Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-340/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən), Fəhmin Hümbətov və Aynur Rzayeva) 01 mart 2023-cü il tarixli, 1(124)-14/2023 nömrəli hökmü ilə xx xxxx 2002-ci ildə Rusiya Federasiyası, Novokuybışev şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yat-6, 2-ci paralel küçəsi, 9-cu məhəllədə qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilmiş və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 20 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 19 iyun 2021-ci il tarixdə saat 22:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəri sexinin ətrafındakı Hərbi şəhərcikdə yerləşən fərdi yaşayış evinin yanında qonşusu Zərərçəkmiş şəxs3 atası Zərərçəkmiş şəxs2la Məhkum atası Şahid1 arasında bir müddət əvvəl baş vermiş mübahisəyə görə atmacalı danışması və Məhkum nalayiq söyüşlərlə söyməsi səbəbindən aral arında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs3 bıçaqla bir neçə dəfə vuraraq sol saidin, sol bazunun, sağ budun, bel nahiyəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra Zərərçəkmiş şəxs3 atası Zərərçəkmiş şəxs2 üstünə gəldiyini görüb onu bıçaqla bir dəfə vuraraq sağ sağrı nahiyəsinin deşilmişkəsilmiş yarası kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs3la mübahisə zəminində digər qonşusu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 olduğunu zənn edib bıçaqla 2 dəfə vuraraq Zərərçəkmiş şəxs1 sol tərəfli hemotoraksla müşayiət olunmuş döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, dalağın kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunmuş döş qəfəsinin sol yarısının qarın boşluğuna keçən kəsilmişdeşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayevdən ibarət tərkibdə) 31 may 2023-cü il tarixli, 1(105)-274/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 1(124)-14/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış və məhkumun müdafiəçisi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini və ona təqsirləndirildiyi maddə üzrə minimum həddə cəza müddətinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntulara yol verilmiş, onun cəzasını yüngülləşdirən hallar, yəni yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və onlara dəymiş zərəri ödəməsi, uşaqlıq yaşlarından idman yarışlarında aktiv iştirak etməsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlarla təltif edilməsi, xarici ölkələrdə Azərbaycan Respublikasını dəfələrlə təmsil edərək yüksək yerlər tutması müvafiq kollegiya tərəfindən nəzərə alınmamışdı r. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respubli kası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsin in məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəza ların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrume tmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirmədın saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəza nın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiya sının 31 may 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-340/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-340/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver