Məhkəmə qərarları › İş №1(102)-3102/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3102/2025

21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3102/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin # ### 2024-cü il tarixli hökmü ilə (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) Məhkum, ## ###### 1990-cu ildə Zəngilan rayonunun Məhəmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayon Sukanal Idarəsinin Texniki istehsalat şöbəsinin mühəndisi vəzifəsində işləmiş, əvvəllər Sabunçu Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Zəngilan rayonunun Məhəmmədbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,988 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və ## ##### 2023-cü il tarixdə saat 11:15 radələrində Sabunçu rayon Polis Idarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu rayonu Oskar Əfəndiyev küçəsi 10 ünvanında yerləşən Sabunçu rayon Polis Idarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,988 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin # ### 2024-cü il tarixli hökmündən məhkum Məhkum və onun müdafiəçisi Ibrahimov Fikrət Nüsrət oğlu tərəfindən birgə və digər müdafiəçisi Məmmədov Qara Məhərrəm oğlu tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ibrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti və həmin şikayətə əlavə verərək göstərilən qərarın ləğv edilməsini və onun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, işdən evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılmış, orada ona hədəqorxu gəlinərək və fiziki təzyiq göstərilərək narkotik vasitənin ona məxsus olunmasına dair etirafedici ifadələr alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkum Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum Məhkum kassasiya şikayətinə verdiyi əlavədə Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrinə, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) bir çox maddələrinə (bu maddələrdə nəzərdə tutulmuş normaları təfsir verməklə), “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarlarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * saylı Qərarlarına, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, Məhkum ona qarşı irəli sürülərək təqsirli bilindiyi ittihama, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarına, həmin aktlarda məhkəmələrin gəldikləri müvafiq nəticələrə istinad edən və işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən məhkum Məhkum həmin müraciətini belə əsaslandırmışdır ki, məhkəmələr onun CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən CPM-in 145 və 146-cı maddələrinin tələblərinin pozulmasına yol vermiş və məhkəmələrin gəldikləri nəticə qanunsuz və əsassız olmuşdur. Həmçinin ittihamın sübut olunmasında yaranan şübhələr aradan qaldırılmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq onun əleyhinə təfsir edilmişdir. Belə ki, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara əsaslanmır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmələrin müəyyən etdikləri hallar onların tədqiq etdikləri sübutlara uyğun gəlmir. Eyni zamanda məhkəmələr iş üzrə yekun məhkəmə aktlarını qəbul edərkən nəzərə almamışlar ki, həmin aktların əsasına qoyulmuş bir sıra sübutlar ilkin və ibtidai araşdırmalar zamanı kobud qanun pozuntuları ilə, o cümlədən onun azadlıq və müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş, yəni bu aktların əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla əlaqədar müraciət müəllifi qeyd etmişdir ki, ## ##### 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətinin video çəkilişi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmiş, həmçinin onun şübhəli şəxs qismində tutulması və üstündə şəxsi axtarışın aparılması üçün polis əməkdaşlarının əlində qanunda nəzərdə tutulmuş heç bir əsas, o cümlədən keçirilmiş hər hansı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutlar olmamışdır. Belə ki, barəsində hər hansı əməliyyat-qeydiyyat işi açılmamış, ehtimal edilən əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri ilə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və bu xüsusda onun tutulması barədə hər hansı sübut (telefon danışıq məlumatları, müşahidə məlumatları, baxış keçirmə, video müşahidə nəticəsində əldə edilmiş məlumatlar və sair) əldə edilməmişdir. Məhkum Məhkum qənaətinə görə, bütün qeyd olunanlar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilərək onun CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar yaratdığından o, həmin qərardan verdiyi kassasiya şikayətinə əlavənin təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya müraciətlərinin məzmunundan göründüyü kimi, həmin müraciətlərin əsas dəlili ondan ibarətdir ki, onun təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və o, təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkum Məhkum hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini və həmin şikayətə əlavəsini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə onun barəsindəki yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya müraciətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı həmin tələblər həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsində təqsirli olan şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində ittiham hökmləri çıxarılmaqla bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun # ### 2024-cü il tarixli hökmün təsviriəsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsini müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi də işə qismən məhkəmə istintaqı aparmaqla baxarkən həmin sübutların bir qismini yenidən tədqiq etmiş və bütün bu sübutların Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, kassasiya müraciətlərinin dəlillərinin əksinə olaraq, iş üzrə hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, və apellyasiya instansiyası məhkəmələri tərəfindən isə tədqiq və təhlil olunmuş mötəbər sübutlarla təkzibedilməz şəkildə işin faktiki halları belə müəyyən edilmişdir ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq, 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,988 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və ## ##### 2023-cü il tarixdə saat 11:15 radələrində Sabunçu rayon Polis Idarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu rayonu Oskar Əfəndiyev küçəsi 10 ünvanında yerləşən Sabunçu rayon Polis Idarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,988 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya müraciətlərində istinad edilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işin bu faktiki halları, yəni Məhkum təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirliliyi heç bir şübhə doğurmayan, CPM-in 124, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla məhkum Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlər şahid5, şahid4 ardıcıl olaraq həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdikləri eyni məzmunlu ifadələri ilə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 və şahid3 ifadələri ilə, “şəxsi axtarış və götürmə aparılması haqqında” ## ##### 2023-cü il tarixli protokolla, bu istintaq hərəkətinin aparılmasını özündə əks etdirən və DVD diskə yazılaraq həmin protokola əlavə edilmiş video görüntülərlə, məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2023-cü il tarixli */**** nömrəli rəyi ilə, habelə maddi sübutla və işə əlavə edilmiş sübut əhəmiyyətli prosessual və qeyri-prosessual sənədlərlə tam təsdiq olunur. Bu sübutların birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini o, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamış və daşımış və bu baxımdan onun əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi və kassasiya qaydasında mübahisələndirilən yekun qərara nəzər yetirərək, vurğulamağı lazım bilir ki, həmin məhkəmə öz qərarında bütün sübutları ətraflı təsvir etməklə yanaşı, onlara ayrı-ayrılıqda və məcmu şəklində qanunda nəzərdə tutulmuş qaydada qiymət vermiş, iş üzrə gəldiyi nəticəni, o cümlədən məhkum Məhkum məhkəmə iclasında deyil, məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə üstünlük verməsini kifayət qədər əsaslandırmışdır. Eyni zamanda məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin məhkəmələr tərəfindən onun təqsirliliyinə dəlalət edən əsas sübutlardan biri kimi qəbul edilməsində və həmin ifadələrin qəbul olunmuş yekun məhkəmə aktlarının əsasına qoyulmasında da heç bir qanun pozuntusunu müəyyən etmir, çünki, yuxarıda qeyd olunduğu və CPM-in 126.6-cı maddəsinin tələb etdiyi kimi, məhkumun bu ifadələri, iş üzrə qanuni yolla toplanmış və araşdırılmış digər bütün sübutların məcmusu ilə təsdiq edilir. Məhkəmə kollegiyası da bu qiymətləndirmə və əsaslandırma ilə razılaşaraq istər araşdırılmış sübutların, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış qiymətləndirmənin və əsaslandırmanın təsvirinin hazırkı qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür. Məhkum törətdiyi əmələ münasibətdə maddi hüquq normasının tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də birinci və apellyasiya instansiyası məhkəmələri heç bir səhvə yol verməmiş və bu haqda məhkəmələrin gəldikləri nəticə aşağıda göstərilənlərlə də tam uzlaşır. Əvvəla məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Cinayət məsuliyyətinin əsasları təsbit olunmuş CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu isə o deməkdir ki, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hazırkı iş üzrə Məhkum təqsirli bilindiyi ittihama və bu ittihamın arxasında duran sübutlara görə, o, psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməli satış məqsədi olmadan törətmiş, həmin psixotrop maddənin miqdarı külli miqdarda olmuşdur ki, müvafiq sübutlarla təsdiq edilən bu hallar adı çəkilən məhkumun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə və buna görə onun tam qanuni və əsaslı olaraq həmin maddə ilə təqsirli bilinib məhkum olunmasına dəlalət edir. Şərh olunanlara və iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilərək məhkum olunmuş şəxs Məhkum haqqında cinayət təqibinə hər hansı, o cümlədən bəraətverici əsaslarla xitam verilməsi barədə qərarın qəbul edilməsini mümkün bilmir. Ümumilikdə məhkum Məhkum kassasiya müraciətlərində göstərilən dəlillərə gəldikdə isə məhkəmə kollegiyası iş üzrə aşağı instansiya məhkəmələrinin toplanmış və araşdırılmış sübutların qiymətləndirilməsi və qəbul etdikləri yekun məhkəmə aktlarının əsaslandırılması ilə tam razılaşır və qeyd etməyi lazım bilir ki, əvvəla bu dəlillər mötəbər sübutlarla tamamilə təkzib olunur və bu sübutların məcmusu heç də Məhkum heç bir cinayət törətməməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dəlalət edən sübutların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün də əsaslar görmür ona görə ki, iş materialları ilə həmin sübutların CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi müəyyən edilmir, digər tərəfdən isə bu sübutların bəziləri elə müdafiə tərəfinin vəsatətlərinə əsasən əldə olunaraq qəbul edilmiş yekun məhkəmə aktlarının əsasına qoyulmuşdur. Məhkum Məhkum kassasiya şikayətinə verdiyi əlavədə barəsində əməliyyat-axtarış tədbirlərinin düzgün keçirilməməsinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası cinayət işinin materiallarına və qanunvericiliyin tələblərinə, xüsusən də “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq qeyd etməyi lazım bilir ki, göstərilən tədbirlər ## ##### 2023-cü il tarixdə qəbul edilmiş qərara əsasən keçirilmiş, qərarda isə tədbirlərin mahiyyəti təsvir olunmuş, bu tədbirlərin həyata keçirilməsi üçün ## ##### 2023-cü il tarixli protokolla əməliyyat qrupu yaradılmış və məhz həmin qrupun üzvləri Məhkum saxlanılmasında, onun polis şöbəsinə gətirilməsində və üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş, bu zaman isə hər hansı qeyri-qanuni hərəkətlərə və ya qanun pozuntusuna yol verməmişlər. Iş üzrə ilkin və ibtidai araşdırma zamanı sübutların qanunsuz yolla əldə edilməsinə dair məhkum Məhkum kassasiya müraciətinin dəlillərinə cavab olaraq, məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, istər Məhkum saxlanılması, sonradan isə müdafiəçinin iştirakı ilə tutulması, daha sonra isə - onun üzərində yenə də müdafiəçinin iştirakı ilə şəxsin axtarışın keçirilməsi, istərsə də sonradan iş üzrə ibtidai araşdırmanın aparılması zamanı prosessual qanunvericiliyin heç bir tələbi pozulmamış, bu zaman sonuncunun həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi CPM-in müvafiq olaraq 90 və 91-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah edilərək onun bütün hüquqları, o cümlədən müdafiə hüququ tam təmin edilmiş, onunla istintaq hərəkətlərinin hamısı isə müdafiəçisinin iştirakı ilə aparılaraq bu haqda prosessual qanunvericiliyinin tələblərinə uyğun prosessual sənədlər tərtib edilmişdir. Məhkum Məhkum isə öz müraciətində bu halları təkzib etsə də, bununla bağlı tutarlı dəlillər irəli sürə bilməmiş və ilkin və ibtidai araşdırma zamanı sübutların qanun pozuntusu ilə əldə edilməsini təsdiq edən mötəbər və inandırıcı sübutlara istinad etməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında işə mahiyyəti üzrə baxan həmin məhkəmələr iş üzrə həm məhkum olunmuş şəxsin təqsirliliyi, həm də onun əməlinin hüquqi tövsifi barədə müvafiq nəticələrə gələrkən bunları kifayət qədər əsaslandırmış və bu zaman araşdırılmış sübutlarla yanaşı, həmçinin müvafiq maddi və prosessual hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bir sıra Qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə, izah və tövsiyələrinə də istinad etmişlər. Kassasiya müraciətlərində Məhkum ona təyin edilmiş cəzanın açıq-aşkar ağır olması barədə dəlillərə əsaslanmayaraq bununla bağlı heç bir tələb irəli sürməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinə əsaslanaraq kassasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və həmin yoxlamanın nəticəsində müəyyən olunmuşdur ki, Məhkum barəsində cəza tədbirini seçən birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi müvafiq maddə ilə cəza təyin etmə məsələsini həll edərkən onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, himayəsində iki azyaşlı uşaqlarının olmalarını CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş və CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və məhkum Məhkum tərəfindən verilmiş kassasiya müraciətlərinin təmin edilməsi barədə onun özünün, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və həmin şikayətə edilmiş əlavə təmin edilməməli, Məhkum CMin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum kassasiya şikayəti və həmin şikayətə edilmiş əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar