Məhkəmə qərarları › İş №1(102)-409/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-409/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-409/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlunun, Məhkum müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(106)429/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 26 avqust 1991-ci ildə Cəlilabad rayonu Andreyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu Əliqasımlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırd a Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Cəlilabad rayonu Əliqasımlı kəndində yaşayan Məhkum 2020-ci il yanvar ayından özü işləmək üçün Rusiya Federasiyasının Sverdlovski şəhərinə getmiş, azyaşlı uşaqları ilə birlikdə Əliqasımlı kəndində yaşayan arvadı Şahid1 və uşaqlarını 19 mart 2023-cü il tarixdə müvəqqəti olaraq Rusiya Federasiyasının Sverdlovski şəhərinə, yaşadığı evə aparmış və birlikdə yaşadıqları zaman xx.xx.2023-cü il tarixdə Şahid1 ilə söhbət zamanı arvadının Azərbaycan Respublikasında yaşadığı müddətdə həmkəndlisi X10 ilə intim münasibətlərdə olmasına əmin olduqdan sonra Şamo Əzimovu qısqanclıq zəminində öldürmək qərarına gəlmiş, bu məqsədlə 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikasına gələrək Cəlilabad şəhərində mağazadan bir ədəd zavod üsülu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı alıb, Əliqasımlı kəndinə getmiş, 27 may 2023-cü il tarix saat 18 radələrində cinayətkar niyyətini həyata keçirmək üçün Şamo Əzimova zəng edərək onu görüşə dəvət etdikdən sonra Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində idarə etdiyi ** BZ *** qeydiyyat nişanlı, “VAZ-21011” markalı avtomobillə sonuncunun idarə etdiyi ** GF *** qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək idarə etdiyi avtomobildən düşüb, Şamo Əzimovun idarə etdiyi avtomobilin ön sərnişin oturacağına, Şamo Əzimovun yanına əyləşərək aralarında yaranmış mübahisə zamanı şalvarının ön içəri tərəfində s axlamaqla gəzdirdiyi bıçağı çıxarıb, öldürmək məqsədi ilə Şamo Əzimovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, sonuncu həmin zərbələrdən yayınmaq üçün Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində yerləşən “Nəzrin” şadlıq sarayının qarşısında avtomobildən düşərək yerə yıxılsa da, Məhkum da avtomobildən düşərək bıçaqla yaralı vəziyyətdə olan Şamo Əzimovun bədəninin müxtəlif nahiyələrinə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə yenidən, qəsdən, çoxsaylı bıçaq zərbələri endirməklə ona boynun sağ və sol yan səthinin, yuxu arteriyalarının kəsilməsi ilə nəticələnən iki ədəd kəsilmiş-deşilmiş yara, boynun ön səthinin və çənəaltı nahiyənin qırtlağın zədələnməsi ilə nəticələn iki ədəd kəsilmiş yara, qarnın ön divarının qarın boşluğuna keçən və qaraciyəri zədələ yən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran, boynun arxa səthində bir ədəd, boynun sağ yan səthində bir ədəd, sol yanaq nahiyəsində bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində iki ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, qarnın ön divarında bir ədəd, sol bazu oynağı nahiyəsində bir ədəd, sol bazu nahiyəsində bir ədəd, sağ said nahiyəsində bir ədəd, sol said nahiyəsind bir ədəd, sağ mil-bilək oynağı nahiyəsind bir ədəd, sol əlin ovuc səthind bir ədəd, sağ kürək nahiyəsində bir ədəd, sağ baldır nahiyəsində iki ədəd kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirərək Şamo Əzimovu qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir.

3. L ənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X8 və X4 ibarət məhkəmə tərkibində) 21 fevral 2024-cü il tarixli, 1(099)-138/2024 nömrəli hökmü ilə Məhkum CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəaçəkmə müddətinin başlanğıcının 27 may 2023-cü il il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət məhkəmə tərkibində) 21 may 2024-cü il tarixli, 1(106)429/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 1(099)-138/2024 nömrəli hökmünün, həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(106)-429/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlu tərəfindən kass asiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edərək, zərərçəkmiş şəxsin hüquqi varisi onları təkrarlamaqla kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(106)-429/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum təqsirli bilindiyi CM-in 120.2.4-cü maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan məhkum tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X15 qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

13. Kassasiya ins tansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salama t oğlu kassasiya şikayətində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və ona ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlunun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(106)-429/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də b aşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respu blikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

24. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza baş a düşülür.

25. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

26. Zərərçəkmiş şəxsin hüquqi varisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qayd asında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

27. Kassasiya şikayətində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

28. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi il ədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

29. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə 17 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, yəni təqsirli hesab edildiyi cinayət qanunu maddəsi üzrə sanksiya daxilində olan cəza təyin edilmişdir.

30. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum himayəsində dörd azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.

31. Bununla da, əmələ görə CM-in 120.2.4-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 17 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ic timai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməlidir.

32. Bu səbəbdən əsassız cəzanı yüngülləşdirən halların nəzərə alınması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.

33. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

34. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 may 2024-cü il tarixli, 1(106)-429/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024cü il tarixli, 1(106)-429/2024 nömrəli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi Əzimov Şamil Salamat oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar