/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikasında olan digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgər abad» dairəvi yolunun kənarında, «90» sürət həddini göstərən yol nişanının altında gizlədilmiş külli miqdarda, 1560,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 05 may 2022-ci il tarixdə saat 23:15 radələrində həmin yerə gələrək qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb, özü ilə gətirdiyi çantanın içərisinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022ci il tarixdə saat 23:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "Zirvə” restoranının yaxınlığında, Biləsuvar şəhəri istiqamətində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra əlindəki çantaya baxış k eçirilərkən həmin çantanın içərisində bir ədəd gümüşü rəngli bağlamada külli miqdarda, 1560,0 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, aparılmış istintaq və məhkəmə araşdırılması zamanı sübutlar öz təsdiqini tapmamışdır. Hadisə günü onu Biləsuvar rayonu “Azpetrol” yanacaq doldurma məntəqəsində polis əməkdaşları saxlamış və razılığı ilə üstünə baxış keçirərək heç bir qadağan olunmuş əşya aşkar etməmişlər. Üzərində guya hər hansı qanunsuz əşya aşkar edildiyi təqdirdə heç bir videoçəkiliş aparılmamışdır. Atası vəfat etmiş, ailəlidir, iki azyaşlı övladı var və ailənin yeganə qazanc gətirən şəxsidir. Hal hazırda isə günahsız cəza çəkir. Kassasiya şikayətində Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək bəraət verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiy a şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının m üəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsasl ılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bi lər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış v ə sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahın ı verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxs in təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərə kət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, məhkumun təqsirlilik məsələsi mübahisələndirilərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin tədqiq etdiyi: Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanlanmış "Raport”undan müəyyən olunur ki, Məhkum narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etmə, saxlama, daşıma və satması barədə əməliyyat məlumatı daxil olmuşdur; «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 05 may 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Məhkum ətrafında təxirəsalınmaz əməliyyat-a xtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur; «Şəxsi axtarış və götürmə haqqında» 06 may 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, videoçəkiliş aparılmaqla Məhkum üzərində şəxsi axtarış aparılarkən ona üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa təqdim etməsi təklif edilmiş, o, üzərindən 1 ədəd Samsunq markalı mobil telefonu və çiynindən asılmış qara rəngli çantadan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bağlamanı təqdim edərək bildirmiş ki, həmin bağlamanın içərisində narkotik maddə heroin vardır və Abbas adlı İİR vətəndaşından almışdır. Həmin bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə 1580,0 qram olması müəyyənləşdirilmişdir; Məhkəmə Fiziki-Kimyəvi ekspertizasının 06 may 2022-ci il tarixli, 19/561 nömrəli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Məhkum üzərindən aşkar edilmiş qızılı kağıza bükülmüş bağlama” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi 1560,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Məhkum məxsus mobil telefona baxış keçirilməsi haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum məxsus olan mobil telefon «Samsung A-12 » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır. Telefonun "kontaktlar” hissəsinə baxan zaman İran İslam Respublikasının operatorlarına məxsus olan +******** **07 saylı mobil nömrəsinin, həmin mobil nömrənin sahibinin adının "Abbas” kimi qeyd edilməsi müəyən olunmuşdur. Bundan başqa mobil telefonun kontaktlar hissəsinə baxış zamanı adı "Eldar” kimi yazılmış İran İslam Respublikasının operatorlarına məxsus olan +**********813 saylı, habelə +**********50 saylı mobil nömrələrinin olması müəyyən edilmişdir. Həmin mobil telefonun "Mesajlar” hissəsinə baxış keçirilən zaman Məhkum məxsus olan plastik karta 05 may 2022-ci il tarixdə saat 23:18 dəqiqədə 10 manat pulun göndərilməsi, həmin gün saat 23:43 dəqiqədə isə "Kapital Bank”-a məxsus olan, ünvan 2 ünvanında yerləşən "Aran marketin” qarşısında quraşdırılmış bankomatdan 25 manat pulun çıxarılması barədə bildirişlərin göndərilməsi müəyyənləşdirilmişdir. Həmin mobil telefonun "Qalareya” bölümünə baxış keçirilərkən üzərində Abbas sözü yazılmış "Volqa” markalı, qara rəngli avtomobilin fotoşəklinin, həmçinin Biləsuvar rayonu, «Çaylı-Əsgərabad » dairəvi yolunun kənarında, « 90 » sürət həddini göstərən yol nişanının fotoşəklinin olması müəyyən edilmişdir. Telefonun "WhatsApp” proqramına baxış keçirilən zaman isə adı "Abbas” kimi yazılmış +**********07 saylı mobil nömrənin istifadəçisi ilə Məhkum arasında olan danışıqların, yəni səs yazılarının, fotoşəkillərin və mesajların silinməsi müəyyən edildi. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində ta m, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması bar ədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsəd i ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum edilmiş şəxs kassasiya şikayətində polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman hər hansı qanunsuz əş ya aşkar edilməməsi barədə dəlillərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında araşdırılmış sübutlara əsasən müəyyən etdiyi və apellyasiya instansiya məhkəməsinini razılaşdığı hallara əsasən Məhkum şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi çiynindən asdığı çantadan aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını səsli nitqi ilə bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Biləsuvar Rayon Polis X3 cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, yaln ız Biləsuvar rayonu ərazisində olarkən İİR-də olan Abbas adlı şəxs tərəfindən göndərilmiş bağlamada narkotik vasitə olmasını bilməsi, bunu bildikdən sonra həmin maddəni qoyulduğu yerdən götürməkdən imtina etməsi və geri qayıtması, saxlanılarkən üzərində narkotik vasitə olmaması, çiynindən asdığı çantaya narkotik vasitənin sonradan polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamışdır Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsini obyektiv həqiqət kimi qəbul etməmiş, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmiş, ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etmişlər. Belə olan halda, Məhkum üzərində aşkar edilmiş narkotik maddənin ona məxsus olmamasına dair mülahizələr təkzib olunur, narkotik maddənin növü və miqdarı həmin maddənin satış məqsədi ilə saxlanılması barədə ittihamın dəlillərini təsdiqini edir. Məhkəmələr qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyyələrinə riayət etməklə Məhkum əməlini düzgün olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlanılması və daşıması kimi qiymətlən dirmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələl ərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edil miş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulm ası halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar