Məhkəmə qərarları › İş №1(102)-385/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-385/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-385/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum X2 və onun müdafiəçisi Fərhadov Əhməd Hüseyn oğlunun, zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2000/2024 nöm rəli, 12 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də böyük mexanik işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 22 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 19 aprel 2023-cü il tarixdə, saat 07 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Vaqif prospekti istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, yəni yolayrıcı qarşısında həmin üstünlük nişanı qoyulmasına əhəmiyyət vermədən və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib hərəkətini davam etdirməklə yolayrıcına daxil olaraq Bakı şəhəri Vaqif prospekti ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21015”, markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı kimi dərəcələri təyin olunmayan, sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığının yüngül və İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı kimi sağlamlığın uzun müddətə pəzulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qayda larını pozmuşdur.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-396/2023 nömrəli, 05 dekabr 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddia tələbinin qismən təmin edilməsi, vurduğu maddi zərərə görə 3000 (üç min) manat və mənəvi zərərə görə 1000 (min) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaitinin və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Məhkum tutularaq Zərərçəkmiş şəxs ödə nilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2000/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-396/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cinayət işi üzrə təyin edilmiş məhkəmətibb ekspertizasının rəylərində minimal sınığın ölçüsü, yerləşmə yeri, belə bir xəsarət əgər varsa onun sağlamlığa təsir dərəcəsi aydınlaşdırılmamışdır. Cinayət işi materiallarından aydın görünür ki, zərərçəkmiş şəxs stasionar müalicədə olmamış, tibbi müayinə sənədlərində onun səhhətinin işdən azad etmə üçün əsas olmaması barədə qeyd aparılmışdır. Belə olduğu təqdirdə zərərçəkmiş şəxsin bədən xəsarətlərinin az ağır olmasına dair məhkəmə-tibb ekspertizasının rəyi qanunsuz və əsassızdır. Zərərçəkmiş şəxs əslində yüngül dərəcəli bədən xəsarəti almışdır. Onun əməlində cinayət tərkibi yoxdur, eləcə də hökmün və qərarın mülki iddia ilə bağlı hissəsi ilə razı deyildir. Göstərilənlərə əsasən Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2000/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ol an kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2000/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən mü əyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri ol mayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair dəlillərini əsassız hesab edir.

22. Belə ki, zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü yalnız mülki iddianın qismən təmin edilməsinə aid hissədə mübahisələndirilsə də, Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərini əsas tutan apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum mülki məsuliyyət daşıması faktı ilə yanaşı eləcə də onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi onun özünün ifadəsində göstərdiyi xüsusatlarla, zərərçəkmiş şəxsin ifadəsi, yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilməsi barədə protokol, məhkəmə tibbi ekspertizalarının rəyləri, yol-nəqliyyat ekspertizasının rəyi, istintaq hərəkəti protokolları və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edil məsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşd ırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normaları nın tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2000/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2000/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar