Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-365/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, bəraət almış şəxslər Məhkum2 və Məhkum1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019- cu il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim K.Ş.Süleymanov) Məhkum2 (xx xxxxxx 1985-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qəti imkan tədbirinə dəyişdirlməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 may 2019-cu il tarixdən hesablanması qərara alınmışdır; Məhkum1 (xx xxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, işləməyən, məhkumluğu olmayan, ünvan2ndə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən olunmaq la azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum1 davranışına nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müdətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə icra və probasiya şöbəsinə gəlmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və V.İ.Məlikovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum2 və Məhkum1 hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi iləirəli sürülmüş ittiham üzrə əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhk um2 27 avqust 2018-ci il tarixdə saat 12 radələrində həmkəndlisi Məhkum1 ilə bir qrup şəxs halında birləşərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər edərək ünvan2ndə yerləşən, ictimai yer hesab edilən ünvan3ndə nalayiq söyüşlər söyərək əlindəki silah qismində istifadə olunan baltanı qəsdən Zərərçəkmiş şəxs2 vuraraq ona sağ çiynin ön səthinin, sağ diz oynağının bayır tərəfinin qançırı, yumruğu ilə isə sifət nahiyyəsinə vuraraq üst dodağın selikli qişasına qansızma xəsarətləri ilə müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Həmçinin həmin hökmə əsasən Məhkum1 27 avqust 2018-ci il tarix də saat 12 radələrində həmkəndlisi Məhkum2 ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər edərək ünvan2ndə yerləşən, ictimai yer hesab edilən ünvan3ndə əlindəki silah qismində istifadə olunan bel ilə qəsdən Zərərçəkmiş şəxs1 sağ əl nahiyyəsinə vuraraq ona sağ əlin birinci barmağının üst səthinin qançırı xəsarətləri ilə müşaiət olunan, sağlamlığına zərər vurmayan xəsarət yetirərək xuliqanlıq cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər xuliqanlıq niyyəti ilə hərəkət etməmiş, yuxarıda təsvir edilən hadisə - Məhkum2 ilə Zərərçəkmiş şəxs2 dalaşması onların arasında əvvəlcədən movcud olan, torpaqla bağlı mübahisədən törəyən şəxsi münasibətlər zəminində baş vermiş və Məhkum2 qəsdi ictimai qaydanın pozulmasına yönəlmədiyindən, Məhkum1 da belə niyyətdə olmadığından, Zərərçəkmiş şəxs2 oğlu Zərərçəkmiş şəxs1 müdaxiləsindən sonra da hadisə məhz bu cür, yəni şəxsi münasibətlər zəminində baş vermiş münaqişə kimi inkişaf edib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağalamlığa zərər vurmyan xəsarətlər almaları ilə başa çatmışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmaması haqqında nəticəyə gəlib həmin əsasla onlara qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə ibtidai istintaqda toplanaraq birinci və apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətini bir qrup şəxs halında törətmələri kifayət qədər sübuta yetirildiyi halda, apellyasiya məhkəməsi əsassız olaraq Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibinin olmaması (eyni zamanda, bu qənaətlə ziddiyyət təşkil edən – təqsirliliyinin sübuta yetirilməməsi) haqqında nəticəyə gəlib onların barəsində bəraət hökmü çıxarmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-16.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkild ə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmən in kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2019-cu il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.2-ci maddəsində şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmaması və təqsirliliyinin sübuta yetirilməm əsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum2 və Məhkum1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətlərinin olması sübuta yetirilməmiş, o cümlədən onların hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi, ictimai qaydanın pozulmasına yönəlməsi və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan xarakterdə ol ması müəyyən edilməmişdir. Əksinə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, hadisə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ona məxsus ünvan3 ilə Məhkum2 istifadə etdiyi (kafesinin yerləşdiyi) torpaq sahəsini ayıran sərhəddə çəkilmiş hasarın sökülməsi zamanı bu sərhədin müəyyən edilməsi ilə əlaqədar onlar arasında əvvəlcədən mövcud olmuş mübahisəyə görə, yəni şəxsi münasibətlər zəminində baş vermiş, hadisəyə Zərərçəkmiş şəxs2 oğlu Zərərçəkmiş şəxs1 müdaxilə etdikdən sonra da istər Məhkum2, istərsə də Məhkum1 hərəkətləri başqa heç bir şəxsə yönəlməmiş, onlar tərəfindən hadisə yerində olmuş işçilərə və yaxud mərkəzdə istirahət edən şəxslərə qarşı hörmətsizlik ifadə olunmamış və ictimai qayda kobud şəkildə pozulmamışdır. Apellyasiya məhkəməsi öz qənaətini birinci instansiya mə hkəməsində və bilavasitə apellyasiya baxışında araşdırılmış sübutlarla, o cümlədən torpaq sahələrinin sərhədi ilə bağlı Zərərçəkmiş şəxs2lə Məhkum2 arasında mübahisənin olduğunu və mübahisə tərəfləri arasında münaqişənin məhz bununla əlaqədar – həmin (Məhkum2 mübahisələndirdiyi) ərazidə Zərərçəkmiş şəxs2 tapşırığı ilə təmir-tikinti işlərinin aparılması zamanı yarandığını göstərən təqsirləndirilənlərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə əsaslandırmışdır (Məhkum2, Məhkum1 ifadələrində Zərərçəkmiş şəxs2 sərhəddəki hasarı sökdürüb ərazisini Məhkum2 sahəsi hesabına genişləndirməyə cəhd etdiyi göstərmiş, şahid X7 da apellyasiya instansiyası məhkəməsində münaqişənin hasarın sökülməsi ilə əlaqədar yarandığını təsdiq etmişdir). Həmçinin, apellyasiya instansiyası məhkəməsi Məhkum2 və M əhkum1 ifadələri ilə yanaşı şahidlər X3, X4 ifadələri, habelə X2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsi ilə Məhkum2 və Məhkum1 söyüş söymələrini, yəni mübahisə tərəfi olmayan ətrafdakı şəxslərə qarşı hörmətsizlik etmələrini, hadisə zamanı baltadan, beldən silah qismində istifadə olunmasını, ictimai qaydanın kobud şəkildə pozulmasını şübhə altına almış, bu məsələlər üzrə ittihamda göstərilənlərə uyğun məzmunda ifadə verən digər şəxslərin ifadələrini isə (bu sırada X2 birinci instansiya məhkəməsində təkrarən dindirilərkən verdiyi məlumatları) onların zərərçəkmiş Zərərçəkmiş şəxs2lə olan münasibətlərinə (o cümlədən, Zərərçəkmiş şəxs2 prosesin müxtəlif mərhələlərində onlara bu və ya başqa məzmunda ifadə vermələrini deməsinə) görə obyektiv məlumatlar kimi qəbul etməmişdir. Eyni z amanda, apellyasiya məhkəməsi hətta cinayət təqibi orqanının əsaslandığı məhkəmə-tibbi ekspertizasının rəylərinə görə belə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən (yəni, özü-özlüyündə cinayət məsuliyyəti yaratmayan) xəsarətlər olduğunu müəyyən etmişdir. İttiham tərəfi apellyasiya instansiyası məhkəməsinin nəticəyə gələrkən əsaslandığı sübutları inandırıcı şəkildə təkzib edən, beləliklə də Məhkum2 və Məhkum1 xuliqanlıq etmələrini kifayət qədər təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin Məhkum2 və Məhkum1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətləri nin olmasının sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsi nə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum2 və Məhkum1, eləcə də apellyasiya instansiyası məhkəməsinin əsaslandığı digər şəxslərin ifadələrində verilən məlumatların həqiqiliyi kifayət qədər təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin əlamətlərinin olmasının sübuta yetirilməməsi, müvafiq olaraq da əməllərində cinayət tərkibinin olmaması barədə qənaətə gəlib onlara Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə (CPM-in 42.1.2-ci maddəsində göstərilən hala istinad etməklə) bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Eyni zamanda, apellyasiya məhkəməsinin gəldiyi nəticə (təqsirləndirilən şəxslərin əməllərində cinayət tərki binin olmaması haqqında qənaət) xuliqanlıq cinayətinin əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyası, bu cinayətin təfsirinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin hüquqi mövqeləri ilə də uzlaşır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X80nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qayd aya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar ar asında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını po zmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkum2 və Məhkum1 hərəkətlərinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeləri ilə müqayisəsindən isə görünür ki, Məhkum2 və Məhkum1 hərəkətləri xuliqanlıq motivi ilə uzlaşa biləcək niyyətlə şərləndirilməmiş, onların əməllərində həmin cinayət tərkibinin subyektiv əlamətləri ilə yanaşı obyektiv əlamətləri, habelə Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə cinayətlə r” bölməsində nəzərdə tutulmuş maddələri ilə məsuliyyətə səbəb ola biləcək hallar olmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən edilmədiyini, müvafiq olaraq da kassasiya protestinin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxslərin çıxışlarını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın Məhkum2 və Məhkum1 barəsində olan 28 oktyabr 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 28 oktyabr 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-365/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-365/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver