Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-424/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-387/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi M üdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 20 mart 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamışdır. 2. 09 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Nizami oğlu istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 505 qram olan bir ədəd bükümdə narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış və 10 fevral 2021-ci il tarixdə, saat 15:00-da Abşeron rayonu, Məmmədli kəndində yerləşən “R Petrol” yanacaq doldurma məntəqsinin yaxınlığında Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 15-ci polis bölməsinə dəvət olunmuş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq saxladığı bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür.
6. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-77/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması hök m edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, iş üzrə yeni hökm çıxarılmaqla Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, ona çəkdiyi müddət həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-387/2022 nömrəli, 15 noyabr 2022-ci tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-77/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasi ya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə səhv tövsif edildiyi iddia edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və törədilmiş əməlin Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veri b-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-387/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yeti rilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlilləri əsassız hesab edir.
23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məh kəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış protokollar, üzərindən aşkar edilərək götürülmüş maddi sübut olan narkotik vasitə və miqdarı, ekspertiza rəyləri, istifadəsində olmuş mobil telefonu vasitəsilə aparılmış yazışmalara dair məlumatlar, digər istintaq hərəkətlərinin protokolları və işdə olan təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü d əlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclasla rında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
26. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-387/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Res publikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-387/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.