Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3137/2025 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CRM-in) 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ####### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə (hakimlər Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə) Bəraət almış şəxs, # ###### 1992-ci il tarixdə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Ağdam Rayon Məhkəməsinin ## ###### 2013cü il tarixli hökmü ilə CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 69.4-cü maddəsinə əsasən qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin # #### 2015-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2.925 (iki min doqquz yüz iyirmi beş) manat miqdarında cərimə cəzalarına, həmin Məhkəmənin ## ###### 2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə və 2.925 (iki min doqquz yüz iyirmi beş) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin # ###### 2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## ######## 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliklərin tətbiq olunması ilə bağlı CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 6 (altı) ayadək azaldılmış və # ####### 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağdam Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli qərarı ilə 2.925 (iki min doqquz yüz iyirmi beş) manat miqdarında cərimə cəzası 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və ## #### 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Xındırıstan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, ona bəraət alması ilə əlaqədar cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilmiş, eləcə də hökm qanuni qüvvəyə mindikdən sonra CPM-nin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Işin halları: Ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı CM-in 234.4-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xüsusilə külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının ərazisində satıb qazanc əldə etmək məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Nasif” adlı Iran Islam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək # #### 2024cü il tarixdə, saat 22:10 radələrində “VAZ-21015” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 105-ci kilometrliyinə gələrək cinayətkar qrupun naməlum üzvü tərəfindən gizlədilmiş yolda olan körpünün yaxınlığından satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda 830,0 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 975,0 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 670,0 qram çəkidə narkotik vasitə həşiş qətranını, külli miqdarda 2080,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, ümumi təsiredici miqdarı külli miqdarda 6,84 qram olan 171 ədəd metadon həbini əldə edib üzərində saxlayıb daşıyaraq avtomobilə əyləşib həmin avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoymuş, həmin tarixdə saat 22:20 dəqiqədə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-21015” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada avtomobilə keçirilən baxış zamanı qabaq sağ oturacağın altından üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlamanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 830 qram olan, ağ kristallardan ibarət xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 975,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 670,0 qram olan, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə həşiş qətranı, bir ədəd bükümdə təmiz çəkisi 2080,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə ümumi təsiredici miqdarı 6,84 qram olan 171 ədəd təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynilik təşkil edən qəhvəyi rəngli, dairəvi formalı külli miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə yuxarıda göstəilən bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin Isgəndər oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə) # ####### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ####### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinin məzmunu ilə eynilik təşkil edən kassasiya protestində CPM-in bir sıra maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı iş üzrə”(## ##### 1994-cü il tarixli Qərarına, təkrar-təkrar iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, əsasən də Bəraət almış şəxs məhkəməyədək verdiyi ifadələrinə, ibtidai araşdırma orqanı tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihama, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestni onunla əsaslandırımışdır ki, Bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış, biri-birini tamamlyan subutlarla təsdiq olunur, eyni zamanda sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və ibtidai araşdırmalar zamanı verdiyi ifadələri həmin sübutlarla tam uzlaşır. Buna baxmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə yekun məhkəmə aktları qəbul olunarkən bu sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün qiymət verilməmiş, Bəraət almış şəxs təqsirsizliyi barədə ## ### 2025-ci il tarixli hökmün və # ####### 2025-ci il tarixli qərarın əsasını yolverilməz sübutlar təşkil etmiş, bunun nəticəsi olaraq ona CM-in 234.4-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Birinci instansiya məhkəməsi Bəraət almış şəxs bəraət verərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən yalnız onun işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmə iclasında verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmış, məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları sübut kimi qəbul etməyərək onları nəzərə almamış, bu sübutları da təqsirləndirilən şəxsin xeyrinə təfsir edərək təhlil, biri-biri ilə müqayisə etməmiş və mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi, həmçinin ilkin araşdırma zamanı onun polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qalması barədə gəldikləri qənaət əsassız olmuş, bu hal da toplanmış və araşdırılmış sübutlarla təsdiq edilməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs Bəraət almış şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.Imranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs Bəraət almış şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinin hökmü ilə eynilik təşkil edən kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov öz müraciətində həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin Bəraət almış şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutların tədqiq edilməsinə və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin # ####### 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının # ####### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, ***-IQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında ## ####### 1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də ***-IQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir (Qərarın 34-cü bəndi). Kassasiya protestində məhkəmələrin iş üzrə gəldikləri faktiki hallar, ibtidai araşdırma oraqının əsaslandığı bir çox sübutların qanunsuz yolla əldə edilməsi, yəni həmin sübutların yolverilməzliyi, bunlarla bağlı qanunvericiliyin tələblərinə, Azəbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqeyə, habelə Ali Məhkəmənin Plenumunun həm yuxarıda göstərilən, həm də digər Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə istinad etmələri mübahisələndirilsə də, məhkəmə kollegiyası bnunla bağlı həmin protestin dəlilləri ilə razılaşmır və vurğulamağı lazım bilir ki, istər proesessual qanunvericiliyin müvafiq normalarında, istərsə də narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun qəbul etdiyi Qərarlarda, o cümlədən hazırki iş üzrə cinayət təqibi aparılan dövrün bir hissəsində qüvvədə olmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" # #### 2011-ci il tarixli Qərarında da şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının, habelə bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, bir sıra istintaq hərəkətlərinin (məsələn şəxsi axtarışın və götürmənin) aparılmasına, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarların qanuniliyinin və əsaslığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasına və cinayət işlərinin ibtidai araşdırması və məhkəmələrdə baxılması zamanı bir çox məsələlərin qanuna müvafiq qaydada həll edilməsinə dair digər izah və tövsiyələr də verilmişdir ki, hazırki işin təhlili iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı bu izah və tövsiyələrə də əməl olunmamasını, sübutların isə qanun pozuntuları ilə toplanmasını göstərir. Məsələn, # #### 2011-ci il tarixli Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Həmçinin həm # #### 2011-ci il tarixli, həm də ## #### 2024-cü il tarixli Qərarlarda əksini tapmış izah və tövsiyələrin (bu izah və tövsiyələr cinayət-prosessual qanunvericiyliyinin tələblərindən irəli gəlir) ziddinə olaraq Bəraət almış şəxs üzərində şəxsi axtarışın aparılması və ona məxsus olmayan avtomaşına baxış keçirilməsi haqqında istintaq hərəkətləri onun faktiki tutulduğu yerdə deyil, ilkin sənədlərə görə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra müvafiq olaraq Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında və həmin Şöbənin həyətində, bu haqda heç bir qərar qəbul edilmədən aparılmışdır ki, məhkəmələr də əsaslı olaraq bu xüsusata, eləcədə Bəraət almış şəxs küçədə saxlanılması halının məhkəmə iclasında araşdırılmış sübutlara ümumiyyətlə uyğun olmamasına, həm də aşağıda təsvir edilən digər qanun pozuntularına diqqət yetirmişlər. Əvvəla, işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdikləri halların onların tədqiq etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi, ilkin və ibtidai araşdırmalar zamanı isə Bəraət almış şəxs elan olunmuş ittihamın əsasını təşkil edən sübutların əksəriyyətinin aşağıda göstərilən qanun pozuntuları ilə əldə edilməsi müəyyən olunur. Kassasiya protestində belə sübutların məhkəmələr tərəfindən əsassız olaraq nəzərə alınmaması, digər tərəfdən isə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında obyektiv olaraq tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz araşdırılmış, lakin Bəraət almış şəxs təqsirliliyini təkzib edən sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək Bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi, qeyd olunduğu kimi, ilkin və ibtidai araşdırmalar zamanı isə əsas sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları, o cümlədən kassasiya protestinin müəllifi Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə mötəbər və təkzibedilməz nəticəyə gəlməyə əsas verə bilən əlavə və tutarlı sübutları məhkəmələrə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını, buna görə də hökmdən verilmiş apellyasiya protestinin təmin etməməsini nəzərə alaraq, kassasiya müraciəti isə öz məzmununa görə hökmdən verilmiş apellyasiya protesti ilə eynilik təşkil etsə də məhkəmə kollegiyası CPM-in 419-cu maddəsinin tələblərinə uyğun olaraq bu maddə ilə üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyi və kassasiya protestinin dəlillərinə aşağıdakılara, habelə qanunvericiliyin tələblərinə əsaslanmaqla inandırıcı cavab verilməsini zəruri sayır. Ilk növbədə məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə olan halda məhkəmə kollegiyası Bəraət almış şəxs barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.Ə.Hüseynov məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların və məhkəmələrin bu aktlarda gəldikləri nəticələrin əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiyası məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclasında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin ## ### 2025-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin # ####### 2025-ci il tarixli qərarında istinad olunmuş sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görməsə də həmin sübutlarla müəyyən edilmiş bir sıra hallara müraciət etməyi zəruri bilir. Belə ki, həmin sübutlarla təkzib edilməz şəkildə müəyyən edilmişdir ki: - ilkin və ibtidai araşdırma zamanı Bəraət almış şəxs müdafiə hüququ kobud şəkildə pozularaq onun bu hüququ səmərəli şəkildə təmin edilməmişdir; - həmin mərhələdə Bəraət almış şəxs fiziki və psixi təsirlərə və onun şərəf və ləyaqətini alçaldan qeyri-insani digər hərəkətlərə məruz qalmışdır; - ilkin araşdırma zamanı istintaq hərəkətləri prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır (müvafiq qərarlar qəbul edilmədən Şəyhriyar Mirzəyevin üzərində şəxsi axtarış və onun olduğu avtomaşına baxış keçirilmişdir (təsadüfi deyil ki, bu pozuntulara yol verdiklərinə görə birinci instansiya məhkəməsi tərəfindən Biləsuvar rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin sabiq təhqiqatçısı R X14 və həmin Polis Şöbəsinin Istintaq bölməsinin sabiq baş müstəntiqi X1 barələrində xüsusi qərar çıxarılaraq həmin qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərilmişdir); - hazırkı iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclasında dindirilmiş şəxslərpolis əməkdaşları şahid3, şahid5, şahid4, habelə Bəraət almış şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayətin predmeti olan narkotik vasitələrin və psixotrop maddənin aşkar edilərək götürüldüyü “VAZ-21015” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi şahid2, hər birisi ayrı-ayrılıqda Bəraət almış şəxs saxlanılması, Polis Şöbəsinə aparılması və göstərilən əşyaların götürülməsi halları haqqında biri-birinə ziddiyyətli ifadələr vermiş və məhkəmə araşdırmaları nəticəsində bu ziddiyyətləri aradan qaldırmaq mümkün olmamışdır. Burada məhkəmə kollegiyası xüsusilə qeyd etməyi lazım bilir ki, yuxarıda göstərilən avtomaşına Biləsuvar rayon Polis Şöbəsinin həyətində baxış keçirilərkən həmin avtomaşının qabaq sağ qapısının şüşələrinin bundan əvvəl sındırılması, şüşə qırıntalarının həm qabaq sağ oturacağın (verilmiş ifadələrə görə, Bəraət almış şəxs məhz həmin otrucaqda əyləşmişdir), həm də arxa oturacağın üzərlərinə səpələnməsi, eləcə də avtomaşının qabaq hissəsinin zədələnməsi müəyyən edilmiş, sübutların birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılması nəticəsində isə eyni zamanda aşkar edilmiş bükümün, Bəraət almış şəxs etirafedici ifadələrində göstərdiyi kimi, qabaq oturacağın alt hissəsinə yerləşdirilməsinin mümkünsüzlüyü müəyyən edilmiş, lakin nə Bəraət almış şəxs, nə adları qeyd olunan polis əməkdaşları (onların verdikləri ifadələrə görə, həm onların özləri, həm şübhəli bilinərək saxlanılmış şəxs, həm də avtomaşının sürücüsü Teymur Hüsyenov Polis Şöbəsinə sonuncuya məxsus avtomaşında gəlmişlər) avtomaşının qabaq sağ qapısının şüşəsinin hansı şəraitdə sındırılması və bu nəqliyyat vasitəsinin qabaq hissəsinin zədələnməsi hallarına aydınlıq gətirməmiş, məhkəmə iclasında da iş üçün mühüm əhəmiyyət kəsb edən bu halların hansı şəraitdə baş verməsinin müəyyən edilməsi mümkün olmamışdır. Iş materiallarının, o cümlədən apellyasiya instansiyası məhkəməsinin də haqlı olaraq razılaşdığı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmünün təhlili göstərir ki, ilkin və ibtidai araşdırmalar zamanı yol verilmiş və yuxarıda göstərilən qanun pozuntularının, ziddiyyətlərin və çatışmazlıqların, həmçinin Bəraət almış şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək saxlanıldıqdan iki saatdan artıq vaxt keçdikdən sonra şahid2 məxsus və zədələnmiş vəziyyətdə olan avtomaşından aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması barədə ifadələrinin fonunda həmin məhkəmə düzgün olaraq iş üzrə ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmiş, hökmdə isə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış hər bir sübuta ayrıayrılıqda və onların məcmusuna qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət vermiş və Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin hökmdən kassasiya protestinin məzmunu ilə eynilik təşkil edən apellyasiya protesti verilsə də apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanıb özü də həmin sübutlara qiymət verərək protestin hər bir dəlilinə əsaslandırılmış və inandırıcı cavablar vermiş və həmin protestdə irəli sürülmüş tələbin, yəni Bəraət almış şəxs barəsində ittiham hökmünün çıxarılmasını mümkün bilməmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin bu qiymətləndirilməsi və qəbul etdiyi, kassasiya qaydasında isə mübahisələndirilən # ####### 2025-ci il tarixli qərarın əsaslandırılması ilə tam razılaşır, həmin qərarda əksini tapmış qiymətləndirmənin və əsaslandırmanın hazırki qərarda bir daha təkrlanmasını zəruri saymır və hesab edir ki, belə vəziyyətdə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri qanuni nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bəraət almış şəxs ilkin və ibtidai araşdırmalar zamanı verdiyi ifadələri digər, yəni qanuni yolla əldə edilmiş mötəbər sübutlarla təsdiq olunmadığından məhkəmələr tam əsaslı olaraq həmin ifadələri sübut kimi qəbul etməkdən imtina etmişlər, çünki cinayət-prosessual qanunvericiliyin tələblərinə görə (CPMnin 126.6-cı maddəsi), təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittihamın sonuncunun ibtidai araşdırmanın ilkin mərhələsində həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə təsdiq olunması, sonradan isə bu ifadələri inkar edərək özünü müdafiə xarakterli ifadələr verməsi, bu ifadələrin isə yolverilməz sübut kimi qiymətləndirilməli olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi Bəraət almış şəxs verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPMin 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübutların prosesual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Daha sonra cinayət işinin materiallarından və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, birinci instansiya məhkəməsi işə baxarkən Bəraət almış şəxs saxlanılaraq Polis Şöbəsinə aparılarkən və həmin Şöbədə fiziki və psixi təsirlərə və onun şərəf və ləayəqətini alçaldan qeyri insani rəftara məruz qalması faktı üzrə də lazımi araşdırma aparmış və əsaslı olaraq belə qənaətə gəlmişdir ki, bununla bağlı təqsirləndirilən şəxsin iddiaları əsaslıdır və bu hal da onun ilkin ifadələrinin, habelə belə hərəkətlərə yol verildikdən sonra ona məxsus olmayan avtomaşına # #### 2024-cü il tarixdə baxışın keçirilməsinə dair istintaq hərəkətinin nəticələri, bu haqda tərtib edilmiş həmin tarixli protokol sonuncunun barəsində ittiham hökmünün çıxarılmasına əsas ola bilməz. Kassasiya protestinin dəlilləri ilə bağlı təhlil edilən məsələyə dair məhkəmə kollegiyasının qanunun normasına verdiyi təfsirə uyğun olan hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) Inzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Məhkəmə kollegiyası iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin təsvir edilmiş məsələ ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin III hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Avropa Konvensiyasının 3-cü maddəsinin tələbindən görünür ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandırıla bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusiyon və konvensiyon tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Kassasiya protestində Bəraət almış şəxs saxlanılmasında və ilkin araşıdrma zamanı istintaq hərəkətlərinin aparılmasındla iştirak etmiş Biləsuvar rayon Polis Şöbəsinin əmkdaşları şahid3, şahid5 və şahid4 ifadələrinin bəraət almış şəxsin təqsirliliyini təsdiq edən sübut növü kimi qəbul edilməli olması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı dəlilləri qəbuledilməz sayır ona görə ki, sonuncular öz ifadələrində Bəraət almış şəxs ona istinad olunan narkotik vasitələri və psixotrop maddəni hansı şəraitdə əldə etməsi barədə heç bir xüsusat göstərməyərək yalnız özlərinin fəaliyyətinə aid olan hallar barədə bir sıra məqamları təsvir etmişlər, bu ifadələr arasında isə əhəmiyyətli və aradan qaldırılması mümkün olmayan ziddiyətlərin mövcud olması müəyyən edilmişdir. Təhlil edilən məsələ ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, şahid qismində dindirilmiş və şübhəli şəxsin saxlanılmasında, yaxud da onunla müxtəlif istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartlarını müəyyən еtmiş və Ali Məhkəmənin Cinayət Kollegyiası da bir sıra qərarlarında bu standartlardan çıxış etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə ## ###### 2007-ci il tariхli, “Irlandiya Birləşmiş Krallığa qarşı” işl üzrə ## ###### 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda işə mahiyyəti üzrə baxmış məhkəmələrin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmalarını haqlı hesab etməklə qeyd edir ki, Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa mötəbər sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, Bəraət almış şəxs CM-in 234.4- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda da məhkəmələrin iş üzrə gəldikləri qənaət qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPMin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Bəraət almış şəxs təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin təmin edilməsini mümkün bilmir. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Bəraət almış şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPMin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3137/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3137/2025
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver