Məhkəmə qərarları › İş №1(102)-344/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-344/2019

13.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-344/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 03 oktyabr 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onun məhkum ediməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Azər Tağıyev) X2 barəsində CM-in 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onun məhkum ediməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəməni n həmin qərarından xüsusi ittihamçı X5 və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), F.A.Qasımov və İ.M.Murquzov) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilərək xüsusi ittiham qaydasında şikayəti üzrə materiallar Bakı şəhəri Səbail Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilmə si xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayət müəlliflərinin fikrincə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixdə qəbul etdiyi şikayətin icraata qəbul edilməsindən imtinaya dair qərarı preyudisial əhəmiyyət kəsb etdiyindən apellyasiya məhkəməsi həmin qərarı nəzərə almalı idi. Kassasiya şikayətində göstərilir ki, L6 məhkəməyə teleqram vuraraq məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası 23 oktyabr 2018-ci il tarixdə onun iştirakı olmadan keçirilmişdir. Lakin buna baxmayaraq qərarın bir gün əvvəlki tarixdə, yəni 22 oktyabr 2018-ci il tarixdə qəbul edilməsi göstərilmişdir. Şikayət müəllifləri həmçinin hesab ed irlər ki, məhkəmə qərarının təsviri əsaslandırma hissəsi ilə nəticəvi hissəsi də bir-birinə ziddir. Belə ki, məhkəmə qərarının təsviri əsaslandırma hissəsində birinci instansiya məhkəməsinin düzgün olaraq D.Bağırovanın xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və icraata qəbul edilməsindən imtina olunması göstərilsə də, nəticə hissəsində fərqli mövqe sərgilənərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, kassasiya şikayətinin təmin edilməsinə dair barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insan ın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyası Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının tövsiyəsinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüşü, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddi r. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamaya görə cinayət məsuliyyəti nəzə rdə tutulur. Cinayət qanunu normasının mənasına görə, hər hansı bir məlumat başqa şəxsə, bir neçə və ya qeyri-müəyyən şəxslər dairəsinə çatdırıldıqda yayılmış hesab edilir və kütləvi çıxış kimi qiymətləndirilir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinin 4-cü yarımbəndində izah edilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Həmin qərarın 5-ci bəndinin tövsiyyələrinə əsasən, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayət əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə il ə məhkəməyə müraciət edə bilərlər. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3N-li qərarının 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin mənasına əsasən kütləvi çıxış dedikdə, şəxsin ləyaqətini və şərəfini alçaldan və onu nüfuzdan salan məlumatı ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür. Belə ki, iş materiallarından görünür ki, X1 ünvanın şərəf və ləyaqətini ləkələyən sözləri ictimai yerdə, Bakı şəhəri, *********************** küçəsindəki “Köhnə Univermaq” adlanan ticarət mətkəzinin giriş qapılarının qarşısında kənar şəxslərin yanında demişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək kassasiya şikayətinin bir dəlili ilə razılaşır. Belə ki, kassasiya şikayətində qeyd olunur ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarında birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğu qeyd olunsa da, qərarın nəticə hissəsində Sabail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 1(103)-1382/2018 saylı qərarında məhkəmə araşdırmasına yekun vurularaq qeyd edilir: ”Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq X2 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddələrdə nəzərdə tutulmuş cəza təyin edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunması qənaətinə gəlinmişdir....” Apellyasiya instansiya məhkəməsinin həmin qənaəti ilə qərarın sonrakı hissəsində yazılanlar və qərarın nəticəsi nəinki biri digərini tamamlamır, əksinə, biri digərini təkzib edir. Belə ki, əgər apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşırdısa, Sabail Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarını ləğv etməməli idi. Azərbaycan Respublikası CPM-nin 401.2.4-cü maddəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasının hallarından biri kimi birinci instansiya məhkəməsinin hö km və qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlərin olması qərarın ləğv edilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Qanunvericinin həmin tələbi aşağı instansiya məhkəmələri üçün olduğu kimi, yuxarı instansiya məhkəmələrinin qəbul etdiyi qərarlara da şamil olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin qeyd edilən dəlilini əsaslı sayır və buna görə də kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. X3 xüsusi ittiham qaydasında şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar