Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-315/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105 )-319/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 06 dekabr 1981-ci il tarixdə Qazaxıstan Respublikası, Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 31 may 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 03 sentyabr 2021-cu il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda yəni, 100.000 manat məbləğində pulunu əldə etmək məqsədi və tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda öz telefonuna çəkib “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini onun yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 01 oktyabr 2020-ci il tarixdən Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək 50.000 manat məbləğində pul tələb edib 15 oktyabr 2020-ci il tarixdə Abş eron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “Alfa” restoranında Zərərçəkmiş şəxs2 tələb etdiyi 50.000 manat məbləğində pulu alıb hədə-qorxu ilə ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda öz telefonuna çəkib “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 27 fevral 2021-ci il tarixdə telefon vasitəsi ilə Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 yenidən hədə-qorxu gələrək onlardan əlavə 50.000 manat məbləğində pulu, ümumilikdə külli miqdarda yəni, 100.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə tələb edib hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-16/ 2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslər və onların nümayəndəsi birgə apellyasiya şikayəti verib, hökmün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsinin sanksiyasının çərçivəsində daha ağır cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayətində qeyd edilmişdir ki, cinayət işinin nə ibtidai istint aqı dövründə, nə də uzun sürən məhkəmə baxışı müddətində zərərçəkmişlərə dəymiş ziyan ödənilməmiş, Zərərçəkmiş şəxs1 müxtəlif şəxslər vasitəsilə hədəqorxular davam etmiş, onun barəsində müxtəlif dövlət orqanlarına rüsvayedici məlumatlarla Məhkum tərəfindən məktublar yazılacağı bildirilmişdir. Heç bir məhkəmə prosesində Məhkum zərərçəkmiş şəxslərdən üzrxahlıq etməmiş, əməlindən peşman olmasını dilə gətirməmiş, əksinə özünü təqsirsiz hesab etmiş, yekun çıxışında Məhkum bəraət istənilmişdir. Zərərçəkmiş şəxs1 ailəsi məhz Məhkum hərəkətləri nəticəsində faktiki dağılmış, ailə pərişan vəziyyətə düşmüşdür.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-319/2022 nömrəli, 28 iyun 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-16/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmü zərərçəkmiş şəxslərin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 12 ( on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Mahiyyət etibarilə kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edildiyi, yəni həmin əməlin Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə yox, həmin Məcəllənin 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif olunmalı olduğu iddia edilir və təyin edilmiş cəzanın həddi mübahisələndirilir.
10. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-319/2022 nömrəli, 28 iyun 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsi) məqsədi ilə törə dilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Hədə-qorxu ilə tələb etmə ayrı-ayrı epizodlardan təşkil olunsa da vahid qəsdlə əhatə olunduqda (cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif olunmadıqda), əməlin hansı - “xeyli” və ya “külli” və ya “xüsusilə külli” miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi hər bir epizodda tələb edilmiş və yaxud ələ keçirilmiş əmlaka görə deyil, məqsədin yönəldiyi əmlakın miqdarına görə müəyyən edilməlidir (“Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 2, § 7, 25 dekabr 1998-ci il).
22. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin verdiyi müvafiq şərhdən müəyyən edilir ki, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 25 yanvar 2021-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişlərini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin müəyyən edilmiş hallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda öz telefonuna çəkib “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini Zərərçəkmiş şəxs1 yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə Zərərçəkmiş şəxs1 və sonuncunun atası Zərərçəkmiş şəxs2 01 oktyabr 2020-ci il tarixdən hədə-qorxu gələrək 50.000 manat pul vəsaitini tələb etmiş, 15 oktyabr 2020-ci il tarixdə həmin məbləğdə pulu Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “Alfa” restoranında Zərərçəkmiş şəxs2 əldə etmişdir. Bundan sonra o, əməlini davam edərək Zərərçəkmiş şəxs1 ona göndərdiyi özünə məxsus intim xarakterli eyni fotoşəkillərini yaxın qohumlarına göstərib barəsində rüsvayedici məlumatları yayma haqda eyni məzmunlu hədə-qorxu ilə 27 fevral 2021-ci il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yenidən əlavə 50.000 manat məbləğində pul vəsaitini tələb etmişdir.
25. Göründüyü kimi, Məhkum törətdiyi cinayət əməli faktiki olaraq 2 epizoddan ibarət olsa da, cinayətin subyekti - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, istifadə edilən vasitə - Zərərçəkmiş şəxs1 ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşək illəri və obyekti – sonuncunun şərəf və ləyaqəti eyni olduğundan, nəticədə həmin əməllə törədilən hədə-qorxu ilə tələb etmə ayrı-ayrı epizodlardan təşkil olunmasına baxmayaraq, hər bir epizod digəri ilə faktiki əlaqədə olduğundan, cinayət əməl vahid qəsdlə əhatə olunan hesab edilməlidir. Müvafiq olaraq, hədə-qorxu ilə tələb etmə vahid qəsdlə əhatə olunduğundan və məqsədin yönəldiyi əmlakın miqdarı ümumilikdə götürülməklə 100.000 manat, yəni “külli” miqdar təşkil etdiyindən, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə tövsif edilməlidir.
26. Mübahisələndirilən məsələ üzrə nəticə cinayət işinin hallarının obyektiv araşdırılmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin Məhkum cəzа təyin edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə qəbul edilən qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasının müddətini artırarkən törətdiyi əməlindən peşman olduğunu məhkəmələrdə ifadə etməməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanı ödəməməsini, onlardan üzrxahlıq etməməsini, məhkumun şəxsiyyətini, törətdiyi cinayə tin xarakteri və ictimai təhlükəliliyini, cinayət ağır nəticələrini nəzərə almaqla qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-319/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, mə hkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(105)-319/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.