Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3133/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(105)-379/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Hafiz Əliyev, hakimlər Fəhmin Hümbətov və Aynur Rzayeva) 02 aprel 2025-ci il tarixli, 1(124)-95/2025 nömrəli hökmü ilə 20 aprel 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi 4 saylı inzibati binada qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə o, 7 il (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, tutulduğu 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla üzərində qəti cəza olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Məhkum Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində İbrahimov İqrar Yaqub oğluna məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin taxta materialdan olan qapısını zərblə itələyib açmaqla qanunsuz içəri daxil olaraq oradan dəyəri 540 manat olan 1 ədəd plastik kəsən aparat və hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan 2 ədəd alüminium profili gizli olaraq talayıb ələ keçirərək İqrar İbrahimova ümumilikdə 700 (yeddi yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 iyul 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 200 ünvanında yerləşən zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Kral” restoranının hasarından aşmaqla həyətyanı sahəsinə, daha sonra isə qapısından içərisinə qanunsuz daxil olaraq mətbəxdəki soyuducudan hər birinin dəyəri 15 manat olan 3 ədəd 0,5 litr həcmli butulkalarda “Perpelka” markalı arağı, hər birinin dəyəri 18 manat olan 3 ədəd 0,7 litr həcmli butulkalarda “Perpelka” markalı arağı, hər birinin dəyəri 15 manat olan 3 ədəd 0,5 litr həcmli butulkalarda “Persa” markalı arağı, hər birinin dəyəri 18 manat olan 3 ədəd 0,7 litr həcmli butulkalarda “Persa” markalı arağı, hər birinin dəyəri 18 manat olan 3 ədəd 1 litr həcmli butulkalarda “Oliqarx" markalı arağı, saxlanc otağından hər birinin dəyəri 4 manat olan 2 ədəd 0,7 litr həcmli butulkalarda “Kabernet” markalı çaxırı, hər birinin dəyəri 10 manat olan 2 ədəd 0,5 litr həcmli butulkalarda “Yakor” markalı arağı, hər birinin dəyəri 12 manat olan 2 ədəd 0,7 litr həcmli butulkalarda “Yakor” markalı arağı, hər birinin dəyəri 15 manat olan 2 ədəd 0,7 litr həcmli butulkalarda “Lumberjack” markalı viskini, soyuducudan 1 kiloqramı 17 manat olan 12 kiloqram quzu ətini, 1 kiloqramı 14 manat olan 4 kiloqram mal ətini, 1 kiloqramı 16 manat olan 4 kiloqram çəkilmiş mal ətini, 1 kiloqramı 8 manat olan 3 kiloqram çəkilmiş toyuq ətini və dəyəri 1200 manat olan 1 ədəd “Samsung" markalı 120 millimetr diaqonallı televizoru gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş şəxs2 ümumilikdə 1882 (min səkkiz yüz səksən iki) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 23 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,405 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul müqabilində əldə edib Abşeron rayonu, Novxanı qəsəbəsinə daşımış və saxlamış, 23 noyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən Duz gölünün yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 21:45-dən saat 21:53-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin çəkisi 0,405 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 09 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 3,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pul müqabilində əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış və saxlamış, 10 dekabr 2023-cü il tarixdə saat 19:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslanov küçəsində piyada hərəkət edərkən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 19:46-dan saat 19:57-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin çəkisi 3,346 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Məmmədov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Zaur Məmmədov) 27 may 2025-ci il tarixli, 1(105)-379/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 1(124)-95/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(105)-379/2025 nömrəli qərarının ləğv edilməsi və ən az 6 (altı) ay azaltmaqla, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və ailənin yeganə qazanc gətirən üzvü olmasını nəzərə alaraq, ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin hökmü ilə məhkum Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona 7 il (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkum Məhkum təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və cinayət qanununun yuxarıda qeyd edilən maddələrinin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmələr Məhkum təyin ediləcək cəzanın növünü və həddini müzakirə edərkən işin digər hallarla yanaşı onun əvvəllər törətmiş cinayətlərə görə dəfələrlə məhkum olunmasını da nəzərə almışdır. Belə ki, iş materiallardan görünür ki, Məhkum Bakı Şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 14 may 1992-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi və 23-1-ci maddəsi ilə təqsirli bilinib 363 gün islah işləri (20%) cəzasına, Bakı Şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 15 may 1996-cı il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 05 iyul 2000-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, Abşeron Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 7 ay azadlıqdan məhrumetmə cəzasına, Abşeron Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmiş və onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə uyğun müəyyən edilmişdir. Məhkəmələr cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, işin hallarını, habelə cəzanın məhkumun islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına təsirini nəzərə almışlar. Bu baxımdan, məhkuma təyin edilmiş cəzanı nə sərtliyinə, nə də yüngüllüyünə görə açıqaşkar ədalətsiz və cəzanın məqsədlərinə uyğun olmayan cəza hesab etmək olmaz. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın həddən artıq sərt olması və cəzanı yüngülləşdirən halların nəzərə alınmaması barədə dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin məhkum Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(105)-379/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(105)-379/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3133/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3133/2025
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver