Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3107/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 1(103)- 2620/2024 nömrəli qərarından məhkum Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyeva (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Vüqar Quliyev) 30 sentyabr 2024-cü il tarixli 1(101)-1397/2024 nömrəli hökmü ilə 01 sentyabr 1958-ci il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 11,72 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımaqla həmin narkotik vasitənin 3 büküm olmaqla ayrı-ayrılıqda çəkiləri 0,44 qram, 0,39 qram, 0,36 qram olmaqla ümumi təmiz çəkisi 1,19 qramını 12 oktyabr 2023-cü il tarixdə gecə saatlarında ünvan 1 ünvanında 25 manat müqabilində əvvəlcə şahid2 satmış, 13 oktyabr 2023-cü il tarixdə saat 01:45 radələrində 10 manat müqabilində həmin yerdə 1 büküm olmaqla təmiz çəkisi 0,44 qramı şahid1 təkrar satmış, 13 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında şahid2 və şahid1 şübhəli olduğuna görə Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş, orada üzərlərinə şəxsi axtarış keçirilərkən Məhkum satdığı təmiz çəkisi 1,19 qram narkotik vasitə qurudulmuş marixuana şahid2, təmiz çəkisi 0,44 qram narkotik vasitə qurudulmuş marixuana isə şahid1 aşkar edilib götürülmüş, 13 oktyabr 2023-cü il tarixdə saat 04:15 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli olduğuna görə Sabunçu RPİ-nin CAŞnin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13- cü PB-yə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol cibindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi ilə əldə edib daşımaqla saxladığı 2 büküm olmaqla təmiz çəkiləri 8,94 qram və 1,15 qram olmaqla ümumi təmiz çəkisi 10,09 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi), Zamin İbrahimov və Qədim Babayev) 05 dekabr 2024-cü il tarixli, 1(103)-2620/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(101)-1397/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 1(103)-2620/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun işinə baxarkən prosessual pozuntulara yol vermiş, düzgün istintaq araşdırması aparılmamışdır. Məhkum qeyd etmişdir ki, həbs olunarkən həbs protokolu düzgün tərtib edilməmiş, onun savadsızlığından istifadə edərək, onu aldadaraq CM-in 234.1-ci maddəsi ilə təqsirli bilindiyini deyib sənədlərə imza atdırılmış, ibtidai istintaqda müstəntiq qərəzli iş aparmış, mülki adamlar polislər tərəfindən cəlb olunaraq ondan narkotik vasitə aldıqlarını bildirmiş və onun üzünə durmuş, BACM-da araşdırma aparılmadan, onun iki dəfə infarkt keçirməsi, ürəyində çat olması, ürəyində iki damarın tutulması nəzərə alınmadan, onun dediyi həqiqətlərə inanılmadan müstəntiqin qərəzli ittihamı, polislərin, şahidlərin yalançı ifadələrinə əsasən ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı onu aldatmaqla şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər şahid3, şahid4, şahid1 və şahid2 ifadələri, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, məhkum Məhkum birinci instansiya məhkəməsində Shaligo və Feyruz adlı şəxslərlə pul qoyaraq 40 manata dörd büküm narkotik vasitə qurudulmuş marixuana aldığını və 3 bükümünü onlara verdiyini, bir bükümünü isə özündə saxladığını bildirmişdir. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Shaligo adlı şəxsə 3 bükümdə, Feyruz adlı şəxsə 1 bükümdə olmaqla təmənnasız olaraq qurudulmuş marixuana pay vermişdir. Hazırkı iş üzrə şahid qismində dindirilmiş şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində, eləcə də şəxsi axtarış protokolunda verdiyi izahatında onda aşkar edilmiş narkotik vasitəni Məhkum 25 manata aldığını etiraf etmişdir. Həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəmələri məhkum Məhkum ibtidai istintaq və məhkəmə iclasında verdiyi ifadələrin arasında ziddiyyətlərin olmasını nəzərə alıb, Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun olan, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə həqiqətə uyğun olmayan özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna və işin hallarına nəzər salaraq məhkəmələrin bu mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, məhkum Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 1(103)-2620/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 1(103)-2620/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-3107/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3107/2025
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver