Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3103/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü ilə (hakim Hüseynov Cavid Ibadulla oğlunun sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) ## ###### 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə Məhkum təyin olunan 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 03 ay 27 gün azadlıqdan məhrum etmə ilə qismən birləşdirilməsi və Məhkum qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu ## ##### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X5 ibarət tərkibdə) *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, onun barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Məhkum barəsində hazırki iş üzrə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, 1(010)- ***/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsi qismən birləşdirilərək, hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən kassasiya protesti verilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,325 qram, yəni külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin kütlə Məhkum ## ##### 2024-cü il tarix, saat 20:30da Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 30-cu polis şöbəsinin (bundan sonra – 30-cu PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Limon” kafesinin yaxınlığında saxlanılıb, 30-cu PŞ-nin inzibati binasına aparıldıqdan sonra orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş cins şalvarın arxa sağ cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum saxlanılması və sonrakı istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmiş, iş üzrə sübutların toplanması və qiymətləndirilməsi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Polis əməkdaşları məhkumun yaşadığı evə yalnız axtarışda olan Kəmalə Əliyevanın həmin ünvanda olması səbəbindən gəlmişlər və məhkumun Kəmalə Əliyevanın axtarışda olması barədə əvvəlcədən məlumatı olmamışdır. Polis əməkdaşları evdə olan şəxslərin üzərinə baxış keçirsələr də, həmin anda onların heç birinin üzərində narkotik vasitə aşkar edilməmişdir. Şikayətdə qeyd olunur ki, Məhkum heç bir qanuni əsas olmadan yaşadığı evdən polis əməkdaşları tərəfindən zor tətbiq edilməklə çıxarılmış və polis şöbəsinə aparılmışdır. Bundan sonra, polis əməkdaşları onu yaşadığı evə külli miqdarda heroin yerləşdirəcəkləri ilə hədələmiş, psixoloji təzyiq və məcburiyyət altında ona təqdim edilən narkotik vasitənin guya özünə məxsus olduğunu etiraf etməyə məcbur etmişlər. O, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrin sərbəst iradəsinin ifadəsi olmadığını, polis əməkdaşları, təhqiqatçı və müstəntiq tərəfindən diktə edildiyini bildirmişdir. Kassasiya şikayətində mühüm hüquqi arqument kimi göstərilir ki, məhkumun üzərində və mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya satışı ilə bağlı hər hansı maddi sübut, yazışma və ya digər məlumat aşkarlanmamışdır. Bundan əlavə, onun faktiki istifadə etdiyi mobil nömrə ilə cinayət işi materiallarında göstərilən mobil nömrə arasında uyğunsuzluq olmuş, istifadə etdiyi mobil nömrənin anten dairəsinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılmamışdır. Müdafiə tərəfi hesab edir ki, bu hal ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmadığını göstərir. Şikayətdə həmçinin vurğulanır ki, cinayət işi materiallarında olan bəzi prosessual sənədlərlə məhkəməyə təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın, dindirmə protokolunun və müdafiəçiyə verilmiş orderin müxtəlif variantlarının mövcudluğu iş üzrə sənədlərin həqiqiliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr yaratmışdır. Buna baxmayaraq, həmin sənədləri tərtib etmiş müstəntiq və müdafiəçi məhkəmədə şahid qismində dindirilməmiş, bu xüsusatlar araşdırılmamışdır. Müdafiə tərəfi həmçinin qeyd edir ki, Kəmalə Əliyeva və Dəniz Dünyamalıyeva kimi mühüm əhəmiyyət kəsb edən şəxslər əlavə şahid qismində məhkəmədə dindirilməmiş, müdafiə tərəfinin təqdim etdiyi yazılı və şifahi vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Bu səbəbdən müdafiə tərəfi hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflərin təqdim etdiyi sübutların tam və obyektiv tədqiqi təmin olunmamış, müdafiə hüququ məhdudlaşdırılmışdır. Məhkumun müdafiəçisi Müdafiəçi yuxarıda göstərilənləri nəzərə alaraq, cinayətprosessual qanunvericiliyə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestindən görünür ki, məhkəmə istintaqı zamanı Məhkum törətdiyi əməli etiraf etməsə də, ibtidai istintaq zamanı verdiyi ifadələr, iş üzrə tərtib olunmuş prosessual sənədlər və digər sübutlar onun təqsirini tam təsdiq edir. Məhkum əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və uzun illərdir heroin istifadəçisi olmuşdur. Ibtidai istintaq zamanı verdiyi ifadəsində o, narkotik vasitəni müxtəlif şəxslərdən aldığını, ## ##### 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını və şəxsi axtarış zamanı üzərində olan heroini könüllü şəkildə təqdim etdiyini göstərmişdir. Şəxsi axtarış və götürmə protokolu, həmçinin həmin prosessual hərəkət zamanı iştirak etmiş polis əməkdaşlarının ifadələri Məhkum ilkin etirafedici ifadələri ilə tam uyğunluq təşkil edir. Həmin sənədlərə əsasən, o, üzərində olan heroini Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Eyni zamanda, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixoloji təzyiq göstərilmədiyini də ifadəsində təsdiq etmişdir. Kassasiya protestində əsas hüquqi arqumentlərdən biri kimi mobil telefon yazışmalarına istinad edilmişdir. Belə ki, “xxxx” MMC-dən əldə olunmuş məlumatlara əsasən, Məhkum istifadəsində olan 070-665-02-03 nömrəsinə müxtəlif şəxslər tərəfindən narkotik vasitələrin əldə olunması ilə bağlı məzmun daşıyan mesajlar göndərilmişdir. Protest müəllifi hesab edir ki, həmin yazışmalar təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, müəyyən “müştəri çevrəsi” formalaşdırdığını və fəaliyyətinin təsadüfi xarakter daşımadığını təsdiq edən mühüm sübutlardır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi həmin mesajların birtərəfli olmasını, göndərən şəxslərin müəyyən edilməməsini və onların şahid qismində dindirilməməsini sübutların mötəbərliyinə şübhə yaradan hal kimi qiymətləndirsə də, bu nəticə əsassız olmuşdur. Çünki məhkəmə özü həmin şübhələri aradan qaldırmaq üçün əlavə araşdırma aparmamış, sübutların tam və obyektiv qiymətləndirilməsi istiqamətində prosessual tədbirlər görməmişdir. Protestdə xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət formal tərkibli cinayət hesab olunur və narkotik vasitənin satışının faktiki həyata keçirilməsi tələb edilmir. Protest müəllifinin mövqeyinə görə, narkotik vasitənin satış məqsədilə əldə olunması, saxlanılması və daşınması cinayətin başa çatmış hesab edilməsi üçün kifayətdir. Bu baxımdan Məhkum üzərindən aşkar olunmuş 2,325 qram heroinin şəxsi istehlak miqdarından 15,5 dəfə artıq olması onun narkotik vasitəni məhz satış məqsədilə saxladığını göstərən mühüm hallardan biri kimi qiymətləndirilmişdir. Buna görə də, dövlət ittihamçısı yuxarıda göstərilənləri nəzərə alaraq, cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə və şahidlərin ifadələrinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi və məhkuma ağır cəza təyin edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin əsassız şəkildə tövsif edilməsi mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmü dəyişdirmiş, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsindən, CM-in 234.1-1-ci maddəsinə tövsif etmişdir. Yekun olaraq təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmənin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarının əsasına qoyaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş və məhkumun əməlinin tövsif etmişdir. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X6rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum müəyyən edilən maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmənin əsaslandığı sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Məhkum əməlinin tövsifi ilə bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin və protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-3103/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3103/2025
23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver