Məhkəmə qərarları › İş №1(102)-363/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-363/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-363/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasının Orenburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Vəliyev Eynulla Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.A.Bayramov (sədrlik edən), R.V.Salmanov və S.H.Hacıyev) Məhkum Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tutulduğu 2 (iki) gün mü ddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), N.R.Mövsümov və R.O.Əsgərova) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, xx.xx.2018-ci il tarixdə saat 12.00 radələrində ünvan2, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evdə, şəxsi münasibətlər zəminində mübahisə edərək, əlindəki döşəmənin silinməsində istifadə olunan taxta ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına: daxili qanaxma, dalağın cırılması, splenoktomiya (dalağın orqanizmdən xaric olunması), sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin sol yarısının qançırı, qarının küt travması ilə müşayiət olunan xəsarətlər yetirərək, dərəcəsinə görə həyat üçün təhlükəli olan, yəni dalağın orqanizmindən xaric olunması nəticəsində orqanın itirilməsinə səbəb olan qəsdən ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum cəza təyin edərkən ədalətsiz və qanunsuz qərar qəbul etmişlər. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs Məhkum arvadıdır, onların birgə yaşayışdan 2 azyaşlı uşaqları vardır və hadisədən sonra barışmışlar. Hadisədən dərhal sonra o, zərərçəkmiş şəxsi xəstəxanaya aparmış və həkimlər zərərçəkmişi əməliyyat edib tibbi yardım göstərmişlər. Məhkum törətdiyi əməli səmimi etiraf etmişdir və səmimi peşman olmaqla ailənin yeganə qazanc gətirən şəxsidir, yaşayış yerindən müsbət xarakterizə olunur. Müdafiəçinin fikrincə, məhkəməl ər bütün bu yüngülləşdirici halları nəzərə almaqla Məhkum CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanı şərti hesab edə bilərdi. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar