Məhkəmə qərarları › İş №1(102)-40/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-40/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-40/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-884/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1988-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x1 qeydiyyatda olmuşdur. 2. 01 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına tə yin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 2,407 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 iyul 2022-ci il tarixdə həmin psixotrop maddə metamfetaminin 1,396 qram hissəsini Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi ərazisində 10 manat pul müqabilində tanışı Şahid1 satmış, sonuncu 01 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Bakı şəh əri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı Şahid1 əynindəki qara rəngli qısa cins şalvarının sağ yan cibindən onun satdığı bir ədəd bükümdə təmiz çəkisi 1,396 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 20:30 radələrində o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Bakı şəhəri nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı ə ynindəki busqalterinin sol iç tərəfindən bir ədəd bükümdə təmiz çəkisi 1,011 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-420/2023 nömrəli, 07 fevral 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmiş, eləcə də maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhk um apellyasiya şikayəti verib, ona elan olunan ittihamın nə ibtidai istintaq zamanı toplanmış, nə də məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyini, narkotik vasitə aludəçisi olduğunu, lakin satışı ilə heç vaxt məşğul olmadığını qeyd edərək, hökmün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.1-1-ci maddəsinə tövsif edilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-884/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-420/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində əməlinin səhv tövsif edilməsi qeyd edilərək, himayəsində azyaşlı uşağının olması nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-884/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini iddia edib, himayəsində azyaşlı uşağının olmasını nəzərə almaqla barəsində 79-cu maddəsinin tətbiq edilməsini və yaxud cəzasını n yüngülləşdirilməsini xahiş etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 12.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-884/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

13. Cinayət məsuliyyətinin əsaslarından bəhs edə n Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

14. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

15. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müq ayisə edilməsi tələb olunur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsi n təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

17. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

18. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya i nstansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi məhkumun ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, şahidlərin, o cümlədən narkotik maddəni satdığı şəxs Şahid1 ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun verdiyi apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əl aqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

20. Kassasiya şikayətinin məhkum edilmiş şəxsin himayəsində azyaşlı uşağının olması nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsinə dair xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları Azərbaycan Respublikası CPM-nin 419.1 və 419.11ci maddələri ilə müəyyən edilir. Həmin hüquq normalarında təsbit edilmiş imperativ şərtə görə, kassasiya baxışının hədləri cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqi məsələlərinin araşdırılması ilə məhduddur. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları təkrar araşdırılmır, bu səbəbdən mövcud sübutların yenidən qiymətləndirilməsi, eləcə də yeni sübutların təqdim edilməsi yolverilməzdir.

21. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi prosessual cinayət-hüquqi normalarla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarına maddi cinayət-hüquqi normaların tətbiqinin əsaslı olub-olmadığını, həmin halların müəyyən edildiyi, ümumiyyətlə cinayət təqibinin həyata keçirildiyi zaman cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmələr bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənə dək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 10 fevral 2012-ci il il).

23. Hazırki halda Məhkum cinayət təqibinin heç bir mərhələsində onun barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqi məsələsini qaldırmadığından, məhkəmələr bu məsələnin mümkünlüyünü araşdırmamış, müvafiq olaraq bu istiqamətdə hər hansı addım atıb, bunun üçün zəruri olan sübutların toplanılmasını, o cümlədən qəyyumluq və himayə orqanından məhkumun cinayət əməlini törədənədək uşağının tərbiyəsi nə olan münasibəti, sonuncuya zəruri şəraiti təmin etmək imkanının olub-olmaması və bu kimi zəruri məlumatların əldə etməsini həyata keçirməmişlər.

24. Yuxarıda qeyd edildiyi kimi isə, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə nəinki əlavə məhkəmə istintaqı aparıb yeni sübutların əldə edilməsi istiqamətində tədbir görülməsi, hətta cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib- edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır.

25. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, Məhkum əvvəllər məhkəmələr qarşısında barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqinin mümkünlüyü barədə məsələni qaldırmadığından, kassasiya şikayətinin müvafiq dəlilləri mümkünsüz hesab edilməklə təmin edilməməlidir.

26. Cəzanın yüngülləşdirilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib məhkəmə kollegiyası məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

27. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqı nda tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

28. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

29. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilm əsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

30. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hü quqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bil indiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində - 5 il cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

32. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmışdır.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-884/2023 nömrəli, 11 aprel 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-884/2023 nömrəli, 11 aprel 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar