Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3124/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum Məhkum, onun müdafiəçisi X4 və zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis iştirakları ilə 6 yanvar 1996-cı ildə Xaçmaz rayonu, Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxx" MMC-də polad boruların istehsalı üzrə operator işləmiş, x11 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 679/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-393/2024 nömrəli 17 iyul 2024-cü il tarixli hökmü ilə (hakimlər H.Əliyev (sədrlik edən), A.Rzayeva və F.Hümbətov) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11-ci maddələri ilə ömürlük, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 il 6 ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3 və 186.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının, ona Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11-ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını həbsxanada çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 26 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum Məhkum, müdafiəçiləri Məmmədov Cavanşir Yusif oğlu və Nəzərli Gülnar Adil qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-679/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər R.O.Əsgərova (sədrlik edən), V.M.Hacıyev və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Işin halları: Məhkum 2022-ci ilin dekabr ayının əvvəllərində zərərçəkmiş şəxs1 borc kimi aldığı 5000 manat məbləğində pul vəsaitini geri qaytara bilməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün qisas almaq və tamah, yəni borcdan yaxa qurtarmaq niyyəti ilə zərərçəkmiş şəxs1 öldürərək özgə əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 9 aprel 2023-cü il tarixdə saat 22 radələrində sonuncunun Xaçmaz rayonu, Yalama kəndindəki Aşağı Qəsəbə adlanan ərazidə yerləşən fərdi yaşayış evinin qarşısına gəlib evdə kənar şəxslərin olmasını müəyyən edərək bir qədər gözlədikdən sonra 10 aprel 2023-cü il tarixdə saat 01 radələrində yad adamların evi tərk etdiyini görüb tövlənin yanındakı küçəyə açılan qapıdan yaşayış sahəsinə qanunsuz girərək özü ilə gətirdiyi istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib basqın törədərək əvvəlcədən planlaşdırdığı cinayət əməllərinin törədilməsini yüngülləşdirmək məqsədilə ictimai borcunu yerinə yetirib onun qarşısına çıxıb müqavimət göstərən X10 arvadı zərərçəkmiş şəxs1 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə sol döş qəfəsinə bıçaqla qəsdən bir zərbə vurub evin giriş qapısının qarşısına gətirərək sağ döş qəfəsinə bıçaqla qəsdən daha bir zərbə vurduqdan sonra qapıdan içəriyə daxil olub zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq sonuncunu evin qonaq otağınadək aparıb orada huşsuz vəziyyətə gətirdikdən sonra evin digər otaqlarında axtarış apararaq borc alarkən tərtib edilmiş, adının qeyd olunduğu kağız parçasını tapa bilməyib evin qonaq otağındakı qabda olan 50 manat dəyərində qırmızı qaşlı üzüyü götürərək Aslan Tariverdiyevi sürüyüb evin qonaq otağındakı zərərçəkmiş şəxs1 yanına gətirmiş və cinayətin izlərini itirmək məqsədilə evin qonaq və mətbəx otaqlarına, habelə huşsuz vəziyyətdə olan zərər çəkmiş şəxslərin üzərlərinə neft məhsulu töküb alışqanla qəsdən yandıraraq zərərçəkmiş şəxs1 ölümünə səbəb olan “ümumi bədən səthinin lll-IV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku” kimi sağlamlığa ağır zərər vuran, Aslan Tariverdiyevin ölümünə səbəb olan “ümumi bədən səthinin ll-lll-IV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə hər iki şəxsi diri-diri yandıraraq ümumi təhlükəli üsulla qəsdən öldürmüş, habelə zərər çəkmiş şəxslərə məxsus 19416 manat dəyərində fərdi yaşayış evini, 23410 manat dəyərində məişət və geyim əşyalarını, 800 manat dəyərində 2 ədəd “Xiaomi Redmi” markalı telefonu, 40 manat dəyərində 1 ədəd sadə telefonu, 2 manat dəyərində 055-393-50-38 saylı mobil nömrəni, 5 manat dəyərində 077-511-56-20 saylı mobil nömrəni, 5 manat dəyərində 070-872-31-95 saylı mobil nömrəni, 8 ədəd 100 manatlıq pul əskinazını, hadisə dövrünün məzənnəsinə uyğun dəyəri 104,50 manat təşkil edən 1 ədəd 5000-IIk Rusiya rublunu qəsdən məhv etmiş, həmçinin 583/585 əyarlı, qızıl metaldan olan, üzərində rəngsiz şəffaf qaşlar olan halqalı formalı, sarı rəngli, 2.74 qr çəkidə 1 ədəd üzüyün dəyərinin 75 manat, 583/585 əyarlı, qızıl materialdan olan, qırmızımtıl rəngli, 6.32 qr çəkidə 1 ədəd üzüyün dəyərinin 175 manat, 583/585 əyarlı, qızıl materialdan olan, qırmızımtıl rəngli, 3.49 qr çəkidə 1 ədəd üzüyün dəyərinin 95 manat, qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, qırmızımtıl rəngli, 2.56 çəkidə 1 ədəd üzüyün dəyərinin 2 manat, 583/585 əyarlı, qızıl metaldan olan, qulaqcığında “585” damğası, üzərində rəngsiz şəffaf qaşları olan, 2.49 qr çəkidə 1 ədəd boyunbağının dəyərinin 70 manat azalmasına səbəb olmaqla zədələmiş, həmin əməllər nəticəsində zərər çəkmiş şəxslərə ümumilikdə 44999,50 manat dəyərində ziyan vurmaqla özgə əmlakını məhv etmiş və zədələmiş, bununla da özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, yandırmaqla, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-679/2024 nömrəli 6 noyabr 2024-cü il nömrəli qərarının ləğv edilməsi, cinayət işinin yenidən ətraflı araşdırılması üçün iş üzrə yeni apellyasiya baxışın təyin edilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və məhkumun müdafiəçisi O.Cəfərbəylinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə ədalətli qərar verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməl Azərbaycan Respublikası CM-in 120.2.3-ci maddəsinə görə “zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə”; CM-in 120.2.4-cü maddəsinə görə “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə”; CM-in 120.2.5-ci maddəsinə görə “tamah məqsədi ilə və ya sifarişlə, habelə zərər çəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə”; CM-in 120.2.6-cı maddəsinə görə “başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə”; CM-in 120.2.7-ci maddəsinə görə “iki və ya daha çox şəxsi öldürmə”; CM-in 120.2.11-ci maddəsinə görə “quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə” əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur və bu əməl on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində “quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsinə əsasən bu əməl “zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə” on dörd ildən on səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində bu əməl “yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda” üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija Ispaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Yalama kəndində yerləşən, X10 və zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Evin darvazası iki taylı olmaqla göy rəngli dəmirdəndir. Darvazanın solunda göy rəngli dəmir materialdan qapı vardır. Qapıdan içəri daxil olduqda 1 mərtəbəli fərdi yaşayış evi və onun yanında 1 mərtəbəli yardımçı tikilinin olduğu görünür. Darvazanın sol tərəfində olan giriş qapısının içəri tərəfində qanabənzər ləkələr var. Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Fərdi yaşayış evinin qapısı açıq vəziyyətdədir və qapının çöl tərəfdən dəstəyinin üzərində, həmçinin dəstəyin kilid hissəsinə daxil edilmiş açarların üzərində qanabənzər ləkələr var. Həmin qapının dəstəyi sökülərək açarlarla birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evə girişdə 4 pilləli pilləkən və pilləkəndən yuxarı qalxdıqda dəhliz vardır. Dəhlizdə yerdə yanmış vəziyyətdə qızdırıcı soba vardır. Ev 1 qonaq otağı, 1 mətbəx və 2 yataq otağında ibarət olmaqla 4 otaqlıdır. Qonaq otağına baxış zamanı X10 və zərərçəkmiş şəxs1 yanmış meyitləri yanaşı, başları otağın sağ uzaq küncünə istiqamətdə formada olmaqla döşəmənin üzərində aşkar edilmişdir. Meyitlər müayinə olunması üçün Xaçmaz RMX-nın morquna aparılmışdır. Meyitlərin aşkar edildiyi zonadan 01 ədəd yanmış vəziyyətdə markası bilinməyən, smartfon tipli mobil telefon aşkar edildi və telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qonaq otağında olan bütün əşyalar yanaraq külə dönmüşdür. Solda yerləşən yataq otağı və mətbəxə baxış zamanı orada olan əşyaların yanaraq külə dönməsi müəyyən edilmişdir. Sağda yerləşən yataq otağı isə natamam yanmış formada olmuşdur. Evdə olan X10 məxsus olması güman edilən natamam formada yanmış mayka, qonaq otağında olan natamam formada yanmış xalça və evdə olan digər əşyalardan nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Fərdi yaşayış evinin həyətinə baxış zamanı yardımçı tikilinin dam örtüyündə olan lambirinlərin yanaraq əriməsi, yerə düşməsi və fərdi yaşayış evinin pəncələrinin yanaraq yararsız vəziyyəti düşməsi aşkar olunur. Bundan başqa, fərdi yaşayış evinin darvazasından sağ tərəfdə yerləşən bir mərtəbəli yardımçı tikiliyə baxış keçirilmiş və həmin tikilidə sübut əhəmiyyətinə malik hər hansı predmet aşkar edilməmişdir. Bundan əlavə, evin tövləsinin yanından keçəyə çıxmaq üçün 1 taylı qapı vardır. Həmin qapıya baxış zamanı qapının iç və çöl tərəflərində qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. . Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə qərarlarında istinad edilmiş hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Yalama kəndində mərhum X9 məxsus fərdi yaşayış evidir. Darvazadan daxil olduqda fərdi yaşayış evi bir qədər irəlidə üzbəüz yerləşir. Ev kürsülü olmaqla bir mərtəbəlidir, çiy kərpicdən inşa edilmiş, damı taxta konstruksiyalardan quraşdırılaraq üzəri asbest şifer təbəqələri ilə üzlənmişdir. Evə kənardan baxış keçirildikdə müəyyən edilmişdir ki, evin əsas konstruktiv hissələri üzərində (divarları) dağılmalar yaranmamış, lakin dam hissənin taxta konstruksiyalarının yarıdan çox hissəsi termiki təsirdən yanaraq qalıqları evin daxilinə tökülmüşdür. Evin giriş qapısı seyf tiplidir, üzərində sınma, əyilmə və deformasiya izləri müşahidə edilmir, lakin içəri tərəfdən qapının üzərində termiki təsir izlərinin olduğu müşahidə edilir. Qapının kilidi, dəstəyi ilkin hadisə yerinə baxış keçirilən zaman müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qapının içəri tərəfdən kilidinin dəstəyi termiki təsirdən ərimiş vəziyyətə düşmüşdür. Kilidin dəstəyi ehtimal ki alüminium materialdandır. Içəriyə daxil olduqda kiçik dəhliz yerləşir. Dəhlizin tavan dam hissəsi demək olar ki, tamamilə yanmış, qalıqları döşəməyə tökülmüşdür. Dəhlizə girişdən sağ tərəfdə alüminium materialından pəncərə vardır. Pəncərənin şüşələri istiliyin təsirindən sınmış, pəncərənin özü isə bir qədər istiliyin təsirindən çölə doğru qabarmışdır. Pəncərənin alüminium materialdan olan konstruktiv hissələri üzərində demək olar ki, termiki təsirdən ərimə izləri yaranmamışdır. Dəhlizə girişdən sol tərəfdə taxta materialdan olan qapı tamamilə yanmış, yerində kömürləşmiş çərçivəsi qalmışdır. Dəhlizdən girişdə qonaq otağı yerləşir, qonaq otağının girişi ilə üzbəüz yanaşı 2 yataq otağı, qonaq otağına girişdən sağ tərəfdə isə mətbəx otağı yerləşir. Qonaq otağına baxış keçirilərkən müəyyən edilmişdir ki, burada demək olar ki, yanar və çətin yanan materiallardan olan hissələr tamamilə yanmış, otaqda T’ şəkilli divanın metal konstruktiv hissələri və televizorun metal konstrulkiv hissələri qalmışdır. Otağın tavanının yalnız bir neçə kömürləşmiş taxta atmaları qalmış, dam hissə tamamilə yanmış, otağa girişdən sol tərəfdə yerləşən və otağa girişdən sol tərəfdə üzbəüz pəncərə tamamilə yanmış, yerində çərçivələri qalmışdır. Otağın döşəmə hissəsində səthi kömürləşmələr yaranmış, lakin kürsü hissəyə doğru dağılmalar əmələ gəlməmiş, otağın daxilində sərbəst gəzmək mümkündür. Hadisə yerinə ilkin baxışa görə meyitlər qonaq otağına girişdən sol tərəfdə təxminən yanaşı olmaqla baş hissələri divana tərəf beli üstə aşkar edilmişdir. Yanğın izlərinin nisbi analizi ilə müəyyən edilir ki, dərin termiki təsir izləri və dağılmalar təxminən otağın orta hissəsində (meyitlərin aşkar edildiyi zonada) yaranmışdır. Döşəmə üzərində (meyitlərin aşkar edildiyi zonada) baxışda iştirak edən Hüquqi varis bildirməsinə görə divanın qarşı tərəfində yerdə xalça sərilmişdir. Divanla üzbəüz pəncərənin qarşısında masa olmuş və masanın yanında isə oturacaqlar olmuşdur. Hazırda masa və oturacaqlar mövcud deyildir və onlar yanğın zamanı davamlı termiki təsirdən yanaraq kömürləşib yanğının sonrakı qalıqlara qarışmışdır. Qonaq otağına daxil olduqda qeyd olunan yanaşı yataq otaqlarından sol tərəfdəkinə daxil olduqda müəyyən edilmişdir ki, bu otaq yanğının yayılma zonasına aiddir. Belə ki, burada otaqda olan əşyalar yanmış, lakin tavan-dam hissədə geniş şəkildə, yəni qonaq otağında olduğu kimi dağılmalar yaranmamışdır. Burada otağa girişdən sol tərəfdə yaxın və uzaq künclərdə yerləşən çarpayılar yanmış, sol tərəfdəki çarpayının alt hissələri kömürləşmiş vəziyyətdə qalmış, sağ tərəfdəki çarpayı Isə tamamilə yanaraq itmişdir. Bu otağın döşəməsində səthi kömürləşmələrin yaranmasına baxmayaraq kürsü hissəyə doğru dağılmalar yaranmamış və otaqda sərbəst gəzmək mümkündür. Bu otağın pəncərəsi tamamilə yanmış, yerinə çərçivəsi qalmışdır. Həmin otağın qonaq otağına açılan qapısı mövcud deyildir. Qapı tamamilə yanmış, yerində qismən çərçivəsinin qalıqları qalmışdır. Bu otaqla yanaşı otağa baxış keçirildikdə müəyyən edildi ki, burada yanğın izləri yalnız tavanın qonaq otağına tərəf olan hissələrində yaranmışdır. Otağın digər sahələrində isə yanğın izləri yaranmamışdır. Həmin otağa baxış keçirdikdə müəyyən vəziyyətdə olduğunu aşkar etmişdir. Hazırda otaqdakı dolabların siyirmələrin daxili yanğından sonraki qalıqlarla (tavandan tökülmüş kömürləşmiş hissələrlə) dolmuş vəziyyətdədir. Həmin otağın giriş qapısı ilə üzbəüz istiqamətdə yerləşən dolabın siyirməsinə baxış zamanı üzərində qana bənzər ləkələr olan 1 ədəd “Samsung” etiketli kağız, 1 ədəd “Samsung" kitabçası, 2 ədəd “Kapital Bank” ödəniş çeki, 1 ədəd torpaq sahəsinin planı və 1 ədəd polietilen fayl aşkar edilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hüquqi varis iştirakı Ilə həmin otaqda pul və zinət əşyalarının axtarışı aparılmış, lakin onların özü və yaxud qalıqları aşkar edilməmişdir. Bununla yanaşı, Hüquqi varis iştirakı ilə əvvəl baxış keçirilən yataq otağında da, pul və zinət əşyalarının saxlanılması ehtimal olunan hissələrinə baxış keçirildi və qeyd edildiyi kimi onların özünü və yaxud qalıqları aşkar edilməmişdir. Mətbəxin giriş qapısı tamamilə yanmış, otağa girişdə sol divarın qarşısında yerləşən divan tamamilə yanmış, lakin divanla üzbəüz mətbəx mebelinin üzəri səthi kömürləşmişdir. Mebelə bitişik vəziyyətdə olan soyuducunun gövdəsi isə termiki təsirə məruz qalaraq bir qədər deformasiyaya uğramışdır. Qeyd olunan divan yerləşən zonaya ətraflı baxış keçirdikdə müəyyən edilmişdir ki, divanın söykənəcək hissəsində mənbə konusunu xarakterizə edən əlamətlər yaranmışdır və konusun zirvəsi təxminən divanın söykənəcək hissəsinə düşür. Divan yerləşən zona ilə qonaq otağında dərin termiki dağılmalar yaranmış zona demək olar ki, bir-birinə müstəqil və əlaqəsiz xarakter daşıyır. Belə ki, mətbəxdə yerləşən divanın yuxarı proyeksiyasında, yəni tavan hissədə dağılmalar yalnız divanın yerləşdiyi zonanı əhatə edir. Baxış zamanı qonaq otağında dərin termiki dağılmalar yaranmış zonada (meyitlərin aşkar edildiyi divanın qarşısında döşəmə səviyyəsində) və mətbəx otağında divanın yerləşdiyi zonada hər hansı istilik ixrac edə bilən texniki qurğu və ya onların qalıqları aşkar edilməmişdir. Evə girişdə yuxarıda qeyd olunan kiçik dəhlizdə zavod istehsalı ilə hazırlanmış qaz sobası aşkar edilmişdir. Öyrənildikdə müəyyən edilmişdir ki, həmin qaz sobası qonaq otağından girişdə sol tərəfdə divarın qarşısında yerləşmiş və soba yanğın söndürənlər tərəfindən çıxarılaraq dəhlizə qoyulmuşdur. Əhəmiyyət kəsb etdiyindən qonaq otağında divan yerləşən zonadan, divanın qarşısında döşəmə üzərində meyitlərin aşkar edildiyi zonadan, qonaq otağına girişdən üzbəüz sol tərəfdə yerləşən yataq otağının daxilində çarpayılar yerləşən zonadan və mətbəx otağında divan yerləşən zonadan yanğından sonrakı qalıqlardan fiziki kimyəvi tədqiqatın aparılması üçün nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla yanaşı yanğından sonrakı qalıqların arasından qonaq otağına və mətbəx otağına aid olan elektrik xətlərinin yanmış qalıqlarından da elektrotexniki tədqiqatın aparılması üçün nümunələr götürüldü. Bundan əlavə, evin sol tərəfində yerləşən yataq otağında 1 ədəd yanmış vəziyyətdə markası bilinməyən, smartfon tipli mobil telefon aşkar edilmiş və həmin telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə qərarlarında olan X10 meyitinə baxış keçirilməsi haqqında 10 aprel 2023- cü il tarixli protokoldan görünür ki, yanıq fonunda meyitin bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Meyitdən 1 ədəd bud sümüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilməsi haqqında 10 aprel 2023- cü il tarixli protokoldan görünür ki, yanıq fonunda meyitin bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Meyitdən 1 ədəd bazu sümüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkilli X1 təqdim etdiyi 2 ədəd pambığın üzərində qanabənzər ləkələr vardır. Iştirakçı Pənah Həsənli 10.04.2023-cü il tarixdə saat 02 radələrində X10 məxsus Xaçmaz rayonu Yalama kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında FHN-nin əməkdaşları gəlməmişdən əvvəl həmin ünvana getdiyini, evin darvazasının sol tərəfindəki qapıdan daxil olduqda beton döşəmənin üzərində qanabənzər ləkələrdən ibarət gölməçənin olduğunu, qanabənzər ləkələrin silinməməsi üçün həmin qanabənzər ləkələrə təqdim olunan pambıqları hopduraraq 2 ədəd nümunə götürdüyünü bildirmişdir. Qeyd olunan predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə qərarlarında olan diskə baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şahid15 təqdim etdiyi 1 ədəd kompakt diskə baxış keçirilmişdir. Diskdə “Whatsapp video” adlı fayl vardır. “2023-01-06-15-07- 49_994777436999_102137341513” faylının ölçüsü 15.4 MB-dır. Həmin fayla daxil olduqda faylın 2 dəqiqə 2 saniyədən ibarət video olduğu müəyyən edilmişdir. Iştirakçı şahid15 həmin video görüntünün FHN-nın əməkdaşları hadisə yerinə gəlməmişdən əvvəl kənd camaatından bilmədiyi bir şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alındığını, videonun kənd camaatı arasında yayıldığını, həmin videonu hazırda xatırlamadığı bir şəxsin ona göndərdiyini və videoda yanan evin X10 məxsus olduğunu bildirmişdir. Video görüntünün 46-50-ci saniyələrdə evin darvazasından daxil olduqda beton döşəmənin üzərində qanabənzər ləkələrin olduğu görünür. Fərdi yaşayış evinin qapısı açıq vəziyyətdədir. Video görüntüdə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər məlumat aşkar edilməmişdir. Təqdim olunan 1 ədəd CD disk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 7 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş 1 ədəd kompakt diskə baxış keçirilmişdir. Həmin diskin üzərində “BINGO” sözü və ”2193-2023” rəqəmləri yazılmışdır. Diskdə 33 ədəd “rar” formatlı faylın olduğu görünür. Diskdə olan “55- 3935038-v_J682485332049.zip” adlı fayla baxış zamanı təqsirləndirilən şəxs şahid12 Ramin oğlunun istifadəsində olmuş 070997- 29-98 mobil telefon nömrəsindən 09.02.2023-cü il tarixdə saat 19:00:16 radələrində zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055-393-50-38 mobil telefon nömrəsinə zəng edilmiş, lakin danışıq qeydə alınmamışdır. Baxış zamanı yuxarıda qeyd olunan məlumatdan başqa, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə qərarlarında olan mobil telefona baxış keçirilməsi haqqında 30 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şahid1 təqdim etdiyi 1 ədəd mobil telefona baxış keçirilmişdir. şahid1 istifadəsində olan mobil telefon “Honor X7" markalıdır. Telefonun zənglərinə baxış keçirilərkən Sevda Ağaxanovun 10.04.2023-cü il tarixdə saat 00:11-də, saat 00:12-də və saat 00:30-da 050-414-07-93 mobil telefon nömrəsindən 050-389-76-39 mobil telefon nömrəsinə zəng olunmuş, lakin danışıq qeydə alınmamışdır. şahid1 050-389-7639 mobil telefon nömrəsinin əri Məhkum məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 11 may 2023-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarət - bütün bədənin IV dərəcəli həyati termiki yanığı vardır. Yuxarıda qeyd olunan xəsarət ümumi bədən səthinin 100 %-ni əhatə edən IV dərəcəli termiki yanıq yüksək temperaturun (alovun) təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. zərərçəkmiş şəxs1 ölümünə səbəb ümumi bədən səthinin lll-IV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-14 saat əvvələ uyğun gəlir. zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda 0,9 %-li qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə aiddir, karbolsihemoqlobin aşkar edilməmişdir. Məhkəmə qərarlarında olan məhkəmə-tibb ekspertizasının 27 aprel 2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, A.B.Tariverdiyevin bədən səthində aşağıdakı xəsarət - bütün bədənin IV dərəcəli həyati termiki yanığı vardır. Yuxarıda qeyd olunan xəsarət ümumi bədən səthinin 100 %-ni əhatə edən IV dərəcəli termiki yanıq yüksək temperaturun (alovun) təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. A.B.Tariverdiyevin ölümünə səbəb ümumi bədən səthinin ll-lll-IV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-16 saat əvvələ uyğun gəlir. A.B.Tariverdiyevin meyitindən götürülmüş qanda karbolsihemoqlobin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 29 iyun 2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, Məhkum məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ əlin ikinci barmağının kəsilmiş yarası iti kənarlı və ya iti uclu kəsici əşyanın təsirindən törənməklə, qərarda qeyd olunan müddət və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmaya xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan əlavə məhkəmə-genetik ekspertizasının 1 avqust 2023-cü il tarixli 23/625R nömrəli rəyindən görünür ki, X10 və zərərçəkmiş şəxs1 10.04.2023cü il tarixdə Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində evin qonaq otağında yanaraq ölmələri faktı ilə əlaqədar, Xaçmaz rayon prokurorluğunun 11 aprel 2023-cü il tarixli qərarı ilə tədqiqata təqdim edilmiş tövlənin yanındakı qapıda, 1 ədəd “Samsung” etiketli kağız üzərində, 1 ədəd “Samsung” kitabçası üzərində, 2 ədəd "Kapital Bank" ödəniş çeki üzərində, 1 ədəd torpaq sahəsinin planı üzərində və 1 ədəd polietilen fayl üzərində aşkar edilmiş qan nümunələri Məhkum məxsusdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dekabr ayında bir az maddi sıxıntısı olmuş, Rumayəyə pul almaq üçün yaxınlaşmışdır. Rumayə ondan kimin oğlu olduğunu soruşmuş, onu yaxşı qarşılamış, ondan girov heç nə istəməmişdir. Rumayə ona 5000 manat vermiş, 400 manat aylıq ödənişlə 2 ay ödəmişdir. Özü 3-cü ay narazılıq etmişdir ki, borcdan heç nə silinmir. 7 mart tarixdə bir az mübahisələri olmuş, sonradan Rumayə həll edəcəklərini demişdir. Mart ayında 400 manat vermiş, gələn aydan 200 manat verəcəyini nəzərdə tutmuşdur. 9 aprel tarixdə evdən çıxmış, pulu götürdüyünü zənn etmiş, anasını yola salıb qadıngilə getmək istəyəndə pulu götürmədiyini anlamışdır. Rumayəgilin evinə çatanda evdə səs-küy olduğunu, adamlar olduğunu görmüşdür. Meşəyə tərəf getmiş, vaxtı uzatmış, qayıdanda sakitçilik olduğunu görmüşdür. Qapını Aslan açmışdır. Razılıq əsasında pulu 200 manatdan gətirdiyini bildirmişdir. Rumayə onu təhqir etmişdir. O, keçən ay danışdıqlarını bildirmişdir. Rumayə ağır sözlər işlətmişdir. Qadın olduğuna görə məsələni böyütmək istəməmiş, əri evdən çıxaraq mübahisəni davam etdirmişdir. Mübahisə böyümüş, “get hardan tapırsan tap” deyilmişdir. O, ayaqqabını geyinib aralaşmaq istəyəndə Rumayə əlində bıçaqla gəlmişdir. Ona həmçinin, söyüşlər söymüş, o da bıçağı götürmüşdür. Biraz mübahisə etmişlər, özünə gələndə hər iksinin qarşısında uzandığını görmüşdür. Aslanı Rumayənin yanına gətirmiş, tərpətmiş, su gətirmiş, nəfəs almadıqlarını görmüşdür. Sənədlərin içinə baxmış, özünə aid nəsə varsa, götürmək istəmişdir. Sənədləri zala gətirmiş, divanda oturub faylların hamısını yandırmış, evdən çıxmışdır. Arxa qapıdan meşə yolu ilə qayıtmışdır. Həmin vaxt barmağının göynədiyini hiss etmiş, barmağının kəsildiyini görmüşdür. Səhəri gün Bakıya getmişdir. Üstündən 10-15 gün keçmiş, bölmədən zəng edərək hadisə ilə bağlı məlumatının olub-olmadığını soruşmuşlar. Sonra evə gedərək onu axtarmışlar. Bölməyə gəlib qan analizi vermiş, analizin cavabı iyulun 25-i çıxmışdır. Zərərçəkmişlərə neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. Bıçağı dənizə atmış, yaşadığı mənzilə aparmamışdır. Məqsədi sənədləri yandırmaq olmuş, ona məxsus sənədlərin yanmasını istəmişdir. Tutulandan sonra onu bölməyə gətirəndə ona təzyiqlər göstərilmiş, üstündə olmayan əşyalar üstünə qoyulmuşdur. Ona aidiyyatı olmayan maddələr üzərinə qoyulmuş, o, evdən heç nə götürməmişdir. Ona psixoloji təzyiqlər göstərilmiş, ifadədə ona aidiyyatı olmayan xüsusatlar yazılmışdır. Üzərində yalnız siqaret, alışqan və pulqabı olmuşdur. Şəxsiyyət vəsiqəsi və telefonu olmamışdır. O heç kimi təhqir etməmişdir. Əvvəl başqa bir müstəntiq ondan izahat almışdır. Müstəntiq yazmış, o imzalamışdır. Bir neçə dəfə çəkiliş olmuş, alınmamış, yenidən çəkilmişdir. Telefon danışıqlarınna 2 ay qadağa qoyulmuşdur. Onu Xaçmaz polis bölməsinə gətirəndə Azəri evdən şəxsiyyət vəsiqəsi və telefonunu götürməyə göndərmişlər. Məhkumun törətdiyi əməl şahidlər şahid17, şahid8, şahid8, şahid23, şahid2, X7, şahid16, şahid11, şahid19, şahid10, şahid6, şahid14, şahid21, şahid3, şahid1 ifadələri ilə öz təsdiqini tapmışdır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya şikayəti ilə kassasiya şikayətinin məzmunu eynidir, apellyasiya instansiyası məhkəməsinin qərarında bununla başlı ətraflı şərh verilmişdir və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli rərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121- 123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 7-ci bəndində göstərilmişdir ki, zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərər çəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərər çəkmiş şəxsi məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Odur ki, qəsdən adam öldürmə istər zərər çəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır. Qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Qərarın 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi, yəni CM-in 120.2.5-ci maddəsi ilə o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 120.2.5-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Qərarın 10-cu bəndində göstərilmişdir ki, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərər çəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-679/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 679/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3124/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3124/2025
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver