Məhkəmə qərarları › İş №1(102)-3120/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3120/2025

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3120/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Cəfərbəyli Orxan Əjdər oğlunun iştirakları ilə, 16 yanvar 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər RPI-də qeydiyyatda olmaqla faktiki olaraq x8 massivində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.5ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-916/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Cəfərbəyli Orxan Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-117/2024 nömrəli 23 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər S.S.Hüseynov (sədrlik edən), Ə.A.Məcidov və Ə.Q.Quliyev) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 24 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-916/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.Z.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Işin halları: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, Məhkum sifarişlə qəsdən adam öldürmüş, yəni qəsdən digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, o, 2000-ci illərin əvvəllərində tanış olub yaxın münasibətdə olduğu, tez-tez Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb birlikdə vaxt keçirdiyi, hər zaman dəstək olması, mənəvi cəhətdən atalıq etməsi, müxtəlif məsələlərdə, o cümlədən dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazanmış, özü üçün müqəddəs insan hesab edərək şəxsiyyətinə pərəstiş etdiyi 1961-ci il təvəllüdlü, Bakı Islam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş X2 ilə 2011-ci ilin oktyabr ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə Bakı şəhərində fərqli ünvanlarda görüşərkən Firudin Məmmədov ona uzun müddətdir ki, 2000-ci illərin əvvəllərindən tanıdığı 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs mütəmadi olaraq ziyankarlıq etməsini, buna görə də Zərərçəkmiş şəxs öldürməyin lazım olduğunu bildirərkən, o, Firudin Məmmədova ziyankarlıq etmiş istənilən şəxsi, o cümlədən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs da heç bir təmənna olmadan öldürməyə hazır olduğunu bildirib X6 Qurbanovu öldürmək barədə sifarişini qəbul edib bunu arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə törədiləcək qətlin detalları barədə müzakirə aparıb cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə növbəti günlərdə, yəni 2011-ci ilin oktyabr aynın ikinci yarısında dəqiq müəyyən olunmayan tarixdə X7 Qurbanova məxsus fotoşəkli və hadisə ərəfəsində aralarında özlərini ifşa etmədən telefon əlaqəsi yaratmaq məqsədilə istifadə etmək üçün istintaqa aidiyyəti olmayan qeyrisinin adına rəsmiləşdirilmiş 055-369-61-84 saylı mobil nömrəni qəbul edib hadisənin törədiləcəyi əlverişli yeri müəyyənləşdirmək məqsədilə Firudin Məmmədovla birlikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə gedərək sonuncunun yaşadığı ünvanı, NZS qəsəbəsində əsas yol sayılan Oqtay Kərimov küçəsindən həmin ünvana uzanan Marat Əmirxanov və Sovxoz küçələrini əyani şəkildə görməklə cinayəti törədəcəyi sahəni dəqiqləşdirmiş, daha sonra Zərərçəkmiş şəxs qəsdən sifariş əsasında öldürməkdə istifadə edəcəyi əşyanı, yəni 1 ədəd əllə açılıb-bağlanan, dəstəyi şabalıdı, tiyəsi boz rəngli metaldan olan, açıq vəziyyətdə təxminən 30 sm uzunluğu olan bıçağı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında küçə ticarəti ilə məşğul olan şəxslərdən satın alıb yaşadığı ünvanda gizlətmiş, bundan sonra bir neçə dəfə təkcə Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedib ətraf ərazini gəzərək cinayətin törədilməsini başa çatdırmaq və hadisə yerindən qaçıb yayınmaq üçün daha əlverişli istiqamət və səmtləri öyrənməklə, özünün paltarları arasından cinayəti törədərkən əynində olacaq və hadisədən dərhal sonra cinayət izlərini itirmək üçün zibil qutusuna atacağı cins materialdan olan şalvar və gödəkcəsini seçib ayırmaqla cinayəti törətmək üçün zəruri bütün hazırlıq hərəkətlərini görmüş, Firudin Məmmədovla 30 oktyabr 2011-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 25 saylı binanın yaxınlığında görüşərək Zərərçəkmiş şəxs qəsdən öldürülməsini tezləşdirmək üçün ertəsi gün sonuncunu evdən çıxarmağa nail olacağını, sonra isə taksi avtomobili ilə geri qaytarıb Oqtay Kərimov və Marat Əmirxanov küçələrinin kəsişməsində düşürəcəyini, Zərərçəkmiş şəxs avtomobildən düşməsi barədə ona özünün 070-270-04-77 saylı nömrəsi vasitəsilə onun istifadə edəcəyi 055-369-61-84 saylı nömrəyə zəng edib məlumat verəcəyini bildirmiş, o isə bu əlverişli məqamdan istifadə edib Zərərçəkmiş şəxs taksi avtomobilindən düşüb yaşadığı ev istiqamətdə yol ilə gedərkən əlverişli yer kimi seçdiyi Sovxoz küçəsində yerləşən 19 saylı yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda öldürəcəyini Firudin Məmmədova bildirərək törədəcəyi cinayətin bütün detallarını sonuncu ilə razılaşdırmış, hazırladığı planın icrası məqsədilə ertəsi gün, yəni 31 oktyabr 2011-ci il tarixdə saat 17:52, 17:53 və 17:54-də Firudin Məmmədov istifadəsində olmuş 070-270-04-77 saylı nömrə ilə onun istifadəsində olmuş 070-900-87-83 saylı nömrəyə zənglər edib 4, 25 və 17 saniyə danışıq müddəti ərzində cinayəti törətmək üçün hərəkətə keçib Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedib onunla əlaqə qurmasını tapşıraraq istifadəsində olan digər 050-250-42-11 saylı nömrədən saat 17:58-də Zərərçəkmiş şəxs istifadəsində olan 050- 520-69-09 saylı mobil nömrəyə zəng edərək birlikdə ümumi tanışları şahid1 baş çəkmək üçün sonuncunun yaşadığı evə getməyi təklif edib Zərərçəkmiş şəxsla razılaşdıqdan sonra yenidən istifadəsində olan 070-270-04-77 saylı nömrədən onun istifadəsində olan 055-369- 61-84 saylı nömrəyə saat 20:29-da zəng edib artıq Zərərçəkmiş şəxs yaşadığı evə getməsini, saat 20:44-də zəng edib Zərərçəkmiş şəxsla sonuncunun yaşadığı evdən şahid1 yaşadığı ev istiqamətində getməsini, saat 22:08-də isə zəng edib Zərərçəkmiş şəxsla birlikdə şahid1 evindən qayıtmağa hazırlaşdıqlarını bildirmiş, o isə bu müddət ərzində guya evdə olması görüntüsünü yaratmaq və ifşa olunmamaq üçün özünə məxsus 070-900-87-83 saylı mobil nömrəni özünə məxsus telefon cihazında işlək vəziyyətdə yaşadığı ünvan 1 ünvanda saxlayaraq, habelə “Nokia” markalı mobil telefon cihazlarının anten əhatələrində qeydə alınmadığını eşidib törədəcəyi cinayətdən mümkün qədər özünü qorumaq məqsədilə tanışı və cinayətin törədilməsindən xəbərsiz olan şahid6 ilə həmin gün görüşərək sonuncuya məxsus “Nokia” markalı mobil telefon cihazını müvəqqəti istifadə etmək adı ilə alıb istintaqla müəyyən edilməyən şəraitdə Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına gedərək Firudin Məmmədovun ona verdiyi 055-369-61-84 saylı mobil nömrəni qeyd olunan telefon cihazına yerləşdirərək saat 19:26-da Firudin Məmmədova zəng edib plana uyğun olaraq pusquda olduğunu, xəbər gözlədiyini bildirmiş, saat 23 radələrində X3 Qurbanovla birlikdə istintaqla müəyyən edilməyən taksi avtomobili ilə NZS qəsəbəsinə qayıdaraq sonuncunu Oqtay Kərimov küçəsi ilə Marat Əmirxanov küçələrinin kəsişməsində avtomobildən endirib hadisə yerindən uzaqlaşmaqla saat 23:02-də sonuncu dəfə 070-270-04-77 saylı nömrədən onun müvəqqəti istifadə etdiyi 055-369-61-84 saylı nömrəyə zəng edərək Zərərçəkmiş şəxs artıq avtomobildən düşərək evi istiqamətində hərəkət etdiyini bildirmiş, o, Firudin Məmmədovdan aldığı məlumat əsasında gözlədiyi mövqedən hərəkətə başlayıb Zərərçəkmiş şəxs ardınca addımlayaraq təxminən 20 metr ara məsafəsi ilə güdməyə başlamış və getdikcə addımlarının sürətinin artıraraq ara məsafəsini azaltmaqla gödəkcəsinin iç yan cibində qatlanmış halda gəzdirdiyi yuxarıda qeyd olunan cib bıçağını açaraq hazır vəziyyətə gətirib sol əlində tutmuş və Sovxoz küçəsində yerləşən 19 saylı yaşayış binası ilə üzbəüz qaranlıq ara yola daxil olduqdan sonra ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edərək əvvəlcə onun kürək, Zərərçəkmiş şəxs zərbənin təsirindən ona tərəf çevrildikdən sonra isə sonuncunun sinə nahiyəsinə ardıcıl olaraq bıçaqla çoxsaylı həyat üçün təhlükəli olan zərbələr endirib döş qəfəsinin ön səthinin sağ yarısında lllll-IV-V qabırğalar nahiyəsində ll-lll-IV qabırğaları kəsib döş boşluğuna keçən sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə lll-IV qabırğaarası nahiyədə olan döş boşluğuna keçən sol ağciyərin yuxarı payını və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə V-VI qabırğalar nahiyəsindən döş boşluğuna keçən sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 1 ədəd olmaqla, 3 ədəd hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin ön səthinin sağ yarısında sağ döş yanı xətti üzrə VI-VII qabırğa nahiyəsində 1 ədəd, döş qəfəsinin ön səthinin döş sümüyünün ön orta xətti üzrə V- VI qabırğa nahiyəsində 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə l-ll qabırğaarası nahiyədə 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında sol məmə yanı xətti üzrə III qabırğaarası nahiyədə 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə VI qabırğaarası nahiyədə 1 ədəd olmaqla, 5 ədəd hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid edilən, həmçinin sol əlin İ əl-daraq falanqasının arxa səthində 2 ədəd, sol əlin V əl-daraq falanqasının bayır səthində 2 ədəd olmaqla, 4 ədəd sağlamlığa zərər vurmayan, cəmi 12 ədəd kəsilmiş-deşilmiş xəsarətlər yetirərək Firudin Məmmədovun sifarişi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi Cəfərbəyli Orxan Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 916/2024 nömrəli 30 iyul 2024-cü il nömrəli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, hadisədə yeganə sübut kimi istifadə etdikləri Anar Mənsurovun ifadəsidir ki, Anar həmin vaxt barəsində istintaq gedərək Bakı Istintaq Təcridxanasında olan zaman çox böyük ehtimalla təsirlə ifadə vermişdir ki, həmin şəxs aylarla məhkəməyə gəlməmiş, ən sonunda məhkəmənin istintaq orqanına olan təkidindən sonra istintaq orqanı iştirakını təmin etmişdir ki buda şahidin də elə təsir altında olduğunun göstəricisidir. Eyni zamanda şahidin isə nə məhkəmədə, nə də istintaqda hansısa cinayət hadisəsi ilə bağlı konkret məlumatı deyil, sadəcə cinayət hadisəsi barədə məlumatın Əhəd tərəfindən verildiyini bildirmişdir. Əks halda şahid6 da hadisəni bilib gizlətmə ilə cəlb edilməli idi. Məhkəmə istintaqı zamanı Anar dindirilərkən Əhəd münasibətlərinin kifayət qədər soyuq olduğu və aralarında münasibətlərin kəskin pozulduğu da bəlli olmuşdur. Bildirmək istəyirik ki, şahid6la bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 23.09.2020-ci il tarixli 11685 nömrəli Anarın xarakteristikasl ilə bağlı verdiyi məktubunda Anarın yalançı və 5 dəfə tənbeh tədbirləri tətbiq edilmiş şəxs kimi xarakterizə edildiyi göstərilir. Eyni zamanda Anarın üzləşmə protokolu və ifadəsində telefonu kiməsə verməsi ilə bağlı bir yerdə heç kimə verməməsi, digər yerdə isə telefonu dost tanışlarına verməsi kimi zidd fikirlərinin olması da Anarın ifadəsi əsasında Əhədin təqsirləndirilən şəxs qismində cəlb edilməsinin ədalətsiz və sübuta söykənməyən hərəkət olduğunun göstəricisidir. 22.08.2022-ci il tarixli Bakı Istintaq Təcridxanasından daxil olan məktubdan görünür ki, Anar təcridxanada olar vaxtı Əhədin kimisə münaqişə zəminində öldürdüyünü bildirmişdir. Lakin istintaqa verdiyi ifadəsində və üzləşmədə isə Əhədin ondan silah istədiyi, hətta ona təslim olması üçün tövsiyə verdiyini, daha sonra özünün dediyi kimi “vnemaniya” verməməsi və necəsə 11 il sonra "vnemaniya” verməli olması və s bu kimi ziddiyətli məqamların mövcudluğuda ittihamın nə qədər boş sübütlardan ibarət olduğunun göstəricisidir. Bundan əlavə şahid6 bir vaxtlar Əhədin sevgilisi Tahirədən pul alıb geri qaytarmaması, Tahirədən oğurluq etməsi, Anarın dəfələrlə Əhəddən pul istəməsi, son vaxtlarda artıq Əhədin bu pulu verməməsi səbəbindən aralarında ədavətin yaranması, bu səbəbdən Əhədlə aralarının olmaması və eyni zamanda bu halları göz önündə tutduqda şahid6 şahid qismində verdiyi ifadəyə ümumiyyətlə istinad edilməməli olduğuna dair vəsatət məhkəmə istintaqı zamanı verilsə də, təmin edilməmişdir. Bakı istintaq Təcridxanasından prokurorluğa daxil olmuş 17/38.5621 saylı 22.08.2022-ci il tarixli məktubda NZS qəsəbəsində Məhkum tərəfindən Zərərçəkmiş şəxs aralarında yaranan münaqişə səbəbindən öldürməsinin ehtimal olunduğu göstərilir. Burdan o nəticəyə gəlinir ki, ya şahid6 həmin məzmunda ifadə vermişdir ki, belə olduğu halda Anara, Əhədin həmin məzmunda nəsə dediyi ehtimal olunur ki, belə olan halda da, Əhəd 120.2.5 yox, 120.1-ci maddə ilə cəlb edilməli idi, çünki həmin cinayətlə bağlı Anarın dediyinə görə Əhəd 11 il əvvəl məlumat vermişdir və ya əksinə, Anar yalan ifadə veribsə, bu da Anarın ifadəsinin sübutlarının siyahısından çıxarılmalı olduğununun göstəricisidir. Istintaq zamanı Anarın verdiyi ifadələr, üzləşmə protokolundakı ifadəsi ilə BITnın məktubundakı ziddiyyətin başqa formada açıqlanması mümkün deyildir. Məhkum verdiyi ifadəsində bir məqamı da vurğulamaq istəyir, hansı ki, həmin məqamda ifadənin reallığa uyğun olmadığını göstərir. Əhəd istintaqa verdiyi ifadəsində qeyd edir ki, Firudin ona Ilkini öldürməyi təklif etdi və əvəzində heç nə vəd vermədi və nə üçün öldürmək lazım olduğunu bildirmədi və mən də soruşmadım. CM-nin 120.2.5-ci maddəsinin tələbində motiv tələb ediməyə bilər, lakin istənilən halda ən azından Əhədin bu halı soruşmaması yalan ifadə verdiyini və ittihamın mövqeyinə uyğun ifadəsinin formalaşdırılmasının göstəricisidir. 01.11.2021 -ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsna yetirilmiş xəsarətlər barədə məlumatlar öz əksini tapmışdır. Həmin xəsarətlərdən ağır dərəcəde olan və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunda da göstərilmiş və “döş qəfəsinin arxa səthinin sağ yarısında qabırqarası nahiyədə, kürək xətti üzrə deşilmişkəsilmiş, döş boşluğuna keçərək sağ ağ ciyərin yuxarı payını zədələyib, yaranın istiqaməti arxadan önə, yuxarıdan aşağıya, düz istiqamətdə və yara kanalının dərinliyi 12 sm-dir" kimi qeyd edilmişdir. Əlavə olaraq şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunda ikinci zərbə kimi öz əksini tapmış "xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarısında bir qədər çəp istiqamətə tamamilə kəsilib döş boşluğuna keçib, sağ ağ ciyərin yuxarı payını dəlib keçmiş, zərbənin istiqaməti öndən-arxaya və yuxarıdan aşağıya getməklə sağdan sola doğru və yara kanalının dərinliyi 12 sm-dir”i qeyd edə bilərik. Ilk olaraq qeyd etmək zərurudir ki, Məhkum "solaxay’dır. Bu hal öz növbəsində həmin zərbələrin solaxay olan biri tərəfindən rəyde göstərilən dərəcədə güclü (yara kanalı 12 sm) yerinə yetirilməsi, eyni zamanda ifadənin yerində yoxlanılması protokolunda göstərilən formada (ittihama görə qəsdlə adam öldüməyə gedildiyini nəzərə almaqla) həyata keçirilməsinin mümkün olub-olmadığı şübhə doğurur. Beləki, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunda da göstərilir ki, ilk zərbəni Əhəd sol əl ilə ekspertin rəyində göstərildiyi kimi yerinə yetirir və eyni qaydada ikinci zərbəni də, yenə də ekspert rəyinə uyğunlaşdırıldığı aşkardır. Burada bir neçə məqama diqqət çəkmək istəyirəm: birinci məqam odur ki, Məhkum "solaxay” olduğu üçün həmin an şəkildə göründüyü kimi kənarda dayanaraq adam öldürməyə getdiyi halda, yenədə şəkildə göründüyü kimi zərbəni arxa sağ nahiyyəyə vurmamalı idi, bu halda etməli olduğu hərəkət vurulmalı zərbənin sol arxa nahiyyəyə vurulması idi. Bu hal istisna edilmir və hər kəsə bəllidir ki, şəxs adam öldürmək niyyəti ilə hərəkət edirsə, əməli yerinə yetirə bilmək üçün ən rahat formanı üstün tutar çünki, əks halda niyyətini başa vura bilməz. Əlavə bir məqam odur ki, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunda da açıq şəkildə 2-ci zərbə olaraq göstərilən öndən vurulmuş zərbə demək olar ki birinci zərbə ilə tam eyni istiqamətdə 5-6-cı qabırğalar arasına uyğundur. Burdan o nəticəyə gəlinir ki, yara kanalı 12 sm olan zərbənin təsirindən zərərçəkən şəxs heç bir halda təsirlənmir, əyilmir, irəliyə doğru hərəkət etmir və yalnız dərhal qəsd edənə tərəf dönərək heç bir zərbəyə məruz qalmamış ikinci zərbəni tam ayaq üstə eyni istiqamətdən alır. Bu hissədə o da qeyd edilməlidir ki, Məhkum solaxay olduğu üçün və adam öldürməyə getdiyi halda heç bir halda zərbəni şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolunda göstərildiyi kimi yerinə yetirə bilməzdi, hətta həmin formada olsa belə zərbələrin təsiri o həddə ola bilməzdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi O.Cəfərbəylinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi (30 may 2014-cü il tarixli 975-IVQD nömrəli Azərbaycan Respublikası qanunu ilə CM-nə edilmiş dəyişikliklərdən əvvəlki redaksiyada) “tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə” əməlinə görə məsuliyyət nəzərdə tutur və belə əməllər on iki ildən on beş il müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija Ispaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsində icraat zamanı özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı işin faktiki hallarına uyğun, etirafedici ifadə verərək cinayətin onun tərəfindən törədilməsini qəbul etmiş və cinayət hadisəsinin mexanizmini ətraflı şəkildə göstərmişdir. Iş materiallarında olan Məhkum ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, anadan olduğu vaxtdan 2015-ci ilə qədər ünvan 1 ünvanda “Nazlı” deyə çağırılan anası Nəzakət Salahova ilə birlikdə yaşamış, atası 1996-cı ildə rəhmətə getmiş, anası isə uzun müddət xadiməçi (süpürgəçi) işləmişdir, o demək olar ki, çöl şəraitində - “küçə”də böyümüşdür. O, Nizami rayonunda yerləşən əvvəlcə 109, daha sonra isə 277 saylı orta məktəblərdə təhsil almış, 2003-2004-cü illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən N №-li hərbi hissəsində xidmətdə olmuş, 2005-ci ildə hərbi xidmətdən qayıdandan sonra əvvəlcə müxtəlif yerlərdə fəhləlik etməyə, sonra isə elektrik işini öyrənib elektrik ustası olaraq işləməyə başlamışdır. O, mərhum Firudin Məmmədovu 2005-ci ildə hərbi xidmətə gedəndən əvvəl sonuncunun tələbələrindən olmuş Rövşən adlı tanışına görə dindar bir şəxs kimi tanımış, (hazırda Rövşənin bacısı Firudinin oğlu Zamirin arvadıdır), tanıdıqdan sonra Firudinə bir din adamı kimi, ağsaqqal insan kimi hörməti getdikcə artmış, Firudin ona ata olub atalıq etmiş, Firudinə həmişə yüksək dəyər vermiş və heç vaxt sözündən çıxmamışdır. Firudin Islam universitetində dekan işləmiş, “Ruslan 93” marketin arxasında yeddinci mərtəbədə ailəsi ilə birlikdə yaşamışdır. O, tez-tez həm baş çəkmək, həm də “həyati” məsləhətlər almaq, nələrisə öyrənmək məqsədilə Firudinin evinə getmiş, adətən Firudin özü onu evinə çağırmışdır, belə-belə həmin ərəfələrdə o, Firudinin arvadı Səkinə, oğlanları Əfqan və Zamiri tanımış, lakin həmin ərəfədə yalnız salam-sağol münasibətləri olmuşdur. Firudin onun yaşadığı mənzildə heç vaxt olmamış, lakin dəfələrlə onu taksi yaxud digər şəxslərin avtomobili ilə yaşadığı binanın və ya blokun qarşısında düşürtmüşdür. Ümumiyyətlə, Firudinin özünün istifadəsində avtomobil olmamış, Firudinin xatırlamadığı 2 mobil nömrəsi və 2 mobil telefonu olmuş və o, Firudinin hər iki mobil nömrəsi ilə əlaqə saxlamışdır. O, Firudinin ölümündən sonra Firudinin evində aparılan təmir zamanı orada elektrik işi görən zaman Firudinin arvadı Səkinənin bacısı qızı Hürünü görüb bəyənmiş, bu barədə Hürünün digər bacısının əri və onun əsgər yoldaşı Zaur Şövkətov ilə danışmış, 2015-2016-cı illərdə Hürü ilə nişanlanıb daha sonra isə ailə qurmuşdur. 2011-ci il ərzində 2012-ci ilin avqust ayına qədər onun istifadəsində 070- 900- 87-83 saylı mobil nömrə olmuş və həmin mobil nömrə vasitəsilə Firudinlə əlaqə saxlamışdır. Həmin mobil nömrəni hadisədən bir neçə il əvvəl özü almış, lakin nömrə onun adına qeydiyyatda olmamışdır, nömrənin kimin adına qeydiyyatda olması barədə məlumatsızdır. Eyni zamanda həmin ərəfələrdə qeyri-rəsmi birlikdə yaşadığı şahid9 onun mobil nömrəsinə oxşar olan 070-600-87-83 və 070-200-87-83 saylı mobil nömrələr alıb işlətmişdir. Zərərçəkmiş şəxs öldürülməsindən təxminən bir ay əvvəldən Firudin Məmmədov ona bir neçə dəfə söz salaraq adam öldürə bilib-bilməyəcəyini soruşmuş, o isə Firudini özünə uca şəxsiyyət bildiyinə görə və hədsiz məhəbbəti olduğuna görə Firudinin xətrinə istənilən şəxsi öldürməyə hazır olduğunu demişdir. Hadisədən təxminən 1 həftə əvvəl Firudin Məmmədov onu öz yaşadığı evinə çağırıb ilk dəfə olaraq açıq şəkildə Zərərçəkmiş şəxs öldürmək lazım olduğunu bildirmişdir, lakin nə üçün öldürmək lazım olduğunu deməmiş və heç nə vəd etməmişdir. O, Zərərçəkmiş şəxs tanımamış, həyatda heç vaxt qarşılaşmamışdır. Firudin xeyli vaxtdır ki, Ilkini öldürmək istədiyinə görə 1 aydır onun həmin cinayəti törətməyə razı olub-olmayacağını, yaxud etibarlı olub-olmadığını hər dəfə ona suallar verməklə yoxlamışdır. O, təmənnasız olaraq və birbaşa Firudin üçün Ilkini öldürəcəyinə razılıq verməsinə baxmayaraq, Firudinin Ilkini nə üçün öldürtmək istəməsini bilməmişdir. Xeyli vaxt keçdiyinə görə ardıcıllığı dəqiq xatırlamır, lakin yadındadır ki, razılıq verəndən sonrakı günlərdə Firudin Zərərçəkmiş şəxs ona tanıtmaq üçün Ilkinin hansısa restoranda toy mərasimində çəkilmiş masa ətrafında əyləşmiş, əynində zoğalı rəngli kostyum olan bir fotoşəkilini göstərmişdir. O, həmin fotoşəkili Firudinin necə əldə etməsini və göstərdikdən sonra şəkili ona verməyib yenidən özünə götürməsinin səbəbini bilməmişdir. Daha sonra Firudin günorta saatlarında onunla birlikdə tanımadığı və xatırlamadığı taksi avtomobili ilə NZS qəsəbəsinə gedərək, avtomobili hərəkət etdirərək Ilkinin yaşadığı evi, həmin evə doğru ana yoldan ayrılan yolu, taksi ilə Ilkini düşürəcəyi yeri və hadisə yeri olan “qarajlar tərəfi”, yəni təxminən 2 metr eni, 20-30 metr uzunluğu olan dar bir yolu (dalanı) əyani olaraq göstərmiş, lakin taksi sürücüsü Firudinin nə məqsədlə ona həmin yerləri göstərməsini bilməmişdir. Bundan sonra 1 yaxud 2 dəfə özü də cinayətə hazırlaşmaq məqsədilə həmin yerlərə tək gedib gəzərək Zərərçəkmiş şəxs əsas yoldan piyada gələ biləcəyi və onun gizlənə biləcəyi yerləri dəqiqləşdirmişdir. Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün ona 055- 369-61-84 saylı mobil nömrə vermişdir. O, həmin nömrənin kimə məxsus olduğunu bilməmişdir. Həmin ərəfədə o, həmçinin 15 yaxud 20 manat müqabilində 20 Yanvar dairəsinin yaxılığında dükanlardan birində açıq vəziyyətdə təxminən 30 sm uzunluğu olan, mebel rəngli dəstəyi və boz metal rəngli tiyəsi olan, əllə açılıb-bağlanan bıçaq əldə edib hadisə gününə qədər evində saxlamışdır, həmin bıçaq barədə ailə üzvləri məlumatsız olmuşlar. Həmin bıçağın dəstəyinin arxa hissəsində təxminən 5-10 sm uzunluqda, ucu haçalı formasında olan qol olmuşdur, amma o, bu qolun nə üçün olduğunu bilməmişdir. Hadisə günü, yəni 31 oktyabr 2011-ci il tarixdə o, günorta saatlarına qədər Firudin Məmmədov ilə telefon əlaqəsi saxlamışdır. Firudin ona həmin gün Ilkini evdən çıxardıb özü ilə harasa aparacağını və geri qayıdıb evinin yanında, ona göstərdiyi küçənin başında taksidən düşürəcəyini bildirmiş və ona bundan sonra evinə piyada gedəcək Ilkini yolda öldürməyi tapşırmışdır. O da razılaşıb qabaqcadan plana uyğun olaraq əyninə cins şalvar və cins gödəkçə geyinib, bıçağı gödəkçənin iç yan cibində bağlanmış vəziyyətdə evdən çıxmışdır. Həmin paltarlar köhnə olmuş və o, məhz Ilkini öldürəndə əynində olması və hadisədən sonra atması üçün qabaqcadan həmin paltarları özü seçmişdir. O, evdən çıxıb əvvəlcə tanışı şahid6la əlaqə saxlayıb yaşadığı evin yaxınlığında görüşmüş və Anarın müvəqqəti olaraq istifadəsində olan “Nokia” markalı sadə modelli mobil telefonunu istəmişdir. O, əvvəllər Anardan mobil telefon istədiyini xatırlamır, lakin əvvəllər özü Anara 1-2 dəfə telefon hədiyyə etdiyinə görə həmin gün Anar da ona etiraz etməmişdir. Bundan sonra o, evə qayıdıb öz 900 saylı mobil nömrəsini və markasını xatırlamadığı səhv etmirsə Samsung markalı mobil telefonunu işlək vəziyyətdə evdə qoymuşdur. Öz mobil telefonunu evdə qoymaqda məqsədi cinayətin izini itirmək və guya evdə olmağı barədə alibi yaratmaq, Anarın telefonu götürməkdə məqsədi isə həmin sadə model Nokia markalı telefonların antenaya düşmədiyini eşitdiyi üçün hadisə yerində izini itirmək olmuşdur. Daha sonra o, evdən çıxıb 30 №-li avtobus ilə NZS qəsəbəsinin yaxınlığına gələrək orada 055-369-61-84 saylı mobil nömrəni Anardan götürdüyü mobil telefona yerləşdirmiş və Firudinə zəng edərək artıq hadisə yerində olduğu barədə məlumat vermişdir. Həmin vaxt Firudin evdə olmuşdur, sonra Firudinlə bir neçə dəfə də telefon əlaqəsi yaratmışlar və Firudin ona Ilkin ilə birlikdə evdən çıxdıqlarını, daha sonra isə Ilkin ilə birlikdə getdikləri yerdən çıxıb geri qayıtdıqlarını xəbər vermişdir. Bundan sonra o, dərhal qabaqcadan Firudin ilə razılaşdıqları yerə, yəni Ilkinin evinə doğru uzanan küçənin başında gözləməyə başlamışdır. Az sonra xeyli zaman keçdiyinə və həmin vaxt həyəcanlı olduğuna görə rəngini və markasını xatırlamadığı bir avtomobil ondan təxminən 20 metr aralıda dayanmış və Ilkin xatırlamadığı qapını açıb avtomobildan düşmüşdür, eyni anda Firudin ona zəng edib Ilkinin avtomobildən düşdüyünü demişdir. Bundan sonra o, təxminən 100 metr boyunca Ilkinin ardınca əvvəlcə təxminən 20 metr ara məsafəsi ilə düşmüş, sonra isə getdikcə ara məsafəsini azaldıb lap yaxınlaşmış, yaxınlaşdıqca bıçağı çıxarıb hazır vəziyyətdə sol əlində tutmuş, Ilkinin evinə yaxın qaranlıq dar, çığıra oxşayan bir ara yol (dalan) olmuşdur, oraya keçəndə ətrafın qaranlıq və sakit, kimsəsiz olmasını fürsət bilib Zərərçəkmiş şəxs arxa tərəfdən hücum edərək sol əlində tutduğu bıçaqla ilk zərbəni üstdən aşağı Ilkinin kürək nahiyəsinə endirmiş, dərhal Ilkin sağ çiyni üstə ona tərəf çevrilmiş, bundan sonra o, Ilkinin sinə və qarın nahiyələrinə ardıcıl bıçaqla zərbələr endirmişdir, sonra Ilkin yerə yıxılıb ona tərəf təpik ataraq yaxınlaşmasına mane olmuş və həmçinin qışqırıb kömək istəmişdir. O, ətrafdakı pəncərələrdə işıqlar yandığını hiss edib dərhal oradan uzaqlaşmağa başlamış, bu zaman Ilkinin yerdən qalxıb təxminən 20 metr aralıda yerləşən iki mərtəbəli binanın blokuna tərəf qaçdığını görmüşdür. Bundan sonra o, təxminən yüz metr qaçıb tanımadığı taksiyə əyləşmiş və dərhal yaşadığı ünvanın yerləşdiyi əhatəni nəzərdə tutub “Neftçilər”ə sürməsini xahiş etmişdir, lakin taksinin geri qayıdıb hadisə yerinə tərəf istiqamət aldığını görəndə özünü itirib sürücüyə “Neftçilər xəstəxanası”na tərəf sürməsini istədiyini və onu səhv başa düşdüyünü demişdir. Bundan sonra taksi onu “Neftçilər xəstəxanasının qarşısına gətirmiş, orada isə başqa tanımadığı taksi ilə “Xalqlar metrostansiyasının yaxınlığına gəlmiş və oradan piyada binaların arası ilə evinə tərəf getmişdir. Yolda 369 saylı mobil nömrəni sındırıb xatırlamadığı yerə atmış, evə gələndə anası evdə olsa da hadisə barədə xəbəri olmamış, hadisə zamanı o, hər hansı xəsarət almamışdır, əynindəki paltarların çöl səthi qana bulaşmamışdır və ehtiyat üçün paltarları yığıb bir salafana ertəsi gün evdən uzağa aparıb zibil qutusuna tullamış, bıçağı isə su ilə yuyub təmizləmiş və Firudin intihar edəndən sonra bulvara gedib Xəzər dənizinə atmışdır. Telefonu Anara nə zaman qaytardığını xatırlamır. Evə daxil olan ərəfədə Firudin onun 900 saylı mobil nömrəsinə zəng vurmuş və danışıq zamanı o, üstü örtülü formada “tapşırdığınız işi həll etdim” demiş, Firudin də ona hadisə ilə bağlı polisə çağırıldığını bildirmişdir. Bundan sonra o, növbəti günlərdə ifşa olunmama məqsədilə Firudindən uzaq olmuş və Firudinlə nə telefon nə də əyani görüşü olmamış, Firudinin intihar edəcəyindən qabaqcadan məlumatı olmamış, yalnız intihar edəndən sonra ona zəng edib hadisə barədə xəbər verərək məscidə çağırmışlar. Hadisəni ürəyində daşımaq ilk əvvəllər ona ağır olduğuna görə Firudin öləndən qısa bir müddət sonra həmin ərəfələrdə daha yaxın olduğu, dostu şahid6 NZS qəsəbəsində bir adamı bıçaqla vurub öldürdüyünü etiraf etmişdir, lakin Anarın ifadəsində dediyi kimi guya kiminsə ona təslim ol deməsini bildirməmişdir, çünki belə bir hal olmamışdır. Həmçinin, Anara Firudinin tapşırığı ilə bu cinayəti törətdiyini də deməmişdir. O, Zərərçəkmiş şəxs öldürməyi barədə başqa heç kimə danışmamış və bu cinayətin törədilməsində başqa iştirakçı olmamışdır. Onun Firudin ilə hər hansı intim münasibəti olmamış, Firudinin başqa cinayət törədilməsini təşkil edib-etməməsi barədə məlumatı olmamışdır. Həmçinin “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum cinayət hadisəsini və onunla bağlı digər xüsusatları əyani şəkildə göstərməklə ifadəsini həmin hissədə bir daha təsdiq etmişdir. Bundan başqa birinci instansiya məhkəməsində ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ..... onun Zərərçəkmiş şəxs adlı şəxsin 31.10.2011-ci il tarixdə NZS qəsəbəsində öldürülməsi barədə məlumatı olmamış, lakin yuxarıda da adını qeyd etdiyi təxminən 2011 - 2012-ci ildə dəqiq xatırlamadığı tarixdə Məhkumla birlikdə xatırlamadığı mənzildə elektrik işi görərkən Əhədin fikirli olduğunu görüb bunun səbəbini soruşanda Əhəd ona “NZS-də adam vurmuşam, bıçaqnan, adam var deyir get təslim ol, mən tək anamı qoyub hara gedirəm e?!” deyə cavab vermişdir. O, marağından cinayətin səbəbi, adamın ölüb-ölmədiyi, bıçağın harada olması, təslim olmağını istəyən şəxsin kim olması və s barədə əlavə suallar vermək istəsə də Əhəd ona bu barədə suallar verməməyi tapşırdığı üçün bir daha mövzuya qayıtmamış, hətta Əhədə işini yüngülləşdimək üçün gedib təslim olmağı məsləhət görmüşdür. Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şahid6 üzləşmə zamanı Məhkum ona NZS qəsəbəsində adam bıçaqladığını etiraf etməsi, eləcə də, həmin ərəfələrdə ona silah axtardığını deməsi, habelə ona məxsus mobil telefonda 055-369-61-84 saylı mobil nömrəni Məhkum istifadə etməsi barədə xüsusatları Məhkum üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Məhkum isə ayrıca ifadə vermək istədiyini bildirərək üzləşmə zamanı qarşısında əyləşmiş şəxsin ifadəsinə münasibət bildirməmişdir. Həmçinin cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum “2” nömrəli bıçağı tanıyaraq həmin bıçağın onun Zərərçəkmiş şəxs qəsdən öldürməkdə istifadə etdiyi bıçaq ilə eyni bıçaq olduğunu bildirərək “bıçağı necə çıxarda bildiz dənizdən?” deyə soruşmuşdur. Cinayət işi materiallarından görünür ki, Məhkum qeyd olunan vaxt aralığında yalnız Firudin Məmmədov və şahid6 adına qeydiyyatda olan 055-685-14-15 saylı mobil nömrə ilə (saat 21:31 və 21:42-də) telefon əlaqəsi saxlamışdır. Hadisə günü saat 10:40-dan 16:09-dək 070-900-87-83 saylı mobil nömrə şahid6 istifadəsində olmuş 055-685-14-15 və 051-944-55-22 saylı mobil nömrələrlə danışıq aparmışdır. Saat 17:54-də Firudin Məmmədov istifadəsində olmuş 070-270-04-77 saylı mobil nömrə vasitəsilə Məhkum zəng edib danışdıqdan sonra istifadəsində olmuş 050- 250- 42-11 saylı mobil nömrə vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olmuş 050-520-69- 09 saylı mobil nömrəyə saat 17:58-də zəng edib 40 saniyə, saat 18:31-də zəng edib 105 saniyə, saat 19:45də zəng edib 28 saniyə danışmışdır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya şikayəti ilə kassasiya şikayətinin məzmunu eynidir və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq X1 əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.5-ci maddəsinə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121- 123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçininin həmin plenum qərarında göstərilmişdir ki, cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 120.2.5-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 120.2.5-ci maddəsi ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-916/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 916/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar