Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3104/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X7 və məhkum Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: ## ###### 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, * nömrəli Vərəm Dispanserində xadimə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli # ##### 2024-cü il tarixdən hesablanmışdır. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X9 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə) 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Hökmə əsasən, Məhkum tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin noyabr ayından dekabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda xadimə işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə heç kimin olmadığı şəraitdə yataq otağında olan kamotun içərisindən sonuncuya məxsus bir ədəd “BVLGARI” markalı sarı rəngli (rose gold) üzərində 0,44 karat brilliant qaşları olan 750 əyarlı 20.000 manat dəyərində “Ref 356889” seriya nömrəli qızıl qadın üzüyü, bir ədəd “Van Cleef’ markalı sarı rəngli (yellow gold) 750 əyarlı 6300 manat dəyərində üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan “JB486384” “ARP4KLOO” seriya nömrəli qızıl qadın boyunbağını, boz rəngli qoruma qabının içərisində olan bir ədəd “BVLGARI” markalı sarı rəngli (rose gold) 750 əyarlı 7000 manat dəyərində üzərində üç ədəd halqa şəkilli fiqurlar olan qızıl qadın qolbağını, mənzilin qarderob otağında olan dolabdan isə bir ədəd “TIFFANY” markalı sarı rəngli (yellow gold) “LOVE” yazısı şəklində 750 əyarlı 1700 manat dəyərində “60571716” seriya nömrəli qızıl qadın üzüyü, bir cüt bir tayı olmayan “TIFFANY” markalı sarı rəngli (rose gold) “T” şəkilli 750 əyarlı 2000 manat dəyərində “67789911” seriya nömrəli qızıl sırğanı, bir ədəd “CARTIER” markalı sarı rəngli (rose gold) üzərində “cartier” reklam yazısı olan halqa şəklində qaşı olmayan 750 əyarlı 3000 manat dəyərində “X04971” “B4051158” seriya nömrəli qızıl qadın üzüyü, bir cüt “CHOPARD” markalı sarı rəngli (rose gold) halqa şəklində üzərində “chopard” reklam yazısı yazılmış hər halqanın içərisində də üç ədəd halqa fiqurlar olan 750 əyarlı 13.000 manat dəyərində qızıl sırğanı, bir ədəd “CHOPARD” markalı sarı rəngli (rose gold) 750 əyarlı üzərində “chopard” reklam yazısı yazılmış brilliant qaşları olan əl şəklində klonla birlikdə 11.000 manat dəyərində “797864-5003” seriya nömrəli qızıl boyunbağını və bir ədəd 750 əyarlı üzərində bir ədəd böyük 1,03 karat brilliant qaş və ətrafında 0,49 karat brilliant qaşlar olan halqa şəklində 12.300 manat dəyərində qızıl qadın üzüyü vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 76.300 (yetmiş altmış min üç yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, ilk dəfə cinayət əməli törətmiş, əməlindən peşimandır, həyat yoldaşı vəfat etmiş, himayəsində olan 3 övladını təkbaşına böyütmüşdür. Bundan başqa, o, cəzaçəkmə müəssisəsinin rejim qaydalarına əməl etmiş və barəsində heç vaxt tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və məhkum Məhkum Balağa qızının CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində təyin olunmuş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və düzgün olaraq məhkum tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən, məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin məhkuma cəza təyin edilərkən cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əməl edilməmiş və məhkuma müddəti baxımından ağır cəza təyin edilmiş, məhkumun cəzasını yüngülləşdirən hallar məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə, cəzaya aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilən 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Qərar, məhkumun kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3104/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3104/2025
08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver