Məhkəmə qərarları › İş №1(102)-3111/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3111/2025

23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3111/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Hakimlər Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov Ilkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X1, Məhkum- Məhkum iştirakları ilə, Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə) ## ### 1978-ci ildə Ismayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 1103 “L” nömrəsiz fərdi evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) gün həbsdə saxlama müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Məhkum üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ilə (hakimlər: X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkum aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 62 ünvanında yerləşən 0,026 ha torpaq sahəsinə guya çıxarış alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə ## ###### 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospekti 36 ünvanında Asif Şıxəliyevin tanışı şahid2 vasitəsi ilə göndərilmiş 13.000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra 5.100 manat qaytarmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 7.900 (yeddi min doqquz yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı olmamasını əsas gətirərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmiş, etirazını aşağıdakı hallarla əsaslandırmışdır. Belə ki, məhkəmə kollegiyası yekun qərar qəbul edərkən iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə tədqiq etməmişdir. Məhkəmə Məhkum yüngül cəza təyin edilməsini yalnız onun törətdiyi əmələ görə peşman olması halını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla əsaslandırmağa çalışmışdır. Halbuki, Məhkum dövlət orqanlarına könüllü olaraq müraciət edib təqsirini etiraf etməmiş, zərərçəkmiş şəxsin dövlət orqanlarına müraciət etməsindən və ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunaraq barəsində cinayət işi başlanıldıqdan sonra, hətta ibtidai istintaq orqanından yayınmağa cəhd göstərmişdir. Bundan əlavə, Məhkum ittiham elan olunduqdan sonra birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılan tarixədək vurulmuş ziyanın zərərçəkmiş şəxsə ödənilməməsi də onun törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmədiyini göstərir. Məhkəmə iclasında bu məzmunda ifadə verməsi isə hüquqi baxımdan “səmimi peşmançılıq” anlayışının tərkibini təşkil etmir. Belə olan halda, məhkəmənin həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə alması əsassız və qanunsuz olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə tərəfindən iş üzrə həqiqətin müəyyən edilməsi üçün qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmələr tərəfindən sübutların yoxlanılması və qiymətləndirilməsi CPM-in tələblərinə uyğun şəkildə həyata keçirilməmişdir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, Məhkum əvvəllər də eyni xarakterli cinayət əməli törətmiş, lakin islah olunmayaraq hazırkı cinayət əməlini yenidən törətmişdir ki, bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən xüsusat kimi qiymətləndirilməlidir. Bununla yanaşı, zərərçəkmiş şəxs himayəsində üç azyaşlı uşağının olduğunu, şəhid ailəsi üzvü olduğunu və artıq dörd il ərzində Məhkum tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənilmədiyini bildirmiş, buna baxmayaraq məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini əsassız hesab etdiyini göstərmişdir. Göstərilən halları əsas gətirərək, zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab etdiyindən, həmin qərarın ləğv edilməsini və məhkum barəsində daha ağır cəzanın – 05 il müddətə azadlıqdan məhrum etmə barədə qərarın çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində sübutlar və sübutetməyə dair müəyyən edilmiş prosessual qaydalara əməl olunmamış, o cümlədən CPM-in 143–146-cı maddələrinin tələbləri pozulmuş, yekun nəticə yolverilməz sübutlar əsasında əsaslandırılmış və nəticə etibarilə Məhkum əsassız olaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi bildirilmişdir. Kassasiya protestində və kassasiya şikayətində mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə irəli sürülən tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində və kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə əsassız olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yəni yüngül cəza verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxs kassasiya şikayətində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi 178.2.4-cü maddənin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya protestində və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 178.2.4-cü maddəsinin müəyyən etdiyi məhrumiyyət dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya və apellyasiya məhkəmələri Məhkum CM-in 178.2.4-cü maddəsi ilə cəza təyin edərkən əməlindən peşman olmasını yüngülləşdirən hal kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Kassasiya şikayətinin və protestin müəlliflri məhkumun əvvəlki məhkumluğunu sadalasalar da, CM-in 83.6-cı maddəsinin və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının tələblərini nəzərə almamışdır. CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Kassasiya protestində Məhkum törətdiyi əməlindən səmimi peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasının əsassız olması da göstərilsə də, məhkəmə kollegiyası bununla razılaşmır. CM-in 72-ci maddəsi cinayət məsuliyyətindən azad etmə əsaslarını nəzərdə tutan normadır ki, hazırki halda cinayət törətmiş şəxsin məsuliyyətdən azad edilməsi məsələsinə deyil, məhkuma təyin edilmiş cəzanın onun islah edilməsi üçün məqsədəmüvafiq olubolmaması məsələsinə qiymət verilir. Həmçinin, qeyd olunmalıdır ki, CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, hazırki halda da məhkum edilmiş şəxsə münasibətdə işə baxan məhkəmələr məhkum edilmiş şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda tam haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Dövlət ittihamçısının fikrincə, CM-in 72.1-ci maddəsinə əsasən səmimi peşmançılıq ancaq cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi halların hamısı mövcud olduqda müəyyən edilmiş sayıla bilər. Həqiqətən də, “Səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlanan CM-in 72-ci maddəsində təsbit olunmuşdur ki, “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər” (maddə 72.1). Lakin, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmır. Burada səmimi peşmançılığın yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən təzahür formaları göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CMin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Təqsirkar şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən 72-ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Odur ki, apellyasiya məhkəməsinin sözügedən halları və yuxarıda göstərilən digər xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs dəymiş zərərdən 1500 manat ödəniş etmişdir. Bundan başqa təqdim edilmiş sənədlərdən görünür ki, hazırda təqsirləndirilən şəxs ürək xəstəliyindən əziyyət çəkir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bütün bunlar dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar