Məhkəmə qərarları › İş №1(102)-3132/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3132/2025

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3132/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, 28.03.1979-ci ildə Qubadlı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı övladı olan, x3 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Hakim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-346/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 1(050)-2/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli (hakim E.H.Abbasovanın sədrliyi) hökmü ilə Məhkum Hakim oğlu - CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-346/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər Y.X.Həşimov (sədrlik edən), Ə.A.Əliyev və P.V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)- 2/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarından görünür ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s evi, mənzil 40-da qeydiyyatda olmaqla hal-hazırda Masallı şəhərində yaşayır və Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışır. Son vaxtlarda barəsində şikayət verdiyi şəxs Məhkum böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi sosial şəbəkələrdə, kütləvi çıxışlarında və respublikanın müxtəlif təşkilatlarında yayımlamışdır. 2024-cü ilin iyul-avqust aylarında sosial şəbəkələrdə yaradılmış “TikTok” proqram kanalında Məhkum ölkənin hüquq mühafizə orqanlarına Masallı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisinin, yəni onun qanunsuz əməlləri, cinayətkarlardan rüşvət tələb etməsi barədə dəfələrlə hüquq mühafizə orqanlarına məlumatlar verdiyini bildirir. Eyni kanalda ayrı-ayrı vaxtlarda, yəni təkrar olaraq həmin görünüşlə, həm də rəsmi şəkillərdə müraciətlərin mətnini yayımlamışdır. Hər iki video və audio materiallar sosial şəbəkədə “Tik-Tok” kanalında 2024-cü ilin iyul-avqust aylarında yayımlanmışdır. Həmin yayımlanan müraciət və çıxışlarda danışan şəxs Məhkum özüdür və nəql etdiyi hadisələrin iştirakçısının özü olduğunu bildirir. Onun haqqında səsləndirdiyi fikirlər, o cümlədən böhtanlar Məhkum məxsusdur. Yayımlanmış video materiallar üzrə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi mövcuddur və bu əsasla hazırda Cinayət Prosessual Məcəlləsinin (CPM) 293-cü maddəsinə uyğun olaraq tərtib edilməklə məhkəməyə təqdim edilən şikayət ərizəsi Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə baş vermiş cinayət hadisəsini araşdırmaqla, cinayət törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməsindən ibarət məqsədə xidmət edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Məhkum müraciətləri ilə o və polis şöbəsi ağır cinayətdə ittiham edilməklə böhtana məruz qalmışdır. Məhkum tərəfindən 2024-cü ilin iyul-avqust aylarında yayımlanmış video müraciətlərdə aşağıdakılar qeyd edilmişdir: “Masallı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Xüsusi ittihamçı qumarxanalardan pul alır, rüşvət yığır, tutulub saxlanılan şəxslərin ailələri ilə əlaqə saxlayır, onlarla görüşdükdən sonra cinayət törətmiş şəxsləri şöbədən qanunsuz buraxır”. Həmçinin müraciətlərində bu işlərə rəhbərlik edən və şöbədə anarxiya yaradan polis rəisi Azay Ağayevi də ittiham edir. Müraciətlərindən sonra Xüsusi ittihamçı, onu polis şöbəsində 3 gündən sonra qanunsuz saxlamış, o sonradan sərbəst buraxılmışdır. Bu qanunsuzluqlara görə ölkə Prezidentinə, Baş prokurora və Daxili Işlər Nazirliyinə müraciətləri olmuş, lakin müraciətlərinə baxılmamışdır. Onun video müzakirələri tam mətni ərizəyə əlavə edilməklə bərabər diskə köçürülmüş vəziyyətdə məhkəməyə təqdim edilir. Yayımlanmış hər video materiallarda səslənən fikirlər Məhkum özünə məxsus olmaqla sonuncuya aid edilməli, həmin fikirlərə görə məsuliyyət məsələsi həll olunmalıdır. Əvvəla nəzərə almaq lazımdır ki, bütün video materialların ümumi kompleksi böhtana əsaslanır, üstəlik həmin fikirlər Məhkum mülahizəsi olmaqla reallığı əks etdirmir. Video müraciətlərində Masallı Rayon Polis şöbəsində özbaşınalığın, rüşvətxorluğun olmasını dəfələrlə qeyd etmişdir. Məhkum onu rüşvət almaqla, böhtan olduğunu bilə-bilə polisin şərəf və ləyaqətini ləkələyən, polisə yaraşmayan, kollektiv və ictimaiyyət arasında hörmətdən salan ağır cinayətdə ittiham etməsi ilə (rüşvət alma) əsassız olaraq böhtana məruz qalmışdır. Bu isə Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinin tərkibini yaratmışdır. Göründüyü kimi, Məhkum böhtan olduğunu bilə-bilə polisin şərəf və ləyaqətini ləkələyən yəni şəxsi nüfuzdan salan, onu ağır cinayətdə ittiham edən məlumatları kütləvi informasiya vasitəsi ilə yaymaqla ona böhtan atmışdır. Yayımlanmış video materiallara 13.000 baxış olmuşdur. Insanın şərəfi, ləyaqəti və nüfuzu ən ali dəyərlərdən hesab olunur. Vətəndaşın ifadə azadlığına malik olması, onun mətbuat vasitəsilə öz sözünü cəmiyyətə çatdırması normal haldır. Belə ki, video müraciət hazırki dövrün tələblərinə uyğun olaraq, şəxsin öz iradə ifadəsi forması kimi qiymətləndirilməlidir. Lakin bunun sui-istifadə, ictimaiyyəti çaşdırmaq, insanların şərəf və ləyaqətini alçatmaq və onları ən ağır cinayətdə ittiham etmək yolu ilə olub-olmaması araşdırılmalıdır. Özünün hüquqlarının pozulduğunu hesab edən şəxs hansı vasitəni seçməsindən aslı olmayaraq qanunvericilik çərçivəsində hərəkət etməlidir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, xüsusi ittihamın heç bir əsası yoxdur və məqsədli şəkildə həyata keçirilmişdir. Polis əməkdaşları məhz məhkəmənin əli ilə bu hərəkətlərə hüquqi don geyindirmək istəmişlər. Belə ki, Masallı Rayon Polis Idarəsinin əməkdaşları 21 avqust 2024-ci il tarixdə onu yaşadığı evin qarşısından Polis Idarəsinə apararaq orada ona guya xırda xuliqanlıq edərək polis işçisinin qanuni tələbinə tabe olmama maddəsi ilə barəsində IXM-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə gətirmişlər. Masallı Rayon Məhkəməsinin 22.08.2024-ci il tarixli 3(050)-1674/2024 nömrəli (hakim Firdovsi Əliyev) qərarına əsasən 8 sutka müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərardan verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Məhkum bildirir ki, ona qarşı qanunsuz və əsassız hərəkətlərin edilməsinə, barəsində guya IXM-in 510-535.1-ci maddələri ilə protokolun tərtib edilməsi məqsədli və göstərişlidir. Bundan başqa, Məhkum bildirir ki, polis idarəsində onun haqlı tələblərinə baxılmır və o, həmin hərəkətlərdən yuxarı orqanlara şikayətlər ünvanlayaraq qanunsuzluqların dayandırılmasını tələb etmişdir. Xüsusi ittihamın verilməsi, onun inzibati qaydada barəsində protokol tərtib edilməsi hamısı məqsədli şəkildə və qəsdən həmin işdən onu uzaqlaşdırmaq niyyəti güdür. Tərtib edilmiş protokolun, onun əsasında çıxarılmış qərarın heç bir əsası yoxdur. Işə baxan hakim öz qərarında göstərmişdir ki, “məhkəmə Məhkum yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu inzibati xətaya görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir”, ancaq protokol və polis əməkdaşı kimi şahid qismində dindirilmiş şəxslərdən başqa hər hansı mötəbər sübutun mövcudluğuna istinad etməyərək Məhkum dediklərini yalnış olaraq özünü müdafiə kimi qiymətləndirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)- 412/2024 nömrəli 29.08.2024-ci il tarixli qərarı ilə şikayətləri əsaslı olduğundan Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Bundan başqa Məhkum 26 avqust 2024-ci il tarixli məhkəmə iclasından sonra polis Idarəsinə aparıldıqdan sonra 3 gün müddətində işgəncələrə məruz qaldığını bildirmiş və hətta Şirvan Apellyasiya Məhkəməsinin hakimi bu halları ondan soruşduqda kamera qarşısında döyüldüyünü bildirmişdir. Bu hallar məhkəmə qərarında öz əksini tapmışdır. Məhkum 29 avqust 2024-ci il tarixdə zaldan azad edilmiş və evə gətirilmişdir. Növbəti gün tibbi müayinələrdən keçirilmişdir. MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, aldığı xəsarətlərdən boynunda qırıq aşkarlanması müşahidə olunduğundan KT göndərişi verilmişdir (tibbi sənədlər əlavə edilir). Rentgen müayinəsi zamanı həkim bir daha boyun fəqərəsində sınığın olduğunu bildirmiş və müvafiq dərmanlar yazılaraq Məhkum hərəkətsiz uzanmaq tapşırılmışdır. Şirvan Apellyasiya Məhkəməsi həmin araşdırmaların aparılması üçün Masallı Rayon Məhkəməsinə işi qaytarsa da, Masallı rayon məhkəməsi polis idarəsindən kamera görüntülərini əldə edə bilmədən yenidən əsassız qərar qəbul etmişdir. Göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin heç bir əsası mövcud deyil. Məhkum bu günə qədər yüzlərlə dövlət orqanlarına və həmçinin Daxili Işlər Nairliyinə ünvanladığı şikayətlərə baxılmamış, onun güllələnməsi və dəmir borularını oğurlayan şəxslər tapılmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə bu məsələlər ört-basdır edilmişdir. Işə baxan məhkəmə işin faktiki hallarını aydınlaşdırmadan, tərəflərin əvvəlki münasibətlərini nəzərə almadan, sosial şəbəkələrdə olan və məhkəməyə təqdim edilmiş materiallara düzgün qiymət vermədən, təqdim edilmiş disklərdə olan görüntüləri ümumi şəkildə dəyərləndirmədən, dövlət orqanlarına və Daxili Işlər Nazirliyinə ünvanlanmış şikayətləri nəzərə almadan əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija Ispaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qəralarından görünür ki, iş materialında olan 1-ci CD-diskə keçirilən baxış zamanı diskdəki 1-ci videofaylda 6 dəqiqə 39 saniyəlik videokadr var. Həmin videonun 3:10cu dəqiqəsindən başlayaraq 04:05-ci dəqiqəsinədək təqsirləndirilən şəxs Məhkum “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Xüsusi ittihamçı o qədər harınlayıb ki, Masallıda qumar oyunları oynayan bəzi təşkilatlar var ki, onlardan aylıq haqq alır”, Xüsusi ittihamçı Masallıda “narkotik satmağa başı qarışıb”, “rüşvət yığmağa başı qarışıb” “Xüsusi ittihamçı qumar oyunlarının, mərc oyunlarının təşkilatçısıdır. Onlardan aylıq pul yığır” ifadələrini işlətməsi müəyyən olunur. 3-cü diskə baxış keçirilən zaman 1-ci videofaylda 2 dəqiqə 46 saniyəlik videokadr var. Həmin videonun 01:00-ci dəqiqəsindən başlayaraq 01:38ci dəqiqəsinədək Məhkum “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Xüsusi ittihamçı diş həkimlərindən haqq yığır, apteklərin gününü qara edib, banditlərlə oğrularla şərik işləyir” ifadələrini bildirməsi müəyyən olunur. Aşağı instansiya məhkəmələrində araşdırması zamanı məhkum Məhkum tərəfindən xüsusi ittihamçı Xüsusi ittihamçı barəsində ağır və ya xüsusilə cinayət etməkdə ittiham etməklə ona böhtan atması iş materialları ilə tam təsdiqini tapmışdır və qeyd olunan yalan məlumatların “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində yerləşdirildiyi müəyyən edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 147-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və açırlaşdıran halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum Hakim oğluna bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Hakim oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-346/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar