Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3101/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 1(103)- 1135/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Elçin Ağayev) 11 aprel 2025-ci il tarixli, 1(001)-74/2025 nömrəli qərarı ilə 09 iyun 1999-cu il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzində baş mühasib vəzifəsində işləyən, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 225.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum onun 2022-ci ilin iyun ayından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (bundan sonra– Zəngilan rayon GEM) baş mühasibi vəzifəsində işləyərkən, həmin Mərkəz üzrə verilmiş 25 avqust 2022-ci il tarixli, 01 nömrəli əmrlə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən qeyriyaşayış binasının ikinci mərtəbəsində fəaliyyət göstərən Zəngilan rayon GEM-in istifadəsində olan hissəsində elektrik qurğularının artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin etməməklə, eyvanda tez alışan və yanan mayeləri (xlor, bromosept, markafos və s.) saxlamaqla, o cümlədən, elektrik qurğularını gərginliyə qoşulu vəziyyətdə saxlamaqla “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN 01-2001) 6.2 və 6.3-cü, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.2.7.6 və 2.2.7.13 bəndlərinin, Zəngilan rayon GEM ilə şahid9 nümayəndəsi şahid2 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli icarə müqaviləsinin 5.1 və 5.3.2 bəndlərinin tələblərini kobud surətdə pozması, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməməsi 23 noyabr 2023-cü il tarix, saat 20 radələrində həmin binanın ikinci mərtəbəsinin Zəngilan rayon GEM-in istifadəsində olan eyvanında, tavan səviyyəsində keçən və gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanmadan atılan qığılcımların döşəmə üzərinə yığılmış yanar maddələri alışdırmasından yanğın hadisəsinin baş verməsi ilə nəticələnmiş, bu hadisə onun ehtiyatsızlığından həmin vaxt binanın birinci mərtəbəsinin pilləkən qəfəsində olmuş Zərərçəkmiş şəxs İsabala qızının qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol əlin, sol bazu nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin ümumi bədən səthinin təqribi 20-25 % əhatə edən II dərəcəli termiki yanıq yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Aqil Musayev (sədrlik edən və məruzəçi hakim), Cavid Hüseyn və Habil Məmmədov) 14 oktyabr 2025-ci il tarixli, 1(103)-1135/2025 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2025ci il tarixli, 1(001)-74/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CMin 225.1-ci maddəsi ilə təyin edilmiş cərimə cəzasının miqdarı 2000 (iki min) manata endirilmiş, müdafiəçi Müdafiəçi verdiyi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 1(103)-1135/2025 nömrəli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CPM-in 10.5 və 39.1.2-ci, 340.1, 350-ci maddəsinə əsasən cinayət təqibi üzrə onun barəsində cinayət işi materialları üzrə bəraət hökmü qəbul edilməlidir. İş materiallarından görünür ki, yanğın ilkin olaraq binanın 2-ci mərtəbəsində yerləşən ümumi istifadədə olan eyvanda baş vermişdir. Həmin eyvan Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinə icarəyə verilməmiş, ümumi istifadədə olmuşdur. Kassatorun fikrincə həmin hal onun cinayət məsuliyyətini istisna edir. Lakin məhkəmələr işin bu hallarına qiymət verməmiş, iş üzrə araşdırma tam və hərtərəfli aparılmamış, hökmün əsaslandırmasında sübutlar təhrif olunmuşdur. İşdə olan binanın kabel naqillərinin izolyasiya müqavimətinin ölçülməsi işlərinin aparılmasına dair 04\22 saylı 04.12.22 tarixIi protokolda qaralamalar və tarixdəki pozuntular, uyğunsuzluqların olması saxtalaşdırmalara dair şübhələrin olduğunu təsdiq edir. Bu barədə verilən vəsatətə sonra baxılacağını bildirsə də iş üçün mühüm əhəmiyyət kəsb edən bu fakta qiymət veriIməmişdir. Həmçinin müdafiə tərəfinin şahidlər X1, şahid12 və şahid15 İlyas oğlunun dindirilməsinə dair vəsatət iclas protokolunda qeydə alınmamışdır. Apellyasiya məhkəməsi də mövcud pozuntunu təkrar etməklə göstərilən şahidlərin dindirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq barəsində Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək kassasiya şikayətində göstərmişdir ki, yanğın binanın 2-ci mərtəbəsində yerləşən eyvanda başlamış, həmin eyvan onun çalışdığı Mərkəzin icarəyə götürdüyü sahəyə daxil olmamış, ümumi istifadədə olmuşdur. Bu səbəbdən də, onun fikrincə, hazırkı cinayət işi üzrə nəzərdə tutulmuş cinayət əməlini məhz onun törətməsi barədə məhkəmələrin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsabala qızı, şahidlər şahid2, şahid24, şahid18, şahid23, şahid2, şahid22, şahid3 verdikləri ifadələri, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis və ekspertiza rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu məhkum Məhkum Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə məhkəmələrin gəldiyi nəticənin qanuni və əsaslı olduğunu təsdiq edir. Kassasiya şikayətində yanğının binanın ikinci mərtəbəsində yerləşən eyvanda başlaması və həmin eyvanın Mərkəzin icarəyə götürdüyü sahəyə daxil olmaması barədə göstərilən hallar məhkumun cinayət məsuliyyətini istisna edən hallar kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün həlledici əhəmiyyət kəsb edən məsələ yanğının konkret hansı sahədə baş verməsi deyil, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verilməsi və həmin pozuntu ilə baş vermiş nəticələr arasında səbəbli əlaqənin mövcud olmasıdır. Məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, yanğının baş verməsinə səbəb olan hallar məhkumun xidməti fəaliyyəti və ona həvalə olunmuş vəzifələrin icrası ilə bağlı olmuş, onun yol verdiyi pozuntular yanğının yaranması və yayılması üçün şərait yaratmışdır. Bu səbəbdən məhkumun yanğının ümumi istifadədə olan eyvanda başlaması barədə dəlili onun əməli ilə baş vermiş nəticələr arasındakı səbəbli əlaqəni aradan qaldırmır. Cinayət işinin materiallarından görünür ki, Zəngilan Rayon Gigiyena və Epidemiologiya Mərkəzində təhlükəsiz istismar və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət Mərkəzin direktorunun əmri ilə məhz Məhkum həvalə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə yanğın-texniki ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, şahidlərin ifadələri və digər sübutlarla müəyyən edilmişdir ki, yanğın elektrik təsərrüfatında baş vermiş qısaqapanma nəticəsində yaranmışdır. Həmçinin müəyyən olunmuşdur ki, yanğının baş verməsinə səbəb məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanmış normativ hüquqi aktların tələblərini kobud şəkildə pozması, yanğın təhlükəsizliyi norma, standart və qaydalarına riayət etməməsi olmuşdur. Məhkumun kassasiya şikayətində göstərdiyi kimi, yanğının binanın ümumi istifadədə olan eyvan hissəsində başlaması özlüyündə onun cinayət məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, yanğının baş verdiyi eyvan sahəsi faktiki olaraq Zəngilan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçilərinin istifadəsində olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, həmin eyvanda Mərkəzə məxsus tezalışan maddələr saxlanılmışdır. Belə olan halda, məhkəmələr haqlı olaraq belə nəticəyə gəlmişlər ki, Zəngilan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçilərinin faktiki istifadəsində olan həmin sahədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək, bu qaydaların pozulmasının qarşısını almaq və yanğın təhlükəsinin yaranmasına yol verməmək vəzifəsi məhz məhkum Məhkum aid olmuşdur. Buna görə də, yanğının ümumi istifadədə olan sahədə baş verməsi məhkumun üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məsuliyyətini aradan qaldırmır və onun təqsirsiz olması barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməyə imkan vermir. Bundan başqa, kassasiya şikayətində göstərilən hallar işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmış, həmin dəlillərə hüquqi qiymət verilmiş və onların əsassız olması barədə nəticəyə gəlinmişdir. Kassasiya şikayətində isə həmin nəticələrin səhv olduğunu göstərən, sübutların qiymətləndirilməsində yol verilmiş hər hansı konkret qanun pozuntusuna və ya yeni hallara istinad edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri iş üzrə sübutları CPM-in tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edib qiymətləndirmiş, Məhkum Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə təqsirli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri işin faktiki hallarını, sübutları və ekspert rəylərini düzgün qiymətləndirərək əsaslı nəticəyə gəlmişlər ki, Məhkum hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur və onun əməlində Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə gəldikləri nəticə işin faktiki hallarına və cinayət işi üzrə toplanmış sübutlara uyğun olmuşdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 1(103)-1135/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 1(103)-1135/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-3101/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3101/2025
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver