Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3128/2025 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum məhkum1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə məhkum1 və məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və onlara CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Qurbanova Aygün Arzu qızı və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə) məhkum1, ## #### 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış və məhkum2 , ## ###### 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Yevlax Rayon Məhkəməsinin # #### 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, # ###### 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış, hər birisi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə, məhkum2 isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onlara CM-in 32.5,206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Işin halları: Ittiham aktına əsasən məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə qohumu məhkum2 ilə birlikdə şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyrilərinin 45000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin, satışının həyata keçirilməsi məqsədi ilə sonuncularla əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən “Həsən” adlı şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Iran Islam Respublikasından ölkə ərazisinə keçirilməsi planlaşdırılan külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, istintaqa məlum olmayan tarixdə “Həsən” adlı şəxs və qeyriləri tərəfindən dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Siyəzən rayonu ərazisindən Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda - 38 kq 380,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Siyəzən rayonu ərazisində dəniz sahilindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq məhkum2la birlikdə əldə etdikdən sonra sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları ünvan 1 ünvanına daşımış, narkotik vasitə qurudulmuş marixuananın 28 kq 240 qram çəkidə olan hissəsini həmin ünvanda, 10 kq 100 qram çəkidə olan hissəsini məhkum2 idarə etdiyi avtomobildə saxlamaqla, 19,49 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə üzərində, 20,83 qram çəkidə olan hissəsini isə məhkum2 ayırıb satış məqsədi ilə üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ## #### 2024-cü il tarixdə saat 21:30-da məhkum2la birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılmaqla Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasına gətirilərək orada həmin tarixdə saat 23:20-dən etibarən üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan boz rəngli idman şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 19,49 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və məhkum2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 20,83 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq ## #### 2024-cü il tarixdə, saat 00:20-dən etibarən Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasının həyətində məhkum2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə iştirakları və razılıqları ilə baxış keçirilən zaman avtomobilin salonunda sol arxa oturacağın qarşısında yerləşən ayaqaltı hissədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 995 qram, 1040 qram, 1030 qram, 1035 qram, 1000 qram, 1000 qram, 995 qram və 1005 qram olmaqla ümumilikdə külli miqdarda 10 kq 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, tədbirin davamı olaraq ## #### 2024-cü il tarixdə, saat 01:50-dən etibarən məhkum2 və məhkum1 razılığı və iştirakları ilə yaşadıqları ünvan 1 ünvanına baxış keçirilən zaman evin yataq otağından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 16 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1950 qram, 1960 qram, 2170 qram, 1970 qram, 980 qram, 490 qram, 1960 qram, 1965 qram, 1965 qram, 1960 qram, 1970 qram, 1965 qram, 2445 qram, 580 qram, 1950 qram və 1960 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 28 kq 240 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Ittiham aktından görünür ki, məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi, və üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, məhkum2 Yevlax Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və ## ###### 2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədənvə götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə qohumu məhkum1 ilə birlikdə, şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyrilərinin 45000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin, satışının həyata keçirilməsi məqsədi ilə sonuncularla əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən “Həsən” adlı şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Iran Islam Respublikasından ölkə ərazisinə keçirilməsi planlaşdırılan külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, istintaqa məlum olmayan tarixdə “Həsən” adlı şəxs və qeyriləri tərəfindən dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Siyəzən rayonu ərazisindən Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda - 38 kq 380,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Siyəzən rayonu ərazisində dəniz sahilindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq məhkum1la birlikdə əldə etdikdən sonra idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları ünvan 1 ünvanına daşımış, narkotik vasitə qurudulmuş marixuananın 28 kq 240 qram çəkidə olan hissəsini həmin ünvanda, 10 kq 100 qram çəkidə olan hissəsini idarə etdiyi avtomobildə saxlamaqla, 20,83 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə üzərində, 19,49 qram çəkidə olan hissəsini isə məhkum1 ayırıb satış məqsədi ilə üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## #### 2024-cü il tarixdə saat 21:30-da məhkum1la birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılmaqla Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasına gətirilərək orada həmin tarixdə saat 23:20-dən etibarən üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman məhkum1 əynində olan boz rəngli idman şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 19,49 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 20,83 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq ## #### 2024-cü il tarixdə, saat 00:20-dən etibarən Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasının həyətində məhkum2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə iştirakları və razılıqları ilə baxış keçirilən zaman avtomobilin salonunda sol arxa oturacağın qarşısında yerləşən ayaqaltı hissədən məhkum1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edibsaxlamaqla daşıdıqları 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 995 qram, 1040 qram, 1030 qram, 1035 qram, 1000 qram, 1000 qram, 995 qram və 1005 qram olmaqla ümumilikdə külli miqdarda 10 kq 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, tədbirin davamı olaraq ## #### 2024-cü il tarixdə, saat 01:50-dən etibarən məhkum2 və məhkum1 razılığı və iştirakları ilə yaşadıqları ünvan 1 ünvanına baxış keçirilən zaman evin yataq otağından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 16 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1950 qram, 1960 qram, 2170 qram, 1970 qram, 980 qram, 490 qram, 1960 qram, 1965 qram, 1965 qram, 1960 qram, 1970 qram, 1965 qram, 2445 qram, 580 qram, 1950 qram və 1960 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 28 kq 240 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Ələkbərov Valeh Həsən oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Qarayeva Mehriban Cəfər qızı və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə həmin apellyasiya müraciətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2022-ci il tarixli Qərarına, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2016-cı il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin aktlarla məhkəmələrin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası # ###### 2025-ci il tarixli qərarı çıxararkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkum1 və məhkum2 qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və onların hər birisinin CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təqsirsizlikləri barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, külli miqdarda, yəni, 38 kiloqramdan artıq narkotik vasitənin dəniz yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirilməsi barədə hazırki təqsirləndirilən şəxslərin öncədən məlumatlı olmaları, rol bölgüsünə uyğun olaraq onların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş həmin vasitələri bilavasitə keçirildiyi yerdə, yəni Siyəzən rayonunun ərazisində dəniz kənarından götürmələri və sonradan Bakıya yaşadıqları ünvana gətirib orada “Həsən” adlı şəxsin təlimatı ilə qanunsuz dövriyyəsini həyata keçirmələri cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış, mötəbərliyi inkar edilə bilməyən sübutlarla tam təsdiq edilmişdir. Məhkəmələr isə kifayət qədər mötəbər sayılan dindirilmiş şəxslərin ifadələrinin olmasına baxmayaraq həmin sübutları şübhə altına alacaq heç bir hal müəyyən etmədən yanlış mövqe sərgiləmiş, məhkum1 və məhkum2 məhkəmə istintaqı dövründə də ziddiyyətli ifadələr verməyə meyilli olmuş, lakin məhkəmələr onların bu mövqelərinə lazımi diqqət yetirməmiş, belə davranışlarla onların həqiqəti gizlətmək cəhdlərinin olmasını nəzərə almamışlar. Protest müəllifi həmçinin qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlarla məhkumlar məhkum1 və məhkum2 şəxsiyyətləri istintaq məlum olmayan şəxslərlə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə öncədən razılıq əldə etmələri, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətində bilavasitə iştirak etməsələr də, yəni həmin narkotik vasitələri özləri gömrük nəzarətindən kənar və ya gizli keçirməsələr də, bu yolla dəniz vasitəsilə ölkəmizə gətirilməsi barədə bilmələri, 38 kiloqramdan artıq narkotik vasitəni bilavasitə keçirildiyi yerdə - Siyəzən rayonunda dəniz kənarında qəbul etmələri, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmələri tam təsdiq olunmuş, digər tərəfdən onların hərəkətləri qaçaqmalçılıq cinayətinin törədilməsinə şərait yaradan əsas amillərdən biri olmuş və onların ölkədə olması faktı sonrakı cinayət əməllərinin törədilməsinə də zəmin yaratmışdır. Bütün bunlar isə məhkum1 və məhkum2 əməllərində CM-in 32.5, 206.2-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir və onlara qarşı bu maddələrlə irəli sürülmüş ittihamın təkzib olunması üçün heç bir əsas müəyyən edilməmiş və məhkəmələr onlara həmin maddələrlə bəraət verilməsi haqda əsassız nəticəyə gəlmişlər. Şərh edilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum məhkum2 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, məhkum1 və məhkum2 əsassız və qanunsuz olaraq CM-in 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilmişdir. Bununla da, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və işin yeni apellyasiya baxışına təyin edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə məhkum1 və məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarınının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi və CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi həmçinin onu da nəzərdə tutur ki, hər hansı şəxsə qarşı irəli sürülmüş ittiham araşdırılarkən onun bu ittiham üzrə cinayət əməlini törətməsi deyil, başqa, öz ictimai təhlükəliliyinə görə daha yüngül cinayəti törətməsi müəyyən edildikdə (sübuta yetirildikdə), bu nəzərə alınmadan onun məhz elan olunmuş ittiham üzrə təqsirli bilinməsi yolverilməzdir və belə hallarda işə baxan məhkəmələr CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq əməlin cinayət qanunun Xüsusi hissəsinin ağır maddəsindən daha yüngül maddəsi ilə tövsif etmək, yaxud ittihamdan bu və ya digər müddəalarını və ya CM-in hansısa maddələrini xaric etmək, habelə təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsaslarla hissəvi bəraət vermək və bu kimi digər qərar qəbul etmək hüququna malikdirlər. Belə hökmlər çıxarılarkən və ya qərarlar qəbul edilərkən isə cinayət mühakimə icraatının prinsipləri və şərtləri, habelə təqsirkarın fundamental hüquqları, o cümlədən müdafiə hüququ pozulmamalıdır. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini və eyni zamanda prosessual qanunvericilinin də tələblərinə əməl olunub-olunmasını yoxlamaq vəzifəsi düşür. Əvvəla kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi dövlət ittihamçısı A.A.Ələkbərov məhkumlar məhkum1 və məhkum2, hər birisinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, yəni onların külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə Iran Islam Respublikasından olan “Həsən” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində külli miqdarda – 38 kq 380,32 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib, saxlayıb, daşımalarını mübahisələndirmir, buna görə məhkəmə kollegiyası da bu halları və hər iki məhkumun təsvir edilən əməlləri törətmələrini təsdiq edən sübutları hazırki qərarında təftiş etməyə ehtiyac görmür və hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkum1 və məhkum2 qarşı irəli sürülmüş ittihamın bu hissəsi üzrə, yəni onları CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, hər hansı qanun pozuntusuna yol verilmədən əldə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, həmin sübutlar isə CPM-in 145.1ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum1 və məhkum2 hər birisinin külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qeyd olunan məsələ ilə əlaqədar gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan göstərilən nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bununla belə, məhkum1 və məhkum2 CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə əsassız olaraq bəraət verilməsinə dair kassasiya protestində istinad olunan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına əsasən, dövlət ittihamçısının razılaşmadığı bu məsələ üzrə də nəticəyə gələrkən məhkəmələr CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara, qanunvericiliyin tələblərinə əsaslanmış, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquq mövqelərini, izahlarını və tövsiyələrini də kifayət qədər nəzər almışlar. Iş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və məhkəmələr də məhz ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları tədqiq etmişlər. Bu baxımdan məhkəmə kollegiyası məhkəmələrin yekun aktlarının əsasını yolverilməz sübutların təşkil etməsi barədə dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin dəlillərini tamamilə əsassız hesab edir və belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək protestin bu dəlillərini qəbul edilməz sayır. məhkum1 və məhkum2, hər birisinə CM-in 32.5, 206.3.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası bildirir ki, ibtidai istintaq orqanı tərəfindən məhkumların hər birisinə narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla bağlı) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə olunmamışdır. Belə ki, ibtidai araşdırma orqanı məhkum1 və məhkum2, hər birisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmələri barədə nəticəyə gəlsə də, həmin narkotik vasitələrin gömrük sərhədinin məhz hansı hissəsindən və nə vaxt, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə həqiqətən bir qrup şəxs tərəfindən keçirilib-keçirilməməsi, məhkum olunmuş şəxslərin narkotik vasitələrin keçirilməsində konkret rolu, bu cinayətin obyektiv cəhətini təşkil edən hansı hərəkətlərin edilməsinə köməklik göstərmələri müəyyən edilməmiş və bu hallara dair mötəbər sübutlar əldə edilməyərək məhkəmə iclaslarında araşdırılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, istər məhkum1, istərsə də məhkum2, hər birisinin ibtidai araşdırma zamanı ayrı-ayrılıqda verdikləri ifadələrində göstərdiyi arqumentləri, yəni Iran Islam Respublikasının vətəndaşı “Həsən” adlı şəxsin həqiqətən həyatda mövcud olub-olmaması ibtidai araşdırma orqanı tərəfindən tam və hərtərəfli yoxlanılmamış, bu halı da təsdiq edən sübutlar əldə edilməmiş və bu hissədə nəticə yalnız məhkum olunmuş şəxslərin ifadələrinə əsaslanmış, həmçinin məhkum1 “Həsən” adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə “Həsən” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından Iran Islam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən adları çəkilən məhkum olunmuş şəxslərin bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmələrinə görə onlara qarşı əsassız, mötəbər və təkzib edilməz sübutlarla təsdiq olunmayan ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası xüsusilə ona diqqət yetirməyi vacib sayır ki, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilmə vaxtı da ibtidai araşdırma zamanı dəqiq müəyyən edilməmişdir, halbuki belə cinayətin törədilməsində bu və ya digər şəkildə (köməkçi, təşkilatçı və ya təhrikçi qismində) iştirak etmiş şəxsin əməlinin düzgün tövsif edilməsi, digər tərəfdən isə bu əməlləri törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətlərinin (CM-in 75-ci maddəsi) hesablanması üçün həmin halın da dəqiqliklə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə toplanmış sübutlarla isə nəinki qaçaqmalçılıq cinayətinin törədilməsi vaxtı, həmçinin bu cinayətin CM-in 206.1-ci maddəsində nəzərdə tutulmuş üsulları da müəyyən edilməmiş və ibtidai araşdırma orqanının məhkum1 və məhkum2 istinad olunan narkotik vasitələrin məhz dəniz yolu ilə Siyəzən rayonunun ərazisinə gətirilməsi yalnız sonuncuların ehtimal xarakterli ifadələrinə əsaslanmışdır. Halbuki göstərilən halı təsdiq edən mötəbər sübutların mövcudluğunda eyni ehtimallarla göstərilən narkotik vasitələrin başqa yollarla da Azərbaycan Respublikasının ərazisinə gətirilməsi barədə fikir yürütmək olar ki, məhkəmələr də haqlı olaraq qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edərək təhlil edilən məsələ üzrə, yəni məhkum1 və məhkum2 CM-in 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmələri barədə ehtimallar üzərində qurulmuş hökmün çıxarılmasından imtina etmişlər. Işin müəyyən edilmiş bu faktiki hallarından və təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum1 və məhkum2, hər birisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qaçaqmalçılığının törədilməsində köməkçi qismində iştirak etmələri toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış və məhkəmələr də tamamilə qanuni və əsaslı olaraq onların CM-in 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliklərinin sübuta yetirilməməsi barədə qanuni nəticəyə gəlmiş, öz nəticələrini qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmış və məhkəmə kollegiyasının qənaətin görə, bu nəticə həm cinayət qanunvericiliyinin aşağıdakı tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğun olmuşdur. Belə ki, CM-in 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.1-ci maddəsinin tələbəinə görə, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsində isə göstərilmişdir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki işin hallarına görə, məhkum1 və məhkum2 narkotik vasitələri məlum olmayan üsuldan istifadə edilməklə qaçaqmalçlıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirmiş şəxsə və ya şəxslərə bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi üçün sonunculara hər alət və ya vasitələr vermələri, həm sonuncuları, həm də cinayətin alətlərini və ya vasitələrini, cinayətin izlərini gizlətməyi vəd etmələri müəyyən edilməmiş və bu hallar dair heç bir sübut əldə olunmamış, belə halların baş verməsinə dair müddəalar onlara qarşı irəli sürülmüş ittihamda da əksini tapmamışdır. O, ki qaldı məhkum1 və məhkum2 şəxsiyyəti naməlum olan “Həsən” adlı şəxsə narkotik vasitələri qəbul edərək həmin narkotik vasitələrə sərəncam vermək vədlərinə, məhkəmə kollegiyası bu vədə görə onlara CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ittiham elan olunması üçün əsas görmür ki, çünki, yuxarıda qeyd olunduğu kimi, onların həmin vədi qaçaqmalçılıq cinayətinin törədilməsinə qədər və ya bundan sonra vermələri iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyyən edilməmiş, məhkum olunmuş şəxslər özləri də verdikləri ifadələrində bu haqda dəqiq fikir söyləməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət yolu ilə əldə edilmiş, yaxud da qanunsuz dövriyyəsi qadağan olunmuş əmlak (əşyalar) hər hansı şəxs və ya şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə respublika ərazisinə gətirildikdən sonra digər şəxs belə əmlakı (əşyaları) qəbul etməyi və onlara sərəncam verməyi vəd etdikdə sonuncunun qaçalmalçılıq cinayətinin törədilməsində hər hansı qismdə, o cümlədən köməkçi qismində iştirak etməsi barədə nəticəyə gəlməyə əsas vermir və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə formalaşmış istintaq məhkəmə təcrübəsinə görə, bu kimi hallarda təqsirkarlara qarşı işin hallarından və tövsif edici əlamətlərdən asılı olaraq yalnız belə vasitə və maddələri əldə etmələri, saxlamaları və daşımaları ilə bağlı ittihamlar irəli sürülür və onların həmçinin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı qismdə iştirak etmələrinə təqsirləndirilmələri birmənalı olaraq istisna edilir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarı)... Iştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. Iştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. Iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər... Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. Iştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. Iştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. Iştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il ## ##### tarixli Qərarı)... Həmçinin Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. Iştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2016-cı il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmalaı tövsiyə edilmişdir ki, Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qərarın həmin bəndində həmçinin izah olunmuşdur ki, bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-in 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Təsvir edilən bənddə məhkəmələrin diqqəti xüsusilə ona yönəldilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Yuxarıda qeyd olunduğu kimi, hazırki iş üzrə cinayətin predmeti olan narkotik vasitələrin hansı şəraitdə, yəni nə vaxt, neçə şəxs tərəfindən, hansı üsuldan istifadə edilməklə və hansı ərazidən keçirilməsi, ümumiyyətlə isə hansı ölkədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsi toplanmış və araşdırılmış mötəbər sübutlarla müəyyən edilməmiş və belə olan halda məhkəmələr tamamilə qanuni və əsaslı olaraq ehtimal xarakterli məhkəmə aktlarının qəbul edilməsindən imtina edərək məhkum1 və məhkum2 CM-in 32.5,206.3.2-ci maddələri ilə bəraət verilməsi haqqında düzgün nəticəyə gəlmişlər. Belə olan halda, məhkəmə kollegiyası təhlil edilən məsələyə həsr olunmuş kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır, buna görə ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməməsini qeyd edərək kassasiya protestinin təmin olunmasını, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarının isə ləğv edilməsini mümkün bilmir. Beləliklə, təsvir olunanlardan çıxış edib kassasiya protestinin dəlillərini cinayət işinin materialları və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə təhlil edən məhkəmə kollegiyası həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.Imranovun, kassasiya protestinin təmin edilməməsi barədə isə məhkum məhkum1 çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, məhkum1 və məhkum2, hər birisinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və onlara CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protesti təmin edilməsin. məhkum1 və məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və onlara CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3128/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3128/2025
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver