Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3123/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – məhkum2 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 1(124)-172/2024 nömrəli (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə # ###### 1990-cı il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxx-da fərdi yaşamış məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5,206.2-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 31 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin məhkum1 və Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 , təqsirləndirilən şəxs məhkum2, onun müdafiəçisi müdafiəçi6, təqsirləndirilən şəxs məhkum1 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) 21 yanvar 2025-ci il tarixli 1(105)-17/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından məhkum məhkum2 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum2 təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 2023-ci ilin yanvar ayının sonlarında telefon vasitəsi ilə Iran Islam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə tanışı Təqsirləndirilən şəxs ilə ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq Iran Islam Respublikasında əldə etmə, saxlama, Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməkçilik edərək ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Iran Islam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda külli miqdarda, 1445 qram metamfetamin psixotrop maddəsini və külli miqdarda, 3850 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin metamfetamin psixotrop maddəsini ayrı-ayrılıqda çəkiləri 510 qram, 460 qram və 475 qram olmaqla üzərində "Golha" sözləri yazılmış 2 ədəd şirniyyat qutusunun və “AASAN” sözləri yazılmış 1 ədəd un məmulatı qutusunun içində, heroin narkotik vasitəsini isə ayrı-ayrılıqda çəkiləri 500 qram, 950 qram, 550 qram, 900 qram və 950 qram olmaqla üzərində x” sözləri yazılmış 2 ədəd şirniyyat və üzərində farsca yazılar olan 3 ədəd qırmızı rəngli yuyucu vasitə qutularının içərisində yerləşdirib 2 sellofan paketə qoymuş, məhkum1 isə ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd olunan narkotik vasitənin və psixotrop maddənin yerləşdirildiyi həmin 2 sellofan paketi 30 yanvar 2023-cü il tarixdə Iran Islam Respublikasının “yeddi bulaq” adlanan ərazisində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz əldə etmiş, özünə məxsus olan çamadana yerləşdirərək saxlamış, 1000 manat müqabilində Azərbaycan Respublikasında ona (məhkum2) və Təqsirləndirilən şəxs çatdırılması üçün Iran Islam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, 31 yanvar 2023cü il tarixdə saat 7 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük Idarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin maddələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri davam etdirilərək məhkum1 narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi qara rəngli selofan torbanı cinayətkar qrupun Iran Islam Respublikasında olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünün tapşırığına əsasən ümumi cinayətkar niyyətə uyğun olaraq Quba-Bakı yolunun X10 qəsəbəsindən keçən hissəsindən təxminən 700-800 metr sağ kənarında yerləşən yarımtikilinin içərisində giriş qapısının sağında olan divarın aşağı tərəfindəki boşluqda saxlamış, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün31 yanvar 2023-cü il tarixdə saat 17:40da o (məhkum2) tanışı cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxslə birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz Vito” markalı **-ZS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin ünvana gəlmiş, qeyd edilən maddələrin olduğu qara rəngli selofan torbanı götürərək ərazidən uzaqlaşarkən əməliyyat müvəkkillərinin yaxınlaşdığını görüb əlində daşıdığı həmin selofan torbanı yerə ataraq “Mercedes-Benz Vito” markalı **-ZS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində əyləşərək onu gözləyən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxslə birlikdə qaçmağa cəhd göstərmiş, keçirilmiş tədbirlər zamanı hər iki şəxs saxlanılmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum məhkum2 kassasiya şikayətini onun əsaslandırmışdır ki, məhkəmə sübutlara kifayət qədər istinad etmədən və əvvəllər məhkum olmamasını, subay olmasını, himayəsində olan anasının yaşlı və xəstə olmasını, ailədə dörd uşağın olmasını nəzərə almadan barəsində ədalətsiz cəza təyin etmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025ci il tarixli qərarının ləğv edilərək, barəsində daha ədalətli və aşağı həddə cəza təyin edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum məhkum2 çıxış edərək, narkotik vasitənin satışı ilə məşğul olmadığını, sadəcə istifadəçisi olduğunu, həmin yerə də sadəcə istifadə etmək üçün narkotik vasitə götürməyə getdiyini bildirib, xəstə anası olduğu üçün ona verilən cəzanın azaldılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı isə məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum məhkum2 verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə məhkum2 cəzasını yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 61ci maddəsinə uyğun olaraq ağırlaşdırıcı hallar mövcud olmasa da, bu fakt öz-özlüyündə cəzanın mütləq şəkildə minimum həddə təyin edilməsini şərtləndirmir. Cəza təyin edilərkən həm yüngülləşdirici, həm də ağırlaşdırıcı halların olub-olmaması ilə yanaşı, törədilmiş cinayətlərin sayı, xarakteri və ağırlıq dərəcəsi də nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə istinad olunan maddələr — qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma və qaçaqmalçılıqla bağlı cinayətlər — ağır və az ağır cinayətlər kateqoriyasına aid olub, yüksək ictimai təhlükəlilik daşıyır. Bu səbəbdən belə cinayətlərə görə daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə, o cümlədən sosial ədalətin bərpasına və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməzdi. Nəhayət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq cəzaların qismən toplanması yolu ilə təyin edilmiş yekun cəza da qanunauyğun və əsaslıdır. Məhkəmə tərəfindən təyin olunmuş 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətlərin ağırlığına adekvat olub, ədalət prinsipinə zidd hesab edilə bilməz. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı məhkum2 aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3123/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3123/2025
21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver